Mayın 14-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında “Açıq qapı” günü keçirilib. Bu, abituriyentlərlə artıq ikinci belə görüşdür. Birinci görüş 2015-ci ilin payızında baş tutub.
“Açıq qapı” günü abituriyentləri və onların valideynlərini fakültələrdəki tədris prosesi, habelə filiala qəbul qaydaları ilə tanış etmək məqsədi daşıyır. M.V.Lomonosov adına MDU-nun fakültələrində elm-təhsil işinin əlaqələndirilməsinə məsul olan aparıcı müəllimlər gələcək abituriyentlərə ali məktəbə qəbul qaydaları, fakültələrin fəaliyyəti barədə məlumat verərək, onların suallarını cavablandırırlar.
Fizika-riyaziyyat elmləri doktoru, MDU-nun mexanika-riyaziyyat fakültəsinin ümumi topologiya və həndəsə kafedrasının müdiri professor Yuri Sadovniçi çıxışında bildirib ki, M.V.Lomonosov adına MDU-nun Bakı filialı Azərbaycan və Rusiya prezidentlərinin fərmanlarına müvafiq olaraq 2008-ci ildə yaradılıb. Bu il filialın artıq səkkiz yaşı tamam olur. Filial fəaliyyətə tətbiqi riyaziyyat, kimya və filologiya fakültələri ilə başlayıb. Sonra psixologiya fakültəsi açılıb. Beşinci fakültə isə bu il ilk buraxılışı olacaq iqtisad fakültəsidir. Y.Sadovniçi deyib ki, bu il filialda əsas yenilik fizika fakültəsinin açılmasıdır. Onun yaradılması haqqında qərar lap bu yaxınlarda qəbul edilib. Alim bildirib: “2012-ci ildən başlayaraq filialda məşğələlər Xocasən qəsəbəsindəki yeni kampusda aparılır. Tələbələrin dərin biliklərə yiyələnməsi üçün tədris korpusunda hər cür şərait yaradılıb. Kampusda çox zəngin kitabxana, müasir laboratoriyalar var, yataqxanalar, idman meydançaları, hovuz fəaliyyət göstərir”. O, həmçinin xatırladıb ki, dörd il bakalavriatda oxuyandan sonra MDU-nun məzunları magistraturaya daxil ola bilərlər. Magistraturaya ilk qəbul 2012-ci ildə, birinci buraxılış isə 2014-cü ildə olub. Bu il iqtisad fakültəsinin magistraturasına ilk seçimin olacağını qeyd edən Y.Sadovniçi deyib: “Filialda əsasən MDU-nun professor və müəllimləri dərs deyirlər. Filialda oxumaq çətindir, amma yaxşı oxuyan, dövlət imtahanlarını verən və diplom işi müdafiə edən tələbələr həm lazımi səviyyədə bilik əldə edirlər, həm də Moskvada oxuyan tələbələrin aldıqları diplomdan heç nə ilə fərqlənməyən MDU-nun diplomuna sahib olurlar”.
Fizika-riyaziyyat elmləri doktoru, MDU-nun fizika fakültəsinin ümumi fizika kafedrasının müdiri, professor Aleksandr Saletski məlumat verib ki, bu il M.V.Lomonosov adına MDU-nun Bakı filialında fizika fakültəsi açılır. O bildirib ki, zəmanəmizdə sözün əsl mənasında dərin elmi nailiyyətlər yalnız elmlərin qovuşuğunda - müxtəlif sahələrin, ilk növbədə, riyaziyyat, fizika və kimya kimi sahələrin mütəxəssislərinin qarşılıqlı fəaliyyəti sayəsində mümkündür. Bakı filialında kimya və riyaziyyat üzrə hazırlıq müvəffəqiyyətlə gedir, amma fizika fakültəsi yox idi.
A.Saletski deyib: “Zənnimcə, fizika fakültəsi açılandan sonra iki il ərzində elmi mərkəz yaratmaq mümkün olacaq. Bu mərkəzdə riyaziyyatçıların, kimyaçıların və fiziklərin tədqiqatları bir araya gətiriləcək. Bu, gələcəkdə yaxşı elmi nəticələr əldə edilməsinə imkan verən müasir elmi mərkəz olacaq. Yeni fakültəyə filialın digər fakültələri kimi 25 büdcə yeri ayrılacaq”.
Professor A.Saletski qeyd edib ki, MDU-nun fizika fakültəsi dünyanın ən yaxşı 30 fizika fakültəsindən biridir. MDU-da fizika fənni Moskva Universitetinin əsası qoyulduğu gündən tədris edilir, indiki fakültə isə 1933-cü ildə yaradılıb və o vaxtdan etibarən 30 mindən çox mütəxəssis və 5 mindən çox fizika-riyaziyyat elmləri namizədi hazırlayıb. Professor A.Saletski deyib: “Bizim fakültəni Nobel laureatları fakültəsi adlandırırlar. Rusiyanın fizika üzrə 10 Nobel laureatından səkkizi, hər üç akademikindən biri fizika fakültəsinin məzunudur”.
A.Saletski diqqətə çatdırıb ki, M.V.Lomonosov adına MDU bütün dünyada tanınan universitetdir. O, dünyanın ən yaxşı 100 universiteti, fizika fakültəsi isə ən yaxşı 30, tədrisin səviyyəsinə görə ən yaxşı 20 fakültə sırasına daxildir. Professor A.Saletski abituriyentləri fizika fakültəsinə daxil olmağa dəvət edib və onlara müvəffəqiyyət arzulayıb.
Kimya elmləri doktoru, MDU-nun kimya fakültəsinin dekan müavini, professor Sergey Karlov deyib ki, Bakı filialının rəhbərliyi kimya fakültəsinin inkişafına böyük vəsait yatırır, belə də olmalıdır, çünki Azərbaycan mineral ehtiyatlarla zəngindir və mineral ehtiyatların mənimsənilməsi isə kimyasız mümkün deyil. S.Karlov deyib: “Filialın rəhbərliyi mümkün olan hər şeyi edir ki, tələbələr müasir laboratoriyalarda yeni avadanlıqla işləsinlər və buna müvəffəq olduğuna görə ona yalnız təşəkkür etmək lazımdır”.
O, “Açıq qapı” günündə iştirak edənlərə xatırladıb ki, 2015-ci ildə Bakı filialının bazasında məktəblilər arasında Beynəlxalq Kimya Olimpiadası yüksək səviyyədə keçirildi. Bu, filialın kimya fakültəsinin statusunun yüksək olduğunu bir daha təsdiq edir. Bu fakültə filialda ilk fakültələr sırasında açılıb və onun 8 ildən çox yaşı var. Bu il bakalavrların beşinci, magistrlərin isə üçüncü buraxılışı olacaq.
S.Karlov məlumat verib ki, fakültədə tələbələrə cəmi 7 kimya fənni tədris olunur, 10-dan çox laboratoriya onların sərəncamındadır. Laboratoriyalar müasir cihazlar və avadanlıqla təchiz edilib. Laboratoriyaların müasir avadanlığı kimyanı ən müasir səviyyədə tədris etməyə imkan verir. Alim deyib: “Uşaqlar sağ olsunlar. Başlıcası istəkdir. Universitetə daxil olan bütün gənclər bilirlər ki, burada oxumaq lazımdır. Siz MDU-nun filialına deyil, MDU-ya daxil olursunuz. Moskva Universiteti dünyanın 30 ən yaxşı, Avropanın isə ən azı 10 ən yaxşı universitetindən biridir. Odur ki, buraya gəlməklə, siz artıq düzgün seçim etmisiniz. Hansı fakültəni seçəcəyiniz isə artıq ikinci və bir o qədər əhəmiyyətli olmayan məsələdir”.
Fizika-riyaziyyat elmləri doktoru, MDU-nun mexanika-riyaziyyat fakültəsinin professoru, universitetin tətbiqi riyaziyyat fakültəsinin elm-təhsil işinin əlaqələndirilməsinə cavabdeh olan Anatoli Kombarov deyib: “Biz tələbələrə müasir riyaziyyatı öyrədirik və bunu yaxşı edirik. Buna görə də bizim tətbiqi riyaziyyat fakültəsində dörd ildən iki il yarımı ərzində olduqca intensiv şəkildə proqramlaşdırma tədris edilir. Digər tətbiqi fənlər də var. Nəticələr necədir? Mən özümlə fakültəmizin tələbə və magistrlərinin məqalələr toplusunu gətirmişəm. MDU hər il “Lomonosov” Beynəlxalq Tələbə Konfransını keçirir. Bunun birinci mərhələsi bizim filialda keçirilir. Oraya ən yaxşı kurs və diplom işləri təqdim edilir, ən yaxşı işin müəllifi isə Moskvaya gedir. Bu topludan təkcə iki mövzunu diqqətinizə çatdırım: “Azərbaycan banklarının əsas maliyyə-iqtisadi göstəricilərinin ekonometrik modellərinin tətbiqi əsasında modelləşdirilməsi”, “Qatı maye ilə əlaqədar məsaməli mühitin məcburi rəqsi”. Mənasını izah edim: qatı maye – bu, neftdir, məsaməli mühit isə quyudur. Artıq adından görünür ki, bu işlər tətbiqi xarakter daşıyır. Sonuncu işin müəllifi dördüncü kurs tələbəsi Nərminə Yəhyayeva bu ilin qalibi olub”.
M.V.Lomonosov adına MDU-nun Bakı filialının qəbul komissiyasının məsul katibi Aleksey Popov iştirakçıları filiala qəbul qaydaları ilə tanış edib və bunun üçün hansı sənədlərin lazım olmasından danışıb. O, qeyd edib ki, universitet auditoriyalarında ən müasir avadanlıq quraşdırılıb, MDU-nun kitabxanası dünyanın əsas aparıcı elektron kitabxanalarına və resurslarına qoşulub. Bakı filialında idmanla məşğul olmaq üçün də zəruri infrastruktur yaradılıb. Burada futbol stadionu, üzgüçülük hovuzu, trenajor və əl oyunları zalları var.
M.V.Lomonosov adına MDU-nun aparıcı müəllimləri - fakültələrin kuratorları gələcək abituriyentlərə filialın fakültələri haqqında danışıb və onların suallarını cavablandırıblar.
Tədbirin rəsmi hissəsindən sonra abituriyentlər və onların valideynləri tələbə kampusuna baş çəkiblər. Orada onlar üçün ekskursiya təşkil olunub və fakültələrin təqdimatı keçirilib.
Qeyd edək ki, filiala yazılı qəbul imtahanlar rus dilində keçirilir, həmçinin burada tədris rus dilində aparılır. Azərbaycan vətəndaşları filialda büdcə əsasında (ödənişsiz) təhsil alırlar. Təhsil forması əyanidir. Filialın tədris fəaliyyəti innovasiya texnologiyaları və metodlarından istifadə edilməklə M.V.Lomonosov adına MDU-nun tədris planları və proqramları üzrə həyata keçirilir.
Məzunlara M.V.Lomonosov adına MDU-nu bitirmək haqqında diplom verilir. Hazırda filialda beş fakültə fəaliyyət göstərir - filologiya (“Rus dili və ədəbiyyatı” istiqaməti və “Roman-german filologiyası” istiqaməti - ingilis, fransız, italyan, ispan dilləri və ədəbiyyatı), kimya, tətbiqi riyaziyyat, psixologiya, iqtisadiyyat və menecment bölmələrindən ibarət iqtisadiyyat fakültələri. Fizika fakültəsi isə bu tədris ilindən açılacaq.
2012-ci ildən filialda magistratura fəaliyyət göstərir. Buraya filologiya, riyaziyyat və kompyuter elmləri, kimya, psixologiya, iqtisadiyyat (beynəlxalq biznes) istiqamətləri üzrə qəbul aparılır. Bu il iqtisadiyyat fakültəsi ilk dəfə öz magistraturasını açır.
AZƏRTAC
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.