Bakıda “Sabahın alimləri” beşinci respublika müsabiqəsi keçirilir

Fevralın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında “Sabahın alimləri” beşinci respublika müsabiqəsinin açılış mərasimi keçirilib.

AMEA, Təhsil, Gənclər və İdman nazirlikləri, Heydər Əliyev Mərkəzi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən birgə təşkil olunan müsabiqədə ümumtəhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlər iştirak edirlər.

Müsabiqənin təşkilinin əsas məqsədi şagirdlərə elmi nailiyyətlərini nümayiş etdirmək imkanı vermək və onların arasından ABŞ-da hər il keçirilən Intel ISEF-Intel Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir.

AZƏRTAC xəbər verir ki, açılış mərasimi Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov ümummilli lider Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini, dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əhəmiyyətini qeyd edən nazir bu mühüm sənədə uyğun olaraq müvafiq sahədə həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan danışıb. Vurğulanıb ki, Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadalarında ürəkaçan nailiyyətlər əldə edirlər.

M.Cabbarov bildirib ki, dünyanın yeni çağırışları və ölkədə yüksək biliyə malik cəmiyyətin qurulması zərurəti Azərbaycan gəncliyi qarşısında tamamilə yeni tələblər qoyur. Ölkəmizin ümumi təhsil müəssisələrində reallaşdırılan islahatların əsas hədəfləri sırasında gənclərdə yetkin düşüncə tərzinin, vətəndaşlıq mövqeyinin formalaşdırılması və onların tədqiqatyönümlü fəaliyyətə cəlb edilmələri xüsusi əhəmiyyət daşıyır.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə Prezident İlham Əliyevin elm, təhsil sahələri ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətini qeyd edib.

Müasir dünyada elmin, təhsilin mühüm rolunu xatırladan akademik A.Əlizadə elm və təhsil müəssisələri arasında əlaqələrin qurulmasının vacibliyini vurğulayıb.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev, “İntel” korporasiyasının MDB ölkələri üzrə meneceri Tatyana Nanayeva müsabiqənin gənclərin elmə marağının artırılması, onların istedad, bacarıq və potensialının aşkara çıxarılması baxımından əhəmiyyətini qeyd ediblər.

Bildirilib ki, “Sabahın alimləri” müsabiqəsində ölkəmizin 11 şəhər və rayonunun ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri 129 elmi layihə ilə iştirak edirlər. Onlardan 87-si kollektiv, 42-si isə fərdi layihədir.

Bir sıra universitetlər tərəfindən elmi dəstək göstərilən müsabiqə səkkiz kateqoriya üzrə keçirilir. Riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompyuter elmləri üzrə layihələrin qiymətləndirilməsi üçün aparıcı alimlərdən ibarət münsiflər heyəti yaradılıb. Müsabiqəyə yeni elmi ideyası, eksperimentin, mühəndis layihəsinin texniki təsviri, innovativ kompüter proqramının təsviri olan layihələr qəbul edilib.

Müsabiqə üç gün davam edəcək. Fevralın 12-də münsiflər heyəti tərəfindən layihələrin qiymətləndirilməsi aparılacaq, eyni zamanda, müsabiqənin Təlim Akademiyası fəaliyyət göstərəcək. Fevralın 13-də isə “açıq qapı” saatlarında Bakıdakı məktəblərin şagird və müəllimləri layihələrlə tanış olacaqlar. Həmin gün qaliblərin mükafatlandırılması mərasimi də keçiriləcək.

Müsabiqə qaliblərinə pul mükafatı, diplom və medal təqdim olunacaq. Münsiflər heyəti tərəfindən seçilən üç layihənin müəllifi cari ilin mayında ABŞ-ın Arizona ştatının Finiks şəhərində keçiriləcək Intel ISEF müsabiqəsində iştirak imkanı qazanacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında