Rusiyalı və türkiyəli məktəblilər öz vətənlərinə Azərbaycan sevgisi ilə qayıtdılar

Qardaşlaşmış Rusiya, Türkiyə və Azərbaycan məktəbliləri Prezident İlham Əliyevə müraciət ünvanlayıblar. Müraciətdə deyilir: “Təkcə məktəblilər və məktəblər arasında deyil, həm də xalqlar, ölkələr arasında qardaşlığa, isti münasibətlərə töhfə verən “Qardaşlaşmış məktəblər” layihəsinin məhz Azərbaycanda keçirilməsi Sizin mənəvi haqqınızdır. Görüb-eşitdiklərimiz bizim hər birimizdə bu qənaəti də gücləndirdi ki, Siz bir dövlət başçısı, həm də sadə, mehriban insan olaraq yeniyetmə və gənclərin yaxın dostu və himayədarısınız. Sizin təhsil aldığınız 6 nömrəli məktəbdə keçirdiyimiz görüşlər, məktəb illərinizi əks etdirən foto-guşə ilə tanışlıq da qəlbimizdə silinməz xatirəyə çevrildi. Biz ürəyimizin səsi ilə Azərbaycanda gördüklərimizi ölkəmizdə təbliğ və təşviq edəcəyik. İmzaladığımız qardaşlıq andında üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetirərək növbəti dəfə öz dostlarımızla Moskva və Ankarada görüşəcəyik. Cənab Prezident! Sizə bildirmək istəyirik ki, ölkənizdən zəngin təəssüratla ayrılırıq, bizi Bakıya – Azərbaycana marağımız gətirdi, indi isə Vətənimizə özümüzlə Azərbaycan sevgisi aparırıq. Sizə və Prezidenti olduğunuz Odlar diyarına sonsuz sevgi ilə”.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun ilk dəfə beynəlxalq arenaya çıxan “Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində Bakıya səfər etmiş Rusiya və Türkiyə məktəbliləri öz vətənlərinə qayıdıblar.

 

Xarici ölkə məktəbliləri
Bakıya heyran oldular

 

2016-cı il fevralın 13-dən 16-dək Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə “Qardaşlaşmış məktəblər” layihəsi ilk dəfə olaraq, Azərbaycan məktəbliləri ilə yanaşı, Türkiyə və Rusiya məktəblilərinin iştirakı ilə gerçəkləşib. Moskva şəhəri 1273 nömrəli ingilis dili təmayüllü məktəbin, Ankara şəhəri “Heydər Əliyev ilk okulu”nun, Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbin və Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin şagirdləri arasında “Qardaşlaşma sazişi” imzalanıb. Təntənəli imzalanma mərasimindən sonra qardaşlaşmış məktəblilər şəhərimizin görməli yerlərində – Dövlət Bayrağı meydanı, Əl oyunları sarayı, Bakı Venesiyası, Qız qalası, Filarmoniya bağı, İçərişəhər, Şirvanşahlar sarayı, Sabir bağı və Fəvvarələr meydanında olublar. Qonaqlar xüsusilə Heydər Əliyev Mərkəzindən və Heydər məscidindən böyük təəssüratla ayrılıblar. Layihə çərçivəsində məktəblilər “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi - öyrən, araşdır, paylaş – 2016” Beynəlxalq Multikulturalizm Qış məktəbinin iştirakçıları ilə maraqlı görüşlər keçiriblər.

Təhsil nazirinin müavini Firudin Qurbanov layihə iştirakçıları ilə görüşdə təmsil etdiyi qurumun Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsini dəstəklədiyini deyib, türkiyəli, rusiyalı və azərbaycanlı məktəbliləri bu gözəl təşəbbüsə görə təbrik edib.

Məktəbliləri Yunus Əmrə Türk Mədəniyyət Mərkəzində direktor İbrahim Yıldırım qarşılayıb. Layihə iştirakçılarını mərkəzlə tanış edən direktor Türkiyə ilə Rusiyanın dostluğunun 500 illik tarixi olduğunu xatırladaraq, məktəbliləri hər zaman qardaşlıq və sülh uğrunda birgə fəaliyyət göstərməyə çağırıb.

 

Kamal Abdullayev: Azərbaycan müxtəlif millətlərin,
dinlərin, irqlərin mənəvi bütövlük hiss etdiyi bir Vətənə çevrilib

 

Layihənin sonuncu günü qardaşlaşmış məktəblilər və Beynəlxalq Multikulturalizm Qış məktəbinin iştirakçıları dövlət rəsmilərinin iştirakı ilə yekun mərasimə qatılıblar.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev mərasimdə çıxış edərək deyib: “Yəqin ki, bizim bir yerdə keçirdiyimiz bu son gecə hamımızın xatirində ömrümüz boyu qalacaq. Mən bilirəm ki, bizim bir çox tələbələrimizi artıq göz yaşları, qəhər boğmağa başlayır. Bu, yaxındakı ayrılıq həsrəti ilə bağlıdır. Amma mən ona da inanıram ki, gələcəkdə belə görüşlərimiz tez-tez olacaq”.

Beynəlxalq Multikulturalizm Qış məktəbinin iştirakçılarına və təşkilatçılarına öz təşəkkürünü bildirən Dövlət müşaviri qardaşlaşan məktəblilərə dostluqlarının bir ömür boyu sürməsini arzulayıb: “Bu gün Azərbaycan müxtəlif millətlərin, dinlərin, irqlərin qaynayıb-qarışdığı və mənəvi bütövlük hiss etdiyi bir Vətənə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyev gələcəyə nikbinliklə baxır və belə deyir: “Multikulturalizmin dünyada alternativi yoxdur.  Azərbaycanda multikulturalizm yaşayır və yaşayacaq”. Elə buna görə də Prezident İlham Əliyev 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etdi və bütün dünyaya azərbaycanlıların mərhəmət, şəfqət, başqasının halına acıma, başqasını öz yanında görmək, başqasına xor baxmamaq kimi duyğularını bütün dünyaya nümayiş etdirdi. Gələcəkdə sizin hamınızı yenidən Azərbaycanda görmək arzusundayıq. Sizin xalqlarınıza əmin-amanlıq, rifah və xoşbəxtlik arzulayıram”.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan multikulturalizminin, mədəniyyətinin, tarixinin dünyaya tanıdılması baxımından Beynəlxalq Multikulturalizm Qış məktəbinin və “Qardaşlaşmış məktəblər” layihəsinin böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı layihənin həm təşkilatçılarını, həm də iştirakçılarını təbrik edib, xarici tələbələrin və məktəblilərin ölkəmizə səfərinin Azərbaycan multikulturalizminin dünyada tanıdılması üçün bir vasitə olduğunu söyləyib.

 

“Qardaşlaşmış məktəblər” layihəsi
cəmiyyətdə böyük maraq doğurub

 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü, Milli Məclisin deputatı Sahibə Qafarova: “Cənab Prezident İlham Əliyev 2016-cı ili “Multikulturalizm ili” elan edib. Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsinin beynəlxalq arenaya çıxmasının məhz bu ilə təsadüf etməsi ikiqat böyük hadisədir. “Yay məktəbi” layihəsinin ardından Multikulturalizm Mərkəzinin və Bilik Fondunun həyata keçirdiyi “Qış məktəbi” layihəsi Azərbaycanın dünyadakı dostlarının sayını çoxaltmış oldu. Hər iki məktəbin iştirakçıları ölkəmizin tolerant mühiti, cənab Prezidentin sözləri ilə desək, azərbaycanlıların həyat tərzi olan multikultural əhvalı, ölkəmizin paytaxtı ilə yanaşı, bölgələrimiz barəsində geniş bilgilər əldə etdilər. Rusiya, Türkiyə, Azərbaycan məktəbliləri bir-biri ilə ünsiyyət yaratdılar, xaricilər azərbaycanlı, azərbaycanlılar isə xarici həmyaşıdları ilə dostlaşdılar, qardaşlaşdılar. Azərbaycanın qonağı olan məktəblilər ölkəmiz barədə zəngin təəssürat aldılar. Onlar öz ölkələrində Azərbaycanın multikultural modelini nümunə kimi təqdim edəcək, təəssüratları dostları ilə bölüşəcəklər. Bu layihə xaricilərin Azərbaycana olan marağını, sevgiyə çevirəcək səviyyədə baş tutdu”.

Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun direktoru, fəlsəfə doktoru Qulu Novruzov: “Rusiya, Türkiyə, Azərbaycan məktəblilərinin Bakıda bir araya gəlməsi, qardaşlıqlarını əks etdirən sənəd imzalamaları tarixi hadisədir. Dost və qonşu dövlətlərdən şagirdlərin ölkəmizə səfəri “Multikulturalizm ili”nə təsadüf etdi. Bütün sahələrdə olduğu kimi, Azərbaycan təhsilində də islahatlar aparılır. Ölkəmizdə qonaq olan şagirdlər və onların təhsil aldıqları məktəblərin rəhbərləri bütün bunları gözləri ilə gördülər, fikirləri ilə təsdiqlədilər. Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsinin daha geniş coğrafiyanı əhatə edəcəyinə şübhə etmirəm”.

Milli Məclisin deputatı Dilarə Cəbrayılova: “Bilik Fondu gənclərimizin şəxsi inkişafı və maariflənməsi, dünyagörüşünün formalaşması istiqamətində bir çox tədbirlər həyata keçirməkdədir. Nardaranda yerləşən 295 nömrəli tam orta məktəb Bilik Fondu ilə sıx əməkdaşlıq edir. Biz bu əməkdaşlıqdan böyük məmnunluq duyuruq. Şagirdlərimiz Rusiya, Türkiyə və Azərbaycan məktəblilərinin “Qardaşlaşma sazişi”nin imzalanması mərasimində iştirak ediblər. Sevinirəm ki, fərqli mədəniyyətlərə, adət-ənənələrə malik olan məktəblilərin arasında daha bir dostluq körpüsünün əsası məhz bizim dövlətimizdə qoyuldu”.

Bakı və Azərbaycan yeparxiyasının rəhbəri Konstantin Ata: “Məni gənc nəsil arasında yaranan bu ünsiyyət sevindirir. Üç böyük dövlətin – Azərbaycan, Rusiya və Türkiyə məktəblilərinin görüşünün təşkil olunması çox gözəldir. İstərdim ki, gələcək layihələrinizdə Gürcüstan məktəbləri də yer alsın. Ən vacib olanı gənclərin təmasda olması, təcrübə, təəssüratların mübadiləsi, sevincin paylaşılmasıdır, bu, son dərəcə vacibdir. Düşünürəm ki, gələcəkdə bu ölkələr arasında qarşılıqlı əlaqələr davam edəcək. Çünki gənclər məktəb illərindən dostluğa başlasalar, bu, getdikcə xalqların, cəmiyyətlərin və dövlətlərin dostluğuna çevriləcək. Axı uşaqlıqda yaranan dostluq xatirələri bir ömür boyu öz təravətini saxlayır”.

Nardaran qəsəbəsi, 130 nömrəli tam orta məktəbin direktoru Ağasəid Orucov: “Bakı Mutikulturalizm Mərkəzinin keçirdiyi “Qardaşlaşmış məktəblər” layihəsinin Bakı Slavyan Universitetinin akt zalında keçirilən imzalanma mərasimi şəxsən məndə və həmin toplantıda iştirak edən məktəbimizin şagirdlərində böyük təəssüratlar yaratdı. Rusiya, Türkiyə və Azərbaycan məktəblilərinin iştirak etdikləri bu tədbir, həqiqətən də, Azərbaycanın bütün dünya ölkələri arasında multikulturalizmə böyük önəm verən bir ölkə olduğunu sübut etdi və möhtərəm Prezidentimiz İlham Əliyevin multikulturalizm haqqında nikbin fikirlərinin həqiqətən gerçək olduğunu göstərdi”.

Səbail rayonu 6 nömrəli tam orta məktəbin direktoru Gülşən Orucova: “Bizim məktəb beynəlxalq təhsil ocağıdır, adətən, multikultralizmlə bağlı müxtəlif tədbirlərimiz olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili” elan etməsi ilə əlaqədar olaraq belə tədbirlər mütəmadi xarakter aldı. Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsinin də  beynəlxalq arenaya çıxmasını bu sahədə irəliyə doğru atılmış mütərəqqi addım kimi dəyərləndirmək olar. Bütün başqa tədbirlərin, rəsmi və siyasi görüşlərin fonunda uşaqların da qardaşlaşması, dostlaşması gələcəyə – irəliyə atılan növbəti addımdır. Bu addım bütün dünyaya sülh mesajı verdi”.

Bilik Fondunun informasiya təminatı sektorunda bildirmişlər ki, yolasalma mərasimində Rusiya, Türkiyə və Azərbaycan məktəbliləri kövrək anlar yaşayıblar. Ürək sözlərini və arzularını bölüşən şagirdlər bir-birinə əlvida yox, “hələlik”, – deyərək ayrılıblar.

Qüdrət PİRİYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında