Müəllim yeganə şəxsiyyətdir ki, cəmiyyət özünün gələcəyini – uşaqlarının tərbiyəsini yalnız ona etibar edir.
Heydər ƏLİYEV
Ümummilli lider
Məşhur rus pedaqoqu V.A.Suxomlinskiyə sual etmişlər: “Yaxşı müəllim nə deməkdir?” O, cavabında “Müəllim ilk növbədə, uşaqları sevən insandır, onlarla ünsiyyətdən sevinc tapır, inanır ki, hər bir uşaq yaxşı adam ola bilər, uşaqlarla dostluq etməyi bacarır, uşaqların sevincini və kədərini ürəyinə sala bilir, uşağın qəlbini oxuyur və heç vaxt unutmur ki, özü də vaxtilə uşaq olub” - demişdir.
Tarix boyu müəllim haqqında müdrik sözlər, kəlamlar söyləyənlər çox olmuşdur. Məhəmməd Peyğəmbər (s.) bilik öyrətməyi hər cür ibadətdən üstün sayır, Həzrəti Əli (ə.) isə “Mənə bir hərf öyrədənin qulu olmağa hazıram” – deyirdi. Dahi şair Nizami Gəncəvi müəllimi Günəşə bənzədirdi. Platon deyirdi: “Müəllimlik hər şeydən əvvəl bir Tanrı sənətidir.” Makedoniyalı İsgəndər öz müəllimi Aristotel haqqında demişdir: “Valideynlərim məni göydən yerə endirdi, müəllimim isə yerdən göyə qaldırdı.” Nəsrəddin Tusi isə demişdir: “İnsanı kamilliyə çatdırmaq məqsədi güdən sənət dünya sənətlərinin ən şərəflisi olmalıdır”. Bu sənət elə müəllimlik sənəti, müəllimlik peşəsidir.
Hər kəs özünün ibtidai məktəbdə, birinci sinifdə oxuduğu illəri xoş xatirə kimi anır və bu xatirələrdə ən əziz yeri, əlbəttə ki, ona sevgi və qayğı ilə qələm tutmağı, yazı yazmağı, kitab oxumağı öyrədən müəllim tutur.
Bunları yazaraq düşünürəm... Bir ana və valideyn olaraq çox xoşbəxtəm. Ona görə xoşbəxtəm ki, övladımı, sözün həqiqi mənasında, özünü ilk növbədə səbirli, mehriban, daha sonra peşəkar müəllim kimi təsdiqləmiş bir xanıma – 23 saylı tam orta məktəbin müəllimi Sevda Əliyevaya etibar etmişəm. Düz bir il öncə, bu təhsil ocağına oğlum Əli Mahmudov qəbul olunarkən tərəddüd edirdim. Necə məktəbdir? Müəllim-şagird münasibətləri, uşaqların təhsilinin keyfiyyəti və s. suallarla bir ili başa vurduq. Amma necə? Tam əminliklə indi deyə bilərəm ki, heç də peşman deyiləm. Çünki Milli Qəhrəman Tahir Həsənovun adını daşıyan 23 saylı tam orta məktəbdə gələcəyin neçə igid oğul və qızlarının yüksək səviyyədə təhsil almasında, şagirdlərin intellektual səviyyələrinin inkişaf etdirilməsində, peşəkar müəllim kollektivi və hər cür şəraiti olan bu məktəb respublikamızın qabaqcıl təhsil ocaqlarındandır. Biz valideynlər övladlarımızın Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təhsil aldığı məktəbdə oxumalarından qürur duyuruq.
Bir valideyn kimi, bu məktəbin 1 “a” sinfinin rəhbəri Sevda xanım Əliyeva haqqında söhbət açmaq istərdim. Başa çatmaqda olan tədris ili dövründə müəllim-şagird münasibətləri barədə mülahizələrimi bölüşmək, bu sinifdə təhsil alan birincilərin valideynlərinin fikirlərini oxucularımıza çatdırmaq istərdim.
Sevda xanım şagirdlərinin yaxın dostu, sirdaşı, qayğıkeşi, düşünəni və düşünməyi öyrədəni, onların bu günü və gələcəyi üçün narahat olanı, addımları düzgün atmaları naminə yolgöstərəni, bələdçisidir. O, bir müəllim kimi, təkcə özünün deyil, həm də hər bir şagirdinin taleyini yaşayır - sevinci, kədəri, problemləri ilə birgə. Düşünürəm ki, o, yalnız sinifdə olduğu dəqiqələri, saatları yox, bütün ömrünü şagirdləri ilə paylaşır. Görürük ki, gözünün nurunu, qəlbinin hərarətini, ürəyinin sevgisini, illərinin zəhmətini şagirdlərinə verir Sevda müəllim. Şair müəllim peşəsini, əməyini poetik dildə belə təsvir etmişdir:
Müəllim bağbandır,
elə bağban ki,
Hər gül qönçəsində
bir ömür yaşar,
Müəllim loğmandır,
elə loğman ki,
Səsində, sözündə
min bir məlhəm var.
Valideynlər iclaslarının birində Sevda xanımın bir söhbətini xatırlayıram: O, dedi ki, bu gün müəllimin vəzifəsi, işi təkcə hansısa fənni tədris etməklə, bilik verməklə bitmir. Bu günün müəllimi geniş dünyagörüşünə, milli-mənəvi dəyərlərə, yüksək mədəniyyətə, intellektə, mənəviyyata malik xalqa, Vətənə sadiq, hərtərəfli inkişaf etmiş şəxsiyyət yetişdirir.
Bu bir ildə sinif rəhbəri Sevda xanım əlindən gələni etdi. Şagirdlərinə həm ana oldu, həm də dost. Yorulmadı, usanmadı, məhəbbətini, qayğısını, fədakarlığını əsirgəmədi. Əvəzində həm uşaqların, həm valideynlərin, həm də çalışdığı pedaqoji kollektivin qarşısında öz peşəkarlığını təsdiq edərək, hamının rəğbətini qazandı. Bu, onun 20 illik zəhmətinin bəhrəsi idi. Sevda xanımla çiyin-çiyinə çalışan fənn müəllimlərindən Mehriban Abdullayeva, Sədaqət Əliyeva, İlahə Cəfərova, Arzu Behbudova və Raida Aslanovanın da uşaqlarımıza göstərdikləri diqqət və qayğını qeyd etməliyik.
Onun təşəbbüsü ilə təşkil edilib keçirilən “Nağıllar aləminə səyahət” adlı tədbirin 5 ay ərzində ərsəyə gətirilməsi isə respublikanın nüfuzlu qəzetlərində, televiziya kanallarında geniş işıqlandırıldı. Yeri gəlmişkən, qeyd etməliyəm ki, sinfin keçirmək istədiyi bütün kütləvi tədbirlər məktəbin direktoru Yuliya xanım Kərimova tərəfindən dəstəklənmişdir. Direktor köməyini əsirgəməmiş, tədbirlərdə iştirak etmiş və fərqlənən şagirdləri həvəsləndirici mükafat və diplomlarla təltif etmişdir. Övladlarımıza məktəb rəhbərliyinin göstərdiyi qayğı, diqqət biz valideynlər tərəfindən həmişə hiss edilmiş və bizi sevindirmiş, şagirdlərini isə daha böyük uğurlara ruhlandırmışdır.
Sevda müəllim övladlarımızın dərin və hərtərəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını sərf edir. Mütəmadi olaraq, Azərbaycanımızın tarixi abidələrinə şagirdlərin ekskursiyası təşkil edilir. Bu da tarixi həqiqətlərin şagirdlərin yaddaşında silinməz bir iz qoyur. Ümumiyyətlə, cəmiyyətimizin formalaşmasında, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişməsində müəllimlərin əməyi və fəaliyyəti əvəzedilməzdir. Biz valideynlərlə bərabər, bəlkə də, bizdən də daha çox uşağın hər cür şıltaqlığına, əziyyətinə dözmək, kədəri ilə kədərlənib, sevinci ilə sevinmək müəllimlərin üzərinə düşən ağır yükdür.
Ümummilli liderimiz Heydər Əliyevin ifadəsi ilə desək, hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi, yaşamağı müdrikliklə və səbrlə bizə öyrətmiş və öyrədir.
Bu sözlərdə böyük bir həqiqət vardır. Məhz Sevda müəllim kimi öz şəxsi milli-mənəvi, mədəni, əxlaqi dəyərləri, savadlı, təfəkkürü və insani keyfiyyətləri ilə seçilənlər, nümunə olanlar bir daha sübut edirlər ki, müəllim sözü müqəddəs deyil, müqəddəs olan müəllimlikdir.
Eləcə də, müəllimlik peşəsini sevib seçən, sevdirən, üzvü olduğu pedaqoji kollektivə rəşadətli əməyi ilə başucalığı gətirən müəllimləri yeni cəmiyyət quruculuğunun memarı adlandırsaq, yanılmarıq.
Bu gün təhsil alan şagirdlər sabahın gəncləridir. Gələcək gənclərin, gənclər isə müəllimlərin əsəridir. Gələcəyə nur saçan peşə sahibləri, qoy ötən hər il müəllifi olduğunuz əsərlər içərisində şah əsərlərinizin sayını artırsın.
Sevinc BƏŞİRİ,
Azərbaycan Milli Elmlər Akademiyasının
Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.