Azərbaycanın ilk qəza məktəbi
1828-ci il fevralın 10-da İranla Rusiya arasında imzalanan Türkmənçay sülh müqaviləsindən sonra Şimali Azərbaycanın təhsil sahəsində də kobud və ağır müstəmləkə siyasəti açıq-aşkar özünü göstərməyə başlamışdı.
Gülüstan sülhünə qədər Şimali Azərbaycanda ibtidai təhsil əvvəllər olduğu kimi, yenə də mollaxanalarda cəmləşmişdi. XIX yüzilliyin ən məşhur adamları məhz bu mollaxanalarda təhsil almışdırlar. Azərbaycanın elm, mədəniyyət, incəsənət və ədəbiyyat mərkəzi olan Şuşa da bu sahədə qabaqcıl yer tuturdu.
1801-ci ildə İbrahimxəlil xan tərəfindən məscid nəzdində təşkil edilmiş məktəb XIX əsrin altmışıncı illərinə kimi fəaliyyət göstərmişdi. Lakin Şimali Azərbaycanda işğal rejimi yarandıqdan sonra bir sıra qəzalarda, o cümlədən Şuşada da mədrəsələrdə milli təhsil sıxışdırılır və onların ənənələri gözdən salınırdı.
Qasım bəy Zakir, Məhəmmədəli bəy Məxfi, Mirzə Həsən Qarabaği, Mir Möhsün Nəvvab, Mirzə Ələsgər Növrəs, Xurşudbanu Natəvan, Abdulla bəy Asi, Mirzə Rəhim Fəna, Fatma xanım Kəminə, Molla Zeynalabdin Sahəri və onlarla başqaları bu mədrəsələrin yetirmələri idilər. Şuşa mədrəsələri təkcə din xadimləri yox, gələcəyin müəllimlərini, şairlərini də yetişdirmişdi.
Çar hökumətinin verdiyi fərmana görə, 1804-cü ildə qəbul olunmuş nizamnaməyə əsasən, Rusiyanın quberniya və qəza şəhərlərində gimnaziyalara şagird hazırlamaq məqsədi ilə qəza məktəbləri açıldı. 1828-ci ilə kimi bu məktəblər ikiillik, sonra isə üçillik oldu. Qəza məktəblərində ilahiyyat, rus dilinin qrammatikası, yerli əhalinin dili, hesab, həndəsə, coğrafiya, tarix, hüsnxətt, rəsm, rəsmxətt fənləri tədris olunurdu. İlk qəza məktəbi 1830-cu ildə Şuşada, sonralar Gəncədə, Naxçıvanda, Şəkidə və başqa şəhərlərdə yaradılmışdır. Bu məktəblərin açılmasında Rusiya imperiyasının yeganə məqsədi yerlərdə müstəmləkə siyasəti yeritməkdə ona kömək edə biləcək tərcüməçi-mirzələr, bir sözlə, "milli kadrlar" hazırlamaq idi.
1829-cu ildə "Zaqafqaziya məktəbləri barəsində nizamnamə" təsdiq edildi. Həmin nizamnaməyə görə, Azərbaycanın Şuşa, Gəncə, Şəki, Şamaxı, Quba, Bakı, Naxçıvan şəhərlərində təhsili rus dilində aparılacaq məktəblərin fəaliyyətə başlaması nəzərdə tutulurdu. Beləliklə, 1830-cu ildə ilk qəza məktəbi Şuşada açıldı. Yeni təşkil olunan ibtidai məktəblər, o cümlədən, Şuşa ibtidai qəza məktəbi üçsinifli idi. Bu məktəblərdə, əsasən, oğlanlar təhsil alırdılar.
Şuşada təşkil olunan ilk qəza məktəbində təhsil alanların sosial tərkibi müxtəlif idi. Buna baxmayaraq, azərbaycanlıların sayı ildən-ilə artırdı. 1874-cü ildə bu məktəbin bazası əsasında şəhər məktəbi yaradıldı. Buranı bitirənlərdən bir çoxları - Firudin bəy Köçərli, Səfərəli bəy Vəlibəyov və başqaları sonralar Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasına daxil olmuşdular.
Artıq Şuşa qəza məktəbinin təsis olumasından 180 il keçir. Məktəb müxtəlif illərdə tarixdə öz silinməz izini qoymuşdur. Sovet dövründə məktəb yeddiillik, səkkizillik və orta məktəb kimi fəaliyyət göstərmişdir. İndi isə özünün qaçqınlıq həyatını yaşayır və yüksək təhsil ənənələrini davam etdirir. Məktəb 180 il ərzində yüzlərlə elm, mədəniyyət və incəsənət xadimi yetişdirmişdir.
Biz bu əlamətdar yubileylə bağlı həmin məktəbin varisi olan Şuşa şəhər 1 nömrəli orta məktəbin keçmiş tarixinə yenidən nəzər salırıq. Bu məktəbə iyirmi beş il rəhbərlik etmiş Mərdan Əliyevi, Ağa Kazımovu, Gülarə Məmmədovanı, Kamilə Əliyevanı, Manaf Qədirovu, Şəmsə Hacıyevanı, Əjdər Musayevi, Bilal Ələkbərovu, Firuzə Əlişovanı, İsrafil Əlişovu, Rüstəm Zeynalovu, Yaqub Quliyevi, Tovuz Abbasovanı, Zəhra Məmmədovanı, Camal Bəylərovu, Sona Ələkbərovanı, İsmayıl İsmayılovu və başqalarını böyük hörmətlə yad edirik.
1992-ci ilin mayında Şuşa Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunandan sonra məktəbimiz didərginlik taleyi yaşayır. Lakin fədakar müəllimlərimiz Azərbaycanın ilk sivil məktəbini yaşadırlar.
Məktəbimizdə bu gün təhsil alan şagirdlərin heç biri Şuşanı görməyib. Biz hər gün doğma Şuşa haqqında, şəhərimizin şanlı tarixi, əsrarəngiz təbiəti haqqında şagirdlərə geniş məlumat veririk. Məqsəd Şuşa haqqında, Qarabağın tarixi barədə şagirdlərə zəruri məlumatlar verməkdir. Ədəbi-bədii tədbirlərimizin, demək olar ki, böyük əksəriyyəti Qarabağ sevgisinə həsr olunur.
Təhsil sahəsində ümumbəşəri dəyərlər kollektivimiz tərəfindən dəqiq icra olunur. Həyata keçirilən islahatlar və araşdırmalar pedaqoji prosesdə müasirləşdirilmiş sistem əsasında uğurla tətbiq olunur. Müəllimlərimiz qabaqcıl pedaqoji iş üsullarından və təcrübədən bacarıqla istifadə edirlər. Yaxşı bilirik ki, hər bir ölkənin milli təhsil sisteminin əsas vəzifələrindən biri xalqın adət və ənənələrini, milli dəyərlərini, bir sözlə, onları inkişaf etdirməkdən, qoruyub saxlamaqdan ibarətdir.
Müasir dövrdə Azərbaycan təhsili biz müəllimlərin qarşısında təxirəsalınmaz vəzifələr qoyur. Təhsil haqqında yeni qanun kollektivimiz tərəfindən hərtərəfli öyrənilir. Bilirik ki, təhsil islahatı dövlətimizin milli təhsil sahəsində siyasətinin tərkib hissəsidir. Məktəbimizin pedaqoji kollektivi bundan sonra da təlim-tərbiyə sahəsində qarşıda duran vəzifələri layiqincə yerinə yetirəcək, şərəfli yubileyi layiqincə qarşılamaq üçün səy və bacarığını əsirgəməyəcək.
Hazırda məktəbimizdə 96 nəfər şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 39 nəfər müəllim məşğuldur. Müəllimlərimiz öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Əməkdar müəllim Aidə Süleymanova, Sevil Babayeva, Şükufə Rəhimova, Məlahət Babayeva, Sədaqət Mirzəyeva, Mirvari Rüstəmova, Naimə Əliyeva, Bahar Kərimova, Almaz Həsənova, Natella Əşrəfova, Həqiqət Nağıyeva, Nigar Hacıyeva, Məlahət Ələsgərova, Məmləkət Əliyeva, Sevil Məmmədova, Sevil Əbdülova, Qərənfil Məhərrəmova, Xuraman Həsənova, İlduzə Hüseynova və başqaları 30 ildən artıqdır ki, şuşalı şagirdlərin təlim-tərbiyəsi ilə məşğuldurlar.
Son 5 ildə məktəbimizin XI siniflərini 69 nəfər şagird bitirmiş və onlardan 29 nəfəri ali məktəblərə qəbul olmuşdur. Məktəbimizin yetirməsi olan Fəxri Bağırov öz təhsilini Malayziyada davam etdirir.
Yubiley mərasimi ilə əlaqədar məktəb rəhbərliyi tədbirlər planı tərtib etmiş və yeni dərs ilinin əvvəllərindən həyata keçirilir. Sinifdən və məktəbdənxaric işlər üzrə təşkilatçı Natella Əşrəfova, gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər Anar Quliyev indiyə kimi şagirdlərin iştirakı ilə yaddaqalan tədbirlər həyata keçirmişlər. Yubileyi ölkənin təhsil ictimaiyyəti də layiqincə qeyd edəcəkdir.{nl}
Yunis HÜSEYNOV, Şuşa şəhər 1 №-li orta məktəbin direktor müavini, tarix elmləri üzrə fəlsəfə doktoru
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.