Vətənpərvər ziyalı

Beynəlxalq Mühəndislik Akademiyasının akademiki, texnika elmləri doktoru, professor Məmmədkərim Quliyev respublikamızda kibernetika elminin əsasını qoyan alimlərdəndir. Kibernetika və İnformatika üzrə Azərbaycanda çap olunmuş ilk məqalələrin müəllifi olan Məmmədkərim Quliyevin "Maşın necə tərcümə edir?", "Maşın şahmat oynayır" məqalələri 50 il bundan əvvəl dərc edilməsinə baxmayaraq, indiyədək öz aktuallığını saxlayır.
Məmmədkərim müəllimin kibernetikanın əsası olan modelləşmə üzrə əldə etdiyi nailiyyətlər isə xüsusilə qeyd edilməlidir. Paylanış parametrli sistemlərdə mürəkkəb qeyri-stasionar proseslərin modelləşdirməsi üzrə onun aldığı elmi nəticələr 7 dildə, yəni Azərbaycan, rus, ingilis, fransız, macar, alman və ispan dillərində dünyanın demək olar ki, bütün qitələrini əhatə edən ölkələrdə çap olunmuşdur. Məhz belə mühüm nailiyyətlərə görə Məmmədkərim müəllim 1994-cü ildə Beynəlxalq Mühəndislik Akademiyasına informasiya sistemləri, hesablama və elektron texnikası, rabitə və telekommunikasiya ixtisası üzrə müxbir üzv, 2002-ci ildə isə həmin akademiyanın həqiqi üzvü seçilmişdir.
Məmmədkərim Ağakərim oğlu Quliyev 1935-ci ildə Bakı şəhərinin Əhmədli kəndində anadan olmuşdur. O, 1953-cü ildə Əhmədli kəndindəki 64 saylı məktəbi əla qiymətlərlə başa vurmuş, elə həmin ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Neft Akademiyası) əyani şöbəsinə qəbul olunmuş və "Avtomatik, telemexanik, elektrik ölçüsü qurğular və cihazlar" ixtisası üzrə təhsil almışdır. İnstitutda oxuduğu illərdə M.Quliyevə görkəmli alimlər, o cümlədən elektrotexnika üzrə professor Zəki Kazımzadə, elektrik ölçmələri fənni üzrə professor Tofiq Əliyev, avtomatika üzrə professor Əsgər Abdullayev və başqa tanınmış alimlər dərs demişlər. O, institutun ictimai həyatında fəal iştirak etmiş, Kiyevin və İrəvanın elektrik ölçücü cihazlar zavodlarında istehsalat təcrübəsi keçmişdir. Məmmədkərim Quliyev o vaxtkı Leninqrad şəhərinin "Elektropult" zavodunda "Paylanmış tipli teleidarə qurğusu" mövzusunda diplom işini yerinə yetirmiş və Fremke, Ambrosoviç kimi görkəmli mütəxəssislərdən məsləhətlər almışdır. Tanınmış alim İzzət Nəbiyevin rəhbərliyi ilə yerinə yetirilən həmin diplom işi 1958-ci ildə müdafiə zamanı "əla" qiymətləndirilmiş və o, dövlət imtahan komissiyasının qərarı ilə Azərbaycan Elmlər Akademiyasının Fizika və Riyaziyyat İnstitutunun hesablama mərkəzinə (indiki Kibernetika İnstitutu) göndərilmişdir.
Məmmədkərim Quliyev 1960-cı ildə Azərbaycan Elmlər Akademiyasının aspiranturasına "Hesablama texnikası" ixtisası üzrə qəbul olunmuş, aspirantura müddətində Moskvaya, SSRİ Elmlər Akademiyasının "Avtomatika və telemexanika" İnstitutuna ezam edilmiş, orada professor A.A.Feldbaumun rəhbərlik etdiyi laboratoriyada tədqiqat işləri aparmışdır. O, 1965-ci ildə Moskvada qeyri-stasionar proseslərin modelləşdirilməsi ilə əlaqədar dissertasiya müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsi almışdır.
Moskvada dissertasiya müdafiə etdikdən sonra Bakıya qayıdan Məmmədkərim Quliyev Kibernetika İnstitutunda əmək fəaliyyətini uğurla davam etdirmişdir. 1974-cü ildə Azərbaycan EA Rəyasət Heyətinin qərarı ilə o, doktorluq dissertasiyası üzərində işlərini tamamlamaq üçün Moskvaya ezam edilmişdir. Moskvanın bir sıra institutlarında, o cümlədən VNİİneftin "Hesablama riyaziyyatı və kibernetika" şöbəsində, Qubkin adına Neft və Qaz İnstitutunda, SSRİ EA-nın "İdarəetmə problemləri" İnstitutunda və digər elmi müəssisələrdə tədqiqat işləri apararaq "Tor strukturlarının nəzəri məsələləri, istilik və kütlə mübadiləsinin qeyri-stasionar proseslərinin modelləşdirilməsi metodları" mövzusunda doktorluq dissertasiyasını yerinə yetirmişdir. 1999-cu ildə M.Quliyev "professor" elmi adına layiq görülmüşdür. O, 15 ilə yaxın müddətdə Moskvada yaşamışdır.
Məmmədkərim Quliyev proseslərin modelləşdirilməsi haqqındakı elmi bir sıra yeni anlayışlarla zənginləşdirmişdir. Bunlara misal olaraq, istiqamətlənmiş təsirli torları, bilavasitə modelləşdirmə metodunu, zamana görə dəyişən strukturlu torları, mühəndis modelləşdirilməsi və başqa anlayışları göstərmək olar. Onun təklif və ideyaları əsasında riyazi fizikanın mürəkkəb tənliklərini həll etməyə imkan verən SİVS modelləşdirici qurğusu yaradılmış və qurğunun ayrı-ayrı hissələrinə görə ona müəlliflik şəhadətnamələri verilmişdir.
Məmmədkərim Quliyevin Kibernetika İnstitutunun inkişaf etdirilməsi işində müstəsna xidmətləri vardır. O, həmin institut yarandığı gündən orada işləyir. Azərbaycan dilində terminlərin yaradılması elm və texnikanın müəllif sahələri üçün mühüm əhəmiyyət kəsb edir. Məmmədkərim Quliyev Elmlər Akademiyası üzrə kibernetika, hesablama texnikası sahəsində Terminologiya Komitəsinin məsul katibi olmuş, yeni terminlərin yaradılması işində fəal iştirak etmişdir. Kibernetika İnstitutunun elmi əsaslarının çap edilməsi işində də onun xidmətləri az olmamışdır. O, "Texniki kibernetika" üzrə əsərlərin məsul katibi kimi onların müntəzəm və yüksək səviyyədə çap edilməsi işində öz səylərini əsirgəməmişdir.
Məmmədkərim Quliyev yüksək ixtisaslı elmi kadrların, eləcə də mühəndis və zabit kadrlarının hazırlanmasında fəal iştirak edir. O, texnika elmləri doktoru və fizika riyaziyyat elmləri doktoru alimlik dərəcələri üzrə müdafiə şurasının üzvüdür, dəfələrlə namizədlik dissertasiyaları müdafiə edilən Elmi Şura iclaslarına sədrlik etmişdir, elmlər namizədləri hazırlamışdır. M.Quliyev, eyni zamanda, namizədlik və doktorluq dissertasiyaları üzrə opponent olmuş, Ali Attestasiya Komissiyasının qərarı ilə bir neçə dəfə təbabət, dilçilik, energetika və iqtisadiyyat üzrə ixtisaslaşdırılmış elmi şuraların tərkibinə daxil edilmişdir.
Məmmədkərim müəllimin elm sahəsində çoxlu nailiyyətləri vardır. O, respublikamızda modelləşdirmə nəzəriyyəsi üzrə 1970-ci ildə yazılmış "Fiziki sahə və sistemlərin modelləşdirilməsinə dair" adlı ilk monoqrafiyanın müəllifidir. Onun "Metodı modelirovaniya i rasçeta termo i qidrodinamiçeskix prosessov v neftyanom plaste" monoqrafiyasının 1984-cü ildə Moskvada çap edilməsi xüsusi ilə qeyd edilməlidir. O vaxtlar Azərbaycan aliminin Moskvada monoqrafiya çap etdirməsi böyük uğur sayılırdı. Onun "Qeyri-stasionar proseslərin modelləşdirilməsi", "Analoq modelləşdirmə və onun tətbiqi" monoqrafiyaları və digər kitabları böyük tirajla nəşr edilmişdir. M.Quliyev 170-dən artıq elmi əsərin müəllifidir. Onun elmi yaradıcılığının bütün sahələrində (monoqrafiya, kitab, dərs vəsaiti, ixtira, tərcümə kitabı, broşura) fəaliyyətini də qeyd etmək yerinə düşərdi. Keçmiş SSRİ-nin 100-dən artıq elmlər doktoru akademik Məmmədkərim Quliyevin əsərlərinə müsbət rəy vermişlər. Həmin alimlər arasında SSRİ, Ukrayna, Azərbaycan, Özbəkistan Elmlər Akademiyalarının həqiqi və müxbir üzvləri, eləcə də Lenin və SSRİ Dövlət mükafatları laureatları vardır. Azərbaycan EA-nın akademikləri Zahid Xəlilov, Əşrəf Hüseynov, Çingiz Cuvarlı və başqa akademiklərin təqdimatı ilə Məmmədkərim Quliyevin əldə etdiyi elmi nəticələr "Azərbaycan EA-nın məruzələri" jurnalında çap edilmişdir. Moskvanın "Nauka", "Nedra" nəşriyyatlarında, eləcə də digər nəşriyyatlarda çap edilən kitablarda onun əsərlərinə çoxlu istinadlar vardır.
M.Quliyevə dünya şöhrətli alimləri - Norbert Vineri, Lütfi Zadəni, Andrey Kolmaqorovu, Lev Landaunu, Viktor Qluşkovu, Roald Saqdeyevi və başqa böyük alimləri dinləmək səadəti nəsib olmuşdur.
Məmmədkərim Quliyevin elmi nəticələrin tətbiqi sahəsindəki xidmətləri böyükdür. Onun əldə etdiyi nəzəri nəticələr SSRİ Neft Nazirliyinin, SSRİ Energetika və Elektrikləşdirmə Nazirliyinin, Rusiya Dövlət Neft Məhsulları Komitəsinin, SSRİ Dəniz Donanması Nazirliyinin müəssisələrində tətbiq edilmişdir.
O, özünün riyazi, ümumiyyətlə, elmi təfəkkürünün formalaşmasında böyük alim, Qubkin adına Moskva Neft və Qaz İnstitutunun "Ali riyaziyyat" kafedrasının müdiri, professor Məcid Hüseynzadənin xidmətlərini xüsusilə qeyd edir. Yeri gəlmişkən, Məcid müəllimin oğlu, fizika-riyaziyyat elmləri doktoru, professor Sabir Hüseynzadə hazırda Lomonosov adına Moskva Dövlət Universitetinin çox nüfuzlu riyaziyyatçılarından sayılır.
Məmmədkərim Quliyev geniş dünyagörüşə malik alim olmaqla yanaşı, həm də fəal ziyalıdır. O, gözəl nitq mədəniyyətinə malikdir. Bu səbəbdən də onun mühazirələri, konfranslarda və müxtəlif mərasimlərdəki çıxışları böyük maraqla dinlənilir. M.Quliyev poeziyaya, musiqiyə, ümumiyyətlə, incəsənətə dərindən bələddir. Dövri mətbuatda yaradıcılıq məsələləri ilə əlaqədar çoxlu məqalələri dərc olunub. O, ümummilli liderimiz Heydər Əliyev barədə, tanınmış ziyalılar Qara Qarayev, Tofiq Quliyev, Tahir Salahov, Süleyman Rüstəm, akademik Arif Paşayev, akademik Ziya Bünyadov, professor Məcid Hüseynzadə, professor Cahangir Babayev və başqaları haqqında dövri mətbuatda müvafiq məqalələrlə çıxış etmiş, həm də dahi bəstəkarımız Qara Qarayevin yaradıcılığından bəhs edən "Onun musiqisi" adlı monoqrafiyanın müəllifidir.
İstedadlı alim, vətənpərvər ziyalı Məmmədkərim Quliyevə uzun ömür, möhkəm cansağlığı və yeni-yeni müvəffəqiyyətlər arzulayırıq.

{nl}

 Rasim ƏLİQULİYEV, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında