“Ölkəmizi tanıyaq” layihəsi uğurla davam edir

Bakı

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Bakıda səfərdə olan Naxçıvan məktəbliləri martın 25-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Sonra Şəhidlər xiyabanına gələn şagirdlər ölkəmizin azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, məzarları üzərinə güllər düzüblər.

Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr edən məktəblilərə Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

 

*   *   *

 

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində Naxçıvan Muxtar Respublikası məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət dörd qrup martın 26-da Heydər Əliyev Mərkəzində olub.

Məktəblilərə dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzinin binası haqqında məlumat verilib. Qeyd olunub ki, mərkəzin fəaliyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər

Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və ulu öndərin zəngin irsinin dərindən öyrənilməsinə və tədqiqinə yönəlib. Bundan əlavə, mərkəzin həyata keçirdiyi layihələr Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərin beynəlxalq aləmdə populyarlaşdırılmasına və təbliğinə, elmin, təhsilin, mədəniyyətin, səhiyyənin, idmanın, ekologiyanın və iqtisadiyyatın müxtəlif sahələrinin dəstəklənməsinə və inkişafına xidmət edir.

Vurğulanıb ki, mərkəzdə rəsmi qəbulların, müxtəlif beynəlxalq konfransların, iclasların və digər tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb.

Mərkəzdəki Heydər Əliyev Muzeyi şagirdlərdə böyük maraq doğurub.

Məlumat verilib ki, muzey ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ərəfəsində açılıb. Muzeyin “Fotolarda əks olunmuş həyat”, “Azərbaycanın ictimai-siyasi həyatı”, “Dövlətçilik, irs və nailiyyətlər” bölmələrində ulu öndərin həm sovet dövründə, həm də müstəqillik illərində fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual formada təqdim olunur. Materiallar hər mövzu üzrə Azərbaycan və ingilis dillərində olmaqla səsli formatda təqdim edilir.

Qonaqlar, həmçinin mərkəzin “Azərbaycan inciləri” sərgisi ilə tanış olublar. Qeyd edilib ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu sərgidə ölkəmizin tükənməz təbii sərvətlərinə, çoxəsrlik tarixinə, mədəni irsinə dair nadir eksponatlar nümayiş olunur. Sərgidə qədim sənətlərin, o cümlədən Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələri yer alıb, mis məmulatlar xüsusi maraq doğurur. Azərbaycanın qədim musiqi alətləri orijinal formada–səsli təqdim olunur. Azərbaycanın milli geyimlərinin, qədim sikkələrinin nümayiş olunduğu ekspozisiyada qonaqların diqqətinə müxtəlif dillərdə müqəddəs kitablar da çatdırılır.

Məktəblilər Bakıda və regionlardakı tarixi memarlıq abidələrinin maketlərini əks etdirən “Mini Azərbaycan” sərgisi ilə tanış olublar.

Şərur rayonu Kərimbəyli kənd orta ümumtəhsil məktəbinin XI sinif şagirdi Sürəyya Əkbərova AZƏRTAC-a müsahibəsində bildirib: “Bakı ilə tanışlıq məndə unudulmaz təəssürat yaratdı. Paytaxtımız Bakı Azərbaycanın ən gözəl və qonaqpərvər şəhərlərindən biridir. Mən Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan olduqca məmnun qaldım”.

Culfa şəhər 3 nömrəli orta ümumtəhsil məktəbinin XI sinif şagirdi Elgün Həşimov isə maarifləndirici tur-aksiyanın gənc nəslin vətənpərvərlik ruhunun yüksəlməsinə mühüm təsir göstərdiyini vurğulayıb. O, ölkəmizlə yaxından tanışlıq və Bakıya gəlmək imkanının yaradılmasına görə təşkilatçılara təşəkkürünü bildirib.

 

Gəncə

Martın 24-də “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının Beyləqan, İmişli və Kürdəmir rayonundan olan iştirakçıları - IX-XI sinif şagirdləri, onları müşayiət edən qrup rəhbərləri, müəllimlər Gəncə şəhərinə gəliblər.

Tur-aksiya iştirakçılarını Heydər Əliyev Park Kompleksinin girişində, Zəfər Tağı önündə Gəncə Şəhər İcra Hakimiyyətinin humanitar məsələlər üzrə müavini Sevda Qurbanəliyeva, icra aparatının və şəhər ictimaiyyətinin nümayəndələri və Gəncə Şəhər Uşaq Yaradıcılıq Mərkəzinin rəqs kollektivinin üzvləri qarşılayıblar. Rəqqaslar qonaqlar qarşısında maraqlı rəqs nümunələri ilə çıxış ediblər.

Tur-aksiya iştirakçılarını salamlayan Sevda Qurbanəliyeva Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə həyata keçirilən layihənin məktəblilərin gələcək inkişafındakı əhəmiyyətindən danışıb. Bildirib ki, tur-aksiya çərçivəsində şagirdlər bir-birindən gözəl məkanlarda olacaq, ölkəmizin ikinci böyük şəhəri Gəncənin zəngin və çoxəsrlik tarixi, mədəniyyəti haqqında dolğun məlumat əldə edəcəklər.

Sonra şagirdlərə tur-aksiya çərçivəsində gəzəcəkləri məkanlardan bəhs edən Gəncənin bələdçi kitabları paylanılıb. Məktəblilər ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.

Aksiya iştirakçıları Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və siyasi fəaliyyətinin ayrı-ayrı məqamlarını, xüsusilə Gəncə şəhərinə tarixi səfərlərini əks etdirən foto və sənədlərlə tanış olublar.

Heydər Əliyev Mərkəzi ilə tanışlıq çərçivəsində şagirdlər mərkəzdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə nümayiş olunan məşhur “Nikolya Şokolad Muzeyi”nin eksponatlarından ibarət sərgiyə də baxıblar. Məktəblilərə məlumat verilib ki, sərgidə ümumi kütləsi 700 kiloqramdan çox olan 300-dək yüksək keyfiyyətli şokolad məmulatı - şokolad və marsipan heykəllər, şokolad bagetlərlə çərçivəyə alınmış rəsmlər, miniatürlər, installyasiya və kompozisiyalar nümayiş etdirilir. Tur-aksiya iştirakçıları sərgidə məşhur şokolad ustası Nikolay Popovun nümayiş olunan əl işləri ilə bərabər, şokolad məhsulları ilə tanış olub, şokoladın yaranma tarixi haqqında məlumat alıblar.

Daha sonra Heydər Əliyev Mərkəzinin qonaqları “Nikolya Şokolad Muzeyi”nin eksponatlarına, xüsusilə ümummilli lider Heydər Əliyevin, Atatürkün, dahi Azərbaycan şairi Nizami Gəncəvinin şokoladdan hazırlanan portretlərinə maraqla baxıblar.  Kütləsi 65 kiloqram olan “Qız qalası”, 512 hissədən ibarət, hündürlüyü 210 santimetr, çəkisi 45 kiloqram olan “Eyfel qülləsi”, həmçinin müxtəlif zövq və incəliklə hazırlanan heykəllər, portretlər və sənət əsərləri muzeyin qonaqlarına xoş təsir bağışlayıb.

 

Lənkəran

“Ölkəmizi tanıyaq” layihəsinin növbəti mərhələsi çərçivəsində təşkil edilmiş tur-aksiyanın iştirakçıları – Sumqayıt şəhərinin, Abşeron, Tərtər, Cəbrayıl, Füzuli, Qubadlı, Şuşa və Zəngilan rayonlarının IX-XI sinif şagirdləri və onların müəllimləri martın 24-də axşam saatlarında Lənkərana gəliblər.

Tur-aksiya iştirakçılarını Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər, şagirdlər və ictimaiyyətin nümayəndələri qarşılayıblar.

Şəhər icra hakimiyyəti başçısının müavini İlkin Rəhimov cənub bölgəsinə səfər edən məktəbliləri və onların müəllimlərini Novruz bayramı münasibətilə təbrik edib.

Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin başlıca məqsədlərindən birinin gənc nəslin Vətənə, Azərbaycan xalqının milli mənəvi dəyərlərinə hörmət və məhəbbət ruhunda tərbiyə edilməsi olduğunu vurğulayan İ.Rəhimov “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaların məktəblilərin dünyagörüşünün daha da zənginləşməsində böyük rol oynadığını diqqətə çatdırıb.

İ.Rəhimov məktəbliləri müşayiət edən qrup rəhbərlərinə Lənkəran rayonunun sosial-iqtisadi inkişafını əks etdirən fotoalbomlar verib.

Tur-aksiya iştirakçıları Lənkəran şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra ulu öndərin adını daşıyan mərkəzdə böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.

 

Şəmkir

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə ekskursiyaya çıxan Beyləqan, İmişli və Kürdəmir məktəbliləri bölgə ilə tanışlığı martın 26-da Şəmkirdə davam etdiriblər. Məktəblilər rayonun tarix-mədəniyyət abidələri, turizm obyektləri, görməli yerləri ilə tanış olublar.

Səhər tezdən Şəmkirə gələn məktəbliləri rayon icra hakimiyyətinin nümayəndələri, təhsil və mədəniyyət işçiləri qarşılayıblar. Rayonla tanışlığa orta əsr Şəmkir qalasından başlayan tur-aksiya iştirakçılarına məlumat verilib ki, tarixi “İpək yolu” üzərində yerləşən bu qədim şəhər 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu əməkdaşlarının ərazidə apardıqları qazıntılar zamanı aşkar edilib. Alimlərin araşdırmaları zamanı məlum olub ki, şəhər ərəb, Bizans, Hülakü və Atabəylər dövlətlərindən sonra rus qoşunlarının da hücumlarına məruz qalaraq dağılıb.

Məktəblilər Muxtariyyə kəndi ərazisində yerləşən bu tarixi abidə qarşısında xatirə şəkli çəkdirdikdən sonra rayon mərkəzinə gəliblər. Şagirdlər Heydər Əliyev Mərkəzində ümummilli liderin həyat və siyasi fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Mərkəzdə dahi şəxsiyyətin müxtəlif ölkələrdə keçirdiyi görüşləri əks etdirən fotoşəkillərə baxan məktəblilər ulu öndərin müstəqil Azərbaycanın inkişafı və dünya birliyində özünə layiqli yer tutması üçün gördüyü işlərlə bağlı məlumatı maraqla dinləyiblər. Sonra şagirdlər bayraq muzeyində, gənclər mərkəzində, abidələr parkında, eləcə də vaxtilə burada yaşamış almanların inşa etdirdikləri lüteran kilsəsində olublar.

Ümumi qrupun rəhbəri Hikmət Məmmədov Şəmkirlə bağlı təəssüratlarını bölüşərkən deyib ki, dövlətimizin başçısı təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə diqqət və qayğı göstərdiyi kimi, şagirdlərin asudə vaxtlarının səmərəli təşkili və onlarda vətənpərvərlik hissinin yüksəldilməsinin də qayğısına qalır. “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyanın təşkili buna əyani misaldır. Üç gündür respublikamızın qərb bölgəsindəyik. Burada çox şey öyrəndik və gördük. Söz yox ki, şagirdlərimiz ölkəmizin bölgələrini gəzdikcə onların doğma Vətənə olan məhəbbətləri daha da artır. Bütün bunlara görə dövlətimizin başçısına minnətdarıq.

Tur-aksiya iştirakçıları Şəmkirdən Göygöl rayonuna yola düşüblər.

 

Quba

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində martın 26-da səkkiz rayonu təmsil edən şagirdlərdən ibarət qruplar Quba rayonunun görməli yerləri ilə tanış olublar.

Ağdaş, Şirvan, Göyçay, Kəlbəcər, Xocalı, Ağdam, Xocavənd və Laçın rayonlarını təmsil edən ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin Qubaya ekskursiyası dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbədən başlayıb.

Qırmızı qəsəbədən sonra tur-aksiyanın iştirakçıları 1802-ci ildə tikilmiş və özünəməxsus memarlıq üslubuna malik Cümə məscidində olublar. Bildirilib ki, bu məscid təkcə Qubada deyil, bütün şimal-şərqi Azərbaycanda ən qədim dini mərkəzlərdən biri olub.

Sonra məktəblilər şəhərdə fəaliyyət göstərən “Qədim Quba” xalçaçılıq müəssisəsində xalçaların toxunması prosesini izləyiblər. Burada onlara Quba xalçaçılıq məktəbi haqqında ətraflı məlumat verilib.

Quba Soyqırımı Memorial Kompleksi və ərazidəki kütləvi məzarlığı ziyarət zamanı tur-aksiyanın iştirakçıları ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar.

Məktəblilərin diqqətinə çatdırılıb ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

Qeyd edilib ki, Quba Soyqırımı Memorial Kompleksi Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb və 2013-cü il sentyabrın 18-də açılışı olub.

Günün ikinci yarısında məktəblilər Quba rayonu ərazisində, Xınalıq yolu üzərində yerləşən dağ şəlaləsinə ekskursiya etdilər. Daha sonra tur-aksiyanın iştirakçıları “Rixos Quba Azerbaijan” otel kompleksi və burada yerləşən Azərbaycan Milli Qolf Klubunun fəaliyyəti ilə yaxından tanış olublar.

Tur aksiya iştirakçıları martın 27-də Xaçmaz rayonunun görməli yerlərinə səfər etmişlər.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında