Xalq yazıçısı Süleyman Rəhimovun uşaqlıq və ilk gənclik illəri sıxıntılı keçsə də, o, bu sınaqlara özünəxas mərdliklə sinə gərmiş, ötən əsrin 20-ci illərinin sonlarında Bakının qaynar ədəbi mühitinə qovuşaraq qısa bir zaman kəsimində Azərbaycan romanının banilərindən biri kimi şöhrət qazanmışdır.
S.Rəhimovun böyük şöhrət qazanmasında hələ 1929-cu ildə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alarkən yazmağa başladığı məhşur "Şamo" romanı çox mühüm rol oynamışdır. Böyük ədibin özünün də məxsusi vurğuladığı kimi, yazılması daxili bir tələb olaraq dincliyini əlindən alan "Şamo" mövzusu ən sonda yazıçının ömür kitabının, tale salnaməsinin çox möhtəşəm bir hissəsi olaraq 1974-cü ildə tamamlandı. Lakin bu axarda "Şamo" ədibin digər əsərlərinin də meydana gəlməsinə zəmin yaratdı.
Onun üç cildlik "Saçlı", yenə üç cildlik "Qafqaz qartalı", xalqımızın kəşməkəşli tarixini və mənəvi intibahını özündə ehtiva edən fundamental "Ana abidəsi", "Ağbulaq dağlarında" romanları böyük zəhmətin, gərgin bədii axtarışların bəhrəsidir. Yazıçının "Qüdrətov", "Gəlin qayası", "Arzu", "Ata və oğul", "Güzgü göl əfsanəsi", "Qızlar oylağında", "Aynalı", "Qardaş qəbri", "Medalyon", "Mehman", "Uğundu", "Mahtavan", "Kəsilməyən kişnərti" və s. roman, povest və hekayələri Azərbaycan ədəbiyyatının çox qiymətli inciləri kimi bu gün də yüksək bədii dəyərlərini qoruyub saxlamaqdadırlar.
Həyat həqiqətinə sona qədər sadiq qalan, həyat və sənət prinsiplərini heç zaman güzəştə getməyən S.Rəhimov görkəmli nasir kimi ayrı-ayrı nəzəriyyəçilərin müddəalarını deyil, həyatın dialektik məntiqini əsas götürürdü.
Bəziləri sənət aləminə romanla qədəm basmağı nadir bir istisna hesab etsə də, bu halda bunu təbii qəbul etmək lazımdır. S.Rəhimovun təfəkkürünün roman təfsilatına uyğunluğu, onu rahatsız edən mövzunun məhz bədii nəsrin iri formasını tələb etməsi diqqətdən kənarda qalmamalıdır. "Şamo" romanında geniq miqyaslı milli gerçəklik fərdi talelərdən keçirilərək dərk olunur. Belə əsərlərdə zaman və xalq qarşısında bədii cavabdehliyin meyarı da böyük olur.
Fikrimizcə, müasir romanda baxım müxtəlifliyi ilə yanaşı, fərdi təsəvvürlərin təkamülü də ehtiva olunmalıdır. Bu mənada "Şamo"nun nəhəng tarixi tablosunda təfərrüatların və ayrıntıların, çoxsaylı insan tiplələrinin, çeşidli fərdi düşüncələrin qatlaşması təbiidir. Ona görə ki, roman-epopeya olmaqla "Şamo"nun poetikası həyatın və düşüncənin nəhayətsiz axarına uyğundur. "Şamo"da varlıq intəhasızdır. İlk baxışdan belə təsəvvür də yaranır ki, bütün söylənilənlər də həyatın özü kimi mövcud imiş və yazıçıya isə yalnız onu qələmə almaq qalırdı.
"Şamo" təzadlı dövrün örnəyi olsa da, bir roman-epopeya kimi ictimai qatın milli gerçəklik faktını üstələməsinə imkan vermir. Azərbaycan kəndlisi XX əsrin kataklizmləri ilə üz-üzə gəlir, münasibətlərdəki patriarxal örtük götürülür, ictimai bütövlüyün dağılması ilə əlaqədar olaraq sınma baş verir. Məsələn, Azərbaycan kəndi öz milli hökumətinin qərarlaşmasına, harmonikləşməsinə mane olur. Bolşeviklərin milli hökuməti açıqca gözdən salmalarına biganəlik göstərir. Nəticədə sosial dayaqlardan məhrum olan milli gerçəklik xarici ekspansiyaya məruz qalır.
İnqilabi məzmun ekzotik səciyyə daşıdığına görə yaradıcı başlanğıca çevrilə bilmir. Romanda milli gerçəkliyin boyalarının əlvanlığı S.Rəhimonvun Azərbaycan kəndinə, onun psixologiyasına, arzu və ideyalarına, yaşam qaydalarına, əxlaqi-mənəvi varlığına dərindən bələdliyi ilə bağlıdır. Müəllif- "gözlərimlə gördüklərimi, bildiklərimi cəmləşdirib "Şamo"nun birinci variantını işlədim" -deməkdə tam haqlı idi.
"Şamo" romanı geniş epikliyə meyl etməsi, həyat hadisələrini hərtərəfli göstərməsi, çoxplanlılıq və monumentallığı ilə səciyyəvidir. Konkret tarixi zamanın vüsətini və sürətini incələmək "Şamo" romanının əsas pafosudur. "Şamo"nun konfliktinin əsasını ictimai münasibətlərdən doğan ziddiyyətlər təşkil edir. Bir-biri ilə çarpışan tərəflərin fonunda cəmiyyət həyatı bədii təhlil predmetinə çevrilir. Ona görə də "Şamo"nun problematikası ilə janrının poetikasının vəhdət təşkil etməsi təbiidir. "Şamo"nun ilk variantından sonra S.Rəhimov 30-cu illərin sonlarında yenidən bu romanın üzərinə qayıtmalı oldu. Lakin "bir balaca əl gəzdirməklə" çap etdirmək təklifinə ədib könül xoşluğu göstərmədi. Gərgin əmək, nəhayət, 1940-cı ildə öz bəhrəsini verdi, romanın yeni variantının irihəcmli birinci kitabı çapdan çıxdı. Bu, artıq sənətsevərlərin diqqətini yalnız mövzunun aktuallığına görə deyil, eyni zamanda, sənətkarlıq məziyyətlərinə görə cəlb etdi.
"Qaçırılan qız" fəsli ilə özünün "ekspozisiyası"na başlayan və getdikcə saysız-hesabsız hadisə və surətləri süjetinə qatan 5 cildlik bu roman müəllif ideyasını, ümumən onun bədii konsepsiyasını orijinal strukturda reallaşdırmaq baxımından ədəbiyyatımızda çox mühüm bir hadisə oldu. "Şamo" həm də ona görə epopeya miqyası alır ki, süjeti zaman-zaman genişlənir, kiçik dağ kəndi olan Şehlini bütün ölkə ilə bağlayır. Cəmi otuz evdən ibarət olan bu Şehli kəndində sevinci də, kədəri də hamı bir yerdə bölüşdürdüyü halda, son zamanlar baş verən parçalanma və "tərəfdaşlıq" hallarının səbəblərini sadə xalq anlaya bilmirdi. Nəticədə Hatəmxan, Turabxan kimi varlılar bir qütbdə, Alo, Afo, Qəmər, Qədir, Fərzəli, Şamo, Həsən kimi yoxsullar isə digər qütbdə dayanmalı oldular. Ona görə də Şehlidə adi bir qız qaçırılması əhvalatı mühüm ictimai-psixoloji məna kəsb edir. Yəni harın bir hampa oğlu olan Maronun Şamonun bacısını qaçırması sinfi bərabərsizlikdən doğan münasibətlərin təzahürü kimi dəyərləndirilir. Nəfsinin tələbi ilə hərəkət edən Hatəmxan oğlu Maro özü də hiss etmədən Safo ailəsini "heç Arazın da yuya bilməyəcəyi" namus yükü altında qoymuş və qız atasını "ya intiqam almaq, namus ləkəsini yumaq, ya da ölmək, torpağı qabartmaq" həddinə çatdırmışdır. İnsana hədsiz üzüntü gətirən romanın "nakam məhəbbət" dastanı nə qədər qəmli olsa da, həm də belə bir inam doğurur ki, dünya xali deyilmiş. Qoşa qəhrəmanların nakam məhəbbət dastanları tarixdən və ayrı-ayrı mənbələrdən bizə bəlli olsa da, XX əsrin keşməkeşli tarixində onların yenidən görünməsi və yüksək sənət yolu ilə Qəmər və Şamo obrazlarında canlandırılması S.Rəhimov qələminin qüdrətindən xəbər verir. Həm də belə bir qənaət doğurur ki, ən mənalı ömür məhəbbətlə keçən, saf sevginin təntənəsinin təsdiqinə sərf edilən ömürdür. Məhz bu zaman cismani ömrün qısa olması heç də qorxulu deyil. Çünki sevgililər məhəbbətə sədaqətləri ilə artıq mənəvi ömrə qovuşmuş, eşq yolunun əbədi müsafirinə çevrilmişlər.
Romanın əvvəlində tarix səhnəsində cərəyan edən hadisələrin əsl mahiyyətini anlaya bilməyən Kərbəlayı Hatəmxan səbəbkar axtarır. Onun fikrincə, bütün bu işlərin mayası Safo oğlu Şamodur. Xanimanının dağılmasında məhz onu günahkar bilir və Maroya "oğlum, Şamonu öldür" - deyə amansız bir tapşırıq verir. "Amansız" ona görə ki, Şamo tarixi şəraitin yetişdirdiyi, daha doğrusu onun dalğasında yaranan ictimai tip kimi həm də makromühitin tragik qəhrəmanı idi. Eyni zamanda epopeya qəhrəmanı kimi şəxsi taleyi ümuminin səadətinə bağlı idi. Deyilənlərə bu günün reallığı baxımından qiymət verdikdə aydın olur ki, S.Rəhimovun müəyyən fikirləri Kərbəlayı Hatəmxanın dilindən deyilsə də, indiki gerçəkliklə səsləşir. Bunu müəllifin ideyanı struktur planda reallaşdırmaq ustalığının nəticəsi kimi də yozmaq olar. Kərbəlayı Hatəmxan Yuxarı Zəngəzurda daşnak qoşunlarına qarşı "milləti-islam" səngərinin müqavimətsizliyinin səbəbini "bolşovoy dili ilə danışan", "Allah yolundan çıxan Safonun oğlu" Şamoda görür. Onun fikrincə, məhz Şamo inqilab savaşı saldı və "öz yuvasını, mənim xanimanımı alt-üst etdi". Burada "Allah yolundan çıxan" ifadəsi, kimin dilindən deyilməsindən asılı olmayaraq, o zaman cəsarət tələb edirdi. S.Rəhimov "Şamo"nun 1964-cü ildə çap etdirdiyi üçüncü cildinin birinci hissəsinin bir fəslini "Uğultulu külək" adlandırnmışdır. Bu, 1918-1919-cu illərin Bakısında cərəyan edən hadisələr və insanların qayğıları, onlara üzüntü gətirən proseslərin xarakteri ilə uyarlıq təşkil edir: Bakı küləyi aram bilmədən uğultu ilə əsir- deyən müəllif az sonra diqqəti başqa bir küləyə, bu dəfə şimaldan üzü bəriyə uğuldayıb gələn küləyə yönəldir. Daxili əzminə güvənən ədib əlverişli məqam tapan kimi, hətta mənfi obrazların dili ilə olsa da, tarixi həqiqətləri "dəbərdir", şimaldan gələn təhlükəni diqqət mərkəzinə çəkir, milli qeyrətin, vətəndaşlıq məsuliyyətinin mənəviyyata bağlı bir mahiyyət olduğunu nümayiş etdirir.
Müəllif aparıcı qəhrəman Şamonun xarakterini tale yollarının müxtəlif dönüm və döngələrindən keçirir, onun düşüncəsində, şüurunda əmələ gələn dəyişikliklərə mühüm əhəmiyyət verir. Şamo yazıçının realist qələminin gücü sayəsində hərtərəfli və mükəmməl işlənmiş canlı bir bədii xarakter, ləyaqəti uca tutan insan kimi diqqəti özünə çəkir. İnsan xarakterlərinin mənəvi-psixoloji mühitlə sintezinə meydan verən "Şamo" roman-epopeyasında konkret tarixi mərhələdə cəmiyyətin inkişafını müəyyənləşdirən mühüm siyasi hadisələr və xalqı ictimai mübarizə yoluna gətirib çıxaran səbəblər geniş bədii həllini tapmışdır.
Deyilənlərə əsasən belə bir ümumi nəticəyə gəlmək olar ki, yaradıcılıq taleyini Azərbaycan romanının inkişaf yolu ilə bağlayan S.Rəhimov məhz öz "Şamo"su ilə roman kimi mürəkkəb bədii struktura malik bir janrın zirvəsinə yüksəldi. Sənətinə son dərəcə ciddi yanaşan ədibin "Şamo"da nümayiş etdirdiyi poetik ustalıq heyranlıq duyğusu yaradır. Əsərin bədii strukturu elə tərtib edilib ki, burada cərəyan edən hadisələrin məzmunu və mahiyyəti müəllifin poetik qayəsi ilə üzvi surətdə bağlana bilir. Romanda gerçəkləşən bədii struktur aparıcı qəhrəmanın və onunla bağlı olan digər surətlərin daxili aləmini, zamanın ideologiyasını, obrazların psixologiyasını dolğun şəkildə ifadə edir. Tarixin zahirə çıxardığı problemlər geniş epik planda, tarixi-ictimai-siyasi olayların struktur təhlili fonunda açıqlanır.
{nl}
Himalay QASIMOV, filologiya elmləri doktoru, professor
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.