UNEC Məzun günü keçirib

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təntənəli Məzun günü keçirilib.

Heydər Əliyev adına İdman-Konsert Kompleksində təşkil olunan tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, ali məktəb rəhbərləri, özəl qurumların nümayəndələri, UNEC-in fəxri məzunları, valideynlər və digər qonaqlar iştirak ediblər.

Tədbir dövlət himninin səsləndirilməsi ilə başlanıb. Aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin erməni təxribatlarının qarşısını alarkən göstərdikləri mərdlik və qəhrəmanlıqlardan danışılıb. Bildirilib ki, bu döyüşlərdə UNEC-in iki məzunu da şəhid olub. Torpaqların müdafiəsi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin UNEC-in professor-müəllim heyəti ilə görüşünə həsr edilən videoçarx nümayiş olunub. Sonra isə universitet həyatından bəhs edən videoçarxlar göstərilib.

UNEC-in fəxri məzunu, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tələbəlik illərindən söz açaraq, müəllimlərini görməkdən məmnun olduğunu bildirib. Nazir son illərdə UNEC-də həyata keçirilən yenilikləri yüksək qiymətləndirib: “Ölkəmizin bilikli və bacarıqlı gənclərə daim ehtiyacı var. UNEC bugünkü tələblərə cavab verən yüksək ixtisaslı kadrlar hazırlayır. Mən əminəm ki, UNEC məzunları əmək bazarında özlərinə layiqli yer tapacaqlar”.

UNEC-in Ağsaqqallar Şurasının sədri, professor Əli Həsənov, valideynlər  və digər qonaqlar məzunları təbrik edərək, onlara gələcək həyatlarında uğurlar arzulayıblar.

Tədbirdə çıxış edən UNEC-in rektoru, professor Ədalət Muradov məzunları əlamətdar gün münasibətilə təbrik edərək, xoş arzularını çatdırıb.

Ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından, Azərbaycan Prezidenti İlham Əliyevin İqtisad Universitetinə göstərdiyi diqqətdən danışıb: “Ölkə başçısı cənab İlham Əliyevin qarşımıza qoyduğu əsas vəzifə İqtisad Universitetini dünya səviyyəli universitetə çevirməkdir. Məqsədimiz bu vəzifəni şərəflə yerinə yetirməkdir”.

“Məzun” adını qazanan bütün tələbələri təbrik edən rektor gənclərə öz tövsiyələrini verib: “Uğura gedən yol daim axtarışda olmaq, çalışmaq və özünü inkişaf etdirməkdir. Ulu öndər Heydər Əliyev “Təhsil millətin gələcəyidir” – deyirdi. Həmin gələcək sizin əlinizdədir. Böyük hədəflərə gedən yol məhz, bu gündən başlayır. Çalışın dövlətin maraqlarını hər zaman öz maraqlarınızdan üstün tutun. Bu yolda hər birinizə uğurlar diləyirəm".

Tədbirdə UNEC-in ən yüksək bal toplayan məzunu Sevinc Əliyevaya hədiyyə təqdim olunub. Səhnəyə Azərbaycanın dövlət bayrağı gətirilib və məzunlar təntənəli şəkildə and içiblər.

Məzunların ənənəvi “papaqatma” mərasimi keçirilib. Atəşfəşanlıqdan sonra tədbir bədii proqramla davam edib.

Elnarə ÖMƏROVA


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında