Söhbət iqtisadi rayonların texniki peşə təhsili şəbəkəsindən gedir
Avropada peşə təhsili müəssisələri ilə müxtəlif dövlət və qeyri-dövlət təşkilatları arasında səmərəli əlaqələr sahəsində təkmil sistem formalaşıb. Bu, peşə liseylərinə cəmiyyətin inkişafında fəal iştirak etməyə, baş verən dəyişikliklərə uyğun inkişaf istiqamətlərini müəyyənləşdirməyə imkan yaradır.Tərəfdaşlar isə ölkənin inkişafında xüsusi çəkisi olan peşə liseylərin və cəmiyyət üçün ixtisaslı kadr potensialının formalaşmasına yardım etmək imkanı qazanır. Həmin ölkələrdə nəinki məktəbyaşlı yeniyetmələrin, həmçinin yaşlıların, hərbi xidmətdən qayıdanların, mühacirlərin və fiziki cəhətdən qüsurlu insanların peşə hazırlığı nəzərdə tutulur. Əsas uğur şagirdlərin istehsalat təcrübəsi hesabına əldə edilir. Lisenziyalaşdırma zamanı kadr hazırlığı prosesinin dörddə-üçünün qeyri-auditoriyada təşkili, işəgötürənlə real sifarişin olması tələb edilir. Bir sözlə, öyrənməli cəhətlər çoxdur.
Ölkəmizdə ilk peşə məktəbi 1843-cü ildə Şəkidə açılıb. Orada ipəkçi ustalar hazırlanırdı. Bundan 52 il sonra Bakıda mexaniki inşaat sənət məktəbi yaradılıb. 1914-cü ildə artıq on sənət məktəbində 2400-dən çox şagird peşələrə yiyələnirdi. Böyük Vətən müharibəsindən sonra bu şəbəkə daha da genişləndi, artan tələbata uyğun yeni binalar tikildi, tədris-təcrübə bazaları möhkəmləndirildi.
Təəssüf ki, 1988-93-cü illərdə Azərbaycanda yaranmış mürəkkəb iqtisadi-siyasi şərait nəticəsində peşə təhsilinə münasibət heç də ürəkaçan olmayıb. Ənənələr pozulub, binalar qarət edilib və təcrübəli mühəndis-pedaqoji kadrlar dağılıb. Hətta bu təhsil sahəsinin gərəkliyini lazımınca qiymətləndirə bilməyənlər sistemin bütövlükdə ləğv olunmasını təklif edirdilər.
Lakin bütün bunlar arxada qalıb. Son illərdə bütövlükdə təhsil sistemimizdə olduğu kimi, onun peşə təhsili pilləsində də inkişaf hiss olunmaqdadır. 1996-cı ildə Nazirlər Kabineti "Azərbaycan Respublikasında peşə təhsili sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında" qərar qəbul edib. Bəzi məktəblərin bazasında liseylər yaradılıb. Elə həmin ilin sonunda YUNESKO-nun təşkil etdiyi "YUNEVOK" şəbəkəsi vasitəsilə Bakıda peşə təhsilinin inkişafına həsr olunmuş beynəlxalq seminar keçirilib və çoxlu təkliflər, arzular səslənib. İxtisaslı mütəxəssis və fəhlə kadrlarının hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılması zərurəti qeyd edilib. Nəhayət, 2007-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)" təsdiq olundu. Bu çox aktual və dəyərli dövlət sənədində texniki peşə təhsilinin hərtərəfli inkişafının konkret yolları aydın göstərilir. Məqsəd peşə təhsili sahəsində maddi-texniki bazanın möhkəmlənməsi, iqtisadi münasibətlərin formalaşması, idarəetmə və kadr hazırlığının təkmilləşməsi, peşə təhsilinin ictimai statusunun yüksəlməsi və məzmununun müasir tələblər səviyyəsində yeniləşməsidir.
Proqramın qəbulundan ötən müddətdə Təhsil Nazirliyi səviyyəsində xeyli iş görülüb. Xüsusi olaraq Fəaliyyət Planı təsdiqlənib və icrası ciddi nəzarətə götürülüb.
Nazirliyin Avropa Komissiyası ilə birgə həyata keçirdiyi "Peşə təhsili və təlim sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası" layihəsi çərçivəsində işlər görülməyə başlanıb. Yeri gəlmişkən, bu yaxınlarda keçirilmiş konfransda nazir Misir Mərdanov və həmin layihənin rəhbəri xanım Ann Kastis sistemin mahiyyətindən və bu sahədə görüləcək işlərdən ətraflı bəhs ediblər. Qazanılan uğurlar, mövcud problemlər, perspektivlər nəzərə çatdırılıb.
KNAUF şirkəti ilə də birgə layihələr həyata keçirilir. Ötən tədris ilində ölkəmizdə 108 peşə-ixtisas təhsili müəssisəsi fəaliyyət göstərib, 25201 şagirdin peşə hazırlığı ilə 3700 nəfərlik mühəndis-pedaqoji heyət məşğul olub. Bəs, Dövlət Proqramının icrası ilə bağlı yerlərdə həyata keçirilən tədbirlər qaneedicidirmi? Bu qeydləri hazırlayarkən cənub bölgəsindəki bir neçə liseyin və peşə məktəbinin vəziyyəti ilə tanış olduq.
Biləsuvar peşə liseyi şəhərin mərkəzində, Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan lisey-məktəb kompleksinin yaxınlığında yerləşir. 1975-ci ildə 146 saylı TPM kimi yaradılıb. Amma 90-cı illərin burulğanı bu məktəbə də ciddi zərbə vurub, onu diqqət və qayğıdan kənarda qoyub. Yaxşı ki, son illərdə burada işlər tədricən yaxşılaşmağa başlayıb.
Liseyin binası ikimərtəbəli, səliqəlidir. Təmir edilib, yeni avadanlıq alınıb. Burada 9 kabinet var. Liseyin yeni direktoru Teymur Poladovun dediyinə görə, müqavilələrə əsasən, şagirdlər Biləsuvar baytarlıq-diaqnostika kabinetində, "Aqroservis" və "Məişət xidməti" SC-lərdə istehsalat təcrübəsi keçir və geniş profilli traktorçu-maşinist, təmirçi çilingər, modelçi-dərzi, baytarlıq operatoru, qaynaqçı-çilingər ixtisaslarına yiyələnirlər. Son vaxtlar Təhsil Nazirliyi ilə "Azərsun Holdinq" Şirkətlər Qrupu arasında əməkdaşlıq layihəsi çərçivəsində razılaşmaya əsasən, əmək bazarı ehtiyaclarına uyğun kadr hazırlığının tənzimlənməsi yönümündə birgə fəaliyyətə start verilib.
Masallının Bədəlan kəndində, uyğunlaşdırılmış binalarda yerləşən orta texniki peşə məktəbi Nazirlər Kabinetinin məlum qərarı ilə 1996-cı ildə peşə məktəbi statusu alıb. Əvvəllər burada çaybecərən ustalar, inşaatçı-dülgərlər, avtoçilingərlər hazırlanırdı. İndi biçici, tikişçi, traktorçu, elektrik qaz qaynaqçısı, kompyuter üzrə operator, tomat və tərəəvəz konservləri hazırlayan usta və digər ixtisaslı kadrlar hazırlanır.
Məktəbin direktoru Reyhanxanım Xəlilova 1997-ci ildən bu vəzifədədir. Onun rəhbərliyi altında 35 nəfər mühəndis-pedaqoji işçi çalışır. Dediyinə görə, məktəbin müəyyən uğurları da, çətinlikləri də var. Mövcud tədris bazası hazırlanan peşələr üzrə plan və proqramların tələblərinə cavab vermir. Yalnız birinci korpusda vəziyyət nisbətən qənaətbəxşdir. Yataqxana, yeməkxana, dörd ailəli yaşayış binası var. 1986-cı ildən mövcud olan maşın və mexanizmlərin isə texniki vəziyyəti yaxşı deyil. Bütün bunlarla bərabər, biz də şahidi olduq ki, məktəbdə daxili intizam güclüdür, şagirdlərin dərsə davamiyyəti normaldır. Hər il bir pedaqoji işçi ixtisasartırma kursuna göndərilir. Son vaxtlar məktəbə çoxlu sayda yeni ədəbiyyat gətirilib. Təhsil Nazirliyi kollegiyasının qərarı ilə "Sənətkar" jurnalının 40 illik yubileyi ərəfəsində ilk peşə təhsili müəssisələrinin işçiləri arasında "Ən yaxşı məqalə müəllifi" kimi məktəbin istehsalat təlimi ustası Əmsal Şahbazov 2-ci yeri tutub. Bu il daha iki kompyuter dəsti verilməklə İKT-nin sayı 7-yə çatdırılıb. Nazirlik tərəfindən məktəbə ixtisaslar üzrə 2 min manatlığa qədər əyani vəsait və plakatlar verilib. Cari təmir işləri görülüb. Ötən il Masallı peşə məktəbində nazirliyin keçirdiyi yoxlamadan sonra burada müəyyən kadr dəyişikliyi edilib, çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görülüb. Lakin qrupların sayının və dərs saatlarının azaldılması müəyyən çətinliklə müşayiət olunur. Cənub bölgəsində turizmin sürətli inkişafı bu sahədə ixtisaslı kadrlara olan tələbatı xeyli artırıb. Bunu nəzərə alaraq, Lənkəran peşə liseyində yeni ixtisasın incəliklərini öyrənmək, təcrübə mübadiləsi aparmaq məqsədilə Qəbələ rayonundakı peşə liseyi ilə birgə tədbirlər görülüb. Liseyin direktoru bildirdi ki, yeni ixtisasın tədrisi üçün burada uyğunlaşdırılmış kabinet hazırlanıb.
Bu lisey peşə məktəbi kimi 1969-cu ildə yaradılıb. Vaxtilə Lənkərandakı üç TPM-dən biri olub. Lakin 1993-cü ildə Əlikram Hümbətovun tərəfdarları binanı zəbt edərək bərbad hala salıblar. Yataqxana binası xüsusilə yararsız vəziyyətə düşüb. Hazırda 328 şagirdin təhsil aldığı, 33 müəllimin və 19 ustanın çalışdığı liseyin əsaslı təmirə ehtiyacı var.
Göytəpə şəhərində kompleks binada yerləşən Cəlilabad peşə liseyinin direktoru Təhmasib Baxşıyev söhbət zamanı dedi ki, əvvəlki gur dövrlərdəki kimi olmasa da, lisey fəaliyyətini uğurla davam etdirir. Burada 8 qrup var. Avtomobil çilingəri, geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər, meliorasiya üzrə traktorçu, yük avtomobili sürücüsü kimi peşələr öyrədilir. Bundan başqa, ödəniş əsasında mühasib və fərdi kompyuter operatoru ixtisaslarına da yiyələnmək mümkündür. Peşə təhsili ocağının mühəndis-pedaqoji kadrları öz işini sevən təcrübəli mütəxəssislərdir. Liseyin binası hər il cari təmir edilir, amma əsaslı təmirə ehtiyac duyulur.
Öyrəndiyimizə görə, Cəlilabad, Yardımlı və Lerik peşə məktəblərinin də əsaslı təmirə, ya da yeni binalara ehtiyacı var.
Dövlət Proqramında da göstərildiyi kimi, sosial-iqtisadi infrastrukturun qurulmasında mühüm önəm daşıyan TPT sistemində şəbəkənin optimallaşması üçün müəyyən tədbirlər görülsə də, mövcud vəziyyət bir çox hallarda müasir tələblərə cavab vermir. Maddi-texniki bazanın təzələnməsi xüsusilə vacibdir. Regionların hərtərəfli tərəqqisi ixtisaslı işçi qüvvəsi probleminin əmək resursları baxımından və yerli xüsusiyyətləri nəzərə almaqla həllini qarşıya qoyur.
{nl}
Əli NƏCƏFXANLI, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.