Təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir

Təhsil hər bir xalqı öz milli hədəflərinə doğru aparan yoldur. Elə buna görə də ümummilli lider Heydər Əliyev ölkəyə rəhbərliyinin bütün dövrlərində milli təhsilin inkişafına mühüm məsələ kimi həmişə önəm vermişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün tarixin ən sürətli inkişaf mərhələsini yaşayan müstəqil dövlətimizin qazandığı uğurların mühüm bir qisminin də məhz milli təhsil sistemimizə aid olması təsadüfi deyil.

Son illərdə ölkə təhsili bir sıra  uğurlarla diqqət çəkib.  Cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı"nın təsdiq olunması bu baxımdan xüsusilə mühüm əhəmiyyətə malikdir.

Azərbaycanda aparılan davamlı təhsil islahatları, bu istiqamətdə irəli sürülən qabaqcıl ideyalar, reallaşdırılan məqsədyönlü layihələr təhsilin tərəqqisinə əhəmiyyətli töhfələr verir. Bütün bunlar Azərbaycan cəmiyyətinin indiki müasir inkişafını təmin edərək, eyni zamanda, gələcəyimiz üçün etibarlı zəmin rolunu oynayır.

Qarşıdakı bir neçə ildə Azərbaycanın əsas inkişaf istiqamətlərini müəyyənləşdirən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında ənənəvi iqtisadiyyatdan “bilik iqtisadiyyatı”na keçid üçün zəruri əsasın yaradılması, insan kapitalının adekvat inkişafından irəli gələn məsələlərin həlli mühüm strateji vəzifələr kimi öz əksini tapıb.

Azərbaycanda təhsilin keyfiyyətinin yüksəldilməsi və müasir təhsil sisteminin qurulması insan kapitalının formalaşdırılması prosesinin ən mühüm strateji istiqamətləri kimi nəzərə çarpır. Adıçəkilən  konsepsiyadan irəli gələn vəzifələr milli təhsil sistemimizin kökündən dəyişdirilməsini, əlavə təhsil, ömür boyu təhsil kimi komponentlərin aktuallıq qazanmasını vacib edir. Azərbaycanın son illər bu istiqamətlərdə əldə etdiyi ardıcıl nailiyyətlər artıq beynəlxalq hesabatlarda da öz əksini tapıb və davamlı inkişaf nümunəsi kimi təqdir edilib. Belə ki, BMT-nin İnkişaf Proqramının “İnsan inkişafı indeksi”nə əsasən, Azərbaycan 187 ölkə arasında  2008-ci ildəki 101-ci yerdən 2013-cü ildə 76-cı yerə yüksəlib və insan potensialının yüksək inkişaf etdiyi ölkələr qrupuna daxil olub. Bu, Azərbaycan dövlətinin həm də təhsilin yüksəlişinə qoyduğu sərmayənin, bu yöndə atılan məqsədyönlü addımların uğurlu  nəticəsidir.    

Son bir neçə il təhsil sahəsində gedən inkişaf prosesləri, cənab İlham Əliyevin  bu inkişaf proseslərinə təkan verən qərar və sərəncamları  ilə  xarakterik olmuşdur. 2013-cü il oktyabrın 24-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” da həmin tarixi sənədlərdən biridir. Təhsil sahəsində uzun illərdən bəri müzakirə mövzusuna çevrilmiş problemlərin əsaslı həllini nəzərdə tutan adı çəkilən strategiya öz məzmunu ilə milli təhsilimizin inkişafı üçün böyük perspektivlər müəyyənləşdirib.

İlk növbədə qeyd etməliyik ki, təhsil sistemində keyfiyyətin yüksəldilməsi, kadr potensialının səriştə və kompetensiya baxımından gücləndirilməsi, şəffaflığın təmin edilməsi, müasir idarəetmə modelinin tətbiqi və digər istiqamətlər üzrə islahatların intensivləşdirilməsi məqsədlərinə xidmət edən sözügedən  strategiya bir daha dövlət siyasətinin prioritetlərini və ölkə rəhbərinin təhsilə olan xüsusi qayğısını əks etdirir. Təsadüfi deyil ki, cənab İlham Əliyev üçüncü dəfə ölkə Prezidenti seçiləndən sonra imzaladığı ilk sənədlərdən biri “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” olub.

Təhsilin inkişafından danışarkən bir məqama xüsusi toxunmaq istərdim. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda müəllimlərə xüsusi yer ayrılır. Bu da təsadüfi deyil. Çünki   hər bir təhsil sisteminin səviyyəsi bu sahədə çalışan müəllimin gücü ilə bağlıdır. Bu baxımdan müəllimlərin bilik və bacarıqlarının artırılması, müəllim nüfuzunun yüksəldilməsi, istedadlı gənclərin pedaqoji sahədə çalışmaq üçün stimullaşdırılması yönündə Təhsil Nazirliyi tərəfindən bir sıra addımlar atılmaqdadır. 

Azərbaycanın inkişaf konsepsiyasına uyğun olaraq, hər bir şəxs üçün bərabər, keyfiyyətli təhsil imkanlarının yaradılması, təhsil sisteminin institusional əsaslarının, infrastrukturunun, eləcə də insan resurslarının inkişafı üçün müvafiq addımların atılması yuxarıda adıçəkilən sənədin əsas strateji məqsədləri kimi irəli sürülüb.   Bu sənəd ölkədə səriştəli müəllimlərə, ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət nəticələri və əhatəliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sisteminin yaradılması məqsədinə xidmət edir.

Strategiyada müasir dövrdə ölkənin təhsil sistemi qarşısında duran vəzifələr son dərəcə dəqiqliklə, qlobal çağırışlara uyğun tərzdə irəli sürülüb. Milli iqtisadiyyatımızın dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi ilə yanaşı, ölkədə insan kapitalının inkişafı, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsi, insan kapitalının inkişafı yolu ilə ölkə iqtisadiyyatının qlobal sistemə uğurlu inteqrasiyası bu vəzifələr sırasında öz əksini tapıb.

Məqsədyönlü dövlət siyasətinin nəticəsidir ki, son 12 il ərzində Azərbaycanda 3000-ə yaxın ümumtəhsil müəssisəsi tikilib və ya əsaslı təmir olunub. Təkcə  bu  il  92 təhsil müəssisəsi üçün yeni binanın tikintisi, 64 təhsil müəssisəsinin binasının əsaslı təmir olunması və 50 təhsil müəssisəsində isə cari təmir işlərinin aparılması nəzərdə tutulub. Ötən il əsas məqsədi istedadlı şagirdlərin seçilib inkişaf etdirilməsi və şagirdlərin olimpiadalara mütəşəkkil və davamlı şəkildə hazırlanmasının təşkilindən ibarət olan İnformatika üzrə Olimpiada Mərkəzi açılıb. Həmçinin Təhsil Nazirliyinin təşəbbüsü ilə riyaziyyat və təbiət elmləri üzrə fənn müsabiqələri keçirilib.

Burada bir məsələyə də münasibət bildirmək istərdim. İnkişaf etmiş dövlətlərin təcrübəsi də sübut edir ki, yalnız təhsil sistemi yüksək səviyyədə olan ölkələr hərtərəfli tərəqqiyə nail olurlar. Müasir qloballaşma əsrində hər bir dövlətin, xalqın gələcəyi onun malik olduğu elmi-intellektual potensialdan asılıdır. Bu intellektual potensial isə ilk növbədə, təhsil ocaqlarında yaranır. Milli təhsilimizi Qərb standartları səviyyəsinə yüksəltmək, onun beynəlxalq təhsil sisteminə geniş inteqrasiyasına nail olmaq, milli-mənəvi dəyərlərə həssas münasibət Heydər Əliyev Fondunun da fəaliyyətinin əsas istiqamətləridir. 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun əsas məqsədi bir sıra sosial sahələrlə yanaşı, eyni zamanda,  təhsilin inkişafını təmin edən, habelə gənc nəslin tərbiyəsinə yönəldilmiş layihələrin dəstəklənməsidir. Fond ən müasir avadanlıqlarla təchiz edilmiş ümumtəhsil məktəblərinin tikilməsi, təhsil obyektlərinin açılması ilə fəal məşğuldur. Fondun əsas layihələri - “Yeniləşən Azərbaycana yeni məktəb”, “Uşaq evləri və internat məktəblərinin inkişafı” layihələri uğurla həyata keçirilib. 

Fondun son illərdəki başlıca fəaliyyət istiqamətlərindən biri də ölkənin təhsil problemlərinin həllində nüfuzlu beynəlxalq təşkilatlardan sayılan UNESCO-nun geniş imkanlarından səmərəli şəkildə faydalanmaqdan ibarət olub. Azərbaycanla UNESCO arasında bir neçə istiqamətdə əməkdaşlıq münasibətləri qurulub. Bu əlaqələr əsasən, “Təhsil hamı üçün” proqramını, inklüziv təhsil layihəsi  və digər sahələri əhatə edir. Təhsilin məzmunca yeniləşdirilməsi, məktəblərdə informasiya texnologiyalarının geniş tətbiqi və digər bu kimi planlar da ikitərəfli əməkdaşlığa daxil olan əsas məsələlərdəndir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda UNESCO-nun “Dünyada savadlılığın dəstəklənməsi” üzrə regional konfransının keçirilməsi  ümumilikdə Azərbaycanın təhsil sahəsində mühüm beynəlxalq tədbirlərin mərkəzinə çevrildiyini təsdiqləyir.    

Heydər Əliyev Fondu hər il “Təhsilə dəstək” layihəsi çərçivəsində Ermənistanın Azərbaycana təcavüzü nəticəsində daimi yaşayış yerlərini tərk etmiş qaçqın, məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə zəruri  məktəb ləvazimatı hədiyyə edir. “Təhsilə dəstək” layihəsi təkcə Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də uğurla həyata keçirilir.   

Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin real nəticələri göz qabağındadır. Bu, yüz mindən çox şagirdin təhsil şəraitinin yaxşılaşmasına xidmət edən minlərlə yeni məktəb binasının istifadəyə verilməsi, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğının göstərilməsi, müasir avadanlıqla təchiz edilmiş yeni tibb mərkəzlərinin inşası, gənc istedadların dəstəklənməsi, tarixi abidələrin bərpası, qədim mədəniyyət və incəsənətimizin təbliği və nəhayət, Azərbaycanın əsrlər boyu formalaşmış tolerantlıq ənənələrinin qorunub saxlanıldığı dünyəvi bir ölkə kimi beynəlxalq aləmə tanıdılmasıdır.

Gülşən ORUCOVA,
Bakıdakı 6 saylı tam orta məktəbin direktoru,
respublikanın Əməkdar müəllimi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında