Cəfakeş alim

Mən bu alimi təkcə onun akademik və s. elmi dərəcə və titullarının olmasına görə yox, sadəcə olaraq ömrünün 73-cü ilində onunla Murovdağın şimal yamacında dəniz səviyyəsindən 3000 metr yüksəklikdə platin yataqlarının axtarışı məqsədi ilə etdiyimiz 15 kilometrlik geoloji-axtarış marşrutu zamanı tanıdım. Ömrünün bu çağında dəniz səviyyəsindən 3000 metrdən yüksək bir səviyyədə geoloji marşrut etməsinə səbəb onun geologiyaya, öz sənətinə olan marağından və vətənpərvərliyindən irəli gəlirdi. Söhbət geoloq-alim, AMEA-nın həqiqi üzvü, Arif İsmayılzadədən gedir.
Geoloji kəşfiyyat zamanı yaxından tanıdığım Arif müəllimlə işləmək mənim üçün çox maraqlı idi. Əvvəla, ona görə ki, gedəcəyimiz marşrutda filizlilik nöqteyi-nəzərdən dəyərli bir obyektin ola bilməsini mən təkid etmişdim və onun bu məsələyə münasibəti mənim üçün çox maraqlı idi. İkincisi isə, geologiya sahəsində bir çox regionlarda uzunmüddətli iş təcrübəmə baxmayaraq, ilk dəfə idi ki, belə təcrübəli alimlə səfərə çıxmışdım.
Hər ikimiz ixtisasca geoloq olduğumuzdan geologiya haqqında söhbətlərimiz çox oldu. Bu zaman mən akademikdən maksimum informasiya almağa və onun düşüncələrini öyrənməyə çalışırdım. Çünki bizim müzakirə etdiyimiz, aydınlaşdırmağa çalışdığımız məsələ mübahisəli idi. Məqsədimiz Kiçik Qafqazın şimal yamacında platin qrupu metallarının yayılmasının elmi və praktiki cəhətdən nə qədər həqiqətə uyğun olduğunu təyin etməkdən ibarət idi.
Yeri gəldikcə, Arif müəllim olduğumuz ərazinin geologiyası, tektonikası, metallogeniyası və s. ilə əlaqədar ideya və fikirləri ilə məni tanış edir və yenidən nümunə və sınaqların götürülməsini məsləhət görürdü. Marşrutun sonunda mən akademikdən getdiyimiz ərazidə gördüyümüz filizləşmə haqqında rəy söyləməsini xahiş etdim. O, ərazinin filizliliyinin müsbət təsir bağışladığını və maraqlı olduğunu söyləsə də, götürdüyümüz nümunə və sınaqların laborator tədqiqatlarının nəticələrini gözləməyi məsləhət gördü.
"Qarabağ bizim ən zəif və yaralı yerimiz olduğundan o heç vaxt yaddan çıxmır və çıxmayacaqdır. Biz Qarabağımızı qaytarmalıyıq". Akademik bu ifadəni təsadüfən işlətmirdi. Bizim marşrut cəbhə xətti boyunca neytral zonaya yaxın bir ərazidən keçirdi. Burada təsadüfən növbədən qayıdan əsgərlərimizlə qarşılaşdıq və onların əhval-ruhiyyəsi ilə maraqlandıq. Onlarda olan əhval-ruhiyyə bizi də sevindirdi və özümüzdən asılı olmayaraq Prezidentimizin Qarabağla bağlı apardığı siyasətin düzgün olduğunu, gec-tez qalib gələcəyimizi əsgərlərə bildirdik. Əsgərlərlə respublikamızda olan yeniliklərdən, inkişafdan, şəhərimizin gözəlləşməsindən söhbət açdıq. İki günlük işgüzar səfərimiz zamanı mən həyatsevər, olduqca nikbin, öz peşəsinə hörmət və məhəbbətlə yanaşan, vətənpərvər bir insanı yaxından tanıdım. İnanıram ki, bu zəhmətsevər alim geologiya elmimizin inkişafına hələ çox töhfələr verəcək.

{nl}

Fəxrəddin ABDULLAYEV, geoloq

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında