Təhsil Nazirliyində yeni təyin olunmuş məktəb direktorları ilə görüş keçirilmişdir

Sentyabrın 7-də Təhsil Nazirliyində Bakı şəhərində yerləşən ümumi təhsil məktəblərinə yeni təyin olunmuş direktorlarla görüş keçirilmişdir.

Nazirlikdən verilən xəbərdə bildirilir ki, artıq 2 ildir paytaxtın ümumi təhsil müəssisələrində rəhbər vəzifələrdə işləyən və ya gələcəkdə çalışmaq istəyən şəxslər üçün təlimlər təşkil edilir, təlimlərin yekun qiymətləndirilməsi aparılır.

2015-ci ilin mart ayınadək Bakı şəhəri istisna olmaqla, rayon və şəhərlərdə 229 ümumtəhsil məktəbinə, 2015-ci ilin sentyabr ayında isə Bakı şəhəri üzrə 24, digər şəhər və rayonlar üzrə 104 ümumtəhsil məktəbinə yeni direktor təyin olunmuşdur. Bununla, son bir ildə ölkə üzrə ümumtəhsil məktəblərinə yeni təyin olunan direktorların sayı 357 nəfərə çatmışdır. Qeyd edək ki, respublikamızın digər rayon və şəhərlərində ümumtəhsil məktəblərinə direktor seçimi müsahibə komissiyası tərəfindən aparılır.

Görüşdə təhsil naziri Mikayıl Cabbarov rəqabətli və şəffaf seçimdən keçərək direktor təyin olunmuş məktəb idarəedənlərini təbrik edərək, onlara böyük ümidlər bəsləndiyini qeyd etmişdir. Nazir bildirmişdir ki, tədris mühitinin şəffaf olması, təşəbbüskarlıq, idarəetmədə yeni vərdişlərə yiyələnmə və məktəbin cəmiyyətin vacib həlqəsi kimi rolunu dərk etmə yeni təyin olunmuş direktorlardan gözlənilən əsas keyfiyyətlərdir. Bunun üçün prosesə təhlil yolu ilə yanaşmaq və hər bir məktəbin qarşısında duran vəzifələri dəqiq müəyyən etmək lazımdır.

Təhsil sahəsində aparılan köklü islahatların əsas məqsədi məktəbin yetişdirdiyi məzun, formalaşdırdığı vətəndaşın bilik,  bacarıq və peşəkarlıq qabiliyyətini daha da artırmağa nail olmaqdır. Təhsildə baş verən yeniliklərin, aparılan islahatların gözlənilən nəticəni verməsi məktəb direktorlarının fəaliyyətindən bilavasitə asılıdır: “Qeyri-sağlam mühitdə sağlam vətəndaş formalaşa bilməz. Biz hazırlıqlı və layiqli vətəndaş yetişdirməliyik. Təhsilalanın, valideynin, ümumilikdə, cəmiyyətin fikri sizin fəaliyyətinizin nəticəsi olaraq formalaşır. Bunun üçün də ikitərəfli əlaqəyə, sağlam əsaslı valideyn komitələri vasitəsilə cəmiyyətlə yaradılan ünsiyyətə böyük ehtiyac var”.

Nazir son 3 ildə ölkə təhsilində akademik göstəricilərin xeyli yaxşılaşdığını, ali təhsil müəssisələrinə qəbulda orta balın əhəmiyyətli dərəcədə artdığını vurğulamışdır: “Bu, bizim tədris göstəricilərinə kifayət qədər diqqət etməyimizdən irəli gəlir. Məktəb şagirdi yalnız ali təhsil almağa deyil, həm də onu həyata hazırlamalı, vətəndaş kimi yetişdirməlidir. Bununla belə, təhsilalan yaşadığı dövrün çağırışlarını anlamalı və ona vətəndaşlıq mövqeyindən yanaşmağı öyrənməlidir. Hazırda bizim ən böyük problemimiz olan işğal olunmuş torpaqlarımızla bağlı məsələlər həm dərs, həm də dərsdənkənar fəaliyyətimizdə daim öz əksini tapmalıdır”.

Qeyd edək ki, 2014-2015-ci tədris ilində ümumi təhsil müəssisələrində rəhbər vəzifələrdə işləyən və ya gələcəkdə bu vəzifələrdə çalışmaq istəyən şəxslər üçün Təhsil Nazirliyi Dövlət İqtisad, Qafqaz və Xəzər universitetləri, həmçinin UNİCEF-lə əməkdaşlıqda 162 nəfərə təlim keçmişdir.

Samirə ƏLİYEVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında