Naxçıvanda ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş keçirilmişdir

Avqustun 21-də Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: Bu gün sizinlə əlamətdar gündə görüşürük. Əsası 1970-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və artıq  45 illik tarixə malik olan ali məktəblərə qəbulda yüksək nəticə göstərmiş tələbələrlə görüş ənənəsi Azərbaycan təhsilinə mühüm yeniliklər gətirmiş, onun inkişafına öz töhfəsini vermişdir.

Ali Məclisin sədri əlamətdar gündə muxtar respublikanın ümumtəhsil məktəblərini bitirərək tələbə adını qazanmış bütün məzunları, onların müəllimlərini və valideynlərini təbrik edərək demişdir: O dövlət inkişaf edir ki, onun güclü elmi potensialı var; orada təhsilin inkişafı əsas vəzifələr sırasındadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu zərurəti nəzərə alaraq bildirmişdir ki, “Təbii sərvətlər tükənəcək, elm, bilik isə ölkəmizin dayanıqlı inkişafını uzun illər bundan sonra da təmin edəcəkdir”.

Ali Məclisin sədri demişdir: Hər bir xalqın tərəqqisi onun gənclərinin necə yetişdirilməsindən və təhsilin hansı səviyyədə təşkil olunmasından asılıdır. Bu gün Azərbaycanda ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilən təhsil strategiyası davam etdirilərək öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Təhsili ölkənin və millətin gələcəyi üçün əsas vəzifə hesab edən ölkə Prezidentinin bu sahəyə diqqətinin nəticəsidir ki, ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında təhsil infrastrukturu ilbəil müasirləşdirilir, yeni məktəb binaları, tədris korpusları tikilir. Son 10 ildə Naxçıvan Muxtar Respublikasında 66 min 736 şagird yerlik 165 məktəb binası tikilmiş və ya yenidən qurulmuşdur. Hazırda ümumtəhsil məktəblərində 3700 kompüter, 600-dən çox elektron lövhə vardır. Məktəblərdə interaktiv tədris metodlarından istifadə olunur, elektron və distant təhsil tətbiq edilir. Həmçinin müasir təhsil praktikası nəzərə alınaraq elm və ali təhsil müəssisələrinin elmi dərəcəsi olan əməkdaşlarının ümumtəhsil məktəblərində nümunəvi dərsləri də təşkil olunur. Həyata keçirilən bu tədbirlər təhsildə ciddi irəliləyişə səbəb olmuş, tədrisin keyfiyyəti artmışdır. Bu il muxtar respublikanın ümumtəhsil məktəbi məzunlarından 313-ü ali məktəblərə qəbulda 500-700 arasında bal toplamışdır. Bir məzunumuz isə ən yüksək nəticə göstərmişdir.

Göründüyü kimi, təhsil sahəsində həyata keçirilən tədbirlər keyfiyyət əmsalının artımı ilə yadda qalır. Bu tədbirlərin, çəkilən zəhmətin bir  məqsədi var: o da ölkənin və xalqın sabahına cavabdeh olan bilikli və savadlı gənclər yetişdirməkdir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Bizim hamımızın vəzifəsi Azərbaycanın gənclərini milli vətənpərvərlik ruhunda tərbiyə etməkdir, gənclərimizi bilikli etmək, müasir dünyanın əldə etdiyi nailiyyətlər səviyyəsinə qaldırmaqdır, gəncləri Azərbaycanda müstəqil, demokratik, hüquqi, sivilizasiyalı dövlət quruculuğu işinə cəlb etməkdir”.

Ali Məclisin sədri demişdir: Bu gün dövlətimiz təhsil sahəsində qarşıda duran vəzifələri yerinə yetirmək üçün bütün tədbirləri görür. Ölkəmizdə müasir təhsil şəraiti vardır. Gənclərin sosial problemlərinin həlli diqqət mərkəzində saxlanılır, onlar dövlət idarəçiliyində məsul vəzifələrə irəli çəkilirlər. Göstərilən etimad və qayğı isə öz növbəsində qarşıya yeni vəzifələr qoyur. Cəmiyyətdə layiqli yer tutmaq, Vətənə və millətə faydalı olmaq üçün bundan sonra da yaxşı təhsil almalı, öz üzərinizdə daim işləməli, mütaliə etməli, bilik və dünyagörüşünüzü artırmalısınız. Hər bir gənc mütəxəssis hansı ixtisas üzrə təhsil almasından asılı olmayaraq, birinci növbədə Azərbaycan dilini və tarixini öyrənməli, milli dəyərləri, azərbaycanlılara məxsus adət-ənənələri dərindən mənimsəməlidir. Görkəmli maarifçi və pedaqoq Məhəmməd Tağı Sidqi vaxtilə qeyd edirdi ki, “Elm bir çox kitabları oxuyub-yazmaqdan ibarət deyil, oxuduqca anlamaqdan ibarətdir”. Bu gün kitab oxumaq, yaxşı təhsil almaq işin yalnız bir tərəfidir. Əsas məsələ özünü yüksək ixtisaslı kadr kimi hazırlamaqdır. Ona görə də seçdiyiniz ixtisasa dərindən yiyələnməli, kamil mütəxəssis kimi yetişməlisiniz.

“Təhsilin bir vəzifəsi də vətənpərvər gənclər hazırlamaqdır. Vətənpərvərlik təkcə Vətəni sevmək deyil. Vətənpərvərlik - Vətən naminə çalışmaqdan, Vətəni qorumaqdan, özünü mənsub olduğu xalqa layiq vətəndaş kimi hazırlamaqdan ibarətdir”, - deyən Ali Məclisin sədri bu yolda tələbə-gənclərə uğurlar arzulamışdır.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev demişdir ki, bu gün muxtar respublikada təhsilin inkişafına hərtərəfli qayğı göstərilir. Yaradılan şərait, aparılan quruculuq işləri təhsil infrastrukturunu tamamilə müasirləşdirmişdir. Bu il muxtar respublikanın şəhər, rayon və kəndlərində ümumilikdə 18 təhsil müəssisəsinin tikintisi və ya yenidən qurulması davam etdirilir. Həyata keçirilən bu tədbirlər təhsildə keyfiyyət göstəricilərinin artmasına səbəb olmuşdur. Belə ki, muxtar respublikada 2015-ci ildə məktəbi bitirən 3331 məzundan 2638-i  ali məktəblərə qəbul üçün sənəd vermiş, onlardan 1582-si tələbə adını qazanmışdır. Bu da sənəd verənlərin 60 faizini təşkil edir. Məzunlardan 36-sı xüsusi təyinatlı ali hərbi məktəblərə qəbul olunmuşdur. Ümumi orta təhsil bazasından orta ixtisas məktəblərinə sənəd verən məzunlardan isə 310-u tələbə adını qazanmışdır. Həmçinin bu il muxtar respublikanın ümumtəhsil məktəblərindən 977 şagird Heydər Əliyev adına Hərbi Liseyə qəbul üçün sənəd vermiş və onlardan 251-i liseyə qəbul olunmuşdur.

Piri Nağıyev demişdir ki, məzunlar ixtisas seçimi zamanı muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinə daha çox üstünlük vermişlər. 2015-ci ildə 1137 nəfər, yaxud qəbul olunanların 72 faizi Naxçıvan Muxtar Respublikasında yerləşən ali təhsil müəssisələrini seçmişlər. Bundan başqa, məktəbi yüksək nəticələrlə başa, vuraraq “Qızıl” və “Gümüş” medallara layiq görülmüş 28 məzun onlara göstərilən etimadı doğrultmuş, qəbul imtahanlarında 500-700 intervalında bal toplamışlar.

Valideyn Məlahət Həsənova çıxış edərək demişdir ki, bu gün muxtar respublika özünün yeni inkişaf mərhələsini yaşayır. Bu inkişafı hər bir naxçıvanlı öz həyatında hiss edir. Quruculuq tədbirləri sayəsində muxtar respublikanın paytaxtı Naxçıvan şəhəri, rayon mərkəzləri, kənd və qəsəbələr füsunkar bir görkəm almışdır. Bu günün reallığıdır ki, muxtar respublika əhalisinin rifah halı günü-gündən daha da yaxşılaşır, yaşayış səviyyəsi yüksəlir, hər bir sahədə böyük uğurlar qazanılır. Qazanılan uğurların və inkişafın özünü bariz şəkildə göstərdiyi sahələrdən biri də təhsildir. Zəngin maddi-texniki bazaya və müasir tədris şəraitinə malik təhsil müəssisələrinin sayı ilbəil artmaqdadır.  Məktəblər ən müasir informasiya texnologiyaları, dərslik, bədii ədəbiyyat və tədris vəsaitləri ilə təmin olunub. Əvvəllər xəyal olan distant təhsil indi reallıqdır. Yaradılan bu şərait gənclərin daha yaxşı təhsil almalarına geniş imkan açmışdır. Övladının 680 bal toplayaraq Azərbaycan Tibb Universitetinin müalicə işi ixtisasına qəbul olunduğunu bildirən Məlahət Həsənova gənclərin hərtərəfli təhsil alması üçün yaradılan şəraitə görə valideynlər adından minnətdarlıq etmişdir. 

Qəbul imtahanlarında 700 bal toplayan Əli Allahverdiyev muxtar respublikada ənənə halını almış yüksək bal toplayan tələbələrlə görüşlərin keçirilməsini gənclərə və təhsilə göstərilən qayğının daha bir ifadəsi olduğunu bildirərək demişdir: Biz dünyanın qabaqcıl ölkələrinin inkişaf modelləri haqqında kitablardan oxumuşuq. İnkişafın müxtəlif yolları var. Ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında isə inkişafın bir yolu var. O da ulu öndər Heydər Əliyev yoludur. Bu gün muxtar respublikanın ən ucqar dağ və sərhəd kəndlərində istifadəyə verilən məktəblər paytaxt Naxçıvan şəhərində və rayon mərkəzlərində inşa olunan məktəblərdən heç nə ilə fərqlənmir. Təhsil aldığım Zeyvə kənd tam orta məktəbi də müasir tədris müəssisəsinə çevrilib. Yaradılan şəraitə cavab olaraq öz məsuliyyətimi başa düşmüş, qəbul imtahanlarında 700 bal toplayaraq tələbə adını qazanmışam. Mən təkcə bununla yox, həm də onunla fəxr edirəm ki, qurucu şəxsiyyət və rəhbər Vasif Talıbov məktəbinin yetirməsiyəm! 

Bugünkü görüşün təkcə muxtar respublika rəhbəri ilə yox, eyni zamanda gənclərin hamisi ilə görüş olduğunu bildirən Əli Allahverdiyev ali məktəblərə qəbul olunmuş bütün tələbələr adından söz vermişdir ki, savadlı, vətənpərvər gənclər kimi yetişəcək, Azərbaycan gəncliyinin adını doğruldacaq, qədim Naxçıvanın daha da çiçəklənməsinə öz töhfələrini verəcəklər.

Sonra ali məktəblərə qəbul imtahanlarında 500-700 arası bal toplayaraq tələbə adını qazanmış məzunlara “Naxçıvan 2003-2013: hədəflər, inkişaf, nəticələr” kitabı və pul mükafatı təqdim olunmuşdur.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında