Məktəbəqədər təhsilin inkişafına böyük qayğı

Ötən ayın sonunda Moskvada YUNESKO-nun və Rusiya Federasiyası hökumətinin təşkilatçılığı ilə kiçikyaşlı uşaqların tərbiyəsi və təhsili məsələlərinə həsr edilmiş "Millətlərin sərvətinin yaranması" mövzusunda keçirilən Ümumdünya konfransında Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bildirmişdir ki, "tibb, pedaqogika, psixologiya və sosiologiya elmlərinin kəsişmə nöqtəsində aparılan araşdırmalar göstərir ki, əgər uşağa kiçik yaşlarında kifayət qədər qulluq göstərilməzsə, yaşlılar tərəfindən, ilk növbədə, öz valideynləri tərəfindən diqqət və məhəbbət göstərilməzsə, əldən verilmiş fürsətin əvəzini sonralar hətta ən əlverişli şəraitdə belə çıxmaq və bu proseslərin nəticələrini aradan qaldırmaq çox çətin olur".
Ölkəmizdə məktəbəqədər təhsil sisteminin müasir tələblər səviyyəsində qurulması, məktəbəqədər yaşlı uşaqların intellektual, fiziki və psixoloji inkişafı üçün lazımi şərait yaradılması, onların şəxsiyyətinin formalaşması və məktəbə hazırlanması işinin beynəlxalq standartlara uyğun təmin edilməsi məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyev 2007-ci ildə "Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramını (2007-2010-cu illər)" təsdiq etdi və bu sahədə uğurlu irəliləyişə start verildi. Bu gün məktəbəqədər tərbiyə müəssisələrində uşaqların yaşına, fərdi xüsusiyyətlərinə uyğun olaraq yeni texnologiyalardan, təlimin təşkili formaları və yollarından istifadə orada çalışan hər bir pedaqoji kadrdan xüsusi bacarıq, məharət tələb edir.
Binəqədi rayonundakı 266 saylı uşaq bağçasında məhz günün tələblərinə uyğun iş qurulduğundan burada təlim və tərbiyə alan uşaqlar orta məktəbin birinci sinfinə tam hazır gedirlər. Bağçanın müdiri Dilbər Səmədova bildirir ki, məktəbəqədər təhsilin məzmununun yeniləşməsi bu gün aktual problem kimi qarşıda durur və bu sahədə lazımi işlər görülür. Pedaqoji prosesin yüksək səviyyədə təşkili, təlim prosesinə yeni metod və priyomların, pedaqoji texnologiyaların tətbiqi və ənənəvi metodların yenidən qurulması təlimin keyfiyyətinin yüksəlməsinə xidmət edir. Məktəbəqədər tərbiyə müəssisələrimiz təhsil və təlim aparılmasında lazım və vacib olan təlim vəsaitləri ilə, uşaqların fəaliyyətlərini daha rəngarəng və maraqlı etmək məqsədilə həm savad təliminə, həm də ictimai həyat hadisələrinə aid test nümunələri ilə təmin edilirlər.
Bağçada müxtəlif yaş dövrlərini əhatə edən 11 qrup və bu qruplarda 350 uşaq təlim və tərbiyə alır. Bu təlim zamanı uşaqlar test kitabları, oyunlar, plakat dəstləri, metodik vəsaitlər, səsli nağıllar, oyun diskləri, "özün rənglə", plakat nağıllar, nağıllar kimi vəsaitlərdən istifadə edirlər. Yaş xüsusiyyətləri nəzərə alınmaqla uşaqları düşünməyə vadar edən, onların nitq və təfəkkürünü inkişaf etdirməyə, lüğət ehtiyatını zənginləşdirməyə xidmət edən savad təlimi, ətraf aləm, ictimai həyat hadisələri ilə əlaqədar testlər, bundan başqa inkişafetdirici tapşırıqlar- məşğələlər, oyunlar, sanamalar, təfəkkürü inkişaf etdirən mərhələli, bal sistemi ilə qiymətləndirilən 15 tapşırıq, diqqəti cəmləmək və onun həcmini artırmaq üçün, yaddaşın, nitqin inkişafına kömək edən, dünyanı dərk etmək üçün müxtəlif test tapşırıqları ayrı- ayrı qruplarda məşğələlər zamanı keçirilir. Ən maraqlısı isə müxtəlif riyazi anlayışları əhatə edən interaktiv oyunlar yazılmış audivizual oyun disklərindən uşaqların bacarıqla istifadə etmələridir.Bağçaya verilmiş üç kompyuter dəsti körpə balaların zehni inkişafına və yaddaşının möhkəmlənməsinə kömək edəcək. Uşaqlar bu kompyuterlər vasitəsi ilə müxtəlif düşündürücü nağıllarla tanış olurlar. Daha bir yenilik -şahmat dərnəyinin açılması burada tərbiyə alan fidanların mükəmməl yetişməsinə kömək edir. Bağçada fəaliyyət göstərən "Dilbərim" rəqs studiyasının üzvləri hər il Azərbaycan Dövlət Filarmoniyasında keçirilən "23 Nisan - çocuq bayramı"nda bir neçə milli rəqslə öz bacarıqlarını nümayiş etdirirlər.
Tək bircə bağçada gördüklərimiz onu deməyə əsas verir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva "Millətlərin sərvətinin yaranması" mövzusunda keçirilən konfransda haqlı olaraq demişdir: "Uşaqlığın ilk dövrü insanın həm mental, həm də fiziki inkişafının mühüm dövrüdür. Onun gələcəyinin təməli məhz bu dövrdə qoyulur..."

{nl}

Zərifə BƏŞİRQIZI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında