Turizm sahəsində təhsilin keyfiyyətinə diqqət artırılır

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) ali təhsil ocağının sosial tərəfdaşı sayılan “Turizmin İnkişafına Kömək” İctimai Birliyinin dəstəyi ilə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirlilən “Azərbaycanda turizm təhsilinin keyfiyyətinin yaxşılaşdırılmasına kömək” layihəsi çərçivəsində tədbir keçirilmiş və daha bir ilkə imza atılmışdır.

“Azərbaycanda turizm təhsilinin keyfiyyətinin yaxşılaşdırılmasına kömək” layihəsinin müzakirəsi zamanı Azərbaycan Turizm və Menecment Universitetinin tədris işləri üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Aslanov bildirmişdir ki, universitet 10 illik fəaliyyəti ərəfəsində öz ənənəsinə sadiq qalaraq daha bir ilk yeniliyə—"ATMU Kataloqu"na imza atır. Belə ki, “ATMU Kataloqu”nun tərtib edilməsində başlıca məqsəd layihənin adından da göründüyü kimi ali məktəblərdə turizm təhsilinin keyfiyyətini artırmaqdan ibarətdir. Azərbaycanın universitetləri üçün pilot layihə sayılan kataloqun tərtibində ATMU-nun təcrübəli əməkdaşlarının təklif və rəylərinə, o cümlədən xarici ölkə universitetlərinin çoxillik təcrübəsinə istinad olunmuşdur. E.Aslanov “ATMU Kataloqu”nun geniş  təqdimatı zamanı onu da qeyd etmişdir ki, bu toplu tədris ilinə uyğun zaman-zaman  yenilənmək şərti ilə davamlı nəşr olunacaqdır. Daxili prosedur və qaydaların əks olunduğu pilot kataloqun oxucu auditoriyası əsasən universitetə yeni qəbul olunan tələbə, müəllim və inzibati heyətdə çalışan əməkdaşlardan formalaşacaqdır.

Toplantıda qeyd edilmişdir ki, “ATMU Kataloqu” təxminən 50 səhifə olmaqla 8 bölmədən ibarətdir. Məruzəçi kataloqun bütün bölmələri haqqında ətraflı məlumat vermişdir. O bildirmişdir ki, birinci bölmə “Azəbaycan Turizm və Menecment Universiteti haqqında” adlanır və əsasən universitetin yaranma və fəaliyyət istiqamətinə, missiyasına, dəyərlərinə və əsas hədəflərinə həsr olunmuşdur. “Struktur və idarəetmə” adlanan ikinci bölmədə universitetin əsas struktur vahidləri kimi rektorluq, elmi şura, fakültələr, kadr hazırlığı aparılan ixtisaslar, kafedralar, şöbələr və mərkəzlər haqqında məlumat verilmişdir. Sonrakı, üçüncü bölmə tələbələr üçün universitetə giriş hesab edilən qeydiyyat məsələsinə həsr olunmuşdur. Bakalavriat, magistratura və doktorantura pillələrində təhsil alan şəxslərin qeydiyyatı, prosedurları ətraflı şərh  edilir. Kataloqun ən mürəkkəb bölməsi “Akademik siyasət” adlanır. 20 alt bənddən ibarət bu bölmədə təhsil alanın tədris prosesində qarşılaşdığı əsas akademik addımlar və hadisələr tək-tək mövcud qaydalar əsasında izah olunur. Təhsil illərinin ən həyəcan dolu günlərini əhatə edən “Qiymətləndirmə və imtahanların keçirilməsi” bölməsində çoxballı sistemdə tələbə biliyinin qiymətləndirilməsi, imtahan prosedurları və qaydaları, imtahanlara nəzarət, cavabların yoxlanılması və appelyasiya ilə bağlı məsələlər öz əksini tapır.

Bildirilmişdir ki, sonrakı “Tələbə həyatı” bölməsində isə təhsil alanların sosial həyatı, Tələbə-Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti və Tələbə Həmkarlar İttifaqının əsas funksiyaları, həmçinin bölmələr üzrə fəaliyyətləri barədə müfəssəl məlumat verilir. Universitetin beynəlxalq əlaqələrinin işgüzar coğrafiyası kontekstində tələbə mobilliyi, xaricdə təhsil, ikili diplom proqramları və s.,inkişaf tendensiyasından yararlana bilmək  imkanlarından yeddinci – “Beynəlxalq əlaqələr” bölməsində bəhs olunur. Nəhayət, sonuncu – səkkizinci bölmədə universitetin akademik təqvimi verilir. Tələbələr əsas istiqamətverici  tədris sənədinə əsasən, illik və semestr dərslərinin başlanılma, bitmə, aralıq, final və yekun dövlət imtahanlarının, o cümlədən istehsalat təcrübə və yay semestrinin nəzərdə tutulan  vaxt çərçivələrini dəqiqliyi ilə öyrənə bilərlər.

Azərbaycan Turizm və Menecment Universitetinin sosial tərəfdaşı sayılan “Turizmin İnkişafına Kömək” İctimai Birliyinin dəstəyi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən “Azərbaycanda turizm təhsilinin keyfiyyətinin yaxşılaşdırılmasına kömək” pilot  layihəsi çərçivəsində tərtib edilən “ATMU Kataloqu”nun bənd-bənd müzakirəsindən sonra bəzi qeydlərin əlavə edilməsinə münasibət bildirilmişdir.

“ATMU Kataloq”u bir neçə il əvvəl çap olunan “Tələbələr üçün yaddaş kitabçası” formasında tərtib edilmişdir.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında