Təhsildə keyfiyyət göstəriciləri durmadan yaxşılaşmalıdır

Sumqayıt şəhər təhsil işçilərinin sentyabr konfransında ümumtəhsil məktəblərinin uğur ənənələrindən, eləcə də mövcud problemlərdən ətraflı bəhs edildi və qarşıda duran mühüm vəzifələr önə çəkildi.

Dövlət himninin səsləndirilməsi ilə başlayan konfransda təhsil şöbəsinin metodiki kabinetinin direktoru Sabir Məmmədov məruzə ilə çıxış etdi. O, keçən dərs ilinin yekunlarına və qarşıda duran vəzifələrə diqqəti cəlb etdi. Bildirildi ki, ötən dərs ili şəhərin təhsil sisteminin ölkə rəhbərliyi tərəfindən son illərdə ən güclü dəstək aldığı dövr kimi yadda qalıb. Hazırda aparılan yenilənmə işləri nəticəsində şəhər üzrə əsaslı təmir edilmiş məktəblərin sayı 16-ya çatacaq.

Vurğulandı ki, şagirdlərin biliyinin yoxlanması və qiymətləndirilməsi ilə bağlı təhsil müəssisələrində müəyyən iş aparılıb, bütün məktəblərdə monitorinqlər təşkil edilib və nəticələr təhlil olunub. Eyni zamanda, məzunların ali məktəblərə qəbul göstəriciləri şəhər üzrə geniş təhlil edilib, müvafiq reytinq cədvəlləri hazırlanıb. Buraxılış imtahanlarının yekunlarına uyğun olaraq şəhər üzrə 5 nəfər məzun qızıl medalla təltif edilib. Builki qəbul imtahanlarında isə şəhər ümumtəhsil məktəblərinin 133 nəfər məzunu 600-dən çox bal toplayıb. Onlardan 38 nəfərinin göstəricisi 650 baldan yuxarıdır.

Qeyd olundu ki, ötən dərs ilində şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinə həsr edilmiş tədbirlər, istedadlı şagirdlərin üzə çıxarılması ilə bağlı müsabiqələr, müxtəlif idman yarışları keçirilib. Məruzəçi onu da söylədi ki, əldə edilən uğurlarla yanaşı, bir sıra problemlər də mövcuddur. O, çatışmazlıqların yeni tədris ilində birgə səylərlə aradan qaldırılmasına ciddi səylər göstəriləcəyini bildirdi.

Sonra məruzə ətrafında çıxışlar oldu. Müəllimlər qabaqcıl təcrübələri barədə danışdılar. 11 saylı məktəbin direktoru, “Şöhrət” ordenli Əməkdar müəllim Ofelya Babayeva, 18 saylı məktəbin direktoru, Milli Məclisin deputatı Leyla Abdullayeva və digər çıxış edənlər ölkədə aparılan təhsil islahatlarından bəhs etdilər, təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün mühüm addımlar atılmasının zəruriliyini vurğuladılar. Valideynlər və yüksək balla tələbə adını qazanmış gənclər də ürək sözlərini söylədilər.

Təhsil Nazirliyinin məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov bildirdi ki, yeni tədris ilində 141 adda 4 milyon nüsxə dərslik çap olunub. Nazirlik rəsmisi Sumqayıtda təhsil sahəsində əldə edilən uğurlardan söz açdı, eyni zamanda, çatışmazlıqların da yolverilməz olduğuna diqqət çəkdi. Tədris planlarının hazırlanmasında nöqsanların olduğunu, eləcə də təhsillə bağlı normativ aktların məktəb rəhbərləri tərəfindən düzgün mənimsənilmədiyini bildirdi. O, bununla bağlı zəruri tövsiyələrini verdi.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin çoxminli təhsil ailəsini yeni dərs ilinin başlanması münasibətilə təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzuladı. O, bir zamanlar Sumqayıtın ölkə üzrə təhsil sahəsində böyük uğurlara imza atdığını və bu ənənələrin mütləq davam etdirilməli olduğunu qeyd etdi. Z. Fərəcov daha sonra dedi ki, şəhərin təhsil sistemi güclü potensiala malikdir, lakin bundan səmərəli istifadə olunmayıb. Təhsil ocaqlarının maddi-texniki bazası artan tələblərə cavab vermir. Şagird və müəllimlər üçün yaradılan şərait heç də ürəkaçan deyil. Yeni binaların, tədris korpuslarının tikilməsinə ehtiyac var. Ümumtəhsil məktəblərinin və uşaq bağçalarının rəhbərləri yol verilən nöqsanların tezliklə aradan qaldırılmasına çalışmalıdırlar. Pedaqoji ictimaiyyət neqativ hallara qarşı barışmaz olmalıdır. Şəhər rəhbərliyi də bu yöndə fəaliyyəti gücləndirəcək, məktəb kollektivlərindən dəstəyini əsirgəməyəcək. Çünki təhsil prioritet sahədir və millətin gələcəyini müəyyənləşdirir.

Daha sonra 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunan tələbələrə qiymətli hədiyyələr, qabaqcıl müəllimlərə isə Sumqayıt Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları təqdim edildi.

Tədbirdə həmçinin, 1, 11 nömrəli məktəblərə və “Təfəkkür” liseyinə Təhsil Nazirliyinin fəxri fərmanları, “İlin ən yaxşı müəllimi” adına layiq görülmüş təbiət elmləri təmayüllü gimnaziyanın müəllimləri Ulduz Quliyeva, Səbinə Orucova, İlahə Şəfiyeva və Həqiqət Abbasovaya vəsiqələr təqdim olundu.

Sonda konfrans iştirakçıları adından ölkə başçısı İlham Əliyevə müraciət qəbul edildi.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında