Azərbaycan Texnologiya Universiteti Türkiyənin ali məktəbləri ilə əməkdaşlığa başlayır

Azərbaycan Texnologiya Universiteti xarici ali təhsil ocaqlarının təcrübəsini öyrənmək və səmərəli əməkdaşlıq əlaqələri qurmaq istiqamətində fəaliyyətini davam etdirir.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin pilot layihəsi kimi ATU-da tətbiqinə başlanan Müştəriyə Yönəlmə Proqramı çərçivəsində əməkdaşlıq əlaqələrini genişləndirmək məqsədilə universitet rəhbərliyi qardaş Türkiyə Respublikasına işgüzar səfər edib. Universitetin rektoru, professor Akif Süleymanovun rəhbərlik etdiyi heyət qardaş ölkənin qabaqcıl ali təhsil ocaqlarından hesab edilən İstanbul Texniki Universitetində  olub. Rektor, professor Mehmet Karaca ilə keçirilən görüşdə iki universitet arasında mümkün əməkdaşlıq istiqamətləri müzakirə edilib. Qeyd olunub ki, hər iki universitetin fəaliyyət profili və mövcud ixtisaslarında uyğunluğun olması tərəflər üçün faydalıdır, qısa və uzunmüddətli əməkdaşlıq üçün əlverişli zəmin yaradır.

Görüş zamanı Azərbaycan Texnologiya Universiteti və İstanbul Texniki Universitetinin birgə fəaliyyəti ilə bakalavriat və magistratura səviyyəsində dual diplom proqramlarının tətbiqi, Gəncədə ATU nəzdində texniki peşə liseyi və texnoparkın yaradılmasında birgə iştirak, eləcə də universitetlər arasında tələbə və müəllim mübadiləsi haqqında geniş söübət açılıb. Əldə olunmuş ilkin razılığa əsasən, ATU və İTU arasında ikitərəfli əməkdaşlıq memorandumu imzalanıb.

ATU-nun rektoru, professor Akif Süleymanov və İTU-nun rektoru, professor Mehmet Karaca tərəfindən imzalanan memoranduma əsasən, ilkin mərhələdə razılaşdırılan məsələlərin reallaşdırılması üçün fəaliyyət planının hazırlanması nəzərdə tutulur.

Daha bir memorandum isə ATU ilə Türkiyənin ən nüfuzlu ali təhsil ocaqlarından olan Yıldız Texniki Universiteti (YTU) arasında imzalanıb. İstanbul şəhərində YTU-nun inzibati binasında baş tutan görüşdə ATU-nun rektoru, professor Akif Süleymanov bildirib ki, Türkiyənin ən nüfuzlu və köklü ənənələrə malik ali təhsil müəssisələrindən olan YTU ilə əməkdaşlıq olduqca faydalıdır. Çünki hər iki universitetin mütəxəssis hazırlığı istiqamətlərində ciddi yaxınlıq var.

Yıldız Texniki Universitetinin rektoru, professor İsmail Yüksek isə bildirib ki, bir əsrdən artıq yaşı olan bu ali təhsil ocağı da hər zaman xarici əlaqələrin inkişafında maraqlı olub. Bu gün 30 mindən artıq tələbəyə təhsil verən YTU dünyanın ilk 500, Türkiyənin isə ilk 5 universiteti siyahısına daxildir. Tədris proqramlarının çoxu beynəlxalq akkreditasiyadan keçib, diplomları ABŞ və Avropada tanınır. Sonra ATU-dan gedən heyət YTU-nun elektronika, mekatronika, qida və mexanika laboratoriyaları və texnoparkı ilə tanış olub. Qonaqlara texnoparkda fəaliyyət göstərən şirkətlər, ofislər və inkubasiya mərkəzləri haqqında ətraflı məlumat verilib. YTU texnoparkının müdiri Mustafa Albayrak ilə fikir mübadiləsi zamanı Gəncədə ATU nəzdində ortaq texnoparkın yaradılması üçün ilkin addım olaraq hüquqi bazanın yaradılması qərara alınıb. Görüşün sonunda ATU və YTU arasında əməkdaşlıq memorandumu imzalanıb.

Türkiyənin ən böyük ali məktəbi olan İstanbul Universiteti (İU) ilə də əməkdaşlığın təməli qoyulub. Burada keçirilən görüşdə məlumat verilib ki, ölkənin ən qədim ali təhsil müəssisəsi olan İU-nun 562 yaşı və 214 min tələbəsi var. Onun məzunları arasında 2 Nobel mükafatı laureatı (Aziz Sancar və Orhan Pamuk), 6 prezident, bir neçə baş nazir, nazirlər və başqa ictimai-siyasi xadimlər var. Hazırda burada 600-dən artıq azərbaycanlı tələbə təhsilini davam etdirir. ATU-nun rektoru, professor Akif Süleymanov da rəhbərlik etdiyi ali təhsil ocağının fəaliyyət istiqaməti və hədəfləri barədə məlumat verib. Rektor bildirib ki, Azərbaycanda yüngül sənaye və qida sənayesi üzrə mütəxəssis hazırlayan əsas ali təhsil müəssisəsi olan ATU hazırda Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq, yeni planlar üzərində işləyir.

Səmərəli müzakirə şəraitində keçən görüş zamanı ATU ilə İU arasında əməkdaşlığın əsas istiqamətləri barədə razılığa gəlinib və memorandum imzalanıb. Rektorlar professor Akif Süleymanov və professor Mahmud Ak tərəfindən imzalanan memorandum İU-nun peşə məktəbinin iştirakı ilə ATU-nun peşə liseyinin tədris proqramlarının hazırlanması, universitetlər arasında tələbə –müəllim mübadiləsinin həyata keçirilməsi, ortaq layihə və tədqiqatların reallaşdırılması, universitetlərin mühəndislik və iqtisadiyyat ixtisasları üçün tədris proqramlarının uyğunlaşdırılması, “Erasmus+” layihələrində birgə iştirakı və digər məsələləri nəzərdə tutur.

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında