Gənc nəslin xalqa və Vətənə məhəbbət, dövlətçilik ruhunda tərbiyəsi, onların sağlam və bilikli böyüməsi istiqamətində Səbail Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin birgə layihəsi başa çatmışdır. Təhsildə, idmanda və ictimai həyatda fərqlənən yeniyetmələr, həmçinin ön xətdə xidmət edən zabitlərin övladları, ümumilikdə 180 nəfər “Gənc Heydərçi” üçün Qusar rayonundakı “N” saylı hərbi hissədə təşkil olunmuş yay istirahət düşərgəsinin hər anı yaddaqalan olmuşdur.
Bu layihənin Müdafiə Nazirliyinin hərbi hissəsində həyata keçirilməsi məktəblilərə hərbi sahədə daha çox bilik və təcrübə əldə etməyə imkan vermişdir. Onlar üçün xüsusi formalar tikilmiş, düşərgədə yeniyetmələrə gündə dörd dəfə yüksək kalorili yemək, təzə meyvə və tərəvəz, süd məhsulları verilmişdir. Məktəblilərin təlim-tərbiyə işləri ilə rayonun orta məktəblərində çalışan idman və ibtidai-hərbi hazırlıq müəllimləri, həmçinin hərbi hissənin zabitləri, çavuş və əsgərlərindən ibarət qrup məşğul olmuşdur. Düşərgədə vətənimizin, xalqımızın tarixindən bəhs edən dərslər, ayrı-ayrı mövzularda məşğələlər, maraqlı görüşlər, idman yarışları keçirilmiş, müxtəlif filmlər nümayiş etdirilmişdir.
Məktəblilər hərbi hissədə şəxsi heyətin xidməti, yaşayış şəraiti, silah və texnikası ilə yaxından tanış olmuş, özləri də təlimlərə qatılmışlar. Yeniyetmələrə avtomatın sökülüb yığılması öyrədilmiş, onlar ilk dəfə olaraq avtomat silahdan atəş açmış, hərbi texnikanın döyüşdə iştirakını müşahidə etmişlər. Hərbiçilərlə yaxından təmasda olmaq, əsgərlərin gündəlik həyatı və hərbi hissədəki şəraitlə yaxından tanışlıq yeniyetmələrin gələcək hərbi xidmətə daha yaxşı hazırlaşmalarına, onlarda hərbiçi peşəsinə olan marağın artırılmasına şərait yaratmışdır.
Uşaqların Qusar, Quba və Xaçmaz rayonlarının görməli yerlərinə, o cümlədən Qubadakı soyqırımı muzey-kompleksinə, Qusar və Xaçmazdakı Heydər Əliyev mərkəzlərinə, Gənclər evinə, Xalça və Şəxsiyyətlər muzeylərinə, Şahdağ Qış-Yay Turizm Kompleksinə gəzintiləri təşkil olunmuşdur.
Düşərgənin bağlanışı ilə əlqadar təşkil olunmuş tədbirdə iştirak edən layihə təşkilatçıları və çoxsaylı qonaqlar əvvəlcə hərbi hissədə xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü önünə tər çiçəklər düzdülər. Sonra qonaqlar uşaqların istirahəti, burada onlar üçün yaradılmış şəraitlə yaxından tanış oldular, “Gənc heydərçilər” düşərgə dövründə əldə etdikləri bilik və bacarıqlarını nümayiş etdirdilər.
Düşərgənin bağlanış mərasimində çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Müdafiə Nazirliyi ilə ikinci ildir ki, keçirilən bu birgə layihənin əhəmiyyətini vurğuladı. Ölkə başçısı cənab İlham Əliyevin yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın uşaq və yeniyetmələrə olan diqqət və qayğıdan söhbət açdı, rayonda yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili barədə ətraflı məlumat verdi.
Asif Əsgərov onu da vurğuladı ki, bu ilin avqust ayında artıq 10-cu dəfə Səbail RİH-in DİN Daxili Qoşunları ilə birgə ənənəvi layihəsi əsasında “Şahinlər” düşərgəsində 200 yeniyetmə istirahət etmiş və bu zaman uşaqlar ibtidai hərbi hazırlıqla bağlı biliklərə yiyələnmişlər.
Tədbirdə çıxış edən Müdafiə Nazirliyinin idarə rəisi, general-mayor Rasim Əliyev, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, valideyn Vahid Novruzov və başqaları düşərgənin fəaliyyətindən, burada yaradılan şəraitdən danışdılar, gələcək nəslin vətənə sevgi və məhəbbət ruhunda tərbiyə olunması istiqamətində belə düşərgələrin rolunu yüksək qiymətləndirdilər.
Yeniyetmələr qonaqlar qarşısında hərbi keçid etdilər və onlar istirahət dövründə öyrəndiklərini nümayiş etdirdilər. Yeniyetmələrdən ibarət xüsusi təyinatlı dəstə öz nümunəvi çıxışını göstərdi. Sonra hərbi təlimlərdə fərqlənmiş, idman yarışlarında qalib gəlmiş şagirdlərə xatirə medalları və onların tərbiyəsinə cavabdeh olan dəstə rəhbərlərinə və hərbiçilərə qiymətli hədiyyələr təqdim olundu. Düşərgədə təşkil olunan bayram konsertində tanınmış incəsənət xadimləri ilə yanaşı, burada istirahət edən uşaqlar da öz məharətlərini göstərdilər.
İki həftəlik maraqlı istirahətdən sonra Bakıya qayıdan yeniyetmələr, onların valideynləri bu gözəl və yaddaqalan tədbirə görə ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.
Ə. BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.