“Təhsil millətin gələcəyidir” - deyən xalqımızın ümummilli lideri Heydər Əliyev bu müdrik kəlamı ilə müstəqillik yolunda ilk kövrək və eyni zamanda, inamlı addımlarını atan bir dövlətin uğurlu inkişaf yolunu göstərmiş, fəaliyyət istiqamətlərini müəyyən etmişdir. Heydər Əliyev yolunun layiqli davamçısı, respublika Prezidenti İlham Əliyev də öz uzaqgörən siyasəti, xüsusi qayğısı ilə Azərbaycan təhsilini forma və məzmunca yeni inkişaf səviyyəsinə çatdırmağa nail olmuşdur. Dövlətimizin başçısı demişdir: “Bütün işlər məhz məktəbdən başlayır, təhsilə diqqət, müəllimə qayğı həmişə olmalıdır. Bütün dövlət orqanları bu tövsiyələri eşitməli və praktik həyatda bunu təmin etməlidir”. Möhtərəm Prezidentimizin bu aydın mövqeyi, Azərbaycanın qüdrətli sabahına hesablanan tapşırıq və tövsiyələri bu gün təhsil sahəsində qazanılan nailiyyətlərin əsas şərtidir.
Ölkəmizdə neft kapitalını intellektual mülkiyyətə yönəltməyi başlıca məqsəd hesab edən cənab İlham Əliyevin milli təhsilin inkişafına istiqamətlənən strategiyası fəal vətəndaş mövqeyi və ziyalı məsuliyyəti ilə icra olunur. Dövlət başçımızın 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” bu yöndə konkret fəaliyyət proqramıdır. Qarşıya qoyulan məqsədin şərəflə reallaşdırılması hər bir təhsil ocağının, müəllimin, valideynin üzərinə düşən vəzifələri doğma Azərbaycanımızın sabahını düşünərək məsuliyyətlə yerinə yetirməsindən çox asılıdr.
Yaxın perspektivdə Azərbaycanda təhsilin inkişafını hədəfə alan yuxarıda adı çəkilən Dövlət Strategiyasında əks olunduğu kimi, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu möhkəm bünövrəyə malik müstəqil Azərbaycan dövləti bu gün ulu öndərin layiqli davamçısı olan Prezident İlham Əliyevin apardığı genişmiqyaslı sosial-iqtisadi siyasət nəticəsində özünün yüksək inkişaf dövrünü yaşayır. Reallaşdırılan məqsədyönlü islahatlar ölkəmizi müasir inkişaf səviyyəsinə çatdırmaqla yanaşı, həm də gələcək üçün etibarlı zəmin yaratmışdır. Azərbaycan artıq yeni dövrə – modernləşdirmə dövrünə qədəm qoymuşdur. Bu dövrün hədəfləri sosial-iqtisadi həyatın qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılmasından, bu yolla davamlı iqtisadi inkişafın təmin olunmasından, eləcə də əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsindən ibarətdir. Güclü və dinamik inkişaf edən Azərbaycanın insan kapitalı müasir dövlətçilik fəlsəfəmizin əsas hədəfidir. Bu hədəfin gerçəkləşməsi isə xeyli dərəcədə təhsilin üzərinə düşür və onun daşıdığı vəzifə ilə sıx bağlıdır.
Adı çəkilən sənədin missiyası ölkəmizin modernləşdirilməsi üçün zəruri olan insan kapitalını inkişaf etdirmək və bununla Azərbaycanın beynəlxalq rəqabət qabiliyyətini yüksəltməkdən ibarətdir. Strategiya təhsil sahəsində aparılacaq islahatların başlıca istiqamətlərini müəyyənləşdirir, Azərbaycan təhsilinin XXI əsrin çağırışlarına uyğun inkişaf üfüqlərini özündə ehtiva edir və təhsilin bütün pillələrində keyfiyyətcə yeni mərhələyə başlamağı – “qara qızılı insan qızılına çevirək” fəlsəfəsini qarşımıza əsas vəzifə kimi qoyur. Sənəd təhsil ilə bağlı olan bütün subyektləri və fəaliyyət sahələrini əhatə edir. Bu əhatəlilik, həmçinin Azərbaycanın gələcək inkişafının davamlı xarakter alması üçün peşəkar bilik və bacarıqlara yiyələnən və rəqabətədavamlı insan resurslarının yetişdirilməsi missiyasına xidmət edir, ölkə təhsilinin yeni keyfiyyət mərhələsinə keçidi istiqamətində genişmiqyaslı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
Dövlət Strategiyasında təhsilin keyfiyyətinin yaxşılaşdırılması, təhsili idarəetmə sisteminin yenidən qurulması, kadr hazırlığının gücləndirilməsi, müəllim peşəsinin nüfuzunun artırılması, müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması, müasir təfəkkürlü Azərbaycan vətəndaşının yetişdirilməsi əsas hədəflər kimi götürülür. Şübhəsiz ki, sözügedən Strategiyanın reallaşdırılması təhsilin məzmununun mənimsənilməsini təmin edən səriştəli təhsilverənlərin formalaşdırılmasına, təhsildə nəticələrə görə cavabdeh, şəffaf, səmərəli tənzimləmə və idarəetmə mexanizmlərinin, müasir tələblərə uyğun təhsil infrastrukturunun təşəkkülünə zəmin yaradacaqdır. Bu sənəd, eyni zamanda, ölkəmizin modernləşməsi üçün zəruri olan insan kapitalının inkişaf etdirilməsinə, təhsil infrastrukturunun Azərbaycanın perspektiv inkişaf konsepsiyasına uyğun yenidən qurulmasına imkan verəcək, ölkədə biliklərə əsaslanan iqtisadiyyatın və informasiya cəmiyyətinin təşəkkülünü, davamlı inkişafını təmin edəcək.
Strategiyada biz, həmçinin bilik cəmiyyətinin, kreativ təhsil düşüncəsinin, hədəfləri ölçülə bilən fəaliyyət çərçivəsinin və yeni təhsil fəlsəfəsinin ana xətlərini görə bilərik. Burada əsas ehtiva olunan dəyər odur ki, Azərbaycanda təhsil dövlət siyasətinin əsas prioritetinə çevrilir.
Hazırda dünyanın ən mütərəqqi ölkələrinin təhsil prinsiplərindən yaradıcılıqla istifadə olunmaqla respublikamızda təhsil sistemi müasir dövrün tələblərinə uyğun olaraq bacarıqla təkmilləşdirilir, sistemli şəkildə məzmun və struktur dəyişiklikləri aparılır, insanın həyati bacarıqlara malik bir şəxsiyyət kimi formalaşması üçün zəruri tədbirlər görülür.
Bu gün ümumtəhsil sistemində ən mühüm mərhələ kurikulum islahatının həyata keçirilməsidir. Kurikulum islahatının tətbiqi məktəblərimizə, sözün həqiqi mənasında, heç bir zaman müşahidə edilməmiş böyük canlanma gətirmişdir. İndi həm müəllimlərin, həm də şagirdlərin fəallığı xeyli artmış, təhsilə yeni yanaşma, yeni münasibət yaranmışdır. Artıq müəllimlər də, şagirdlər də fəal mövqedə dayanmaları ilə diqqət çəkirlər. Bu, məktəblərdə daha işgüzar bir mühitin formalaşmasından xəbər verir. Yeni kurikulumlar şagirdlərdə fəal mövqeyi, yaradıcı yanaşma tərzini, müstəqil tədqiqatlar aparmaq, topladığı materialları ümumiləşdirmək, təqdim etmək bacarıqlarının yaranmasını önə çəkir.
Artıq 7 ildir ki, respublikamızın ümumtəhsil məktəblərində fənn kurikulumları tətbiq olunur. Yeni islahatın tətbiqində yüksək nəticələr nümayiş etdirən məktəblərin, ayrı-ayrı müəllimlərin təcrübəsi öyrənilir, yayılır. Milli kurikulum və fənn kurikulumlarının uğurlu tətbiqinə nail olmaq üçün seminarlar, “dəyirmi masa”lar və digər tədbirlər təşkil olunur, müəllimlər kütləvi informasiya vasitələrində vaxtaşırı çıxışlar edirlər. Eyni zamanda, məktəblərdə müəllimlərin, xüsusilə gənc müəllimlərin təcrübə mübadiləsini reallaşdırmaq üçün açıq dərslərin keçirilməsi və onların müzakirəsi diqqət mərkəzində saxlanılır. Bundan başqa, şagirdlərin intellektual səviyyəsini artırmaq, maraq və ehtiyaclarını nəzərə almaq və istedadlıları aşkar etmək üçün sistemli şəkildə bilik yarışlarının keçirilməsinə mühüm önəm verilir.
Son 12 ildə aparılan sosialyönümlü islahatlar nəticəsində müasir tələblərə cavab verən infrastruktur layihələri həyata keçirilmiş, yüksək standartlara cavab verən təhsil, səhiyyə, mədəniyyət və idman obyektləri inşa edilib istifadəyə verilmişdir. Bu nailiyyətlər ölkədə sosial sferanın – o cümlədən, təhsil sahəsində əsaslı islahatların aparılmasına təkan vermiş, onun davamlı inkişafına stimul yaratmışdır.
Lakin həyat yerində durmur, dünya hər gün dəyişir, inkişaf edir. Bu dəyişikliklərlə daim ayaqlaşmaq, onlardan geri qalmamaq üçün üzərimizdə hər gün çalışmalı, böyük zəhmət hesabına qazandığımız uğurların qorunub saxlanılmasını və dönməzliyini təmin etməliyik.
Dövlətin xüsusi qayğısı sayəsində təhsil sahəsində ən diqqətçəkən nəticələr ölkədə məktəb tikintisinin geniş vüsət alması ilə bağlıdır. Bu problemin həlli – məktəblərdə əsaslı təmir-tikinti işlərinin aparılması, müasir tipli yeni təhsil ocaqlarının inşası regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarında, ölkə başçısının fərman və sərəncamlarında öz əksini tapmışdır. Qeyd edək ki, son illərdə təkcə təhsil sahəsində 16 inkişafyönümlü xüsusi proqramın icrası təmin edilmişdir.
Təhsil sahəsinə ayrılan büdcə vəsaitlərinin ümumi həcminin əhəmiyyətli dərəcədə yüksəlməsi nəticəsində son 12 ildə ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində mühüm işlər görülmüş, 3 minə yaxın orta məktəb tikilmiş və ya əsaslı təmir olunmuşdur. Nəticədə 1 milyondan artıq şagirdin təlim şəraitinin yaxşılaşdırılması təmin edilmişdir. Bu dövrdə təhsilin məzmunca yeniləşdirilməsinə yönəlmiş islahatlar aparılmış, Azərbaycan təhsilinin Avropa təhsil məkanına inteqrasiyası istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Bununla yanaşı, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsilinə dair Dövlət Proqramı” çərçivəsində indiyədək 3 mindən çox gənc Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirilməklə, dünyanın inkişaf etmiş ölkələrinin tanınmış universitetlərinə ali təhsil almağa göndərilmişdir.
Ötən müddətdə təhsil sisteminin informasiyalaşdırılması sahəsində də müəyyən nailiyyətlər qazanılmışdır. Bu dövrdə təhsilin informasiyalaşdırılması sahəsində iki Dövlət Proqramının icrası nəticəsində 2004-cü ildə hər 1063 şagirdə bir kompüter düşdüyü halda, hazırda hər 18 şagirdə bir kompüter nisbəti təmin olunmuş, məktəblərin 37 faizi internet şəbəkəsinə qoşulmuşdur.
Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu istiqamətdə gördüyü işlər də Azərbaycanda aparılan təhsil islahatlarına və təhsilin inkişafına öz müsbət təsirini göstərmişdir. Müəllim peşəsinin ictimai nüfuzunun artırılması, onun yüksək maddi və mənəvi motivasiyası, pedaqoji təhsilə istedadlı gənclərin cəlb olunması islahatların uğurla həyata keçirilməsi üçün ən vacib amillərdir. Hazırda bu sənətə istedadlı gənclərin cəlb edilməsi məqsədilə dövlət sifarişinin imkanlarından səmərəli istifadə olunması, tələbə dövründən başlayaraq maddi stimullaşdırma mexanizmlərinin işə salınması istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Müasir qloballaşma əsrində Azərbaycanda milli tərəqqinin yeganə yolu elm və təhsilin, yeni biliklərin, intellektual əməyin inkişafından, habelə kompüter və informasiya texnologiyalarının bütün idarəetmə səviyyələrində geniş tətbiqindən keçir. Bu reallıq nəzərə alınaraq dövlətin uğurlu elm və təhsil siyasəti, bu sahədə özünü göstərən bir sıra problemlərin həlli mühüm əhəmiyyət kəsb edir. Bir faktı da qeyd edək ki, ölkədə təhsilə xüsusi diqqət yetirilməsi respublikamızın sürətli iqtisadi inkişaf yolunda olması, geniş maliyyə imkanları qazanması ilə şərtlənir. Ona görə də təhsilin bütün istiqamətlər üzrə proporsional inkişafı ciddi investisiya tələb edən məsələ olduğundan dövlətin son illərdəki maliyyə imkanları bu sahədə qlobal layihələrə başlamağa münbit şərait yaratmışdır.
Azərbaycanda təhsilin inkişafı və xalqımızın gələcəyi üçün sağlam vətəndaşların yetişdirilməsi ümummilli məsələyə çevrilmişdir. Bu, ilk növbədə dövlətin müəyyənləşdirdiyi təhsil strategiyasının tələbidir. Hansı sahədə fəaliyyət göstərməyimizdən asılı olmayaraq hər birimiz bu ali məqsədin reallaşmasında yaxından iştirak etməliyik. Çünki xalqımızın gələcəyi və sivilizasiyalı dünyaya inteqrasiyasının yeganə yolu məhz təhsilin inkişafından asılıdır.
Sədaqət ƏZİMOVA,
Səbail rayonundakı 239 saylı
məktəbin direktoru, respublikanın Əməkdar müəllimi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.