Qocaman ali təhsil ocağı ADPU – 95

Azərbaycan təhsilinə, mədəniyyətinə, elminə görkəmli şəxsiyyətlər, alimlər, pedaqoqlar vermiş Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) bu günlərdə 95 yaşını qeyd etməyə hazırlaşır. Bu yubiley ərəfəsində qocaman təhsil ocağında qonaq olduq. Bir daha şahidi olduq ki, qocaman təhsil ocağımız qocalmır, əksinə, gündən-günə gəncləşir, cavanlaşır. Xalqımızın görkəmli oğlu, ulu öndər Heydər Əliyev müəllim zəhmətinə, müəllim adına böyük ehtiram və qayğı ilə demişdi: “Mən dünyada müəllim adından yüksək, şərəfli ad tanımıram!”. Bu dərin mənalı, müdrik kəlam müəllim şəxsiyyətinə və onun sənətinə verilən çox yüksək bir dəyərdir. Azərbaycan Dövlət Pedaqoji Universiteti belə qiymətli müəllim kadrlarının hazırlanmasında müstəsna rola malikdir.

ADPU-nun tarixinə, keçmişinə bir anlıq nəzər salanda insan qəlbi qürur və məhəbbət hissi ilə dolur. Bu qocaman təhsil ocağının gur işıqlarından kimlər pay almamışdır? Bircə onu deməklə fikrimizi aydın çatdıra bilərik ki, Azərbaycan Milli Elmlər Akademiyasına rəhbərlik etmiş 9 nəfərdən 3-ü məhz Pedaqoji Universitetin məzunları olmuşdur: Yusif Məmmədəliyev, Zahid Xəlilov və Həsən Abdullayev.

Azərbaycan Dövlət Pedaqoji Universiteti həmişə öz yetirmələri ilə fəxr etmişdir. Burada hazırda təhsil alanlar hiss edirlər ki, universitetin auditoriyalarında, mühazirə otaqlarında Azərbaycanın görkəmli yaradıcı şəxsiyyətləri olan Süleyman Rüstəmin, Mikayıl Müşfiqin, Mehdi Hüseynin, Qılman İlkinin, Süleyman Rəhimovun, Məmməd Arazın, Əbüləzəl Dəmirçizadənin, Mikayıl Rəfilinin, Şıxəli Qurbanovun, İsmayıl Şıxlının, Xəlil Rzanın, Budaq Budaqovun, Zahid Qaralovun ruhu dolaşır.

Onu da demək yerinə düşər ki, Pedaqoji Universitet müstəqillik illərində Azərbaycanın ictimai-siyasi hadisələrindən, olaylarından da kənarda qalmamış, əksinə, dövlətçiliyimizin, müstəqilliyimizin qorunmasında, möhkəmləndirilməsində fəal iştirak etmişdir. Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının çağırışına ilkin səs verən ziyalılar o zaman – 1990-1993-ci illərdə məhz Pedaqoji Universitetin müəllimləri, alimləri olmuşlar. Yusif Məmmədov, Vilayət Əliyev, Allahverdi Hacıyev, Maksud Nəcəfov, Zahid Xəlilov, Nəbi Əsgərov, mərhum Həsən Mirzəyev və başqa vətənpərvər ziyalılar Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət edərək ölkəmizin xilası naminə Yeni Azərbaycan Partiyasının yaradılması uğrunda mübarizəyə qoşulmuşlar. Hazırda YAP-ın burada bütün təhsil ocaqları ilə müqayisədə sayca çoxluğu ilə fərqlənən minlərlə fəal üzvü vardır. Onlar gündən-günə yüksələn Azərbaycanımızın inkişafı naminə ön sıralarda inamla addımlayırlar. 

Bu ocaqda yetişən görkəmli ziyalılar, tanınmış elm xadimləri Azərbaycan təhsilinə və elminə böyük töhfələr bəxş edirlər. Təkcə bu faktı qürurla qeyd etmək yerinə düşər ki, 2006-cı ilin aprel ayından bu işıqlı, isti, dəyərli təhsil ocağına AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Yusif Məmmədov rəhbərlik edir. Ulu öndər Heydər Əliyev tərəfindən Əməkdar elm xadimi kimi yüksək fəxri ada layiq görülmüş, “Şöhrət” ordenli  Yusif Məmmədovun rəhbərliyi dövründə universitetdə bütün sahələrdə şəffaflıq və obyektivlik əsas meyar kimi inkişaf etmiş, bütün təhsil prosesini öz halallıq nuruna bürümüşdür.

Hazırda Pedaqoji Universitetin  bakalavr pilləsində  11 fakültədə 23 ixtisas üzrə 14 mindən artıq tələbə təhsil alır. Onu da deyək ki, Prezident cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə birləşdirilmişdir. Haqqında söz açdığımız nəhəng təhsil ocağının rəhbərliyi bu addımı özləri üçün daha böyük etimad kimi qəbul edir. Bu, kollektivə təlim-tədris sahəsində işlərini yüksək səviyyədə qurmağa, daha səmərəli işləməyə geniş imkanlar yaradır. Hazırda kollektiv  cənab Prezidentimizin yüksək etimadına layiq fəaliyyət göstərməyə əzmlə çalışır. Artıq keçmiş Müəllimlər İnstitutunun Şamaxı, Quba, Cəlilabad, Ağcabədi, Qazax və Şəki filiallarında yenidənqurma işləri uğurla başlamış, təlim-tədris planlarının yeniləşməsi, günün  tələbləri səviyyəsinə çatdırılması uğurla həyata keçirilir.  

Pedaqoji təhsilin məzmununu və mahiyyətini bugünkü, müstəqil Azərbaycanın yüksək tələblərinə uyğun olaraq müasir dünya  standartlarına cavab verən səviyyədə qurmaq kollektivin ümdə vəzifəsi kimi qarşıya qoyulmuşdur. Birinci növbədə tədrisin keyfiyyətinin yüksəlməsi, imtahan sessiyalarında şəffaflıq və obyektivliyi əsas meyar kimi qəbul etmək, ədalətlilik prinsiplərinə söykənərək yüksək ixtisaslı müəllim kadrların hazırlanması universitet rəhbərliyinin başlıca fəaliyyət prinsipini təşkil edir. Çoxdandır ki, universitetdə Boloniya sistemi uğurla tətbiq olunmuş, gender problemi öz həllini tapmışdır. Hələ, 2007-ci ildən başlayaraq, universitetin bir çox fakültəsində kredit transfer sisteminin tətbiqi özünə möhkəm yer tutmuş, kredit sisteminin tələblərinə layiqincə cavab verən yeni tədris planları, fənlərin reystri, tədris qrafiklərinin sillabusları, semestr üzrə bölgünü aydınlaşdıran sənədlər hazırlanmış, 40 nəfərdən tyutor hazırlanaraq tədris prosesinin fəaliyyətinə cəlb edilmişdir.  Universitetin bütün təhsil və tədris otaqlarında təşkil edilmiş müasir tipli kompüter mərkəzləri, kollokviumları və imtahanların elektron üsulu ilə keçirilməsi yüksək səmərə vermişdir. Bütün bunlar təhsildə demokratiya və şəffaflığın təminatına xidmət edir, – desək yanılmarıq. Onu da qeyd etmək yerinə düşər ki, imtahan sessiyalarında şəffaflıq və obyektivliyin əsas meyar kimi həyata keçirilməsində təhsil naziri Mikayıl Cabbarovun “İmtahan sessiyalarının təşkili və keçirilməsi barədə” 2015-ci il dekabr ayının 15-də imzaladığı əmrin göstərişləri mühüm rol oynamışdır. Təhsil nazirinin həmin əmrində 2015-2016-cı tədris ilinin payız semestrinin səmərəli təşkil edilməsi və universitetdə tələbələrin bilik səviyyəsinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin tam təmin olunması imtahan sessiyasının normativ sənədlər əsasında keçirilməsinə imkan vermişdir.

 Azərbaycan Dövlət Pedaqoji Universitetində “İmtahan gərargahı”nın təşkili, buraya daxil olan hər bir şikayətin qısa müddətdə və çevik şəkildə araşdırılıb lazımı tədbir görülməsi, həmçinin imtahanlarda şəffaflığın tamamilə təmin edilməsi üçün ictimaiyyətin və tələbələrin valideynlərinin iştirakına belə sərbəst şərait yaradılması və digər başqa vəzifələr də öz əksini tapmışdır. İmtahan sessiyasının təşkili və keçirilməsi barədə nazirin göstərişinə müvafiq olaraq, ADPU-nun rektoru, professor Yusif Məmmədovun əmri ilə universitetdə pedaqoq-alimlərin daxil olduğu 11 nəfərdən ibarət imtahan qərargahına mexanika və molekulyar fizika kafedrasının müdiri, professor Edil Eyvazov rəhbərlik edir.

ADPU-nun əsas surətli inkişaf dövrü, əsasən Azərbaycanın müstəqillik dövrünə təsadüf edir. Tədris prosesinin bütün mərhələlərində, dəqiq desək, yeni təlim texnologiyalarının tətbiqi məhz 2006-cı ildən başlayaraq, daha geniş miqyasda təkmilləşmiş və yeniləşmişdir. Bütün fənlərin tədrisində mütərəqqi İKT-nın geniş tətbiqinə imkanlar yaradılmış, kafedralar və laboratoriyalar müasirləşərək bütün texniki avadanlıqlarla təchiz olunmuşdur. İKT, Monitorinq və Qiymətləndirmə Mərkəzinin yaradılması imtahanlarda obyektivliyin və şəffaflığın təminatına imkan vermişdir. Filologiya, kimya, tarix, biologiya, riyaziyyat və informatika fakültələri, əcnəbi tələbələrlə iş üzrə şöbə, coğrafiya və çağırışaqədər hazırlıq, məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim   fakültələri ilə yanaşı, nisbətən cavan fakültə sayılan musiqi və təsviri incəsənət, habelə SABAH qrupu uğurla fəaliyyət göstərir. Bir sıra aparıcı fakültələr vardır ki, onlardan da biri fizika fakültəsidir. Təkcə fizika və texnologiya fakültəsində 7 elmlər doktoru, 46 fəlsəfə doktoru, yüzlərlə aspirant, dissertant və magistr tərəfindən bərk cisimlər fizikası, yarımkeçiricilər və dielektriklər fizikası, mayelər və istilik fizikası, elementar zərrəciklər və nüvə fizikası, kristalloqrafiya, astrofizika və fizikanın tədrisi metodikasının müasir problemlərinin elmi tədqiqi sahəsində uğurlu elmi araşdırmalar aparılır.

ADPU-nun İKT, Monitorinq və Qiymətləndirmə Mərkəzinin direktoru, dosent İlham Əhmədov və elektron-test üsulu ilə keçirilən imtahanlara nəzarət qrupunun rəhbəri, dosent Yaşar Hüseynəliyev bildirdilər ki, test sualları vaxtında hazırlanaraq, mərkəzə təqdim edilib və universitetin internet saytına yerləşdirilib. İmtahan cədvəlləri həmin mərkəz tərəfindən tərtib olunaraq təsdiq edilib. Yazılı imtahanların yoxlanılması üçün də xüsusi otaq ayrılıb. Yazılı imtahanlar başa çatdıqdan sonra yazılar şifrələnir, yoxlanılır və həmin gün qiymətlər tələbələrə elan olunur. Günün sonunda isə bütün imtahanların nəticələri ADPU-nun internet saytına yerləşdirilir.

Universitetdə 5 kompüter imtahan zalı fəaliyyət göstərir. Həmin zallarda yerləşdirilmiş 200 kompüter vasitəsilə gündə 2000-dək tələbə imtahan verə bilir. Tələbələr test imtahanlarının nəticələrini cavabları təsdiq etdikdən dərhal sonra kompüterin ekranında görürlər. İmtahandan aldıqları qiymətlə razılaşmayan tələbələr fakültələr və universitet üzrə yaradılmış münaqişə komissiyalarına, həmçinin imtahan qərargahına müraciət edirlər. İmtahan qərargahının üzvləri mütəmadi şəkildə imtahan zallarında olur, onlara ünvanlanan  müraciət və təkliflərlə bağlı müvafiq qeydlər aparırlar. Eyni zamanda, universitetdə valideynlərlə əlaqələrin yaradılmasına da xüsusi diqqət yetirilir ki, bu da valideynlərdə imtahanların gedişi barədə dolğun təsəvvürün  formalaşdırılmasına xidmət edir. İmtahan qərargahının üzvləri tərəfindən hər hansı bir müraciətin araşdırılması və qəbul olunmuş qərar qarşı tərəfi qane etmədikdə və ya müraciətlər imtahan qərargahının səlahiyyətlərinə aid olmadıqda rektorluğa müraciət edilir və qarşı tərəfin iştirakı ilə məsələyə baxılır.

 Onu da qeyd edək ki, universitetdə üç qadın dekan fəaliyyət göstərir. İmtahan qərargahının üzvləri musiqi və təsviri incəsənət fakültəsinin dekanı, dosent Laçın Həsənova, ingilis dili və onun tədrisi metodikası kafedrasının müdiri, professor Nailə Sadıqova, üzvi kimya və kimya texnologiyası kafedrasının müdiri, dosent Rəfiqə Məmmədova, ibtidai təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri, dosent Yaqut Rzayevadır.

İmtahan qərargahının normal fəaliyyət göstərməsi üçün ADPU-nun əsas tədris binasında müvafiq otaq ayrılıb, orada lazımi şərait yaradılıb və növbətçilik cədvəli tərtib edilib.  İmtahan qərargahına daxil olan hər bir şikayətin qısa müddətdə çevik araşdırılıb təmin edilməsi, imtahanların təşkilində və gedişində mənfi hallara yol vermiş şəxslər barədə universitetin rəhbərliyinə mütəmadi məlumat verilməsi tapşırılıb.

  Görkəmli partiya və dövlət xadimi Nəriman Nərimanov tərəfindən 1921-ci ildə yaradılmış, hazırda ölkəmizin ən nəhəng təhsil ocaqlarından birinə çevrilmiş Azərbaycan Dövlət Pedaqoji Universiteti 95 illiyini böyük ruh yüksəkliyi ilə qeyd etmək əzmindədir. Təhsildə, pedaqogikada yaratdığı zəngin təcrübəsi ilə özünə xüsusi mövqe qazanmış,  ən əsası isə şanlı tarixi ilə şöhrətlənmişdir. Biz də ürəkdən inanırıq ki, müstəqil Azərbaycanın təhsilində böyük uğurlara şəffaflıq və obyektivliklə imza atmış Azərbaycan Dövlət Pedaqoji Universiteti bundan sonra da öz layiqli mövqeyini  qoruyub saxlayacaq və möhkəmləndirəcəkdir. 

Tahir MƏMMƏDOV,
YAP “91-lər” hərəkatının üzvü,
Əməkdar jurnalist,
Siyasi elmlər üzrə fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında