Gənc müəllimlər and içdilər

Noyabrın 6-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ilk dəfə işə qəbul edilən gənc müəllimlərin andiçmə mərasimi keçirilib.

Universitetin rektoru, professor Ədalət Muradov bildirib ki, bu gün Azərbaycan təhsil sistemində ali təhsil müəssisələri arasında ilk dəfə olaraq UNEC-də Təhsil Nazirliyinin “Müəllimlərin etik davranış qaydaları”nın imzalanması mərasimi keçirilir. Müəllimlərin andiçməsinin düzgün qərar olduğunu vurğulayan rektor əlavə edib ki, müəllim Azərbaycan Respublikasının qanunları, öz vicdanı və  tələbələri qarşısında məsuliyyət daşıyır. Müəllim cəmiyyət və dövlətin maraqları naminə öz peşə fəaliyyətini keyfiyyətlə yerinə yetirməyə borcludur. O, hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır.

“Bu gün UNEC-in müəllimlər ailəsinə 16 gənc pedaqoqu qəbul edirik, ” – deyən rektor əlavə edib ki, onların nümunəvi  müəllim olmasını arzulayırıq. Rektor həmçinin bildirib ki, UNEC-in arzuların universiteti olması üçün gənc müəllimlər çiyinlərinə ağır və şərəfli vəzifə götürürlər. Onların bu müqəddəs vəzifəni layiqincə yerinə yetirəcəklərinə inanıram.

Ötən il UNEC-ə 121 gənc müəllimin cəlb edildiyini bildirən Ə.Muradov yeni tədris ilində bu rəqəmin 20-yə yaxın olduğunu vurğulayıb. Bu gün UNEC-in ilk dəfə işə qəbul edilən 16 gənc müəllimi and içir və biz əminik ki, onlar peşəkar müəllim heyətimizin təcrübəsindən bəhrələnərək qarşıya qoyduğumuz hədəflərə çatmaqda əllərindən gələni əsirgəməyəcəklər.

Təhsil naziri Mikayıl Cabbarovun and içən gənc müəllimlərə təbrikini Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov çatdırıb. Bildirib ki, ölkədə ilk dəfə həyata keçirilən müəllimlərin işə başlayarkən andiçməsinin UNEC-də baş tutması təsadüfi deyil. S.Gözəlov Qafqazın ən böyük iqtisadyönümlü ali təhsil ocağı olan universitetin bu gənc müəllimlər sayəsində dünya səviyyəli bir universitetə çevriləcəyinə inandığını bildirib. Müəllimlərə pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb.

UNEC-in professoru Marifə Hacıyeva bu tədbirin müəllimə olan etimadın artmasında rol oynayacağını bildirib. Azərbaycanın ilk and içən gənc müəllimlərini təbrik edən M.Hacıyeva təklif edib ki, müəllimlərin andiçməsi ənənəyə çevrilsin və bütün müəllimlərə şamil edilsin.

Sonra Azərbaycan Respublikasının dövlət himni səslənib. Gənc müəllimlər dövlət bayrağı altında Azərbaycan Respublikasının Konstitusiyasına əl basaraq, təntənəli surətdə and içərək andiçmənin yazılı mətnini imzalayıblar. Andiçmənin mətni müəllimin şəxsi imzası ilə onun şəxsi işində saxlanılacaq.

Elnarə ÖMƏROVA


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında