Azərbaycan təhsilinin bütün sahələri dövlət qayğısı ilə əhatə olunmuşdur

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının
ən öncül istiqamətlərindən biridir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 


 

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev  Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş 12 oktyabr tarixli iclasında milli təhsilimizin inkişafı üçün dövlətin lazım olan bütün addımları atdığını söylədi: “Baxmayaraq, xərclərimiz, təbii ki, azalır, ancaq biz sosial infrastrukturun yaradılmasına bu il də kifayət qədər böyük vəsait ayırmışıq.Bu vəsait hesabına 9 ayda ölkədə 34 məktəb, 26 uşaq bağçası, 11 tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib. Bu da bizim niyyətimizi, siyasətimizi göstərir. Çünki dəfələrlə demişəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Buna görə, sosial sahə gələn il də prioritet sahə kimi diqqət mərkəzində olacaqdır”. Prezidentin bu fikirləri dövlətin təhsil sisteminə göstərdiyi qayğı və diqqətin təzahürüdür. 

Nazirlər Kabinetinin iclasında çıxış edən təhsil naziri Mikayıl Cabbarovun səsləndirdiyi arqumentlər isə ölkənin təhsil ictimaiyyətinin dövlətin qayğısına cavabı kimi qiymətləndirilirdi: “2013-cü ildə təsdiq olunmuş “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın prioritet istiqamətləri üzrə tədbirlərin həyata keçirilməsinə başlanmışdır. Bunlardan biri müəllimlik peşəsinin ictimai nüfuzunun yüksəldilməsidir. Heç bir təhsil sisteminin gücü onun tərkibində fəaliyyət göstərən müəllimlərin gücündən üstün ola bilməz. Yüksək ictimai status daha bilikli və hazırlıqlı insanların bu peşəni seçməsinə stimul yaradır. Bu baxımdan, cənab Prezident, Sizin siyasi iradənizlə mürəkkəb iqtisadi şəraitdə “Müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” imzalanan sərəncam ölkəmizdə insan kapitalının inkişafına yönəlmiş cəsarətli və uzaqgörən addım olmuşdur. Sərəncama əsasən, diaqnostik qiymətləndirmədən keçən 30 min müəllimin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı 2 dəfə artırılmışdır".

Zaqatala rayonunun təhsil ictimaiyyəti də dövlətin bu sahəyə ayırdığı qayğı və diqqəti daim yüksək qiymətləndirmiş, ölkə təhsilinin inkişafına özünəməxsus töhfələr verməyə çalışmışdır. Qətiyyətlə deyə bilərik ki, təmsil etdiyimiz rayon təhsil şöbəsi   hörmətli nazirimiz Mikayıl Cabbarovun və Zaqatala Rayon İcra  Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin hərtərəfli dəstəyi ilə öz nailiyyətlərini gündən- günə artırır. Bu barədə rayon təhsil  işçilərinin ənənəvi sentyabr konfransında əhatəli şəkildə söz açılmışdır.  Sentyabrın 3-də rayon Mədəniyyət Mərkəzində keçirilən konfransa təhsilə dövlət qayğısından bəhs edən filmin nümayişi ilə başlanılması da həmin məsələyə verdiyimiz önəmin göstəricisi idi.   “2014-2015-ci dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr” mövzusunda  səsləndirilən məruzədə  isə qeyd edildi ki, yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan təhsilinin uğurlarının günü-gündən artmasının, inkişaf etməsinin və dünya təhsilinə qovuşmasının təməlində ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş siyasi kurs və bu kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır.

Konkret faktlarla əsaslandırdıq ki, son illər təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Struktur dəyişiklikliyi, yeni idarəçilik sistemi, müəllimlərin işə qəbulu qaydalarında şəffaflığın təmin olunması, təlimat və qaydaların yenidən işlənməsi təhsilin keyfiyyətinin yüksəlməsinə xidmət edir. Təhsilin dövlət siyasətimizin mühüm tərkib hissələrindən olduğunun sübutudur ki, ölkəmizdə təhsilin bütün mərhələləri gündən-günə müasirləşdirilir. Bütün məktəblər informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilir, yeni təlim texnologiyaları tətbiq olunur, pedaqoji kadr hazırlığı daim diqqət mərkəzində saxlanılır, uzaq kəndlərə işləməyə göndərilən müəllimlərə çoxsaylı güzəştlər edilir və sairə. Bir sözlə, dövlət başçımızın qarşıya qoyduğu “neft kapitalının insan kapitalına çevrilməsi” tapşırığının reallaşdırılması istiqamətində zəruri olan bütün addımlar atılır.

Xatırladım  ki, ötən dərs ilində rayonda 67 ümumtəhsil məktəbi, 14 ümumi orta, 4 ibtidai məktəb, həmçinin 41 məktəbəqədər və 5 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərib. Məktəb binalarından 53-ü birtipli layihə əsasında tikilib, 14 məktəb isə uyğunlaşdırılmış binalarda yerləşdirilib. Bu məktəblərdə təhsil alan 16 min 110 nəfər şagirdin təlim-tərbiyəsi ilə 2 min 745 müəllim məşğul olub. Dövlətin və rayon rəhbərliyinin dəstəyi ilə  təhsil müəssisələrinin yeni dərs ilinə hazırlığı istiqamətində lazım olan bütün tədbirlər həyata keçirilib.  Məsələn, Dövlət Proqramının icrası çərçivəsində — yəni, dövlət vəsaiti hesabına  Yuxarı Tala kənd 2 saylı tam orta məktəb binasının tikintisi başa çatdırılıb, Yengiyan kənd məktəbinin binasında  tamamlama işləri aparılıb, Kebeloba kənd məktəbi əsaslı  şəkildə təmir olunub.  Ancaq istənilən səviyyəli yeni məktəb binası mükəmməl dərsliklər olmadan şagirdə heç nə verə bilməz. Bu məsələni daim diqqət mərkəzində saxlayan nazirlik rəsmiləri Zaqatala məktəblərinin  bütün dərslik və dərs vəsaitləri ilə təmin olunması üçün  bizim bütün təklif və təşəbbüslərimizi müsbət cavablandırıb.  Belə ki, 2006- - 2015-ci illəri əhatə edən “Dərsliklə təminat proqramı”na əsasən  yeni dərs ili ərəfəsində rayonun məktəblərinə 87 adda 66 min dərslik paylanılıb.

Əlbəttə, şagirdlərə verilən tərbiyənin və təhsilin nəticəsini dərhal gözləmək mümkün deyil. Çünki məktəbin əsas vəzifələrindən biri mükəmməl vətəndaş yetişdirməkdir. Hansı məzunun  necə vətəndaş olduğunu isə zaman göstərəcək. Ancaq fəaliyyətimizin nəticələrini dərhal göstərən amillər də vardır. Bu, məzunlarımızın ali və orta ixtisas məktəblərinə qəbul zamanı qazandığı göstəricilərdir.  Bu gün iftixarla deyə bilərəm  ki, həmin göstəricilərimiz  ürəkaçandır. Builki qəbul imtahanlarında   ali məktəblərə sənəd vermiş 520 məzundan 357 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında Əliabad qəsəbə 1 saylı tam orta məktəbin məzunu Asya Mahmudova ən yüksək nəticə - 700 bal toplayıb. Bundan əlavə, 15 məzun 600-dən, 40 məzun isə 500 baldan yuxarı nəticə göstərib. Rayon məzunlarının son beş ildə ali məktəblərə qəbul imtahanlarında göstərdiyi nailiyyətlərin çox maraqlı müqayisəsi vardır. Məsələn, 2011-ci il məzunlarımızdan 245 nəfəri tələbə adını qazanmışdısa, 2015-ci ildə həmin göstərici 357 nəfər olub. Xarici ölkələrin ali məktəblərinə qəbul olunanların sayında isə beş ildə 150 faiz artım var. Əgər 2011-ci ildə 20 məzunumuz xaricdə oxumaq hüququ qazanmışdısa, sonuncu qəbul imtahanında həmin göstərici 50 nəfər olub. 

Bundan  başqa, biz   rayon üzrə sonuncu qəbul imtahanlarında hansı məktəbin daha yüksək nəticə əldə etdiyini müqayisə edən cədvəl hazırlamışıq. Orada göstərilir ki, son qəbul imtahanlarında şəhər 3 saylı tam orta məktəbin məzunlarından 45 nəfər ali məktəb tələbəsi adını qazanıb. Həmin məktəbin məzunlarından iki nəfər - Nicat Quliyev və Dilarə Həsrətova orta məktəbi qızıl medalla bitiriblər. Yaxşı göstəricidir.  30 məzunu tələbə adını qazanmış şəhər 2 saylı tam orta məktəbin üstünlüyü isə  ondadır ki, bu məktəbin məzunlarından 9 nəfəri xaricdə təhsil almaq imkanı qazanıb. Bu sahədə uğur əldə edən məktəblər arasında  kəndlərdəki təhsil müəssisələrimiz də vardır. Məsələn, Tala kənd 2 saylı və 3 saylı tam orta məktəblərin hərəsinin 14 məzunu, Suvagil kənd 1 saylı tam orta məktəbin isə 11 məzunu tələbə adını qazanıb.

Təbii ki, bütün bunlar müəllim əməyinin nəticəsidir. Rayonumuzun müəllimlərinin əməyini yüksək qiymətləndirən dövlət başçımızın sərəncamı ilə ötən tədris ilinin yekunlarına görə, akademik Zərifə Əliyeva adına Lisey və Humanitar Fənlər Gimnaziyası “Ən yaxşı ümumtəhsil məktəbi”, bir müəllim  “Ən yaxşı müəllim” respublika müsabiqələrinin qalibi adını qazanıb, iki müəllim  “Tərəqqi” medalına, bir müəllim isə “Əməkdar müəllim” adına layiq görülüb. Ümumiyyətlə, son illər rayonumuzun müəllimlərindən 7 nəfəri “Əməkdar müəllim» fəxri adına, 8  nəfəri “Tərəqqi” medalına, 16 nəfəri isə “Qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülüb.

İnamla deyə bilərik ki, təhsil müəssisələrinin təmirində, onların maddi-texniki bazasının möhkəmləndirilməsində, eləcə də təhsillə bağlı bütün problemlərin həllində dövlət başçımızın daimi qayğısını görmüşük. Məktəblərə göstərilən daimi qayğıya və diqqətə görə pedaqoji kollektivlərimiz adından Prezident İlham Əliyevə, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya  dərin minnətdarlığımızı bildiririk. Biz, dövlət rəsmilərimizi əmin edirik ki, bundan sonrakı fəaliyyətimizdə də respublika rəhbərliyinin qarşıya qoyduğu vəzifələrin, İslahat Proqramının , yeni təhsil Qanununun, Təhsilin İnkişafı üzrə Dövlət  Strategiyasının həyata keçirilməsi üçün daha böyük əzmkarlıqla çalışacağıq.

Habil QURBANOV,
Zaqatala Rayon Təhsil Şöbəsinin müdiri,
YAP rayon təşkilatının sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında