“Siyasi iqtisad: müasir problemlər və perspektivlər”

Dekabrın 22-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Siyasi iqtisad: müasir problemlər və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Tədbir “Siyasi iqtisad” elminin yaranmasının 400 illiyinə həsr olunub.

Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, ulu öndərin və görkəmli oftalmoloq alim Zərifə Əliyevanın abidələri önünə gül dəstələri düzüblər.

Rusiyanın və Azərbaycanın görkəmli iqtisadçı alimlərinin iştirak etdikləri konfrans UNEC-də davam etdirilib.  UNEC rektoru, professor Ədalət Muradov bildirib ki, bu tip beynəlxalq konfranslara ev sahibliyi etməsi universitetin tədqiqat yönümlü universitet olması istiqamətində həyata keçirdiyi addımlardan biridir. Mövcud kadr potensialı onu deməyə əsas verir ki, UNEC tədris müəssisəsi olmaqla yanaşı, həm də tədqiqat universitetinə çevrilmək iddiasında olan ali təhsil ocağıdır.

Siyasi iqtisad elminin yaranma tarixindən danışan rektor qeyd edib ki, qlobal iqtisadiyyatdakı mövcud problemlər siyasi iqtisada marağı daha da artırıb. Son dövrlərdə dünyada baş verən iqtisadi böhranlar fonunda postsovet ölkələrinin iqtisadi çağırışları iqtisadçıları yeni bir paradiqma axtarışına sövq edib. Ekonomiksə alternativ olaraq irəli sürülən yanaşmalardan biri də məhz siyasi iqtisaddır. Ə. Muradov ölkədə manatın devalvasiyasına da münasibətini bildirib və qeyd edib ki, neqativ təsirlərin minimuma endirilməsi üçün daxili bazarın idxal mallarından qorunması təklif edilir. Biz iqtisadçılar da Azərbaycanın gələcəyinin daha da parlaq olması istiqamətində səylərimizi əsirgəməyəcəyik. Hesab edirəm ki, bugünkü konfrans iqtisadiyyat elminin inkişafına öz töhfəsini verəcək və bizim siyasi iqtisad sahəsində postsovet məkanında tanınmış alimlərlə əməkdaşlığımızı daha da genişləndirəcək.

Sonra Moskva Beynəlxalq Universitetin professoru Georgi Nikolayeviç Tsaqolov və Q.V.Plexanov adına Rusiya Dövlət Universitetinin İqtisadi Nəzəriyyə Elmi Məktəbinin rəhbəri, professor Qalina Petrovna Juravlyovaya UNEC-in “Fəxri doktor”u diplomları təqdim edilib.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Siyasi iqtisad kafedrasının professoru, Beynəlxalq Siyasi İqtisad Assosiasiyasının koordinatoru Aleksandr Vladimiroviç Buzqalin “Siyasi iqtisad: qlobal kapitalizmin tədqiqat potensialı” mövzusunda məruzə edib. Alim bildirib ki, iqtisadi problemlərin aradan qaldırılması üçün onları yaradan səbəblərin təhlil edilməsi vacibdir. Bu prosesləri tədqiq edən bir sıra beynəlxalq assosiasiyalar fəaliyyət göstərir. Qloballaşmaya inkişaf etməkdə olan ölkələrdə mənfi münasibət bəslənildiyini vurğulayan görkəmli iqtisadçı qeyd edib ki, inkişaf etmiş sənaye ölkələrinin elmi və ictimai dairələrində bu proseslər, adətən, pozitiv baxımdan dəyərləndirilir. Lakin son vaxtlar bu proseslərə tənqidi mövqedən yanaşanların da sayı artmaqdadır.

Beynəlxalq konfransda Moskva Beynəlxalq Universitetin professoru Georgi  Tsaqolov “Yeddinci formasiya” mövzusunda, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov isə “Milli sərvət, maddi istehsal, dəyər və iqtisadi inkişaf strategiyaları” mövzularında məruzə ediblər.

Konfrans panel və seksiyalarda “Klassik siyasi iqtisad: inkişaf perspektivləri və tədrisi”, eyni zamanda “Müasir Azərbaycanın iqtisadi sistemi: inkişaf yolları və məqsədləri” mövzularının müzakirəsi ilə davam edib.

Elnarə ÖMƏROVA


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında