Bakıda islam regionu fəlsəfə tarixinin tədqiqi və tədrisi problemlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir

Noyabrın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda bu institutun və "Şərq fəlsəfəsinin problemləri" beynəlxalq elmi-nəzəri jurnalının təşkilatçılığı, YUNESKO-nun dəstəyi ilə "Dünya fəlsəfəsi kontekstində islam regionu fəlsəfə tarixinin tədqiqi və tədrisi problemləri" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
Dünya Fəlsəfə Gününə həsr olunan konfransda çıxış edən AMEA-nın akademik-katibi Vaqif Fərzəliyev tədbirin məqsəd və əhəmiyyətindən, Azərbaycanda fəlsəfə sahəsində qazanılan nailiyyətlərdən, qabaqcıl elmi-fəlsəfi məktəblərin iş təcrübəsinin yayılması məqsədi ilə ölkəmizdə keçirilən beynəlxalq forumlardan, alimlərimizin xarici ölkələrdə tədbirlərdə iştirakından danışmışdır. Azərbaycan elmi-fəlsəfi fikrinin dünya elminə inteqrasiyasının qarşıda duran ən aktual vəzifələrdən biri olduğunu diqqətə çatdıran V.Fərzəliyev alimlərimizin beynəlxalq elmi miqyasda fəaliyyəti və çağdaş fəlsəfi proseslərin ölkəmizdə işıqlandırılması məsələlərinə böyük önəm verildiyini vurğulamışdır.
YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva təmsil etdiyi qurumun baş direktoru İrina Bokovanın Dünya Fəlsəfə Günü ilə bağlı müraciətini səsləndirmişdir. Müraciətdə 2010-cu ildə bu günün "Mədəniyyətlərin yaxınlaşması ili" çərçivəsində qeyd olunduğu diqqətə çatdırılmışdır.
Mərakeşin ölkəmizdəki səfiri, professor Həsən Hami islam fəlsəfəsinin mahiyyətindən, onun dünya mədəniyyətinə verdiyi töhfələrdən, islam fəlsəfəsinin tədrisi məsələlərindən bəhs etmişdir. Mərakeşli alimlərin bu sahədə fəaliyyətindən danışan səfir iki ölkənin akademik institutları arasında əlaqələrin yaradılmasının vacibliyini vurğulamışdır.
Belçikanın ölkəmizdəki səfiri, professor Filippe Jotard Bakının şərq və qərb arasında ortaq nöqtə və fəlsəfə haqqında fikirlərin səslənməsi üçün ən yaxşı mərkəz olduğunu bildirmişdir. Səfir qeyd etmişdir ki, fəlsəfə və ayrı-ayrı şəxslərin beyninin məhsulu olan fəlsəfi fikirlər bütövlükdə bəşəriyyətə məxsusdur.
Misir Mədəniyyət Mərkəzinin direktoru, doktor Adel Dərviş islam dünyası elmi-fəlsəfi fikrinin təbliği və inkişafına həsr olunan konfransın işini yüksək qiymətləndirmiş, onun nəticələrinin uğurlu olacağına əminliyini bildirmişdir.
Konfransda Fransa Tibb Akademiyasının həqiqi üzvü, akademik Cavad Heyət (İran) "Vəhdəti əl vücud və fəlsəfə", Dr.Lyuk Obri (Fransa) "Gənclərin tərbiyəsində fəlsəfənin rolu", fəlsəfə elmləri doktoru Viktor Palesi de Bustinza (İspaniya) "İspaniya və Braziliyada fəlsəfə tarixinin tədrisi məsələlərinə dair", Dr.İbrahim Maras (Türkiyə) "Türkiyədə islam bölgəsi fəlsəfəsinin tədqiq və tədrisinə dair" mövzularda məruzələrlə çıxış etmişlər.
Tədbirdə həmçinin Azərbaycan,Türkiyə, İran, Mərakeş, Fransa, İspaniya, Böyük Britaniya və Macarıstandan tanınmış alimlərin "Fəlsəfi əlyazma abidələrinin tərcümə və tədqiqinə dair", " Yeni dünya düzümü kontekstində demokratikləşmə fəlsəfəsi", "Qloballaşma dövründə Azərbaycanda fəlsəfəyə baxış", "Muğam fəlsəfəsinin aşkara çıxarılmasına daha bir cəhd" və s. mövzularda məruzələri dinlənilmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında