Azərbaycanda elm və təhsilin inkişafı dövlət siyasətinin əsas prioritetlərindəndir

Xalqımız noyabr ayının 9-da Dövlət Bayrağı Gününü böyük təntənə ilə qeyd etdi. Havanın sərt və soyuq olmasına baxmayaraq, böyüklü-kiçikli minlərlə insan küçə və meydanlara çıxaraq tariximizə yenicə daxil olmuş bu gözəl bayramı bir-birindən rəngarəng tədbirlərlə rövnəqləndirdilər. Həmin gün ölkəmizdə daha bir əlamətdar hadisə də baş verdi. Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaq keçirildi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev AMEA-nın yubiley iclasında geniş nitq söyləyərək alimlərimizin fədakar əməyinə yüksək qiymət verdi, elm adamlarının qarşısında duran vəzifələrdən danışdı. Dedi ki, “Azərbaycan Milli Elmlər Akademiyası ölkəmizin intellektual potensialının möhkəmlənməsinə çox dəyərli töhfələr vermişdir. Kadr hazırlığı işinə də dəyərli töhfələr vermişdir. Bu gün də Azərbaycan Milli Elmlər Akademiyası ölkəmizin ümumi inkişafında fəal rol oynayır, alimlər öz elmi araşdırmalarını apararaq ölkəmizin gələcək inkişaf dinamikasını sürətləndirirlər”.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə dövlətimizin başçısına müraciət edərək dedi: “İcazə verin, ilk növbədə, dərin məzmunlu nitqinizə görə Sizə bütün Azərbaycan alimləri adından təşəkkürümü bildirim. Müəyyən etdiyiniz hədəflər, qaldırdığınız problemlər və qarşıya qoyduğunuz vəzifələr bizim gələcək fəaliyyət proqramımızın əsasını təşkil edəcək. Sözsüz ki, bütün bunları gerçəkləşdirmək üçün bizə mövcud potensialımızla yanaşı, kreativ düşüncəyə malik gənclər, yeni texnologiyalara və innovasiyalara yiyələnməyə qadir insanlar, maddi-texniki bazamızın müasir tələblər səviyyəsinə qaldırılması və bir sıra sosial problemlərimizin həlli gərəkdir. Əminəm ki, Akademiyaya göstərdiyiniz diqqət və qayğı sayəsində bunların hamısı həyata keçiriləcəkdir. Bir daha Sizə dərin təşəkkür və minnətdarlığımı bildirirəm”. 

Yubiley yığıncağında qeyd olundu ki, qədim sivilizasiyanın əsas məskənlərindən olan Azərbaycanda uzun əsrlərdən bəri folklor, ədəbiyyat, fəlsəfə, incəsənət, riyaziyyat, etika, coğrafiya, fizika, kimya, tibb və sair elm sahələri bir-biri ilə qarşılıqlı əlaqədə inkişaf edib. Bugünkü Milli Elmlər Akademiyası əsrlər boyu inkişaf etmiş və püxtələşmiş Azərbaycan elminin varisidir.

Azərbaycan Elmlər Akademiyası qədim və zəngin ənənələr əsasında 1945-ci ilin mart ayında yaradılıb.    Azərbaycan elminin ənənələrini davam etdirən Elmlər Akademiyasının ilk üzvləri bütün ömürləri boyu yüksək fədakarlıqla elmə xidmət ediblər. Onların adlarını bir daha səsləndirərək böyük hörmətlə hər birinin parlaq xatirəsini yad etmək yerinə düşər. Unudulmaz dahi Üzeyir bəy Hacıbəyli, Mirəsədulla Mirqasımov, Səməd Vurğun, Yusif Məmmədəliyev, Aleksandr Qrossheym, Heydər Hüseynov, Mustafa Topçubaşov, İosif Yesman, Mirzə İbrahimov, Mikayıl Hüseynov, Şamil Əzizbəyov, Mirəli Qaşqay, Sadıq Dadaşov, Ələşrəf  Əlizadə, İvan Şirokoqorov və başqaları. Bu adlar elmimizin tarixinə qızıl hərflərlə yazılıb.

Akademiya inkişaf etdikcə onun sovet və dünya elminə töhfələri, respublika qarşısında duran problemlərin həllindəki rolu da artırdı. Yetmiş il ərzində Azərbaycan alimləri çoxlu sayda elmi nailiyyətlərə imza atıblar. Onların şərəfli əməyi layiqincə qiymətləndirilib, Azərbaycan alimləri yüksək dövlət mükafatlarına, müxtəlif orden və medallara layiq görülüblər. Bu proses — alimlərimizin əməyinin qiymətləndirilməsi, onların mükafatlandırılması bu gün də davam edir. 

 Azərbaycan Elmlər Akademiyasının 70 illik tarixində ən parlaq mərhələ 1970-1985-ci illəri əhatə edən dövrdür. Akademiya tarixinin bu mərhələsi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Bu dövrdə Azərbaycan Elmlər Akademiyasında neft və qaz yataqlarının kəşfi, işlənməsi, mürəkkəb geoloji mühitlərdə dərin qazmanın elmi problemlərinin həlli, həmçinin kimyanın, neft-kimya sənayesinin inkişafı üçün xammal bazasının, kimya texnologiya komplekslərinin yaradılması, coğrafi, geoloji və geofiziki tədqiqatlar, filiz və qeyri-filiz, həmçinin digər faydalı qazıntı yataqlarının tədqiqi, energetika, mexanika, fizika, riyaziyyat, astronomiya, informatika sahələrində mühüm əhəmiyyətə malik tədqiqatların aparılması, nüfuzlu elmi məktəblərin yaradılması və s. istiqamətlərdə nailiyyətləri qeyd etmək olar.

Ötən əsrin 90-cı illərinin əvvəllərində AMEA-nın həyatında çətin, mürəkkəb və dramatik bir mərhələ başlandı.  SSRİ-nin dağılması, ənənəvi dövlət və ictimai institutların iflasa uğraması, dərin iqtisadi böhran, hüquqi vakuum Akademiyanın üzləşdiyi problemlərin yalnız bir qismi olmuşdu. Həmin dövrdə Elmlər Akademiyasını cəmiyyətin gözündən salmaq kampaniyası, totalitarizmlə mübarizə adı altında İttifaq strukturlarının ləğvi kimi onu da bağlamaq cəhdləri vəziyyəti daha da kəskinləşdirmişdi.

Xoşbəxtlikdən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dahiyanə siyasəti sayəsində Elmlər Akademiyası öz  bütövlüyünü qoruyub saxlaya bildi. Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi xalqın özünə və gələcəyinə inam hissini qaytarmaqla, tarixi yaddaşımızda milli ideallara fədakarcasına xidmətin nümunəsi kimi qalacaqdır. İki faktı qeyd etmək kifayətdir. Azərbaycan iqtisadiyyatının ən çətin dövründə UNESCO çərçivəsində dahi Məhəmməd Füzulinin 500 illiyinin və möhtəşəm Azərbaycan eposu “Kitabi-Dədə Qorqud”un 1300 illiyinin böyük təntənə ilə qeyd edilməsi, əslində, Heydər Əliyevin azərbaycançılıq məfkurəsinə xidmətin nümunəsi kimi xalqımıza onun milli-mənəvi irsinin qaytarılması yolunda çox böyük rol oynadı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər ərzində başqa sahələrdə olduğu kimi, akademik elmdə də nailiyyətlər və uğurlar əldə olunub. Möhtərəm Prezident İlham Əliyevin elmin inkişafı ilə bağlı qəbul etdiyi qərarlar sırasında “2009-2015-ci illərdə Azərbaycan Respublikasında elmin inkişafı üzrə Milli Strategiya” və 2012-ci ilin dekabr ayında xüsusi fərmanla təsdiq etdiyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf  Konsepsiyası mühüm yer tutur. Bu sənədlər qloballaşma prosesinin və informasiya cəmiyyətinin qarşıya yeni hədəflər qoyduğu bir mərhələdə xalqı dövrün çağırışlarına cavab verməyə səfərbər edir.

Son dörd ildə AMEA institutlarının xarici görkəmi əsaslı şəkildə dəyişib, həm də islahatlar proqramlarının böyük qismi gerçəkləşdirilib. Gözəlləşmiş akademiya şəhərciyinə xüsusi rövnəq verən Elmi Kitabxananın və Milli Ensiklopediyanın yeni binalarının qısa zamanda tikilib istifadəyə verilməsi ölkəmizdə elmin inkişafına dövlət tərəfindən yüksək diqqət və qayğı göstərildiyinə əyani sübutdur. Dörd il əvvəl möhtərəm Prezidentimiz İlham Əliyevin akademiyaya gəlişi zamanı qaldırılmış  məsələlərin bir çox öz həllini tapıb, bəziləri də reallaşmaq üzrədir.

Hazırda AMEA-da həyata keçirilən islahatların mühüm istiqamətlərindən birini elm və təhsilin inteqrasiyası təşkil edir. Milli Elmlər Akademiyası ənənələrə sadiq qalaraq, elm və təhsilin inteqrasiyasına ciddi diqqət yetirir. İndi AMEA institutlarında müxtəlif universitetlərin kafedralarının onlarca filialı fəaliyyət göstərir. Akademiyanın çoxsaylı üzvləri və yüzlərlə alimi təhsil prosesində yaxından iştirak edirlər.

Akademiyanın tarixində ilk dəfə olaraq magistratura təsis olunub və doqquz ixtisas üzrə magistrantların qəbulu keçirilib. Elmi institutların ali məktəblərlə sıx əməkdaşlığı — akademik fəaliyyətin strateji xətti müəyyənləşdirilib. Akademiyanın kollektivi öz şərəfli yubileyinə əliboş gəlməyib, dəyərli elmi əsərlər və monoqrafiyalar hazırlanıb. Bu əsərlərin nəşrini akademiya tarixinin müvafiq mərhələlərdə fəaliyyətinin bir növ yekunu hesab etmək olar. Həmin nəşrlər içərisində biri — “Azərbaycan Milli Elmlər Akademiyası simalarda”  kitab-albomu xüsusilə diqqətəlayiqdir. Burada 70 il ərzində öz əməyi ilə respublika elminin nailiyyətlərini artıran şəxsiyyətlərin fəaliyyəti əks olunubdur. Bu, AMEA-nın  tarixidir. 

Yığıncaqda çıxış edən təhsil naziri Mikayıl Cabbarovun fikrincə, istənilən dövlətin inkişaf səviyyəsini yüksək dəyərli məhsul yarada bilən insanlar müəyyən edir. Həmin prosesdə elm, təhsil və iqtisadiyyatın birliyi inkişafın təməl prinsipini təşkil edir.

Elm və təhsilin əlaqələri haqqında elmi ədəbiyyatda, təhsilşünaslıqda kifayət qədər danışılmış, bütün elmlərin bünövrəsinin təhsillə qoyulduğu ideyası hər zaman dəstəklənmişdir. Təhsilsiz elm, elmsiz təhsil ola bilməz. Onu da qeyd edək ki, ölkəmizin müxtəlif ali təhsil müəssisələri və elmi təşkilatlarında 33 mindən çox mütəxəssis çalışır. Onlardan 11 mindən çoxu fəlsəfə doktoru, 2500 nəfəri isə elmlər doktorudur. Alimlərimiz müxtəlif sahələrdə tədqiqatlar aparır və elmin inkişafını təmin edirlər. Onlar tərəfindən təkcə 2014-cü ildə 249 dərslik, 267 monoqrafiya hazırlanmış, impakt-faktorlu elmi jurnallarda 322 məqalə dərc edilmişdir.

Bir qayda olaraq, cəmiyyət bu və ya digər elmi kəşfin əhəmiyyətini yalnız onun yekun məhsulda tətbiqini gördükdən sonra anlayır. Bu mənada, elm və ali təhsil sahəsində özündə elmi biliyi, kreativliyi və sahibkarlığı birləşdirən startapların əhəmiyyəti cəmiyyətdə hələ də axıradək tanınmayıb. Dünya təcrübəsi göstərir ki, məhz startaplar elmin, təhsilin və iqtisadi fəaliyyətin ən uğurlu inteqrasiyası formatı kimi çıxış etməklə, elmlə təhsilin müasir tələblərə uyğunlaşdırılmasının ən optimal yoludur. Hazırda Təhsil Nazirliyi ölkənin 2 aparıcı universitetində startapların başlanması üçün iş aparır.

Elm və təhsilin əlaqəsindən söz açanda bir vacib məsələyə də toxunmaq lazımdır. Təhsil Nazirliyi AMEA-nın elmi-tədqiqat institutları nəzdində ali təhsilin magistratura səviyyəsi üzrə kadr hazırlığını həyata keçirmək barədə təşəbbüsünü dəstəkləmiş, 2015-2016-cı tədris ilində Milli Elmlər Akademiyasının İnstitutlarına 9 ixtisas üzrə 19 nəfər magistraturaya qəbul edilmişdir. Təhsil Nazirliyi burada tədrisin ali təhsil müəssisələrində olduğu kimi, vahid dövlət standartları əsasında təşkilinə dəstək verməyə, lazımi tədris-metodik köməklik göstərməyə həmişə hazırdır.

Qarşıda duran ümumi istək və vəzifələrdən irəli gələrək təhsil naziri yığıncaqda Milli Elmlər Akademiyasını, onun institutlarını “Elmdən təhsilə” adlı məqsədli proqramın işlənib hazırlanmasına dəvət etdi. Bu proqram çərçivəsində Elmlər Akademiyası sistemində çalışan alimlər ölkənin ən yaxşı ali təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələrə fənləri  daha yaxşı tədris edib, elmlə təhsilin daha dərin inteqrasiyasına töhfə verəcək, toplanmış elmi biliklərin gələcək nəsillərə ötürülməsinə imkan qazanacaq, elmi potensialı olan istedadlı tələbələri vaxtında aşkar etməyə nail olacaqlar.

Elm və təhsildə nəsillərarası güclü əlaqəni təmin etmək bu gün qarşıda duran ən mühüm vəzifədir.  Dövlət başçısının 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təsbit olunan strateji istiqamət və hədəflər təhsilin XXI əsrin çağırışlarına uyğun inkişaf meyillərini gücləndirir. Strategiyada ümumi təhsilin tam orta təhsil səviyyəsində tədrisin təmayüllər üzrə aparılması, istedadlı gənclər üçün xüsusi proqramların hazırlanması nəzərdə tutulur ki, bu da gələcəkdə elmi kadrların hazırlanmasına birbaşa xidmət edəcəkdir. Bu hədəflərə çatmaq məqsədilə Təhsil Nazirliyi 2015-2016-cı tədris ilindən tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblərin şəbəkəsinin genişləndirilməsi barədə qərar qəbul etmişdir.

Ümumi təhsil sahəsində istedadlı gənclərin aşkar olunması, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən 2012-ci ildən başlayaraq “Sabahın alimləri” adlı müsabiqə keçirilir. Bu tədbir dünyada ən nüfuzlu müsabiqələrdən biri olan və hər il ABŞ-da 70-dən çox şagirdin iştirakı ilə keçirilən İntel Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində təşkil olunur. Əgər 2014-cü ildə müsabiqədə 102 şagird iştirak etmişdisə, 2015-ci ildə bu rəqəm 204-ə çatmışdır.

Ölkəmizdə yüksək ixtisaslı kadr potensialının, o cümlədən yeni nəsil elmi-pedaqoji kadrların formalaşmasında xaricdə təhsil almağı nəzərdə tutan Dövlət Proqramının müstəsna rolu var. Son üç ildə xaricə göndərilən tələbələrin seçimində üstünlük ali təhsilin magistratura, rezidentura və doktorantura səviyyələrinə verilir. Söz yox ki, ali təhsilin bu səviyyələrini bitirən gənclər gələcəkdə Azərbaycan elminin inkişafına da öz layiqli töhfələrini verəcəklər.

Hazırda ümumi təhsil pilləsində təfəkkürün inkişafını ehtiva edən yeni məzmun yaradılır. Buna görə də dərslik hazırlığının keyfiyyətini yüksəltmək lazımdır. Akademiyanın, universitetlərin alimləri təhsil proqramlarının təkmilləşdirilməsinə, müasir dərslik və digər tədris resurslarının yaradılmasına öz töhfələrini verməlidirlər. Təhsil Nazirliyi bu istiqamətdə alimləri daha fəal olmağa çağırır.

Telman ƏLİYEV,
“Xalq qəzeti”

 


 

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında