Azərbaycan təhsili xalqın maraqlarına, dövlətin mənafeyinə uyğun şəkildə inkişaf etdirilir

Ən inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, görərik ki, o ölkənin inkişafında ən aparıcı rol oynayan neft, qaz deyil, bilikdir, elmi-texniki tərəqqidir, yeni texnologiyalardır.
İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

{nl}


İnkişaf, tərəqqi, iqtisadi imkanların artması, dövlətin qüdrətlənməsi və nəhayət, insanların sosial-rifah halının yaxşılaşması... Bu amillər cəmiyyətin bütün sahələrində çalışan sənət-peşə sahibləri üçün həyati dərəcədə əhəmiyyətlidir. Yəni ölkədə inkişaf olmasa tikinti-abadlıq işlərində heç bir irəliləyiş mümkün deyil. İqtisadi imkanlar artmasa, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların maaşı artırıla bilməz. Dövlət qüdrətli olmasa, ordunun qüdrətindən danışmaq absurddur. İnsanların sosial-rifah halı yaxşı deyilsə, bütövlükdə cəmiyyətin inkişafı ləngiyər və sairə.
Bütün bunlar təbii şəkildə bir-biri ilə bağlıdır. Ancaq bu amillərin hansısa biri yarımçıq olarsa, onda ölkənin təhsil sistemi axsayar. Özü də əsaslı surətdə. Təhsil sistemi axsayanda isə həmin amillərə nail olmaq mümkün deyil. Çünki təhsilin inkişafı məhz bu amillərin hamısından, həmin amillər isə təhsilin inkişafından asılıdır. Ona görə də bu gün Azərbaycanda təhsilin məlum səviyyəsi bilavasitə inkişaf, tərəqqi, iqtisadi imkanların artması, dövlətin qüdrətlənməsi tendensiyası ilə bağlıdır deyənlər tamamilə haqlıdırlar. Dövlət və dövlət başçısı Azərbaycan təhsilinin inkişafı üçün lazım olan bütün addımları atmaqla bizim bu gün fəxrlə söylədiyimiz "Azərbaycan təhsili heç zaman olmayan bir səviyyəyə qalxmışdır" - ifadəsinə zəmin yaratmışdır. Bu səviyyə isə nəinki ölkə əhalisinin, eləcə də bütün dünyanın gözü qabağındadır.
Bu il aprel ayının 7-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Estoniya Xarici İşlər Nazirliyində çıxış edərkən ölkəmizin sosial-iqtisadi inkişafını özündə əks etdirən çoxsaylı faktları böyük fəxr və iftixarla sadaladı. Həmin tədbirdən hazırlanmış telesüjetə baxarkən məni bir məqam daha da sevindirdi. Dövlət başçımız Avropa Birliyinin üzvü olan ölkənin diplomatları qarşısında dedi: "Bu gün Azərbaycanda müasir, inkişaf etmiş və intellektual səviyyəyə malik olan cəmiyyət qurulub". Bir təhsil sahəsi mütəxəssisi kimi fəxr etdim. Sanki cənab Prezident şəxsən mənim, mənim işlədiyim kollektivin, təmsil etdiyim nazirliyin uğurlarından danışırdı. Çünki müasir, inkişaf etmiş və intellektual səviyyəyə malik cəmiyyətə gedən yol bilavasitə təhsildən keçir. Fikrimizi bir az da sadələşdirsək, yüksək səviyyədə təhsili olmayan ölkədə belə bir cəmiyyətin yaranması qətiyyən mümkün deyil.
Xalqımız və onun öncül zümrələrindən olan biz müəllimlər xoşbəxtik ki, milli təhsilimizin son 40 ili - əlbəttə, müəyyən qısa dövrlər istisna olmaqla - başdan-başa inkişaf yolundan ibarət olmuşdur. Biz bu gün bilavasitə Azərbaycan təhsilinin inkişafı ilə bağlı olan 16 Dövlət Proqramının təsdiq və icra edilməsindən fəxrlə danışırıq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlət başçısı seçiləndən sonra ölkə təhsilinin sürətli inkişafına nail olmaq üçün bu sistemin bütün sahələrini əhatə edən, konkret sahələrin inkişafını nəzərdə tutan, eyni zamanda elmi şəkildə əsaslandırılmış müvafiq dövlət proqramları imzalamışdır. Təhsil sahəsində böyük idarəçilik təcrübəsi və bu sahəyə həqiqi müəllim yanaşması olan nazir Misir Mərdanovun rəhbərliyi ilə biz - təhsil ictimaiyyəti həmin proqramların məhz dövlətin qarşıya qoyduğu şəkildə icrasına nail olmuşuq. Bu proses davam edir. Nəticədə beynəlxalq aləmə iti sürətlə inteqrasiya edən Azərbaycan dövlətinin təhsil sistemi də həmin inteqrasiyaya öz töhfələrini verib.
Milli təhsil sistemimizin beynəlxalq aləmə inteqrasiyasının göstəricisi olan bəzi məqamları xüsusilə qeyd edək. Təhsil Nazirliyi mütəxəssislərinin çoxsaylı təhlil və müzakirələrindən sonra nazirlik rəhbərliyinin qərarı ilə Azərbaycan 2005-ci ildə rəsmi olaraq Bolonya prosesinə qoşuldu və Bolonya Bəyannaməsinin tələblərinə uyğun olaraq ölkənin ali məktəblərində köklü islahatların aparılmasına başlanıldı. Bəzi ekspertlər belə düşünürlər ki, bizim Bolonya prosesinə qoşulmağımız təhsilin keyfiyyətinə müsbət təsir göstərməklə kifayətlənəcək. Əsla belə deyil. Çünki Bolonya prosesinə qoşulmağımızın əsas məqsədi bu günki tələbələrin ali təhsil aldıqdan sonrakı fəaliyyəti üçün münbit şərait yaratmaqdan ibarətdir. Çünki Avropa Birliyinə üzv olan və həmin qurumdan kənarda olan Avropa ölkələrinin əksəriyyəti adı çəkilən prosesə qoşulub. Bizim həmin prosesə qoşulmağımızdan sonra diplom alan gənclərimiz üçün Avropa ölkələrində yaşıl işıq yanacaq. Bu isə Avropaya inteqrasiyanın ən mühüm cəhətlərindən biridir.
Yaxud orta ümumtəhsil məktəblərində buraxılış imtahanlarının indiyədək məlum olan qaydada keçirilməsi beynəlxalq aləmdə köhnəlmiş variant kimi qəbul edilirdi. Avropa məktəblərində uğurla sınaqdan çıxarılmış mərkəzləşdirilmiş qaydada buraxılış imtahanlarının keçirilməsi daha mütərəqqi variant kimi qəbul edilirdi. Ancaq Avropada uğur qazanmış həmin qaydanın Azərbaycana kor-koranə gətirilməsini qəbul etməyən Təhsil Nazirliyi əvvəlcə bu üsulun əhəmiyyətini, həyata keçirilmə mexanizmini, tətbiqdən sonrakı nəticələrini öyrənməyi üçtün tutdu. Sonra bu qayda pilot layihə kimi bir neçə rayonda tətbiq olundu. Layihə öz müsbət nəticələrini verdikdən sonra isə ölkəmizin hər yerində orta məktəb məzunları buraxılış imtahanlarını məhz Avropa ölkələrindəki kimi - mərkəzləşdirilmiş qadydada verirlər. Eləcə də şagird biliyinin qiymətləndirilməsi ibtidai təhsilin təşkili, yeni dərslik siyasətinin müyyənləşdirilməsi və bir çox başqa məsələlər də ənənəviliyin müsbət cəhətləri qorunmaqla beynəlxalq təcrübəyə əsaslanaraq təşkil edildi. Bunun isə bircə adı var - inkişaf.
Azərbaycan təhsilinin inkişafını, bu sahənin müasirləşdirilməsini özündə göstərən daha nəzərəçarpacaq məqamlardan biri də ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəblərinin İnformasiya-Kommunikasiya Texnologiyaları ilə təminatı Proqramı"nın uğurla icra etdirilməsidir. Bu faktı milli təhsilimizin tarixi nailiyyəti adlandıranlar tamamilə haqlıdırlar. İndi ölkə məktəblərinin V-XI siniflərində hər 29 şagirdə bir kompyuter düşür. Halbuki proqramın təsdiq edilməsinə qədər hər 1000 (min) şagirdə bir kompyüter düşürdü. Məktəblərin internet şəbəkəsinə qoşulması, elektron dərsliklərin, elektron məktəblərin yaradılması, pedaqoji kadrların elektron bankının təşkil edilməsi, şagird, müəllim və məktəb rəhbərlərinin İKT ilə fəal işləməsini təmin etmək məqsədilə 20 mindən çox adamı əhatə edən treninqlərin keçirilməsi və başqa məqamlar milli təhsilimizin müasirləşdirilməsindən və əsaslı şəkildə yenidən qurulmasından xəbər verir.
Əlbəttə, ən mütərəqqi beynəlxalq konvensiyalara qoşulması, ən yeni elektron resursların tərtib edilməsi və ya imtahanların ən ali dünya təcrübəsi əsasında təşkil edilməsi hələ işin hamısı deyil. Əsas məsələlərdən biri də müasir tələblərə cavab verən orta məktəb və ali təhsil müəssisəsi binalarının tikilib istifadəyə verilməsidir. Sevindirici haldır ki, 2003-cü ilin payızından sonra ölkəmizdə 350 mindən çox şagird yeri olan 1300 yeni məktəb binası tikilərək təhsil ictimaiyyətinin və şagirdlərin ixtiyarına verilmişdir. Artıq ölkə üzrə bütün şagirdlərin təxminən 50 faizi yeni məktəblərdə təhsil alır. Bu prosesin iti sürətlə getməsində dövlətlə yanaşı Heydər Əliyev Fondunun da yeni məktəb tikintisinə böyük dəstək verməsinin böyük rolu olmuşdur. Fondun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi ölkə əhalisi tərəfindən böyük maraq və məmnunluqla qarşılanmışdır. Mən məmnunam ki, son illər ali təhsil müəssisələri üçün də müvafiq tədris korpusları tikilərək müəllim və tələbələrin ixtiyarına verilir.
Bu məqamda mənim yadıma başqa bir məsələ də düşür. Belə ki, Azərbaycan təhsilinin bugünki inkişafı bilavasitə ulu öndər Heydər Əliyev, onun siyasi kursunun ən layiqli davamçısı olan cənab Prezident İlham Əliyev və ümummilli liderimizin əməllərini əbədiləşdirmək üçün yaradılan Heydər Əliyev Fondunun adı ilə bağlıdır. Ancaq həmin ünvanların hər üçünün həyatında xüsusi rolu və xidmətləri olan daha bir şəxs vardır ki, aprel ayında onun adı ölkə ictimaiyyəti tərəfindən iki dəfə - həm 15 aprel anım günü, həm də 28 aprel doğum günü kimi böyük ehtiramla yad edilir. Bu, görkəmli oftolmoloq alim, akademik Zərifə xanım Əliyevadır. Zərifə xanım Azərbaycan xalqına nicat və qurtuluş gətirmiş ulu öndərimizin sədaqətli arxa və dayağı kimi nə qədər böyük ehtirama layiqdirsə, müasir dünya siyasətində özünəməxsus üslubu olan Prezident İlham Əliyevi dünyaya gətirib tərbiyə etmiş, Vətən və xalq üçün gərəkli bir şəxsiyyət kimi yetişdirmiş ana kimi də bir o qədər əziz və dəyərlidir. Biz təhsil ictimaiyyəti onun xatirəsini həmişə əziz tuturuq.
Yeri gəlmişkən, mən ali təhsil sahəsində çalışdığıma görə bilavasitə təhsilin bu mərhələsindəki yeniliklər barədə söz açmaq istəyirdim. Ancaq sərlövhəmiz bütövlükdə Azərbaycan təhsilini əhatə etdiyinə görə, həm də son zamanlar ümumilikdə təhsilimizin uğurları tez-tez gündəliyə gətirildiyinə görə qələmə aldığım yazı daha əhatəli oldu. Qoy olsun. Ən başlıcası odur ki, Azərbaycan təhsili sözün həqiqi mənasında xalqın maraqlarına, dövlətin mənafeyinə uyğun şəkildə inkişaf etdirilir. Sonda qısa olaraq qeyd edim ki, çalışdığım Azərbaycan Müəllimlər İnstitutu rektor, professor Aqiyə xanım Naxçıvanlının rəhbərliyi ilə həm milli təhsilimizin, həm də ümumilikdə ölkəmizin inkişafına öz töhfələrini uğurla təqdim edir. Filialımızın yerləşdiyi Zaqatala rayonunun rəhbərliyi və ictimai təşkilatları isə bizim fəaliyyətimizin səmərəliliyinə daim dəstək verir. El bir olanda isə, inkişafın səviyyəsi məhz bizim indi nail olduğumuz səviyyədə olur.

{nl}

Tovuz EMİNLİ, Azərbaycan Müəllimlər İnstitutu Zaqatala filialının direktoru

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında