“Zərdabi” layihəsi çərçivəsində növbəti diaqnostik qiymətləndirmə keçiriləcək

Təhsil Nazirliyi tərəfindən 2015-2016-cı tədris ilindən start verilmiş “Zərdabi – İbtidai sinif şagirdlərinin oxu bacarıqlarının inkişafı layihəsi” məktəb, valideyn və ictimaiyyətlə iş aparmaqla, üç istiqamətdə həyata keçirilir.

Layihənin icrasında məqsəd ibtidai sinif şagirdlərinin oxu vərdişlərinin formalaşdırılması, oxuyub-anlama, yazılı mətnlər üzərində işləmə bacarıqlarının inkişaf etdirilməsi, şagirdlərin beynəlxalq qiymətləndirmə metodologiyalarına əsaslanan resurslarla təmin edilməsidir. Həmçinin, oxu bacarıqlarının formalaşdırılması və inkişafı yönündə valideynlərin biliyinin artırılması, şagirdlərin oxu prosesini təşkil edən tərəflərindən biri kimi onların bu prosesə fəal cəlb edilməsi, bu yöndə məktəb rəhbərlərinin fəaliyyət istiqamətlərinin genişləndirilməsi, həmçinin ictimaiyyətin diqqətini oxu bacarığının, mütaliə mədəniyyətinin formalaşdırılmasının vacibliyinə yönəltmək də əsas məqsədlər sırasındadır. Layihə çərçivəsində 4-cü sinifdə dərs deyən ibtidai sinif müəllimləri ilə “Oxu strategiyaları” adlı seminarlar təşkil edilib.

Bakı şəhəri daxil olmaqla, respublikanın digər şəhər və rayonlarının 204 ümumi təhsil məktəbinin 800-ə yaxın sinfində təhsil alan 18 615 nəfər 4-cü sinif şagirdi layihənin hədəf qrupuna daxildir.

2015-ci il ərzində ayda iki dəfə, dekabrda isə 4 dəfə seminar-dərslər təşkil edilib. Seminar-dərslər “Oxuyub anlama bacarıqları üzrə qiymətləndirmə vəsaiti”ndəki mövzular əsasında şagirdlərdə yazılı mətnlər üzərində sərbəst işləmə, söz ehtiyatının zəngiləşdirilməsi, oxu texnikasının artırılması yönündə layihə əlaqələndiriciləri tərəfindən interaktiv üsullarla tədris olunur. Seminar-dərslərin tədris ilinin sonuna qədər həyata keçirilməsi nəzərdə tutulur.

Şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişaf dinamikasını izləmək məqsədilə layihə müddətində yazılı qiymətləndirmələr aparılır. 4-cü sinif şagirdlərinin oxuyub-anlama bacarıqlarının ilkin vəziyyətinin müəyyənləşdirilməsi məqsədilə ötən ilin noyabr ayında diaqnostik qiymətləndirmə aparılıb. 2016-cı ilin yanvarında növbəti qiymətləndirmənin keçirilməsi planlaşdırılır.

Samirə ƏLİYEVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında