“Tələbə qarşısında qoyulan tələb ona yaradılan şəraiti üstələməməlidir”

Yazının sərlövhəsinə çıxardığım sözlər Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA- nın müxbir üzvü, kənd təsərrüfatı elmləri doktoru, professor İbrahim Cəfərovun sözləridir. Rektor deyir ki, tələbənin məişət şəraiti, ailə vəziyyəti, ətrafı, maddi durumu ilə maraqlanmadan  ondan təhsildə yüksək göstəricilər tələb etmək ən azı insafsızlıqdır.

Tələbənin qaldığı mənzil də, nahar etdiyi yeməkxana da, getdiyi kitabxana da normal olmalıdır. Ailəsindəki problemləri müəllimdən, dekandan, həmkarlar təşkilatından tutmuş rektoradək hamı bilməlidir və konkret kömək göstərməlidir. Bunları bir kənara qoyub, təkcə “Niyə yaxşı oxumursan?” deməklə kifayətlənmək olmaz. O tələbənin gələcəkdə yaxşı mütəxəssis olacağı da şübhə altındadır.  İbrahim müəllimi yaxından tanıyanlar bilirlər ki, o, tələbənin, necə deyərlər, daim yanındadır, onun qayğıları ilə yaşayır və beləcə səmimi dostluq münasibətləri yaranır. Tələbə çox asanlıqla öz problemlərini ali məktəbin rəhbərinə deyə bilir və bununla da daha cəsarətli, inamlı olur, dərsə davamiyyəti qaydasına düşür, nümunəvi təhsil alır və sair.

Bir neçə ay qabaq rektorla birlikdə universitetin tədris korpuslarına baş çəkirdik. Görürdüm  ki, auditoriyalara daxil olanda tələbələr onunla nə qədər açıq və səmimidirlər. Ən xırda məişət problemlərini belə ona deməkdən çəkinmirdilər. Düzü, kənardan bunları seyr etmək çox xoş idi. İqtisadiyyat fakültəsində olarkən tələbə yeməkxanasına baş çəkdik. Səliqə- səhman, təmizlik yüksək səviyyədə idi. Rektor nahar edən tələbələrdən birinə yaxınlaşıb nəsə soruşdu və sifəti elə həmin an ciddiləşdi və çox əsəbi şəkildə yeməkxana sahibinə öz iradını bildirdi. Rektora izah etmək istədilər ki, inflyasiyadan sonrakı cüzi bahalaşma az da olsa naharın qiymətinə təsir edib, ona görə belədir. Rektor isə çox sərt şəkildə “bunun tələbəyə heç bir dəxli yoxdur, qayda yaratmasanız, sabahdan buranı başqaları işlədəcək” deyib yeməkxananı tərk etdi...

Bu gün Azərbaycan Dövlət Aqrar Universitetində tələbələrin müasir standartlara uyğun bilik əldə etməsi məqsədilə elə bir şərait yaradılıb ki, ona hər təhsil ocağı həsəd apara bilər. Təbii ki, məqsəd mütəxəssis hazırlığının keyfiyyətini daha da yaxşılaşdırmaq üçün tədris prosesini təkmilləşdirmək, innovasiyalı təhsilə keçməklə universitetin reytinqini yüksəltməkdir. Bütün bunların təmin edilməsində zəngin maddi- texniki baza, zəruri tədris avadanlıqları ilə təminat, pedaqoji heyətin peşəkarlığı və tələbələrin fəal təhsilə cəlb edilməsi böyük əhəmiyyət kəsb edir.

Bu ali məktəbin hazırki maddi- texniki bazası Azərbaycanda fəaliyyət göstərən universitetlərdən əməlli- başlı fərqlənir. Bunu Aqrar Universitetə son vaxtlar daha tez- tez gələn xarici qonaqlar da deyirlər. Əvvəla, tədris korpusları müasir standartlara uyğun təmir olunub, avadanlıqlar quraşdırılıb. Digər tərəfdən, yeni labaratoriyaların təşkili, onların işində tələbələrin yaxından iştirakı, işləməsi, hətta buradan əmək haqqı alması, digər tərəfdən təhsil prosesi zamanı ən təsirli metodların, o cümlədən testin uğulu tətbiqi, hər cür neqativ halların aradan qaldırılması və yataqxanaları olan böyük bir tələbə şəhərciyinin yaradılması bu fərqi açıq- aşkar göstərir.

Etiraf etmək lazımdır ki, lap bu yaxınlaradək Aqrar Universitetə maraq elə də yaxşı deyildi. Hətta abituriyent ixtisas seçimində bu ali məktəbin adını ya göstərmir, ya da ən yaxşı halda sonuncu ixtisas kimi işarə edirdi. Tələbə- müəllim nisbəti də ürəkaçan deyildi. Universitetdə təhsil alan qızlar azlıq təşkil edirdi. Amma yuxarıda qeyd etdiyimiz dəyişikliklər universitetə münasibəti də kökündən dəyişdirdi. Faktlara nəzər salaq: 2008- ci ildə universitetdə tələbə- müəllim nisbəti, başqa sözlə, bir müəllimə düşən tələbənin sayı 5, 1 nəfər olduğu halda hazırda bu rəqəm 11, 1 nəfərə çatıb, yəni 2 dəfə artıb. Həmin dövrdə qızların sayı 10 faiz təşkil edirdisə, hazırda 30 faizdən artıqdır. 2013/2014-cü tədris ilindən başlayaraq ADAU-nun bakalavriat səviyyəsinə 11 ixtisas, o cümlədən torpaqşünaslıq və aqrokimya, aqronomluq, meşəçilik, ekologiya, su bioehtiyatları və akvabitkilər, zootexniklik, baytarlıq, aqromühəndislik və sair ixtisaslar üzrə tələbə qəbulu yalnız dövlət sifarişi əsasında müəyən edilib. Həmin ixtisaslara abituriyentlərin peşə yönümü üzrə maarifləndirilməsi məqsədilə universitetin alimləri Gəncənin və kənd rayonlarının orta məktəblərində pedaqoji heyət və yuxarı  sinif şagirdləri ilə vaxtaşırı görüşlər keçirir, onlara universitet haqqında ətraflı məlumatlar verir, şagirdlər öz müəllimləri ilə birlikdə ali məktəbin özünə məxsus  avtobuslarlı ilə tədris korpuslarını, laboratoriyaları, müzeyləri, kitabxanaları,  ziyarət edirlər ki, bütün bunlar da şagirdlərdə, onların müəllim və valideynlərində universitet haqqında xoş təəssürat yaradır və beləliklə də əhatəli məlumat bazası zənginləşir və formalaşır. Təsadüfi deyil ki, son illərdə bu ixtisaslara tələbə qəbulu planı əvvəlki illərə nisbətən daha çox, bəzilərində isə 100 faiz yerinə yetirilib.

Universitetdə bakalavriat və magistratura səviyyələrində 30-dan çox ixtisas üzrə mütəxəssis hazırlığı aparılır. Burada 7 fakültənin əyani və qiyabi təhsil formalarında 5 minə yaxın tələbə təhsil alır ki, onların da tədrisi ilə 480 nəfərlik professor-müəllim heyəti məşğul olur. Pedaqoji heyətin tərkibində 1 nəfər Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 19 nəfər elmlər doktoru, professor, 200-dən artıq fəlsəfə doktoru, dosent vardır.

Universitetdə tələbələrə diqqət və qayğı yüksək səviyyədədir. Sessiya imtahanları əsasən kompüter vasitəsilə test formasında qəbul edilir ki, bu da şəffaflığın və obyektivliyin tam təmin olunmasına şərait yaradır . Son illərdə tələbələrin təhsilə marağının artırılması məqsədilə xeyli sayda kompüter alınıb. Bu gün universitetin hər dörd tələbəsinə bir kompüter düşür ki, bu da respublikanın ali təhsil müəssisələrindəki orta göstəricidən bir neçə dəfə çoxdur. Bununla yanaşı, xeyli sayda smart-lövhə, noutbuk, proyektor, mikroskop, plotter, elektron tərəzi və digər avadanlıq və cihazlar alınaraq tələbələrin istifadəsinə verilib.

Tələbələrin intellektual səviyyəsinin artırılması və asudə vaxtlarından səmərəli istifadə məqsədilə son 3 ildə onlar üçün ödənişsiz ingilis dili, kompüter və dizayn üzrə kurslar yaradılıb. Bunlarla yanaşı, müxtəlif növ oyunlar, olimpiadalar, inşa müsabiqələri keçirilir, nəticələrinə görə fərqlənənlərə fəxri fərmanlar və pul mükafatları verilir. Təhsil Nazirliyi Kollegiyasının 6 noyabr 2014-cü il tarixli qərarına uyğun olaraq, tələbələrin akademik borcu qalan fənləri götürmələrinə görə təhsil haqlarının büdcədənkənar vəsait hesabına ödənilməsi haqqında bu universitetin elmi şurasının qərarı ölkənin ali təhsil müəssisələri sırasında  ilk olmaqla tələbə və valideynlər tərəfindən çox böyük razılıqla qarşılanıb. Məlumat üçün qeyd edək ki, son imtahan sessiyalarında imtahanları “əla” qiymətlərlə başa vuran tələbələrin sayı əvvəlki sessiyaların nəticələri ilə müqayisədə yüksəkdir. Deməli, tələbələrin təhsilə marağı və məsuliyyəti əməlli başlı artıb.

    Rektorun xüsusi əmrində büdcədənkənar vəsait hesabına qəbul imtahanlarında 600-dən çox bal toplamaqla universitetə qəbul olunan və növbəti sessiyada yüksək qiymətlər alan 2 nəfər birinci kurs tələbəsinin aylıq təqaüdünə ikinci semestrdə 100 manat, 500-dən çox bal toplamaqla qəbul olunan və sessiyada yüksək qiymətlər alan 9 nəfər birinci kurs tələbəsinin aylıq təqaüdünə ikinci semestrdə 50 manat əlavə edilib. Yaxud 250-dən çox bal toplayaraq “aqronomluq ” və “zootexniklik” ixtisaslarına qəbul olunan 3 nəfər birinci kurs tələbəsinin sessiyada yüksək qiymətlər aldıqları və universitetin ictimai həyatında fəal iştirak etdikləri nəzərə alınmaqla, aylıq təqaüdünə ikinci semestrdə ayda 100 manat, sessiyada 5 fəndən 100, 1 fəndən 91-100 bal toplayan 3 tələbəyə aldıqları təqaüddən əlavə ikinci semestrdə ayda 100  manat, 4 fəndən 100, 2 fəndən 91-100 bal toplayan 7 tələbəyə aldıqları təqaüddən əlavə ikinci semestrdə ayda 80 manat ödənilməsi, 1,2 və ya 3 fəndən 100, digər fənlərdən 91-100 bal toplayan 98 tələbənin hər birinə 100 manat,  1 və ya 2 fəndən 100, digər fənlərdən 71-100 bal toplayan 24 tələbənin hər birinə 70 manat məbləğındə  birdəfəlik stimullaşdırıcı təqaüd verilməsi təsbit olunub. Belə stimullaşdırıcı tədbirlər tələbələri daha yaxşı oxumağa, universitetin ictimai həyatında fəal iştirak etməyə ruhlandırır.

Aqrar Universitetdə bu gün təhsil alan tələbə iş tapa bilib—bilməyəcəyi barədə düşünmür. Çünki rektorluq tərəfindən elə bir şərait yaradılıb ki, sabahın mütəxəssisi buna görə narahat olunur. Universitet qabaqcıl şirkət, müəssisə və təsərrüfatlarla işgüzar əlaqələr yaradıb, müqavilələr bağlayıb. Bunlardan Ağcabədi rayonu"Aqat-aqro" MMC, “Tovuz-Baltiya” şirkəti, Kənd Təsərrüfatı Nazirliyinin nəzdində “Aqrolizinq” ASC, Samux rayonunun aqroservis filialı, Gəncə Telekommunikasiya İdarəsi, Samux rayonu “Suliddinoğlu” kəndli—fermer təsərrüfatı, Şəmkir rayonu “Bayramlı” kəndli fermer təsərrüfatı, “Azaqro- MMC”, Şabran rayonu “Səba quşçuluq kompleksi”, BMS keçicilik şirkəti, “Qarabağ taxılçılıq” MMC, Qarabağ toxumçuluq MMC və başqa şirkətləri misal göstərmək olar. “Tovuz-Baltiya”, Şəmkir “Vətən-Az”, Samux rayonu “Azər-Rus Dostluq”, Qəbələ quşçuluq aqrokompleks şirkətləri, Oğuz rayonu Beytulla kəndli fermer təsərrüfatlarında tələbələr pulsuz yemək, yataqxana, həmçinin aylıq maaşla təmin olunurlar.

Qəbələ quşçuluq, premium, “Ucar-Mərcan” broyler, “Ağcabədi Aqat - Aqro” MMC, BMS şirkəti, Şabran Səba şirkəti, Hacıqabul quşçuluq fabrikində, “Qəbələ Aqro” kompleksində baytarlıq ixtisasının V kurs tələbələri 6 aylıq təcrübə keçmişlər. Təcrübə zamanı bu müəssisələr tərəfindən tələbələr məişət şəraiti və əmək haqqı ilə də təmin olunublar.

...Yuxarıda qeyd etdiyimiz kimi, tələbələrə şərait yaratmadan təhsildə yüksək nəticələr əldə etmək, yaxşı mütəxəssis hazırlamaq olduqca çətindir. Bu baxımdan Aqrar Universitetin əldə etdiyi uğurları hətta nümunə kimi göstərmək mümkündür. Kənd Təsərrüfatı Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti də bu böyük və vacib təhsil ocağına öz diqqət və qayğılarını əsirgəmir və nəticədə   universitetin maddi - texniki bazası hər il, hər ay möhkəmlənir, inkişaf edir. Amma ən böyük qayğı ölkə Prezidentinin qayğısıdır. Yola saldığımız ilin “Kənd təsərrüfatı ili” elan edilməsi, digər tədbirlər onu göstərir ki, ölkə başçısı bu sahəni bir an belə unutmur, öz köməyini əsirgəmir.

Ölkə rəhbərinin bu ilin fevralında açılışını etdiyi tələbə yataqxanasında olduq. Universitetin rektoru, professor İbrahim Cəfərov deyir ki, cənab Prezidentimiz bizə elə bir hədiyyə bəxş edib ki, onun əvəzini yalnız yüksək ixtisaslı kadrlarla qaytara bilərik. Bu kompleksin dörd korpusu yeddimərtəbəli, bir korpusu isə altımərtəbəli binalardan ibarətdir. Əsas korpusun foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdikləri qayğını, həmçinin Gəncəyə səfərlərini əks etdirən fotolardan ibarət guşə yaradılıb.

Binada qeydiyyat şöbəsi, zəngin kitabxana, stomatoloji kabinet, müayinə otağı, fotoatelye fəaliyyət göstərir. Binalarda akt və fitnes zalları, ticarət, iaşə və məişət xidməti obyektləri də var. Yataqxanadakı 257 otağın 251-i ikinəfərlik, altısı isə üçnəfərlikdir. Bütün mərtəbələrdə istirahət guşəsi və mətbəx var. Yataqxananın elektrik enerjisi ilə təminatı üçün 1000 kilovoltluq güc transformatoru, isti və soyuq su ilə təchizatından ötrü üçün qazanxana quraşdırılıb, su və yanğın hovuzları inşa edilib.

Yataqxana istiqamətində Ozan və İsmət Qayıbov küçələrində abadlıq-quruculuq işləri aparılıb, asfalt salınıb və işıqlanma ilə təchiz edilib. Yolboyu hasarlar Gəncəyə xas memarlıq üslubunda kərpiclə üzlənib.

Kompleksdə elə bir şərait  yaradılıb ki,  müxtəlif şəhər və rayonlardan olan tələbələr özlərini evdəki kimi hiss edəcəklər.

Rektorun sevinci yerə- göyə sığmır. Kompleksin yanında tikilən və inşasında son işlər görülən başqa bir korpusu da göstərərək deyir ki, o da istifadəyə verildikdən sonra heç bir problemimiz qalmayacaq.

... Azərbaycanın ikinci böyük şəhərində yerləşən Aqrar Universitet haqqında yazdıqlarımız  son 3- 4 ildə görülən işlərin çox cüzi hissəsidir. Daha çox məlumat almaq fikrində olan varsa yolunu bu ali məktəbdən salsın, peşman olmayacaq.

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında