“Elm günləri”nə start verilib

Noyabrın 11-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ümumdünya Elm Gününə və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illiyinə həsr olunan “Elm günləri”nə start verilib.

Universitetin rektoru, professor Ədalət Muradov bildirib ki, “Elm günləri” UNEC-də elmi tədqiqatların stimullaşdırılması məqsədilə atılan addımlardandır. Tədbirin, həmçinin AMEA-nn 70 illik yubileyinə həsr edildiyini vurğulayan rektor əlavə edib ki, bu münasibətlə UNEC-in gənc tədqiqatçı, magistrant və tələbələri arasında elmi məqalə müsabiqəsi elan edilib. Tədbirin sonuncu günü müsabiqəyə yekun vurulacaq və qaliblər mükafatlandırılacaq.

Rektor bildirib ki, UNEC-də elmi tədqiqatların aparılması və respublikanın qarşısında duran sosial-iqtisadi problemlərin həllində alimlərimizin fəal olması universitetin prioritetlərindəndir.

Ə.Muradov ötən dövr ərzində UNEC-də elmi-tədqiqat infrastrukturunun yaradılması istiqamətində atılan addımlardan danışıb. Bildirib ki, universitetdə bir neçə elmi-tədqiqat laboratoriyası yaradılıb. Bu, “İnkişaf iqtisadiyyatı”, “İslam iqtisadiyyatı” və “Avropa iqtisadiyyatı” laboratoriyalarıdır. İndi həmin laboratoriyalarda məhsuldar işləyə biləcək tədqiqatçıları seçirik və düşünürəm ki, buna nail olacağıq. “İnkişaf iqtisadiyyatı” laboratoriyası artıq bir tədqiqat layihəsinin icrasına başlayıb və bununla bağlı qrant qazanıb. Həmin layihə “Azərbaycan neftinin dünya bazar qiymətinin proqnozlaşdırılması” layihəsidir. Düşünürük ki, layihənin nəticəsini bir ildən sonra elmi ictimaiyyətə geniş təqdim edəcəyik.

UNEC-də elmi fəaliyyətin stimullaşdırılması yönündə atılan addımlardan söz açan rektor, ölkə ali təhsil müəssisələri arasında ilk dəfə differensial əməkhaqqı sisteminə keçiddən danışıb. Bildirib ki, yeni sistem müəllimlərin elmi tədqiqatlarına uyğun olaraq, əməkhaqlarına əlavələr edilməsinə şərait yaradır. Sistemə görə, müəllimin əməkhaqqı iki dəfə artırıla bilər.

AMEA-nın vitse-prezidenti, Əməkdar elm xadimi, akademik İsa Həbibbəyli ulu öndər Heydər Əliyevin Azərbaycan elminin inkişafındakı rolundan danışıb. Bildirib ki, ümummilli lider hələ Azərbaycana ilk rəhbərliyi dövründə xalqın ümumi intellektual səviyyəsini yüksəltmək üçün böyük işlər görüb.

Azərbaycan elminin qızıl dövrünün ulu öndərin rəhbərlik etdiyi dövrə təsadüf etdiyini deyən akademik, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin həmin siyasəti uğurla davam etdirdiyini vurğulayıb. Qeyd  edib ki, dövlət başçısının AMEA-nın 70 illik yubileyindəki çıxışı ölkənin bütün elm adamlarına göstərilən yüksək dövlət qayğısının nümunəsi idi.

AMEA-nın tarixinə qısa nəzər salan İ.Həbibbəyli akademiyanın inkişafında rolu olan alimlərdən danışıb. Qeyd edib ki, elm tarix boyu cəmiyyətin inkişafında mühüm rol oynayıb. Elmin öyrədilməsində müəllimlərin rolu əvəzsizdir – deyən akademik UNEC-də güclü professor-müəllim heyətinin olduğuna diqqət çəkib, gənc nəslin təlim-tərbiyəsi üçün yüksək səviyyədə mühit yaradıldığını bildirib.

Sonra UNEC-in İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu direktorunun müavini, professor Rövşən Quliyev “Elmin iqtisadi inkişafda rolu” mövzusunda məruzə ilə çıxış edib.

“Elm günləri” müasir cəmiyyətdə iqtisad elminin əhəmiyyəti barədə plenar iclaslarla davam etdiriləcək. İxtisas kafedralarında tematik “dəyirmi masa”lar, həmçinin tanınmış alimlərlə görüşlər və elmi mühazirələr də təşkil ediləcək.

Elnarə ÖMƏROVA


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında