KEÇİD

"Həyati oçerklər" adlı məqalələrin ilk doqquzu insan cəmiyyətinin keçmişi, indisi və gələcəyinin dialektikanın qanunlarına əsaslanaraq araşdırılmasına həsr edilmişdir. Nəticədə ən azı son iki min il ərzində bütün filosofların cavab axtardığı "Bəşər haradan gəlib, haraya gedir?" sualını cavablandıran elmi-dialektik bir konsepsiyanı irəli sürmüşəm. Burada kor-koranə surətdə öz məhvinə doğru gedən bəşəriyyətin xilas yollarını göstərməyə çalışmışam. Buna görə də həmin oçerkləri bütün bəşəriyyətin malı etmək üçün onları ingilis dilinə tərcümə etdirib kitab halında çap etmək qərarına gəldim. Kitab nəşriyyata təqdim edilmiş, çap prosesi başlanmışdı.
Mən bir daha oçerkləri nəzərdən keçirdikdə başa düşdüm ki, bəşər həyatının keçid dövrünün, qeyri-müəyyənlik dövrünün, əslində xəstə, ən çoxu son iyirmi min ili əhatə edən və bu gün də davam edən dövrünün daha dərindən araşdırılmasına ehtiyac vardır. Qərara gəldim ki, İbtidai İcmanın keçid mərhələsindən keçməklə Ali İcmaya çevrilməsi prosesi insan amili əsasında araşdırılmalı, daha dəqiq desək, icmanın təkamülü izlənməlidir.
Əvvəlki oçerklərdə insanları bir bioloji varlıq kimi icmada yaşadığı və gələcəkdə də icma halında yaşamalı olduğunu qeyd etmişdik. Bu, şübhəsiz ki, insan xromosomlarının ən mühüm və qiymətli xassəsidir. Bu xassənin sayəsindədir ki, bəşəriyyət ən azı iki milyon il İbtidai İcmada, yarıçılpaq - yarıac olsa da, mənəvi sıxıntılarsız, yəni xoşbəxt yaşamışdı. Xoşbəxtliyin qarantı isə, demək olar ki, tamamilə instinktiv olan az qala mütləq ədalət olmuşdur.
İnsanlar İbtidai İcmada əsasən instinktiv yaşasa da, onların həyatında az da olsa şüurun da yeri var idi və bu, milyon illər ərzində tədricən artırdı. Məhz şüurun hesabına insan ətrafındakı başqa canlıları sıxışdırır və nəticədə insanların sayı çoxalır, o, Yer üzünün hakim canlısına çevrilirdi. İbtidai İcma dövrünün əvvəllərində qəbilələrin sayı az olduğundan onların bir-birindən, demək olar ki, əlaqəsi, xəbəri yox idi. Qəbilələrin sayı artdıqca onların arasında bəzən dost, əsasən düşmənçilik münasibətləri yaranmağa başlandı və bu da öz növbəsində bizim quldarlıq adlandırdığımız dövrün meydana gəlməsinə səbəb oldu. Yəni, milyon illər boyu, "İnsan insanın dostudur" prinsipi hökm sürən qəbilələrdə təbəqələşmə baş verdi, quldarlar və qullar əmələ gəldi. Həm qəbilələr arasında, həm də qəbilələr daxilində ziddiyyətlər güclənməyə başladı və "İnsan insanın canavarıdır" prinsipi meydana gəldi. Milyon illərlə müqayisədə çox kiçik zaman kəsiyi olan keçid dövrü, qeyri-müəyyənlik dövrü, ən çoxu iyirmi min illik dövr bu gün də davam edir.
Üçüncü dünya müharibəsinin hələ də real olduğu bir zamanda bəşəriyyətin dünyada olan bütün dövlətləri özündə birləşdirən Ali İcma yaradaraq, "İnsan insanın dostudur" prinsipini bərpa edə biləcəyi çoxlarına qeyri-mümkün görünür. Lakin, düşünəndə ki, Kainatdakı bütün hadisə və proseslər sadədən - mürəkkəbə, ibtidaidən - aliyə prinsipi üzrə təkamül yolu keçir, Ali İcmanın bəşər həyatına daxil olmasının labüdlüyünə şübhə qalmır. Bu, həm də dialektikanın qanunlarının, xüsusən də inkarı inkar qanununun tələbi ilə baş verməlidir. Bu prosesin labüdlüyünü anlamaq üçün insan təbiətini daha dərindən araşdırmağa ehtiyac vardır.
Tərkibin sabitlik qanunu belə düşünməyə əsas verir ki, (bu barədə "Canlılıq" məqaləsində daha ətraflı danışılacaq), bütün Kainatda bircə insan xromosomu vardır və Kainatın hansı nöqtəsində onun əmələ gəlməsi üçün lazımi şərait meydana çıxan kimi insan yaranır. İnsan xromosomlarının variant imkanı, yəni doğulacaq və bir-birindən fərqli olacaq insanların sayı üç yüz trilyondur. Bir kişi və bir qadının əmələ gəlməsi kifayətdir ki, onların xromosomlarının qarşılıqlı münasibətindən yeni fərdlər yaransın və zəncirvari proseslə insanların sayı artsın. Üç yüz trilyon xromosom variantının hər birinin insan şəklində reallaşacağı, hansı kişi ilə hansı qadının əlaqələnəcəyindən asılı olduğu üçün tamamilə təsadüfü xarakter daşıyır. Hər hansı fərdin, insanın mənliyi yalnız və yalnız onun xromosom tərkibi ilə təyin edilir və nə vaxt doğulacağından asılı deyildir. Yəni, insanlar zaman keçdikcə başqa cür, məsələn, daha ağıllı doğulmurlar. İnsan ana bətnində olduğu zaman da daxil olmaqla, ömür boyu topladığı bilik və həyat təcrübəsi ilə məlumatlanır. Həmin məlumatlardan nə qədər toplanacağı və necə istifadə ediləcəyi hər bir insanın xromosom tərkibi ilə təyin edilir. Bu, o deməkdir ki, məsələn, dahi yalnız doğulmaq olar. O da var ki, xromosom tərkibinə görə dahi doğulan hər bir kəs şərait üzündən ömrü boyu, məsələn, çobanlıq etsə, onun dahiliyindən nə başqaları, nə də özü xəbər tuta bilməz. Sayından asılı olmayaraq, Yer üzərində istənilən anda yaşayan insanlar təkcə barmaq izlərinə görə deyil, bütün başqa parametrləri və xüsusiyyətlərinə görə də bir-birindən fərqlənirlər. Yəni, istənilən anda insanlar arasında xromosom variantları həddən çox olduğu üçün xromosom tərkibi eyni olan insanların, yəni klonların mövcud olması şansı demək olar ki, yoxdur.
Bu gün olduğu kimi, İbtidai İcma dövründə də hər hansı qəbilədə olan insanlar hər cəhətdən bir-birindən fərqli olduqları kimi, icmada yaşamaq imkanına görə də müxtəlif olurlar və üç qrupa bölünürdülər: ideal, orta və aşağı səviyyəli olanlar. Qəbilə həyatı, demək olar ki, instinktlə idarə olunduğundan üçüncü qrupun nümayəndələri qəbilə üçün, demək olar ki, problem yaratmırdılar.
Hesab etmək olar ki, İbtidai İcma quruluşunun sonlarında və bu gün də davam edən keçid dövründə bütün konfliktlər, ziddiyyətlər üçüncü qrupun nümayəndələrinin fəaliyyətlərinin nəticəsidir. Bu, o deməkdir ki, insanların ən azı üçdə ikisi bütün dövrlərdə birgə yaşayış meyilli olmuşlar və indi də belədirlər. "İnsan insanın canavarıdır" prinsipi hər hansı zamanda yaşayan insanların ən çoxu üçdə birinə, yəni, üçüncü qrupun nümayəndələrinə aid edilə bilər. Onlar özləri də bilmədən, əsasən instinktlə, "mən yaşamalıyam" prinsipi üzrə yaşayanlardır. Onlardan fərqli olaraq, birinci və ikinci qrupun nümayəndələri artıq bizim dövrdə əsasən şüurun diktəsi ilə yaşayırlar və Ali İcmada yaşamaq üçün hazırdırlar.
Keçid dövrünün əvvəlində cəmiyyətdə instinktin rolu şüurun rolundan güclü olduğu üçün cəmiyyətin aparıcı qüvvəsi əsasən instinktlə yaşayan üçüncü qrupun nümayəndələridir. Əslində, onlar öz tarixi missiyalarını həyata keçirmək üçün hakimiyyətə gəlib bəşəriyyəti müharibələr və məhrumiyyətlərdən keçməklə gələcəyə aparırdılar və aparırlar.
Keçid dövründə ayrı-ayrı dövlətlər arasında baş verən saysız-hesabsız konfliktlərdən, müharibələrdən asılı olmayaraq hər bir dövlətdə birinci və ikinci qrup insanların normal fəaliyyəti nəticəsində bəşəriyyət icma halında yaşayırdılar və bu gün də yaşayır. Bu qrupa daxil olan əkinçi də, fəhlə də, alim də, sənətkar da... hər kəs öz normal fəaliyyətini davam etdirir.
Cəmiyyətdə şüurun instinkti üstələdiyi bizim zamanda birinci və ikinci qrupa daxil olan insanların fəaliyyəti kifayət qədər güclüdür və onlar yeni dünyanın, Ali İcmanın yaradıcılarına çevrilirlər.
Ali İcma dedikdə bütün Yer kürəsini əhatə edən, yəni dünyadakı bütün dövlətləri könüllülük prinsipi əsasında birləşdirən bir cəmiyyət, bir qurum başa düşülməlidir. Yalnız bu yolla bəşəriyyət öz mövcudluğunu davam etdirə bilmək üçün bütün gücünü bir yerə toplayacaq və qarşıya çıxan bütün problemləri həll etmək imkanı qazanacaqdır.
Kainatda gedən bütün hadisə və proseslər sadədən - mürəkkəbə prinsipi üzrə gedirsə, deməli, əvvəlcə Ali İcmanın kiçik sadə forması araya gəlməlidir. Dərindən düşünəndə məlum olur ki, Ali İcmanın kiçik modeli artıq iki əsrdən çox mövcud olan, əsasən tərəqqi yolu ilə gedən Amerika Birləşmiş Ştatlarıdır. Bu birlik ədalət və demokratiya axtarışında olduğu, ən əsası da ştatlar könüllülük prinsipi üzrə birləşdiyi üçün tərəqqi edə bildi və onun nailiyyətləri göz qabağındadır. Əslində, mütləq ədalət və mütləq demokratiyaya nail olmaq mümkün deyildir və onların axtarışı əbədi olaraq davam edəcəkdir. Ona görə də Amerika Birləşmiş Ştatlarından bu günün imkanlarından daha artıq nə isə tələb etmək düzgün deyildir və ədalət xatirinə demək lazımdır ki, Ali İcma mənasında orda hər şey kor-koranə başlanmışdır və o cür də davam edir.
Bəşər həyatının gələcək "elmi" formasını yaratmaq cəhdi Sovetlər Birliyini ortaya gətirdi. Əslində, demokratiya və ədalət yollu olmayan, könüllülük əsasında deyil, güc hesabına yaradılmış bu birliyin dağılması labüd idi. Yaxın gələcəkdə şüurun quracağı Ali İcma, əslində, iqtisadi məqsədlər üçün yaradılmış Avropa Birliyi modeli əsasında olacaqdır.
Öz xromosom təbiətlərinə görə birgəyaşayış qaydalarına kifayət qədər uyuşmayan üçüncü qrupa aid olan insanlar artıq nə ABŞ-da, nə Avropa Birliyində aparıcı mövqelərdə deyil. Yaxın gələcəkdə qurulacaq, demək olar ki, şüurla idarə ediləcək Ali İcmada onların fəaliyyəti yox dərəcəsinə enəcəkdir. Bu, onların sayının azalacağı demək deyildir. Sadəcə olaraq, azlıqda olan üçüncü qrup insanlar birinci və ikinci qrupun iradəsinə tabe olmaq məcburiyyətində qalacaqlar.
Çox olsun ki, bir qədər sonra gələn "Təbabət" oçerkində deyildiyi kimi, cəmiyyətə yararsız insanların doğulmasının qarşısını almaq imkanı yarandıqda bəşəriyyət bu imkandan istifadə edəcək və dünyaya əsasən cəmiyyətə yararlı insanlar gələcəklər. Nəticədə, Yer üzü, sözün əsl mənasında, cənnətə çevriləcəkdir. Lakin, deyilənlərin baş verə bilməsi üçün kor-koranə davam edən Ali İcma quruluşunun yaradılması prosesi şüurun tam hegemonluğu ilə sürətləndirilməlidir. Yalnız bu yolla sürətlə yaxınlaşan ekoloji fəlakətdən bəşəriyyətin yan keçmək şansı yarana bilər.

{nl}

 Pənah QURBANOV, kimya elmləri doktoru, şair


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında