Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzinin beynəlxalq elmi konfransı keçirilib

İyunun 11-də Oksford Universitetinin ən qədim təhsil müəssisələrindən biri olan “Brasenose” kollecində Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin növbəti beynəlxalq elmi konfransı keçirilib.

 “Trans-Xəzər əlaqələri (V-XIII əsrlər)” mövzusuna həsr olunmuş konfransda Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun və Nyu-York Universitetinin aparıcı professoru, Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin İngiltərə tərəfdən rəhbəri professor Robert Hoyland, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri professor Nərgiz Paşayeva, Oksford Universitetinin Şərqşünaslıq fakültəsinin aparıcı professoru Edmund Hertsiq, Şotlandiyanın Edinburq Universitetinin Roma arxeologiyası üzrə professoru, Oksford və Tübingen universitetlərinin mühazirəçisi, eyni zamanda, Böyük Britaniyanın Farsşünaslıq İnstitutu və Romaşünaslığın Təbliği Cəmiyyətinin şura üzvü professor Eberhard Zauer, Rusiya Elmlər Akademiyasının ipək və kətan üzrə aparıcı arxeoloqu və tarixçisi professor Zvezdana Dode, Rusiya Elmlər Akademiyasının Dağıstan Elmi Mərkəzində arxeologiya departamentinin rəhbəri professor Murtazəli Hacıyev, Harvard Universitetinin aparıcı arxeoloqu doktor Kərim Əlizadə, Oksford Universitetinin tarixi antropologiya üzrə mütəxəssisi və Nizami Gəncəvi Mərkəzinin tədqiqatçısı doktor İrina Şinqiray, Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin Bərdə Arxeoloji Ekspedisiyasının (AEB) aparıcı arxeoloqu, “Brasenose” kollecinin üzvü doktor Pol Vordsvors, Pensilvaniya Universitetinin arxeologiya üzrə aparıcı mütəxəssisi aspirant Lara Fabian, Kanadanın Saskatçevan və İngiltərənin Durham universitetlərinin aspirantı Kristen Hopper və Oksford şəhərində yerləşən Ətraf Mühitin İdarə Olunması Təşkilatının aparıcı arxeoloqu Çarlz de Kesne iştirak ediblər. Beləliklə, tədbirdə Oksford Universitetinin alimləri ilə bərabər, Şotlandiyanın Sent Andryus Universitetindən, ABŞ-ın Harvard və Pensilvaniya universitetlərindən, həmçinin Rusiya Elmlər Akademiyasından gələn alimlər də çıxış ediblər.

Konfransın əvvəlində açılış nitqləri ilə çıxış edən Nizami Gəncəvi Mərkəzinin İngiltərə tərəfdən rəhbəri, Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun və Nyu-York Universitetinin aparıcı professoru Robert Hoyland və Mərkəzin Azərbaycan tərəfdən rəhbəri, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva Nizami Gəncəvi Mərkəzinin artıq iki ilə yaxındır ki, fəaliyyət göstərdiyini qeyd ediblər. Professor R.Hoyland Nizami Gəncəvi Mərkəzinin yaradılmasında özünün və həmkarı Nərgiz Paşayevanın xüsusi elmi marağını qeyd edib, Mərkəzin ümumi akademik dəyərinə, əhəmiyyətinə və elmi uğuruna inandığını vurğulayaraq deyib: “Əminəm ki, bu konfrans və elmi araşdırmalar elm dünyasında maraqla qarşılanacaq və növbəti daha geniş tədqiqatlar üçün qapı olacaq”. Daha sonra o, dünyanın müxtəlif ölkələrindən konfransda iştirak etmək üçün Oksford Universitetinə gələn bütün alimlərə minnətdarlığını bildirib və konfransın işinə uğurlar arzulayıb.

Professor N.Paşayeva dünyanın ən nüfuzlu təhsil ocaqlarından sayılan Oksford Universitetində  belə bir konfransın keçirilməsindən böyük məmnunluğunu ifadə edib. O deyib: “Konfransda iştirak edən dəyərli alimlərə öz ehtiramımı bildirmək istərdim. Professor Hoylandın dediyi kimi, artıq iki ilə yaxındır ki, biz rəsmi əməkdaşlıq edirik. Bizim gözləntilərimiz, planlarımız və ümidlərimiz çox böyükdür və biz Nizami Gəncəvi Mərkəzinin bu 5 illik elmi-tədris proqramını birdəfəlik təşəbbüs və keçici mərhələ kimi nəzərdə tutmamışıq və tutmuruq. Həqiqət ondan ibarətdir ki, bir çox elmi-nəzəri məsələlər, problemlər uzaq keçmişdən bu günə qədər öz həllini gözləyir. Qeyd etmək lazımdır ki, sovet dövründə elmi metodologiya təhrif olunmuş bir sistem kimi fəaliyyət göstərirdi. Bir çox hallarda tarixi faktlar dəyişilmiş, həqiqi elmi mülahizələr isə vulqar, sosioloji təmayüllərə məruz qalırdı. Misal üçün, Azərbaycan tarixi haqqında kitablar və dərsliklər yenidən işlənib hazırlanmalıdır. Bu gün bölgəyə (Qafqaz) dünya elmi kontekstində böyük bir maraq var. Xəzərətrafı ərazilər həmişə bir çox xalqlar və müxtəlif etnik qruplar ilə zəngin olub. II-III əsrlərdə bir-birindən uzaqda olan iki böyük imperiya - Roma və Çin imperiyaları arasında bir bağlantı yarandı. Bu bağlantıya səbəb bir əşya, bir amil - ipək oldu. Məhz ticarət ilə bağlı olan amil demək olar ki, bütün dünyanı birləşdirdi, yolları acdı, məlumatlar sıxlaşdı və Qafqaz xalqları daxil olmaqla regionun bir çox xalqları bu prosesə qatıldılar. Məlumdur ki, etnogenez məsələsi tarixin ən müşkül məsələlərindən biridir. Alimlər qeyd edir ki, bir xalqın yaranması üçün inkubasiya dövrü 500 il davam edə bilər. Beləliklə, suallar az deyil, öyrənilməmiş məqamlar da çoxdur. Mən çox şadam ki, biz professor Hoylandın rəhbərliyi altında Bərdədə arxeoloji qazıntılar apararaq arxeoloqların, antropoloqların, tarixçilərin, şərqşünasların, ədəbiyyatçıların, dilçi alimlərin müştərək köməyi və əməyi ilə bu boşluqları doldura bilərik. Oksford kimi məşhur elm ocağında bu əhəmiyyətli işin görülməsinin xüsusi dəyəri, çəkisi var. Özüm haqqında bircə onu deyə bilərəm ki, 34 ildir mən universitetdə çalışıram və üç böyük universitet - Bakı Dövlət, Moskva Dövlət universitetləri və son üç ildə isə möhtəşəm Oksford Universiteti mənim həyatımın böyük, mühüm bir parçası olub. Əsas odur ki, bizim apardığımız elmi araşdırmaların müsbət, dünya elmi ictimaiyyəti tərəfindən qəbul olunmuş bir nəticəsi olsun və gələcək tələbələrimiz araşdırmalardakı boşluqları doldurmaq üçün obyektiv - Oksford Universitetinin malik olduğu baxışa sahib olsunlar”. N.Paşayeva çıxışının sonunda bu yoldan keçən, həyatdan köçmüş alimlərin ruhuna ehtiram ifadə edib, həyatını elmə sərf edən bütün insanların qarşısında baş əydiyini bildirərək konfransın işinə uğurlar arzulayıb.

Konfransda Şotlandiyanın Edinburq Universitetinin Roma arxeologiyası üzrə professoru, Oksford və Tübingen universitetlərinin mühazirəçisi, eyni zamanda, Böyük Britaniyanın Farsşünaslıq İnstitutu və Romaşünaslığın Təbliği Cəmiyyətinin şura üzvü professor Eberhard Zauer “Yerli şəraitə uyğunluq: Sasani imperiyasının şimal sərhədinin İberiyaya qədər müdafiəsi” mövzusunda çıxış edib. Son illər ərzində İranda və Gürcüstanda həmkarları ilə birlikdə apardığı arxeoloji qazıntılar nəticəsində professor Zauerin gəldiyi nəticə budur ki, Sasani imperiyası IV-V əsrlər arasında romalıların yaratdığı müdafiə sistemindən daha güclü bir sistem yaratmış və bu sistem yerli şəraitə uyğunlaşmaqla bərabər yaratdığı irriqasiya sistemlərinin köməyi ilə urbanizasiya və əhali artımına səbəb olmuşdur. İnteraktiv təqdimat ilə edilən çıxışda professor E.Zauer irəli sürdüyü düşüncələri, iranlı və gürcü həmkarları ilə birlikdə gəldiyi qənaətləri Gürcüstandakı Dariali keçidində və İrandakı Kürgan divarı boyu aparılan arxeoloji qazıntıların nəticələri əsasında aşkara çıxmış sübutlarla əsaslandırdı. Professor E.Zauer Sasani imperiyasının böyük ambisiyalarının bütün Trans-Xəzər ərazilərinə təsir etdiyini söyləyib və gələcəkdə davam etdiriləcək arxeoloji qazıntıların bu istiqamətdə daha çox elmi sübutlar təqdim edəcəyinə inandığını vurğulayıb.

Rusiya Elmlər Akademiyasının ipək və kətan üzrə aparıcı arxeoloqu və tarixçisi professor Zvezdana Dode “Qafqaz - müxtəlif mədəniyyətlərin kəsişməsində” mövzusunu təqdim edərək kimmerlərin, skiflərin, sarmatların və alanların Qafqaz dağları ərazilərindəki təsirindən danışıb. Professor Z.Dode xüsusi olaraq sovet dövründə mövcud olan ideoloji təzyiqlər nəticəsində Çindən Bizansa qədər ərazini əhatə edən coğrafi məkanın öyrənilməsində mühüm olan türk komponentinin bilərəkdən çıxarılmasını qeyd edib və bundan sonra tədqiqatların yeni istiqamətdə aparılmasının və tarixi ədalətin bərpasının vacibliyini bildirib.

Rusiya Elmlər Akademiyasının Dağıstan Elmi Mərkəzində arxeologiya departamentinin rəhbəri professor Murtazəli Hacıyev “Dərbənd şəhəri İslam mərkəzi kimi: Müsəlmanların ibadət yerlərinin tapılması və öyrənilməsi (VII-XIII)” mövzusunda danışdı. Professor M.Hacıyev Dərbəndin (Bab əl-Əbvab) bir çox əsrlər boyu xüsusilə Səlcuqların dövründə hərbi-siyasi, ticarət, dini, ideoloji mərkəz kimi fəaliyyət göstərməsi və bu dövr ərzində sənaye şəhəri kimi tanındığını qeyd edib. 2014-cü ildə arxeoloji qazıntılar zamanı Dərbənddə su təchizatı sisteminə bağlı olan müsəlman ibadət yeri aşkar edilmişdi. X-XIII əsrlərə aid edilən bu ibadət yeri su təchizatı ərazisində olduğu üçün dini ibadətdən öncə dəstəmaz və qüsl alınmasına imkan verirdi. İbadət yerinin arxeoloji qazıntılar zamanı tapılan qəbirlərini və ərəb dilində yazılarını interaktiv təqdimat ilə iştirakçılara təqdim edən professor M.Hacıyev bu yerin Dərbənddə X-XIII əsrlərdə dini mərkəz kimi fəaliyyət göstərdiyini bildirib.

Harvard Universitetinin aparıcı arxeoloqu doktor Kərim Əlizadə “Sasani dövlətinin və erkən İslam dövrünə aid Muğan çölünün (İran Azərbaycanı) yaşayış məntəqələrinin əlaqələri və kollapsı” barədə iştirakçılara elmi məruzəsini təqdim edib. Doktor K.Əlizadə Sasani imperiyasının Muğan düzündə suvarma sistemi və urbanizasiya məqsədləri haqda danışaraq deyib: “Elmi sübutlara əsasən demək olar ki, artıq eramızın VII əsrindən etibarən Sasani imperiyasının yaşayış qəsəbələri və suvarma sistemi istifadədən çıxmışdı”. Doktor K.Əlizadə öz çıxışında Muğan düzündə apardığı arxeoloji qazıntılar nəticəsində aşkara çıxmış bu sübutlara əsasən Sasani imperiyasının məhz bu suvarma və yaşayış qəsəbə sisteminin fəaliyyətinin dayandırılması nəticəsində süquta uğramasına dair fərziyyə irəli sürüb.

 Pensilvaniya Universitetinin arxeologiya üzrə aparıcı mütəxəssisi aspirant Lara Fabian “Şimali və Cənubi Qafqazın qarşılıqlı əlaqəsi: Xəzər dənizi sahillərində ”Sarmatlar məsələsi"nə dair məruzə ilə çıxış edərək sarmatların və alanların Böyük Qafqaz dağlarındakı rolundan bəhs edib. Sarmatların və alanların etnik mənsubiyyəti, hansı dövrdən tarix səhnəsinə çıxması kimi suallarla çıxışını başlayan Lara Fabian yunan və latın mənbələrini və sovet dövründə ərazidə aparılan arxeoloji  qazıntıları qeyd edərək bu günədək sarmatların və alanların kimliyini və bu ərazilərdə nə məqsədlə yaşadığını elmin hələ də dəqiq ortalığa çıxarmadığını qeyd edib. O bildirib ki, apardığı araşdırmalar nəticəsində Simali Qafqazla bağlı müxtəlif etnik qrupların Cənubi Qafqaz ərazisindəki iştirakı (son Sarmat dövründə) çox güclü idi.

Kanadanın Saskatçevan və İngiltərənin Durham universitetlərinin aspirantı Kristen Hopper “Sasani sərhədlərində rabitə əlaqələri: İranın şimal-şərqində Kürgan düzənliyində keçid yolları” adlı elmi məruzə ilə çıxış edib. Bildirib ki, son illərdə Sasani imperiyası dövrünə aid bir çox xəritələr və qədim mənbələr ilə aparılan iş maraq doğurur. O, Kürgan düzənliyi ərazisində və onun ətrafında olan yolların qədim mənbələrdə qeyd olunduğunu bildirərək müasir dövrdə peykdən görüntülər əsasında yaradılan xəritələrin indiyədək aşkar edilməmiş bu və ya digər qədim keçid yollarının aşkara çıxarılmasının vacibliyindən danışıb. 2007-2008-ci illərdə Rekavandinin və 2013-cü ildə Vilkinson və başqa alimlərin yazdıqları “Kürgan divarı layihəsi” kitabında qədim mənbələrdəki keçid yolları haqqında məlumatlar arxeoloji qazıntılar və peykdən çəkilən görüntülərlə müqayisə olunduğunu, Sasani dövründəki keçid yolları haqda daha dəqiq məlumatlar əldə etmək imkanını müzakirə etdiklərini bildirib.

Oksford Universitetinin tarixi antropologiya üzrə mütəxəssisi və Nizami Gəncəvi Mərkəzinin tədqiqatçısı doktor İrina Şinqiray “Xəzər ”ehtirasları": Məhərrəmlik qaydaları və erkən orta əsrlər Türk-Fars dünyasında köçəri əlaqələr" mövzusunda çıxış edərək Xəzər dənizi ətrafında (eramızın I minilliyinin ortaları) Türk-Fars köçəri qruplarının yas mərasimlərindən ən yüksək siyasi səviyyədən yerli icmalara qədər siyasi məqsədlər üçün istifadə etdiklərini qeyd edib. Türk-Fars sərhədlərində məhərrəmlik qaydalarından özünəməxsus istifadə edərək köçəri tayfalar oturaq tayfalarla müntəzəm qaydada əlaqədə olmuş və bu qaydaların Xəzər bölgəsi ərazisində və kənarda yayılmasına təsir etmişlər. İslamın gəlişindən sonra bu yas mərasimləri şiə İslamı kontekstində Kərbəla müsibətinə aid edilmişdi.

Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin Bərdə Arxeoloji Ekspedisiyasının aparıcı arxeoloqu, “Brasenose” kollecinin üzvü doktor Pol Vordsvors “Xəzəryanı sahillərdə (X-XII əsrlər) Bərdə və əyalət şəhərləri” haqda danışıb. Bərdə şəhərində arxeoloji ekspedisiyanın baş arxeoloqu olan doktor P.Vordsvors yazılı mənbələr ilə qazıntıların ortalığı çıxardığı nəticələri müqayisə edərək qənaətə gəlmişdir ki, bu günədək tarix elminin Bərdənin şəhər kimi X əsrdən sonrakı süqutu və Gəncə şəhərinin çiçəklənməsi qənaəti həqiqətə uyğun deyil. Bərdə şəhərində aparılan arxeoloji qazıntıların nəticəsində elmə yeni məlum olmuşdur ki, XI əsrdə bu şəhər Xəzər dənizi boyu başqa şəhərlərlə birgə genişlənmiş və çiçəklənmişdir. Bundan əlavə, bu dövrdə hər regiona məxsus malların paylanması və peşə növləri arasında oxşarlıqlar bu şəhərlərin, Bərdə daxil olmaqla, şəhər mərkəzləri və Trans-Xəzər regionu ilə sıx əlaqəli olduğu göstərilir.

Oksford şəhərində yerləşən Ətraf Mühitin İdarə Olunması Təşkilatının aparıcı arxeoloqu Çarlz de Kesne “Xəzər dənizinin şimal-şərq sahilinin arxeologiyası” mövzusunda çıxış edib. Qeyd edək ki, Ətraf Mühitin İdarə Olunması Təşkilatı (http://www.erm.com) ətraf mühit və təhlükəsizliyin qorunması ilə bağlı şirkətlərə və təşkilatlara məsləhət verən ən aparıcı qurumlardandır. Çarlz de Kesne son illərdə Xəzər dənizinin şimal-şərqində qazax və beynəlxalq arxeoloqların apardığı qazıntılar zamanı bir çox qədim məskənlər tapıldığını qeyd edib. Bu məskənlər Xəzər dənizində suyun səviyyəsinin qalxıb-enməsi ilə bağlı olub, regionun mədəni və iqtisadi əlaqələrinə təsir etmişdir. Çarlz de Kesne Xəzər dənizinin ətrafındakı ərazilərin Ətraf Mühitin İdarə Olunması Təşkilatı tərəfindən yaradılan xəritələrini təqdim edərək bu sahələrdə ayrı-ayrı dövrlərə aid olan məskənlər və müxtəlif məqsədlərlə yaşamış insanlar haqda məlumat toplamaq üçün daha çox arxeoloji işə ehtiyac olduğunu qeyd edib.

Konfransa yekun vuran Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun aparıcı professoru Edmund Hersiq əvvəlcə konfransın mövzusu olan V-XIII əsrlərdə Trans-Xəzər əlaqələrinin, bu günə qədər elmdə çox az araşdırıldığını qeyd edib. İndiyədək bu sahədəki araşdırmaların professor Z.Dodenin çıxışında göstərildiyi kimi, yanlış istiqamətdə aparıldığını qeyd edən E.Hersiq bu mövzuda hələ çox şeyin öyrənilməli olduğunu deyib. Böyük coğrafi məkanı və uzun dövrü əhatə edən çıxışlardan İrina Şinqirayın köçəri tayfaların yas mərasimlərinin sonradan İslamın şiə təriqətinin ənənəsi çərçivəsində məhərrəmlik və aşuraya təsirini, aspirant Lara Fabianın çıxışında çoxsaylı yerli xalqların və ondan fərqli olaraq professor Zauerin çıxışında sırf olaraq Sasanilərin müdafiə sisteminə həsr etdiyi məruzəni qeyd edib və onların bir kontekstdə qarşılıqlı surətdə əlaqələnməsinin müzakirəsinə ehtiyac olduğunu bildirib. O deyib: “Məsələn, Eberhardın çıxışında biz Sasanilərin güclü bir imperiya olduğunu, sərhədlərinin müəyyən olunmasında və düşmənə qarşı qorunmasında bildiklərimizi bir daha arxeoloji qazıntıların bizə verdiyi sübutlar əsasında görürük. Laranın çıxışında isə bəlli olur ki, tam fərqli olaraq bir çox xalqlar bir-birinə qarışıb və müəyyənlik yoxdur. Düşünürəm ki, biz bu iki aspekti hələ də birləşdirə bilməmişik”.

Ətraf mühit və ətraf mühitin insanların torpaq istifadəsinə təsiri haqda da bir çox fikirlərin qeyd olunduğunu deyən professor E.Hersiq Çarlz de Kesnenin çıxışına diqqət çəkərək bu sahədə daha çox arxeoloji işə ehtiyac duyulduğunu bir daha vurğulayıb. Harvard Universitetinin doktoru Kərim Əlizadənin də çıxışını xatırladan professor E.Hersiq Sasanilərin dövründə suvarma sisteminin süquta uğraması haqdakı fərziyyələrin birbaşa ətraf mühitdəki dəyişikliklərlə əlaqəli olduğunu diqqətə çatdırıb. Bu mövzuların, xüsusilə ətraf mühitin tarixi hadisələrə təsirinin adətən tarixçilər arasında müzakirə olunmadığını deyən E.Hersiq bugünkü konfransda onların səslənməsinin vacibliyini vurğulayıb.

 Arxeologiyanın bu məsələlərdəki önəmli rolunu vurğulayan professor E.Hersiq bir tarixçi kimi söyləyib ki, Sasanilərin yazılı tarixi mənbələri onların daha çox dini müzakirələrə maraq göstərdiyi, böyük imperiya ambisiyalarına malik olmadıqları təəssüratını yaradır. Lakin Sasani dövrünə aid olan bütün arxeoloji qazıntılar bunun əksini, yəni, Sasanilərin çox böyük ambisiyalara malik olduğunu və dünyada ən güclü ordu qurmaq istəyini göstərir. Bu isə dünya elminin Sasanilər haqqında biliklərini köklü şəkildə dəyişir. Professor E.Hersiq o dövrdə yolların, çayların, suvarma sistemlərinin, dağarası keçidlərin, qalaların vasitəsilə rabitənin yaradıldığını qeyd edib. Xəzər dənizindən isə gəmilərin bir əlaqələndirici keçid kimi istifadəsindən qədim mənbələrin az bəhs etdiyini söyləyib. Bunun səbəbini bilmək üçün o, auditoriyadakı alimlərə müraciət edib. Doktor İ.Şinqiray və professor Paşayeva bu suala cavab olaraq Xəzərin təhlükəli dəniz olmasını əsas gətiriblər və mənbələrdə onun haqqında az qeydlər olduğunu söyləyiblər. Professor N.Paşayeva Xəzərin dünyada üçüncü ən təhlükəli su hövzəsi olmasının artıq qəbul edilmiş fikir olduğunu və bu səbəbdən yazılı mənbələrin onun adının səyahət olunan dəniz kimi az hallandığını xatırladıb.

Sonda Edmund Hersiq Oksfordda Nizami Gəncəvi Mərkəzini yaradan professorlar Nərgiz Paşayevaya və Robert Hoylanda dərin minnətdarlığını bildirib. Qeyd edib ki, beş il öncə belə bir mərkəzin məhz Oksfordda yaradılması inanılmaz bir hadisə kimi görünürdü. Bu gün isə artıq Oksford Universitetinin rəsmi hissəsinə çevrilmiş bu mərkəz Rusiyadan, ABŞ-dan, Azərbaycandan və Avropanın bir çox şəhərlərindən gələn alimlərin iştirakı ilə beynəlxalq səviyyədə konfrans təşkil edir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında