Rusiya, Türkiyə və Azərbaycan məktəbliləri Bakıda qardaşlaşdılar

Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsi beynəlxalq arenaya çıxdı

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu yarandığı vaxtdan bir sıra maarifçilik tədbirləri ilə yanaşı, “İlboyu bilik” proqramı üzrə “Qardaşlaşmış məktəblər” layihəsini həyata keçirir. Artıq layihə üzrə Azərbaycanın müxtəlif rayonlarında yerləşən 41 məktəb arasında “Qardaşlaşma saziş”i imzalanıb.

Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə “Qardaşlaşmış məktəblər” layihəsi ilk dəfə olaraq, Azərbaycan məktəbliləri ilə yanaşı, Türkiyə və Rusiya məktəblilərinin iştirakı ilə gerçəkləşir. Layihə 2016-cı il fevralın 13-dən 16-dək davam edəcək.

Fevralın 13-də Moskva şəhəri 1273 nömrəli ingilis dili təmayüllü məktəbin, Ankara şəhəri “Heydər Əliyev ilkokulu”nun, Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbin və Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin şagirdləri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət ediblər.

189-190 nömrəli tam orta məktəblə tanış olan şagirdlər Bakı Slavyan Universitetində “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi – öyrən, araşdır, paylaş – 2016" Beynəlxalq Multikulturalizm Qış məktəbinin iştirakçıları ilə görüşərək birlikdə universitetin muzeyində, “Azərbaycanşünaslıq" Tədris Mədəniyyət Mərkəzində, Rusiya Tədris-Mədəniyyət Mərkəzində, Türkiyə Araşdırmaları Mərkəzində olublar. Universitetin elm və mədəniyyət ocaqları ilə tanışlığın ardından BSU-nun akt zalında “Qardaşlaşma sazişi”nin imzalanması mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev rus, türk və azərbaycanlı məktəbliləri salamlayaraq, qardaşlaşma təşəbbüsünün müasir dünya insanının ən böyük arzusu olan sülh və əmin-amanlığa xüsusi töhfə verdiyini deyib: “Müxtəlif millətlərin dost və qardaş kimi yaşadıqları ölkəmizdə, paytaxtımız Bakıda sizin təşəbbüsünüzlə təhsil aldığınız doğma məktəblərinizi qardaşlaşdırmaq istəyinizi nəcib və şərəfli fəaliyyət kimi dəyərləndirmək olar”.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsinin öz məramına görə cəmiyyətdə böyük marağa səbəb olduğunu deyib: “Bu gün Azərbaycan, Rusiya və Türkiyə məktəblilərinin qardaşlaşması həm də xalqların gələcəyinə aparan yolun daha işıqlı və aydın olmasına kömək edir”.

Məktəblilərə Rusiya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyevin, Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvarın, Moskva İqtisadiyyat və Hüquq Akademiyasının prorektoru, professor O. Zaytsevin təbrikləri çatdırılıb.

“Eurovision – 2011" mahnı müsabiqəsinin qalibi, Bakı Slavyan Universitetinin məzunu Eldar Qasımovun çıxışı ilə açıq elan edilən bədii hissədə iştirakçılar moskvalı şagirdlərin, Dövlət Uşaq Filarmoniyasının və Nardaran məktəblilərinin hazırladıqları maraqlı konsert proqramını izləyiblər. “Qardaşlaşma sazişi” imzalayan məktəblilər və Beynəlxalq Multikulturalizm Qış məktəbinin iştirakçıları ilə “Yallı” rəqsini oynayıblar.

Layihə iştirakçıları ilkin təəssüratlarını bölüşüblər.

Ankara şəhəri “Heydər Əliyev ilkokulu”nun 8-ci sinif şagirdi Yonca Acun Bakıya ilk dəfə gəldiyini deyib: “Şəhərinizi çox bəyəndim. Bu layihəyə qatıldığım üçün özümü  xoşbəxt hiss edirəm. Bu gün bizim üçün çox önəmli bir qardaşlaşma sazişi imzaladıq. İnanıram ki, Bakıdan başlayan bu dostluq və qardaşlığımız bir ömür boyu sürəcək”.

Moskva şəhəri 1273 nömrəli ingilis dili təmayüllü məktəbin 10-cu sinif şagirdi Aleksandr Drozdov qısa zamanda gözəl təəssüratlar qazandığını vurğulayıb: “Qardaşlaşmış məktəblər” layihəsini çox bəyəndim. Bakıda olduğumuz ilk gün Bakının bir neçə məkanını gəzmək imkanımız oldu. Şəhəriniz çox gözəldir, insanlar da mehribandırlar". Onun sinif yoldaşı Andrey Kantor da Bakıya səfərinin onda böyük təəssüratlar oyatdığını deyib: “Hələ səfərimizin ilk günüdür, amma buna baxmayaraq, məndə çox müsbət emosiyalar yaranıb. Azərbaycanlıların istiqanlı olduqlarını bilirdim, amma bu qədər gözəl qarşılanacağımızı heç gözləmirdim. Tanış olduğum yaşıdlarımın bizə səmimi və dostcasına davranması məni təsirləndirdi. Biz belə möhtəşəm beynəlxalq layihəyə qoşulmaqla özümüzə təzə dostlar qazandıq”.

Həmin məktəbin direktoru Mixail Aleksandroviç Popov “Qardaşlaşmış məktəblər” layihəsi sayəsində yeni uğurlu əməkdaşlıqlara imza atılacağına inandığını söyləyib: “ Məktəblərin dostluğu həm də bizim mədəniyyətlərimizin qovuşmasıdır. Bakıda gördüklərimiz bizi heyran etdi”.   

Ankara şəhəri “Heydər Əliyev ilkokulu”nun 8-ci sinif şagirdi Mehmet Eren Balasar azərbaycanlı yaşıdlarının ev sahibliyindən çox məmnun qaldığını bldirib: “İlk dəfədir Bakıda oluram, amma insanların səmimiliyinə və qonaqpərvərliyinə heyran qaldım. Belə bir layihənin həyata keçirilməsi biz məktəbliləri dostluq və qardaşlıq telləri ilə bir-birimizə bağlayır”.

Həmin məktəbin müdiri Necattin Şengezer bu layihənin məktəblər arasında dostluq körpüsü yaratdığını bildirib: “Biz bu dostluq körpüsü vasitəsilə daim əlaqədə olacağıq. Əminəm ki, bugünkü dostluğu şagirdlərimiz hər zaman davam etdirəcəklər. Biz Bakını çox sevdik”.

Fevralın 14-də qardaş məktəblərin şagirdləri əvvəlcə Heydər Əliyev Mərkəzini ziyarət etdikdən sonra şəhər gəzintisinə çıxacaq, Bakının görməli yerləri və tarixi abidələri ilə tanış olacaqlar.

Fevralın 15-də Səbail rayonundakı 6 nömrəli tam orta məktəbdə “Qardaşlaşmış məktəblər” layihəsinə qoşulmuş Bakı, Moskva və Ankara məktəbliləri ilə görüş keçiriləcək.  Sonra uşaqlar Rusiya Mədəniyyət Mərkəzində, Yunus Əmrə Türk Mədəniyyət Mərkəzində keçiriləcək tədbirlərə qatılacaqlar. 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İnformasiya təminatı sektorundan bildirdilər ki, qardaşlaşmış məktəblilər Beynəlxalq Multikulturalizm Qış məktəbinin iştirakçıları ilə bir yerdə yekun mərasimdə iştirak edəcəklər. Layihə iştirakçısı olan şagirdlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti qəbul olunacaq. Məktəblilərə sertifikat və hədiyyələr təqdim olunacaq.

Q.PİRİYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında