Bilik Fondu beynəlxalq şagird konfransı keçirir

Elizabet Porçxidze: Cənubi Qafqaz oğuzların və gürcülərin Vətənidir

Dünən AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Kitabi-Dədə Qorqud” və “Henrix Fridrix fon Dits-200” mövzusunda beynəlxalq şagird konfransı keçirildi. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu tərəfindən təşkil olunmuşdu. Tədbirdən öncə iştirakçılar ulu öndər Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət etdilər.

Azərbaycanın bütün şəhər və rayonlarından, eləcə də bir sıra xarici ölkələrdən (Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan və İsrail) gəlmiş iştirakçılar AMEA Mərkəzi Elmi Kitabxanasının dördüncü mərtəbəsində məktəblilərin “Kitabi-Dədə Qorqud” mövzusuna həsr olunmuş rəsm sərgisi ilə tanış oldular.

Konfrans Azərbaycanın Dövlət himni ilə açıldı. Giriş sözü ilə çıxış edən Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov bildirdi ki, “Kitabi-Dədə Qorqud” və Henrix Fridrix fon Dits-200” layihəsi fond tərəfindən 2014-cü ilin dekabrından həyata keçirilir. Məqsəd bu qədim sənət abidəmizi ölkədə və xaricdə lazımınca təbliğ etməkdir. Layihə çərçivəsində

30 yanvar 2015-ci ildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Bakı Slavyan Universiteti ilə birlikdə beynəlxalq kollekvium keçirilib, burada Prezident İlham Əliyevə müraciət qəbul olunub. 20 fevral 2015-ci ildə Prezident İlham Əliyev tərəfindən “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalanıb. Sərəncama uyğun olaraq, fevral ayında AMEA Nəsimi adına Dilçilik İnstitutu ilə birgə “Kitabi-Dədə Qorqud” saz və söz işığında" adlı elmi konfrans, noyabrda Nizami adına Ədəbiyyat İnstitutu ilə birgə “Epos və etnos” beynəlxalq simpoziumu, Bilik Fondunun “Kitabi-Dədə Qorqud”un izi ilə” layihəsi çərçivəsində Beyləqan, Xocavənd, Qax, Zaqatala rayonlarında alim, tələbə və şagird konfransları keçirilib.

Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyinin əməkdaşı Sərraf Hüseynov dövlət müşaviri, akademik Kamal Abdullanın, eləcə də Təhsil Nazirliyinin nümayəndəsi Gültəkin Hüseynova nazir Mikayıl Cabbarovun tədbir iştirakçılarına salam və təbriklərini çatdırdılar. Hər iki çıxışda ümummilli lider Heydər

Əliyevin, eyni zamanda, Prezident İlham Əliyevin “Kitabi-Dədə Qorqud” dastanlarının təbliği və təşviqi ilə bağlı daim maraqlandıqları, bununla əlaqədar bir sıra sərəncamlar imzaladıqları qeyd edilirdi. Heydər Əliyev 1997-ci ildə dastanların 1300 illiyinin qeyd edilməsi haqqında sərəqcam imzalayıb. 2000-ci ildə isə Prezident İlham Əliyevin Bakıda Dədə Qorqudun heykəlinin ucaldılması və “Dədə Qorqud dünyası” tarixi-etnoqrafik kompleksinin yaradılması haqqında sərəncamı olub.

AMEA Fəlsəfə və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadə belə bir konfransın gənc nəslin tərbiyəsində böyük rol oynadığını qeyd etdi. Onun sözlərinə görə, əgər gənclərimiz və məktəb yaşlı uşaqlarımız tariximizə, Dədə Qorqud şəxsiyyətinə bu qədər yüksək maraq göstərirsə, bu, onların vətənpərvərliyindən xəbər verir. Çünki Dədə Qorqud bu gün təkcə Azərbaycanı, türk dünyasını deyil, bütün dünyanı maraqlandırır. Onu tanımaq – özümüzü tanımaq deməkdir. Professor tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi.

Türkiyənin Anadolu liseyinin şagirdi Hüsnü Barak “Kitabi-Dədə Qorqud”un alman dilinə ilk tərcüməsinin və nəşrinin 200 illiyi tədbirlərinə dəvət olunduğuna görə təşəkkürünü bildirdi və qeyd etdi ki, onların təhsil aldığı liseydə də Dədə Qorqud Mərkəzi fəaliyyət göstərir. Burada dastanlarla bağlı ətraflı məlumat almaq mümkündür. Hüsnü fikirlərini “Biz bir millət, iki dövlətik” deyə yekunlaşdırdı və azərbaycanlı məktəbliləri Türkiyəyə dəvət etdi.

Moskvadakı 13 saylı gimnaziyanın tələbəsi Mariya Voroşilova belə bir konfransda iştirakdan məmnun olduğunu, Bakının gözəlliyinə və qonaqpərvərliyinə heyran qaldığını, Azərbaycandan ən xoş təəssüratlarla ayrılacağını dedi.

Gürcüstanın Kutaisi şəhərindəki 18 saylı məktəbin nümayəndəsi Elizabet Porçxidze “Kitabi-Dədə Qorqud”un təkcə Azərbaycan deyil, həm də Gürcüstan, Qafqaz tarixi üçün böyük əhəmiyyət kəsb etdiyini bildirdi. Onun sözlərinə görə, bu dastanlarda Dmanisinin adı çəkilir, bu ərazi hazırda Gürcüstandadır. Gürcüstanın adı burada Baçaki kimi səslənir. Bu dastan sübut edir ki, biz burada birgə yaşamışıq. Cənubi Qafqaz oğuzların və gürcülərin Vətənidir.

Qəbələnin Nic qəsəbəsindəki orta məktəbin direktoru Sergey Dallari,  Dağıstanın Dərbənd şəhərindəki 6 saylı internat-məktəbin nümayəndəsi, Nardarandakı 295 saylı orta məktəbin şagirdi Həsən Ağayev, Naxçıvandakı 8 saylı orta məktəbin şagirdləri Suay və Suad Qasımlılar (bacı-qardaş) da iştirakçılara uğurlar arzuladılar.

Sonra “Kitabi-dədə Qorqud”la bağlı film nümayiş etdirildi. Ardınca isə şagirdlər dastanla bağlı məruzələrlə çıxış etdilər.

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında