1950-ci illərin ortalarından başlayaraq, Azərbaycan poeziyası bir tərəfdən ümumi və formalaşmış müasir ənənələrin, fərdi sənət vərdişlərinin əsasında müəyyən keyfiyyət dəyişiklikləri ilə inkişafını davam etdirir, o biri tərəfdən müstəqil yaradıcılıq axtarışları yollarında müəyyən novatorluq əlamətləri ilə zənginləşirdi. Ədəbiyyat janrlarından daha çevik və operativi sayılan poeziya cəmiyyətdə və mədəni mühitdə baş verən bu dəyişikliklərə ilkin reaksiya verməklə, qısa bir müddətdə yeni ruhlu və ideya-bədii cəsarəti ilə seçilən əsərlərlə zənginləşdirməyə başladı. Artıq obrazlı təfəkkür tərzinə qovuşmağa başlayan poeziyada sözçülüyün, təsvirçiliyin, fikrin birbaşa ifadə vasitələrinin, zahiri pafosun daxili əlamətlərlə, poetik vəsf və tərənnümün müəyyən milli-ictimai etirazlarla əvəz edilməsi prosesi get-gedə güclənirdi.
Ədəbiyyatın bu yeni inkişaf yollarına bütün varlığı ilə qovuşmağa çalışan Rəsul Rza "Qızıl gül olmayaydı" kimi dərin siyasi-ictimai səciyyə daşıyan üsyankar ruhlu mənzum faciəsini yaratmaqla poeziyada və ümumiyyətlə, ədəbi-ictimai fikirdə dönüş məqamının əsasını qoydu. "Qızıl gül olmayaydı" əsərində alovlu və talesiz şair Mikayıl Müşfiqin həyatının bəzi məqamları fonunda bütöv bir tarixi dövrün, siyasi-ictimai və həm də ədəbi mühitin səciyyəvi mənzərələri əks etdirilir. R. Rza poeziyasının tədqiqatçılarından A. Abdullazadənin qeyd etdiyi kimi, "bu mənada Müşfiqin obrazında ümumiləşən poema qəhrəmanı 30-cu illər, daha doğrusu, bu illərin faciəli hadisələridir. Ədəbiyyatda həmişə öncüllərdən olan novator şair R.Rza bu poemada da həmin illərin iç üzünü açan ilk ədib oldu.
Ancaq bu hələ "Qızıl gül olmayaydı" əsərində qoyulan ədəbi problemlərin bir tərəfi - mövzu ilə ideya məzmunu ilə bağlı olan cəhətdir. Problemin başqa tərəfləri isə poemanın bədii keyfiyyətlərindən təzahür edən və ümumi ədəbi inkişafı, poetik səciyyə və səviyyənin mahiyyətindən irəli gələn sənətkarlıq məsələləri ilə bağlıdır. Lirik-epik janr istiqamətində qələmə alınan bu poema, hər şeydən əvvəl, janr və forma əlvanlığının özünəməxsusluğu, struktur sistemi və nəhayət, obrazlı poetik ifadə tərzinin orijinallığı ilə diqqəti cəlb edir.
1950-ci illərin ikinci yarısında cəmiyyətdə baş verən siyasi-ictimai islahatlar keçmiş SSRİ-nin totalitar rejiminin zaman-zaman möhkəmləndirib keçilməz qalalara çevirdiyi sərhədlərin üzərindəki qara pərdələri qaldıraraq dünyaya pəncərə açmaq üçün müəyyən imkanlar yaratdı. Mədəniyyət xadimləri, o cümlədən, şair və yazıçılar az da olsa xarici mühitlə ünsiyyətə girməyə, onunla əlaqə saxlamağa nail ola bildilər. Əslində, bu prosesin hələ 1950-ci illərin əvvəllərində son dərəcə məhdud şəkildə də olsa ilk çığırları açılmağa başlamışdı. Bu prosesi davam etdirən şairlərdən biri də R. Rza olmuşdu.
R. Rza beynəlxalq mövzuya həmin səfərlərdən əvvəl müraciət etmişdi. Müharibədən əvvəl və sonra yazdığı "Həbəşistan", "İki dünya", "Madrid", "Azadlıq heykəli", "Haqqın səsi" və s. şeirləri, xüsusən, "Almaniya" poeması bəzən fikirdən daha çox sözün yaratdığı poetik ruhu, birbaşa ifadə tərzi ilə əlamətdar olsa da, şairin yaradıcılığında bu mövzuya xüsusi hazırlıq mərhələsini təşkil etmişdir. Xarici səfərlərə Şərq ölkələrindən başlayan R. Rzanın səfər təəssüratları səciyyəsi daşıyan bir sıra şeirləri həm də onun novator axtarışları yollarında uğur qazanacağından xəbər verirdi. Belə obrazlı ifadələr, forma əlvanlığı ilə seçilən "Şəttülərəb", "Əlcəzair meydanında", "Açın qapıları - insan gəlir", "Hələ bu harasıdır" kimi şeirlər R. Rza yaradıcılığında "Qızıl gül olmayaydı" poeması ilə başlanan tamamilə yeni bir mərhələnin davamı sayıla bilər. 1957-ci ildə xarici səfərlərini Avropa ölkələrində - Fransa, İsveçrə, Türkiyə, Hollandiya, İtaliya, Yunanıstan, Bolqarıstan və Rumıniyada davam etdirən şair:
Xurmaları daşıdılar gəmi-gəmi,
Ərəbə bir qamış daxma qaldı,
Bir də dərdi-qəmi
- kimi Şərq ölkəsindən aldığı ilkin təəssüratları daha əhatəli və monumental siyasi-ictimai mövzularla genişləndirdi. Bu silsilədən olan "Zəfər ilahəsi", "Miloslu qız" kimi Fransa həyatına həsr edilmiş şeirlərdəki daxili genişlik və məna çalarları xüsusilə fərqlənir. Hiss olunur ki, sosializm sisteminin, onun müstəmləkəçi siyasətinin ağrı-acılarını illərdən bəri içində gəzdirən şairin bu dərdləri heç olmasa xarici mühitə köçürməklə ifadə etmək üçün əlinə fürsət düşmüşdür.
Obrazlı poetik təfəkkürün artıq sistem halına düşdüyü bu yaradıcılıq mərhələsinin sonlarına yaxın R. Rzanın qələmə aldığı "Mən torpağam", "İnsan şəkli", "Soruş" kimi şeirləri və "Bir gün də insan ömrüdür" poeması, ümumilikdə, poeziyamızın inkişaf problemlərinin konkret zaman vahidində xüsusi səciyyəsi baxımından maraq doğurur. Çünki burada obrazlı ifadə tərzi ilə poetikləşən fikir adi fəlsəfi konsepsiya, didaktik nəsihətçilik çərçivəsindən çıxaraq əsl poeziya materialı kimi komponentləşir, ümumi kompleksin ayrılmaz tərkib hissəsinə çevrilir. Belə şeirlərin hər bir misrası obrazlı şəkildə ifadə edildiyindən onlar müstəqil bir əsər daxilində misra müstəqilliyini qorumaqla, öz çəkisi və tutumu ilə də bir-birindən seçilirlər.
Sözçülük, təsvirçilik, ritorik pafos belə əsərlərdə özünə yer tapa bilmir. Həm də şeirin həmin səciyyəsinin klassik ənənələri mövcud olmaqla qəzəl-qəsidə-divan ədəbiyyatı ilə səsləşir. Füzuli şeiri bu baxımdan daha çox fərqlənir - onun hər bir qəzəlinin özünəməxsus məna dəyəri olmaqla, hər bir beyt də özlüyündə müstəqil bir fikri ifadə edir. R. Rzanın adları çəkilən şeirlərində də belədir. Vahid bir fikir ifadə edən "Soruş" şeirindəki müxtəlif misralara müraciət edək:
Od nə çəkdi,
küldən soruş!
Baş nə çəkdi,
dildən soruş!
... Zülmətlərin möhnətini
kor söyləsin!
Bəm xalların fəryadını zildən soruş!
... Ömrün çətin yollarında
daşa ləpir salsa ayaq,
Gün nə çəkdi,
ildən soruş!
Şeir başdan-başa müstəqil məna dəyərinə malik olan obrazlı poetik misralardan ibarətdir. Məhz bu baxımdan tənqidçi Qulu Xəlilov yazırdı: "Rəsul Rza görülmüş bir işin son bəzək-düzəyi ilə məşğul olan, başqalarının dediklərini yenidən təkrar edən şairlərdən deyildir. O, sözün həqiqi mənasında, novatordur... Rəsul Rza şeirimizdə yeni fikir və forma uğrunda ardıcıl mübariz olan şairlərdəndir".
Ümumiyyətlə, müharibədən sonrakı ikinci onillikdə poeziyamız, inkişaf yolu və onun doğurduğu ideya-bədii problemlər baxımından bir sıra yeni cəhətlərlə səciyyəvidir. Bu da hər şeydən əvvəl şairin insana, dünyaya münasibətilə bağlı şəkildə meydana çıxır. R. Rzanın yuxarıda haqqında söhbət gedən "İnsan şəkli", "Mən torpağam", "Soruş" kimi onlarca şeirlərilə yanaşı, onların ardınca yazılıb yekun kimi səslənən "Bir gün də insan ömrüdür" poeması poeziyanın bu səciyyəsini daha aydın şəkildə ifadə edir. Bu poema insanda, hər şeydən əvvəl, insanı görüb, onu layiq olduğu ucalığa çatdırmaq, poeziyada özünə qədər kütləvi hal olan əməyin, zəhmətin insanı deyil, əməyi mənalandırmaq qüdrətini estetik cazibə səviyyəsinə yüksəltmək əzminin tərənnümünə xidmət edir:
Eşitmişəm idarədə qalırsan
Üç gecədir!
Yaramaz belə.
Muğayat ol özündən
Adamlar necədir?
Xəstələnən yoxdur ki?
Plan dövlət qanunudur -
bilirsən özün.
Ancaq, adamsız nə plan, nə dolum!
Adamlarda olsun gözün.
1960-cı illərin əvvəllərindən başlayaraq, poeziyamızda obrazlı-assosiativ ifadə üsulunun, intellektual başlanğıcın ilk nümunələrinə təsadüf edilir ki, bu da ənənəyə qayıdışın yeni forması kimi qəbul edilməlidir. Xalq şeirində, xüsusilə, bayatılarda və klassik poeziyamızda ayrı-ayrı nümunələrinə rast gəldiyimiz assosiativ bədii təfəkkürün müxtəlif formaları XX əsrin ikinci yarısında özünün poeziyada təkrar doğuluşu ilə yeni mahiyyət kəsb etməyə başlayır.
1960-cı illərin əvvəlində R. Rza, Ə. Kərim, Ə. Salahzadə və V. Səmədoğlunun yaradıcılığında assosiativ təfəkkürün ilk nümunələrinə rast gəlirik. Şeirdə assosiasiyanın ən yüksək və professional nümunələrindən sayıla biləcək "Rənglər" silsiləsinə keçməzdən əvvəl "Dəniz nəğmələri" silsiləsində, "Realizm", "Belədir" şeirlərində, "Canavar və quzu", "Buruqların söhbəti" kimi obrazlı-alleqorik səpkili poetik nümunələrdə assosiativ ifadə tərzinin müxtəlif səciyyələrdə müəyyən əlamətləri ilə qarşılaşırıq. "Belədir" şeirində assosiasiya, obrazlı təfəkkür onu ifadə edən hər hansı bir misra və ya bənddə deyil, bütövlükdə, əsərin məzmunundan doğan nəticədə meydana çıxır:
Sən üst mərtəbədəsən,
Mən aşağıda
İnsan yuvasıdır
yuxarı da,
aşağı da.
Sənə də işıq, hava, çörək lazımdır
mənə də.
Sənə də duyan ürək lazımdır,
mənə də.
Bir ovuc buğda da nemətdir,
bir dənə də.
Assosiativ təfəkkürün daha sistemli nümunəsinə R.Rzanın "Rənglər" silsiləsində rast gəlirik. Bu silsiləyə hazırlıq mərhələsini hələ 5 misralıq assosiasiya nümunələri ilə keçən şair:
Şeir yaza bilmirəm
Nə ürəyim göynəyir,
Nə sözlər yandırır dodaqlarımı
ağrısız, göynəksiz
şeir olarmı?
- deyərək, böyük şair Məhəmməd Hadini belə "ağrıları", "göynəkləri" ilə yada salaraq vəsf edən R. Rza "Rənglər" silsiləsindəki ayrı-ayrı poetik parçalarda hər bir rəngin müxtəlif çalarlarına cəmi bir və ya iki misra sərf edir. Ağdan qaraya, mavidən sarıya qədər bütün rənglərə ayrıca məna çaları verən şair bəzən metafora, bəzən də orijinal istiarələr vasitəsilə elə gözlənilməz tapıntılara nail olur ki, poetik təxəyyülün gücü və imkanları oxucunu təəccübləndirməyə bilmir. "Qaranın dərd çaları", "Qırmızının inam çaları", "Mavinin təsəlli çaları" və s. belə yeni poetik tapıntılardandır.
Beləliklə, deyə bilərik ki, sözə qiymət vermək, onu misra daxilində yerində və fikir elementi kimi işlətməyi bacarmaq, yeni fikir və forma axtarıb tapmaq, misra və bəndlərin məna dəyərini və tutumunu gücləndirmək Rəsul Rza yaradıcılığına məxsus olan əsas keyfiyyətlərdir.
{nl}
Vaqif ALLAHVERDİYEV, filologiya elmləri namizədi, dosent
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.