Berlində Azərbaycan Elm və Mədəniyyət Həftəsi keçiriləcəkdir

Noyabrın 29-dan dekabrın 3-dək Berlində Almaniyanın qabaqcıl universitetlərindən biri olan Humboldt-Berlin Universitetində Azərbaycan Elm və Mədəniyyət Həftəsi keçiriləcəkdir.
Azərbaycan Respublikasının Almaniyadakı səfirliyindən bildirmişlər ki, dövlətimizin Humboldt-Berlin Universiteti ilə əməkdaşlıq çərçivəsində təşkil etdiyi bu tədbir 2010-cu ilin oktyabr ayından etibarən həmin universitetdə fəaliyyətə başlayan "Azərbaycan tarixi" kafedrasının açılmasına həsr olunur.
Tədbiri Berlinin ən möhtəşəm zallarından biri olan Konzerthausda hər iki ölkənin təhsil nazirləri Annette Şavan və Misir Mərdanov açacaqlar.
Humboldt-Berlin Universitetindəki "Azərbaycan tarixi" kafedrasının müdiri Yeva-Mariya Auxun məruzəsindən sonra geniş konsert proqramı təqdim olunacaqdır. Konsertdə tanınmış dirijorlar - Azərbaycanın xalq artisti Yalçın Adıgözəlovun, almaniyalı Ulrix Rilin rəhbərliyi və "Berlin Classic Players" kamera orkestrinin müşayiəti ilə məşhur Azərbaycan bəstəkarlarının əsərləri səsləndiriləcəkdir.
Azərbaycan Elm və Mədəniyyət həftəsinin 2-ci günü - noyabrın 30-da dünyanın müxtəlif ölkələrindən, o cümlədən ABŞ, Almaniya, Fransa, İngiltərə, Türkiyə, İsveç, Polşa, Rumıniya, Yaponiya və digərlərindən Azərbaycanla bağlı elmi fəaliyyət göstərən məşhur alimlərin və mütəxəssislərin iştirak edəcəyi "Azərbaycan tarixi beynəlxalq tədqiqat sahəsi kimi - mövcud vəziyyət və perspektivlər" adlı beynəlxalq elmi konfrans keçiriləcəkdir. Həmin gün axşam qonaqlar Azərbaycanın xalq rəssamı Əşrəf Heybətovun əsərlərindən ibarət "Əbədi odun vətəni" adlı sərgiyə baxacaqlar.
Tədbirin 3-cü günü almaniyalı və azərbaycanlı tələbələrin iştirakı ilə Almaniya-Azərbaycan Ali Məktəb Günü və Gənclər Forumu təşkil olunacaqdır. Tədbiri Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov açacaq, daha sonra Almaniya və Azərbaycandan olan tələbələr, doktorant və gənc alimlər tədqiqat apardıqları işlər barədə söz açacaq, Almaniya-Azərbaycan münasibətlərinin gücləndirilməsi barədə fikir mübadiləsi aparacaqlar.
Forum "Azərbaycan - qədim mədəniyyətlərin beşiyi" adlı fotosərginin açılması ilə başa çatacaqdır. Sərgidə İçərişəhərdən bəhs edən fotolar nümayiş etdiriləcəkdir.
Tədbirin növbəti günündə Azərbaycanın böyük şairi İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş beynəlxalq elmi konfranslar keçiriləcəkdir. Həmin gün axşam həftənin qonaqları Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş və onun əsərlərindən ibarət geniş konsert proqramında iştirak edəcəklər. Konsertdə xalq artistləri Mənsum İbrahimovun, Aygün Bayramovanın, Azər Zeynalovun və əməkdar artist Zemfira İsmayılovanın ifasında dahi bəstəkarımızın əsərləri səsləndiriləcəkdir.
Həftə azərbaycanlı gənc caz ustası, Montre Caz Festivalının qalibi İfsar Sarabskinin konserti ilə yekunlaşacaqdır.{nl}

Vüqar SEYİDOV AzərTAc-ın xüsusi müxbiri
Berlin

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında