Təhsilə qayğı öz bəhrəsini verir

Qazaxda təhsilə olan diqqət və qayğı öz bəhrəsini göstərir. Ali və orta ixtisas məktəblərinə daxil olanların, respublika fənn olimpiadalarında yüksək yer tutan şagirdlərin sayı durmadan artır. Müəllimlərin peşə hazırlığı diqqəti cəlb edir. Bütün bunlar onu göstərir ki, istər respublika, istərsə də rayon səviyyəsində təhsilin inkişaf etməsi üçün aparılan işlər məqsədyönlü, səmərəli və daimidir. Bir baxın, son on ildə  Qazaxda təkcə Heydər Əliyev Fondunun dəstəyi ilə 4, dövlət vəsaiti hesabına 18 məktəb binası tikilib istifadəyə verilmişdir. Nəticədə 7680-dən artıq şagirdin yeni tikilmiş və əsaslı təmir olunmuş məktəb binalarında təhsil alması təmin olunmuşdur.

Bütün bunlar barədə Qazaxda keçirilən müəllimlərin konfransında ətraflı söhbət açılmışdır.Qeyd olunmuşdur ki, 2015-ci ildə yeni dərs ilinə hazırlıqla bağlı daxili imkanlar hesabına  rayonun şəhər 1 nömrəli tam orta məktəbin dam örtüyündə təmir işləri aparılmış, şəhər 2 nömrəli tam orta məktəbin həyətinə hasar çəkilmiş, Kəmərli və Xanlıqlar kənd tam orta məktəblərinin binalarında təmir işlərinə başlanılmışdır.

“Ümumtəhsil məktəblərinin beşgünlük tədris həftəsinə keçirilməsi barədə” Təhsil Nazirliyinin əmrinə uyğun olaraq rayonun məktəblərində iş rejimi təkmilləşdirilmiş, 47 ümumtəhsil məktəbindən 45-i bir növbədə, 2-si isə iki növbədə  işləmişdir.Rayon üzrə 11329 nəfər şagirddən 254 nəfəri, yəni yalnız 2 faizi ikinci növbədə təhsil almışdır.

Ötən müddətdə təhsil sisteminin informasiyalaşdırılması sahəsində də müəyyən işlər görülmüşdür. Təhsilin informasiyalaşdırılması sahəsində Dövlət Proqramının icrası nəticəsində hazırda hər  20 şagirdə 1 kompüter düşür. Bundan əvvəl bu rəqəm 23 olmuşdur.Rayonun 26 məktəbi internet şəbəkəsinə qoşulmuşdur.

2014-2015-ci dərs ilində rayon təhsil şöbəsinin tabeliyində 34 tam orta, o cümlədən 1 məktəb-lisey, 6 ümumi orta, 7 ibtidai məktəb, 5 məktəbdənkənar müəssisə fəaliyyət göstərmişdir. Ümumtəhsil məktəblərində 11329 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1768  nəfər müəllim məşğul olmuşdur.

Artıq 7- ci ildir ki, I-VII siniflərdə dərslər kurikulum əsasında tədris olunur və yeni dərs ilindən  VIII siniflərdə də davam etdiriləcəkdir. Burada dərs deyəcək  204 müəllim təlim kurslarından keçmişdir.İl ərzində təhsil şöbəsi tərəfindən müəllimlərlə aparılan metodiki işin təşkilinə, şagirdlərin tərbiyəsi və hərtərəfli inkişafının real  vəziyyətinin öyrənilməsinə xüsusi diqqət yetirilmişdir.

Təhsil sahəsində aparılan yeniliklər, hər bir fənnin tədrisi ilə bağlı olan metodlar müəllimlərə çatdırılmışdır.Tədris planları, proqram və dərsliklərin məzmunu haqında müzakirələr aparılmışdır.Təhsilyanı şura və pedaqoji şuralarda fənn kurikulumları və qiymətləndirmə mexanizmlərinin tətbiqi vəziyyəti müzakirə edilmiş, seçmə yolla ayrı-ayrı siniflərdə  işləyən müəllimlərin nümunəvi dərsləri təşkil olunmuş, onların İKT bacarıqlarına yiyələnməsinə diqqət yetirilmiş və qarşılıqlı təcrübə mübadiləsi aparılmışdır. Müəllimlərin nümunə açıq dərsləri videolentə alınmışdır.

Bölmə iclasları və seminarlarda müəllimlərin qarşısında duran vəzifələr, ümumi təlim nəticələri və məzmun standartları, ümumi təhsilin hər bir pilləsində nəzərdə tutulan fənlər, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarı, pedaqoji prosesin təşkili, təlim nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi üzrə prinsiplər, həmçinin təhsil nazirinin 2 sentyabr 2013-cü il tarixli  əmri ilə təsdiq edilmiş  “Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti təlimat” geniş müzakirə edilmişdir. “Dəyirmi masa” və seminarlarda qiymətləndirmənin  mahiyyəti, əsas qiymətləndirmə növləri, qiymətləndirmənin aparılması qaydaları, məqsədə  görə qiymətləndirmə üsul və vəsaitlərinin seçilməsi və sair haqqında geniş maarifləndirmə  işləri aparılmışdır.

2015-ci ilin yanvar ayında keçirilən fənn olimpiadalarının rayon turunda 130 şagird iştirak etmişdir.Fənn olimpiadalarının zona mərhələsinə 42 şagird vəsiqə qazanmışdır. Mart ayında həmin şagirdlər Gəncə şəhərində zona mərhələsində iştirak etmişlər.Onlardan 2 nəfəri respublika mərhələsinə çıxmışdır.Olimpiadanın yekun mərhələsində  Qazax şəhər 2 nömrəli tam orta məktəbin onuncu sinif şagirdi İlham Mirzəyev  fizika fənnindən üçüncü yeri tutmuşdur.

47-ci Beynəlxalq Kimya Olimpiadası rayon məktəbliləri arasında maraqla qarşılanmışdır.Olimpiadanın respublika mərhələsində Canallı kənd tam orta məktəbinin  onuncu sinif şagirdi Səbinə İsmayılova qalib gələrək milli komandanın tərkibinə seçilmişdir. Slavyan Universitetinin keçirdiyi Rus dili olimpiadasında şəhər ümumi orta məktəbin yeddinci sinif şagirdi  Sənan Vəlizadə ikinci yerə çıxmışdır.

Konfransda qeyd olunmuşdur ki, bütün bunlar hələlik uğur kimi qiymətləndirilə bilməz. Fənn olimpiadalarını yüksək səviyyədə keçirmək, bu işi daha da təkmilləşdirmək, istedadlı şagirdləri üzə çıxarmaq, onların yaradıcılıq qabiliyyətini inkişaf etdirmək üçün ciddi işlər görülməlidir.

2014/2015-ci dərs ilində Azərbaycan Respublikası Prezidentinin  sərəncamı ilə Qazax şəhər 1 nömrəli tam orta məktəbin direktoru Bəsdi Ələkbərova “Əməkdar müəllim” adına layıq görülmüşdür. Ağköynək kənd  tam orta məktəbin biologiya müəllimi Sədaqət Əmirxanova isə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuş və 5000 manat pul mükafatı almışdır.

Rayon məktəbliləri idman yarışları, inşa, rəsm, şeir müsabiqələrində də bir sıra uğurlar əldə etmişlər.2015-ci ilin aprel-may aylarında I Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliğinə həsr edilmiş kütləvi idman tədbirlərində şagird idmançılar müvəffəqiyyətlə iştirak etmişlər.

Uşaq Gənclər İdman Məktəbinin müəllimi, Azərbaycanın bədən tərbiyəsi və idman xadimi Ramiz Tağıyevin yetirməsi İlqar Əmiraslanov 2015-ci ilin avqust  ayında Brazilyada keçirilən gənclər arasında idmanınn sərbəst güləş  növündə birinci yeri tutmuş və hazırda yığma komandanın tərkibində Amerikanın Las-Veqas şəhərində böyüklər arasında keçirilən dünya çempionatında iştirak edir.

Buraxılış imtahanlarında IX siniflər üzrə imtahanlarda iştirak edən 981 şagirddən 614 nəfəri hər iki fəndən müsbət qiymət almışdır. Məzunların orta balı 26,16 olmaqla respublika üzrə orta göstəriciyə  yaxın olmuşdur.  XI siniflər üzrə imtahanlarda iştirak edən 812 şagirddən 522 nəfəri hər iki fəndən müsbət qiymət almışdır. Məzunların orta balı 46,30 olmaqla respublika üzrə  orta göstəricidən  yüksək olmuşdur.Müvəffəqiyyət 62 faiz, keyfiyyət  23,5 faiz olmuşdur. İmtahanlarda şəhər 1, 2, 3, 5 saylı, məktəb-lisey, Cəfərli, Çaylı kənd 1saylı, Yuxarı Əskipara, Aşağı Əskipara, Qaymaqlı kənd tam orta məktəb məzunlarının göstəriciləri yüksək olmuşdur.  Rayonun bu ilki 520 məzunundan 290 nəfəri ali məktəblərə, 55 nəfəri isə orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuşdur ki, bu da yüksək göstəricidir.Ali və xüsusi təyinatlı təhsil müəsisələrinə 9 nəfər daxil olmuşdur. Məzunlardan  75 nəfəri 300-400, 60 nəfəri isə 400-500 bal toplamışdır. 500-dən yuxarı 59, o  cümlədən 20 nəfər  600-dən yuxarı  bal toplamışdır. Halbuki ötən il 600-dən yuxarı bal toplayan cəmi 7 nəfər idi.

Konfransda rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov çıxış edərək görülən işlərdən, uğurlardan danışmaqla yanaşı nöqsanları da qeyd etmiş, problemlərin həlli yollarını göstərmiş, pedaqoji kollektivlərin işə daha məsuliyyətlə yanaşmalarını tövsiyə etmişdir.

Sonda qəbul imtahanlarında daha yüsək göstəricilərə nail olan tələbələrə rayon icra hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olunmuşdur.

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında