Dövlət İmtahan Mərkəzinin yaradılması bir neçə sahə üzrə idarəetməni təkmilləşdirəcək

Hələ ötən ilin son aylarında  Prezident İlham Əliyev  müxtəlif çıxışlarında qeyd edirdi ki, biz ölkədə idarəetməni təkmilləşdirmək,  istənilən dövlət qurumunun  fəaliyyətini səmərəliləşdirmək üçün struktur islahatlarına başlayacağıq. Bu ilin əvvəlindən etibarən həmin istiqamətdə atılan addımların hamısı xalqın böyük məmnunluğu ilə qarşılanır. Dövlət başçımızın  Azərbaycan  Respublikasının Dövət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında  11 aprel 2016-cı il tarixli fərmanı da həmin islahatların mühüm tərkib hissələrindən biridir.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının  funksiyaları ilə yanaşı, daha bir neçə vəzifəni reallaşdıracaq yeni qurum haqqında verilən fərmanın  preambulası bu mərkəzin qarşısında duran vəzifələri daha aydın şəkildə ifadə edir. Orada yazılır ki,  bu qurum dövlət qulluğu üçün kadrların seçilməsini və  “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsaslanaraq, təhsil müəssisələrinə tələbə qəbulunu beynəlxalq təcrübəyə uyğunlaşdırmaq məqsədi ilə yaradılır.

Bununla yanaşı, fərmanda göstərilir ki, Azərbaycan Respublikasında dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsini, ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını), orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qəbul imtahanlarının keçirilməsini təşkil etmək vəzifələri də yeni quruma həvalə edilir. Xatırladaq ki, indiyədək bu vəzifələri  müxtəlif qurumlar həyata keçirdiyinə görə ümumi inkişafı ləngidə biləcək pərakəndəlik mövcud idi. 

Həmsöhbət olduğum təhsil mütəxəssislərinin fikrincə, bu addımın  atılacağı gözlənilən idi.  Hər halda,  ölkədə idarəetmənin rasionallaşdırılması və optimallaşdırılması istiqamətində aparılan işlər, ayrı-ayrı nazirliklərin, komitələrin, idarə və təşkilatların ləğv edilməsi və ya birləşdirilməsi təhsil sahəsindən də yan keçə bilməzdi. Bu baxımdan imzalanan fərmanı   bilavasitə TQDK-nın və ya test  imtahanı sisteminin ləğvinə yönəlməsi kimi qəbul etmək düz deyil. Çünki, yuxarıda qeyd etdiyimiz kimi, söhbət təhsil müəssisələrinə və dövlət qulluğuna qəbulun beynəlxalq təcrübəyə uyğunlaşdırılmasından gedir.

Bundan başqa, mən hüquqşünaslardan öyrəndim ki,  publik hüquqi şəxs haqqında qanunlar  təxminən iki əsr bundan qabaq Avropada yaranıb. Adi hüquqi şəxsdən fərqli olaraq, onun kifayət qədər imtiyazları var və onun  bilavasitə təsisçisi dövlətdir.  Avropa ölkələrinə aid ədəbiyyatda və dövri mətbuatda  oxuyuruq ki, qitənin  inkişaf etmiş əksər ölkələrində uşaq bağçalarından başlamış məktəb və universitetlər, dövlətə məxsus tibb klinikalarından tutmuş böyük korporasiyalar publik hüquqi şəxs adlanır. 

Bu  isə  idarəetmənin təkmilləşdirilməsini, dövlət qurumlarının saxlanılması xərclərinin azaldılmasını, idarəetmədə mobilliyin, effektivliyin təmin olunmasını və paralelçiliyin aradan qaldırılmasını təmin edir.  Yeni yaranan mərkəzin   7 nəfər üzvdən ibarət  olması və daha geniş səlahiyyətlərə malik Direktorlar Şurası tərəfindən idarə edilməsi də gündən-günə inkişaf edən Azərbaycan üçün kifayət qədər önəmli məsələdir.

Ramiz ƏSKƏR,
Bakı Dövlət Universiteti
Türk xalqları ədəbiyyatı
kafedrasının müdiri, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında