ADNA-90. Neft Akademiyasının tarixi və müasir inkişaf dövrü

Avropada və bütün Şərqdə neft profilli ilk ali təhsil müəssisəsi dünyada birinci neft istehsalına başlayan Azərbaycanda yaradılmışdır. Bu tədris ocağının yaradılmasının özünəməxsus tarixi və zəngin ənənələri vardır. Tarixən məlumdur ki, dünyada sənaye üsulu ilə ilk neft quyusu 1848-ci ildə Bakıda qazılmış və yalnız bundan 11 il sonra ABŞ-ın Pensilvaniya ştatında qazılan quyu fontan vurmuşdur. XX əsrin əvvəlində dünyada istehsal edilən 21,5 milyon ton neftin 50 faizindən çoxu Azərbaycanda çıxarılırdı, Rusiya imperiyasında isə hasil edilən neftin 90 faizini Bakı yataqları verirdi.
Digər tərəfdən dünya ölkələrinin yanacaq balansında daş kömürə və torfa nisbətən yanma əmsalı daha yüksək olan neftin xüsusi çəkisi sürətlə artırdı. Bu səbəblərə görə dünyada neft yataqlarının istismarının, neftin çıxarılmasının sürətləndirilməsi və hasilatın həcminin yüksələn xətlə artırılması genişmiqyaslı strateji vəzifəyə çevrilmişdi. Lakin müasir texnologiyaların və ixtisaslı fəhlə, texnik və mühəndis kadrlarının olmaması üzündən quyuların qazılması böyük vaxt, iri həcmli maliyyə vəsaiti tələb edir və itkiyə yol verilirdi. O vaxt neftin Yer üzünə yaxın olan qatlarından çıxarıldığına baxmayaraq, qazma işləri əllə aparıldığı üçün bir sıra böyük çətinliklər var idi. Qazılan quyulardan neft vedrə ilə çıxarılır və at arabaları ilə neftayırma zavodlarına daşınırdı. Bu problemləri həll etmək üçün Bakıda fəhlə kadrlarını hazırlamaq məqsədilə xüsusi təhsil müəssisəsinin yaradılmasına ciddi ehtiyac yaranmışdı. Bu ehtiyacı nəzərə alan Qafqaz tədris dairəsinin təklifinə əsasən Bakı şəhər Duması 10 noyabr 1887-ci ildə Bakıda ilk peşə məktəbinin açılması haqqında qərar qəbul etdi.
Məktəbin əsasnaməsinə müvafiq olaraq, müxtəlif ixtisaslar üzrə dörd sinif yaradıldı. Həmin tədris müəssisəsi 1896-cı ildə neft sənayesinin daha geniş sahələri üçün kadr hazırlanması məqsədilə aşağı səviyyəli texniki məktəbə çevrildi. Texniki məktəbin yaradılması, onun maddi-texniki bazasının möhkəmləndirilməsi və təhsilin təşkili üçün şəhər Dumasının büdcəsindən 3 min manat vəsait ayrıldı və bu məktəbin inspektoru vəzifəsinə Sankt-Peterburq Universitetindən dəvət olunmuş mühəndis-texnoloq M.Mixaylovski təyin edildi. O, tədris müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi problemlərinin tezliklə həll edilməsi üçün xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə müraciət edir və ondan kifayət qədər vəsait alır. Daha sonra Hacı məktəbin binasının tikintisi üçün nəzərdə tutulan vəsaitin böyük hissəsini ödəyir və bütün tələbələrə aylıq təqaüd təyin edir.
Maddi-texniki bazası və kadr təminatı formalaşan məktəb 1918-ci ildə politexnikuma çevrilir və onun tələbələrinin sayı 188 nəfərə çatdırılır. Tədricən möhkəmlənən politexnikum Azərbaycan İnqilab Komitəsinin 14 noyabr 1920-ci il tarixli dekretinə əsasən müstəqil Bakı Politexnik İnstitutuna çevrilir, onun tərkibində neft-mədən, elektromexanika, mühəndis-inşaat, kənd təsərrüfatı və iqtisadiyyat fakültələri yaradılır, texnikumun binaları, avadanlıqları, Rus Texniki Cəmiyyətinin kimya laboratoriyası bu yeni tədris müəssisəsinin sərəncamına verilir, Dövlət Universitetinin tələbələri üçün mövcud olan sosial təminat hüquqları Bakı Politexnik İnstitutunun tələbələrinə şamil edilir, professor-müəllim heyətinə Dövlət Universitetində uyğun vəzifədə çalışanların səviyyəsində əmək haqqının ödənilməsi qərara alınır.
Respublika Xalq Maarif Komissarlığının 12 dekabr 1920-ci il tarixli dekretinə əsasən politexnikumun professorları L.Q.Qurviç, N.A.Dubrovski, P.K.Juze, Petroqrad Universitetinin dosenti A.S.Şepotev, mühəndis D.D.Qadaskin, aqronom N.A.Lebedev, mühəndislər S.Vəkilov, A.İ.Kozlov, A.N.Şuşerov və M.V.Abramoviç ixtisaslarına uyğun kafedra ştatlarına müəllim qəbul edilir. Professor N.A.Dubrovski 1 sentyabr 1921-ci ilədək ilk rektor seçilir.
Dekretlə Elmi Şuranın tərkibi müəyyənləşdirilir, onun birinci iclasında rektor, professor N.A.Dubrovski sədr, S.Vəkilov katib, neft-mədən, elektromexanika, mühəndis-inşaat, iqtisadiyyat, kənd təsərrüfatı fakültələrinin dekanları üzv seçilirlər. 1920-21-ci tədris ilində Politexnik İnstitutunda müxtəlif ixtisaslar üzrə 1135 tələbə oxuyurdu. İnstitutun maddi-texniki bazasının və pedaqoji kollektivinin tərkibinin möhkəmləndirilməsi məqsədilə Xalq Komissarlar Şurası, Azneft və digər dövlət qurumları maliyyə vəsaiti ayırır, binanı yenidən qurmağa, avadanlıq almağa, tələbələrə təqaüd verməyə başlayırlar. Keçmiş İttifaqın Mərkəzi İcraiyyə Komitəsinin 10 avqust 1923-cü il tarixli qərarı ilə Bakı Politexnik İnstitutunun ümumittifaq əhəmiyyəti qeyd edilmiş, ölkə Maarif Komissarlığına və Azərbaycan hökumətinə bu tədris müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsi haqqında konkret göstəriş verilmişdi. Bu göstərişə əsasən Azneftin gəlirinin müəyyən faizinin institutun hesabına keçirilməsi müəyyənləşdirildi.
Keçən əsrin iyirminci illərinin sonunda nisbətən formalaşan və möhkəmlənən Bakı Politexnik İnstitutunun tərkibində yenidənqurma və ixtisaslaşma prosesi başlanarkən əvvəlcə 1929-cu il may ayının 12-də ali məktəbin kənd təsərrüfatı fakültəsinin bazasında müstəqil Gəncə Kənd Təsərrüfatı İnstitutu yaradıldı. Bunun ardınca 1930-cu il may ayının 29-da Azərbaycan Politexnik İnstitutu Azərbaycan Neft İnstitutu adlandırıldı. 1931-ci ildə institutun bazasında Gəncədə, Qroznıda, Ufada və İşimbayda şöbələri olan Azərbaycan Qiyabi Neft İnstitutu yaradıldı.
1930-cu il iyun ayının 19-da Azərbaycan Neft İnstitutunun inşaat fakültəsinin bazasında Azərbaycan İnşaat İnstitutu, nəqliyyat fakültəsi bazasında isə Tiflis Dəmir Yolu İnstitutunun Bakı filialı yaradıldı. Bu ayrılmalardan sonra keçən əsrin otuzuncu illərinin əvvəlində Azərbaycan Neft İnstitutunun əyani şöbəsində 3267, qiyabi şöbəsində 3000 tələbə təhsil alırdı. Bu rəqəmlərə əsasən Azərbaycan Neft İnstitutu o vaxt respublikada ən böyük təhsil müəssisəsi idi.
İllər ötdükcə institutu bitirənlərin sayı da müvafiq olaraq artırdı. Belə ki, 1921 - 1929-cu illərdə 422 nəfər mühəndis buraxıldığı halda, yalnız 1929-30-cu tədris ilində institutu 559 mühəndis bitirmişdi. Neft sənayesi üçün yüksək ixtisaslı mütəxəssislər hazırlanmasında əldə etdiyi nailiyyətlərə görə Azərbaycan Neft İnstitutu 1931-ci ildə Qırmızı Əmək Bayrağı ordeni ilə mükafatlandırılmışdı.
Keçən əsrin ortalarında Azərbaycan iqtisadiyyatında sənayeləşmə siyasətinin başlanması ilə bağlı ölkə sənayesinin başqa sahələri üçün də mühəndis kadrlarının hazırlanmasına böyük ehtiyac yaranmışdı. Bu baxımdan qeyri-neft sektoru üçün də geniş profilli mütəxəssislərin hazırlanması məqsədilə institutun profilinin dəyişməsi zərurətə çevrilmişdi. Bununla əlaqədar 1934-cü il oktyabrın 10-da Neft İnstitutu Azərbaycan Sənaye İnstitutuna çevrilmiş və 20 illik fəaliyyəti ərzində çoxsaylı mühəndis kadrlarının hazırlanmasında əldə etdiyi böyük nailiyyətlərə görə 25 dekabr 1940-cı ildə ikinci dəfə İttifaq hökuməti tərəfindən Qırmızı Əmək Bayrağı Ordeni ilə təltif edilmişdir.
İkinci Dünya müharibəsi başlanarkən Azərbaycan Sənaye İnstitutunun 600 müəllimi və tələbəsi ordu sıralarına çağrılmış, müdafiə sənayesi obyektlərində silah istehsalı ilə məşğul olmuş Şərqə köçürülən müəssisələrin yenidən qurulmasında çox böyük fəallıq göstərmişlər. Lakin cəbhənin neft məhsulları ilə təmin edilməsi məqsədilə İttifaq hökumətinin qərarı ilə bütün neftçilər hərbi xidmətdən azad edildi və neft istehsalının artırılması, hərbi texnika üçün lazım olan yanacağın istehsalı və cəbhəyə göndərilməsi ilə məşğul oldular. Bakı neftçilərinin fədakar əməyi nəticəsində tariximizdə ilk dəfə olaraq müharibə illərində ən yüksək göstərici əldə edildi və neft istehsalı 23,5 milyon tona çatdırıldı.
Müharibə illərində Azərbaycan Sənaye İnstitutunun əməkdaşları neft və müdafiə sənayesi üçün 200-dən artıq səmərəli təklif hazırlamış və onların tətbiqinə nail olmuşlar. İnstitutun tanınmış alimlərinin iştirakı ilə Bakı zavodlarında təqribən 15 növ sılah və çoxlu ehtiyat hissələri istehsal edilirdi. Bu istiqamətdə görkəmli mühəndislər Süleyman Vəzirov, Əliş Ləmbəranski, Rüstəm İsmayılov daha çox fəallıq göstərirdilər. Müharibə dövrü Azərbaycan Sənaye İnstitutunun məzunlarından 2950 nəfər, o cümlədən əməkdaşlardan 435 nəfər orden və medallarla təltif edilmişdir.
Müharibə başa çatdıqdan sonra institutun məzunları bütünlüklə neft sənayesinin bərpasına və neft istehsalının artırılmasına yönəldildi və neft hasilatında tədricən sabitləşmə əldə edildi. Dövlətin tapşırığına əsasən mühəndis və alimlərin iştirakı ilə köhnəlmiş və səmərəsiz texnologiyaların dəyişdirilməsi və vurma, qazma üsulundan fırlanma üsuluna keçirilməsi, dərinlik nasoslarının istifadəsinin genişləndirilməsi və nəzarət-ölçmə cihazlarının hazırlanması işinin gücləndirilməsi üçün Neft Sənaye Komissarlığının qərarı ilə Azərbaycan Sənaye İnstitutunda xüsusi konstruktor bürosu yaradıldı. Yeni yaradılan büronun ilk tədqiqatı mədənlərdə civəsiz sərfölçmə cihazının tətbiqi və Azərbaycanda civəyə bir neçə ton qənaət edilməsi ilə nəticələnmişdir. Beləliklə, Azərbaycan Sənaye İnstitutu neft, kimya və energetika sahələri üçün yüksək ixtisaslı kadrları hazırlamaqla yanaşı, bu sahələrin texniki problemlərinin həllində də fəal iştirak edirdi.
Tarixi qələbədən sonra görkəmli alimlər Ə.Hacıyev, T.Əliyev, M.Quluzadə, T.Qurbanəliyev, Ə.Məmmədov, İ.İbrahimov, K.Sadıqov, K.Şahbazbəyoy, X.Şirinov, P.Tağızadə, R.Əmircanov və başqaları yenidən Azərbaycan Sənaye İnstitutuna qayıtdılar, tədrislə və elmi-tədqiqat işləri ilə məşğul olmağa başladılar. Müharibənin gedişi ilə bağlı neft mədənlərində və sənaye müəssisələrində ixtisaslı mütəxəssislərin çatışmazlığını aradan qaldırmaq üçün İttifaq hökumətinin qərarı ilə institutun tələbələri hərbi qulluqdan azad edildi, qiyabi şöbənin tələbələri əyani şöbəyə keçirildi, dövlət büdcəsindən ayrılan vəsaitlərin həcmi və tələbə qəbulu planı ildən-ilə artırıldı.
1950-ci illərin əvvəllərində Azərbaycan Sənaye İnstitutunda bir daha yenidənqurma və ixtisaslaşma prosesi başlandı. 1952-ci ildə institutun inşaat-memarlıq, nəqliyyat və mexanika fakültələrinin bazasında Azərbaycan Politexnik İnstitutu yaradıldı və ali məktəbin 57 nəfərlik professor-müəllim heyəti və 11 kafedrası yeni yaranan təhsil müəssisəsinə verildi. Beləliklə, Azərbaycan Sənaye İnstitutu yenidən neft sənayesi üçün yüksək ixtisaslı mütəxəssis hazırlayan ali təhsil müəssisəsinə çevrildi. Başa çatdırılmış yenidənqurma prosesi ilə əlaqədar İttifaq hökumətinin 14 mart 1959-cu il qərarı ilə bu tədris ocağı Azərbaycan Neft və Kimya İnstitutu adlandırıldı. Təhsil müəssisəsinin qarşısında İttifaqın neft və neft- kimya sənaye sahələri üçün yüksək ixtisaslı mühəndislərin hazırlanması vəzifəsi qoyuldu. 1959-60-cı tədris ilində texnologiya fakültəsinin adı dəyişdirilərək kimya-texnologiya fakültəsi adlandırıldı. Neft və qaz emalının texnologiyası, üzvi sintez və sintetik kauçuk texnologiyası, rezin və plastik kütlənin işlənməsi, elektrokimyəvi istehsal ixtisasları üzrə mütəxəssis hazırlığına başlandı. Bu fakültə üzrə tələbə qəbulu 1961-62-ci tədris ilində 488 nəfər olduğu halda, 1964-65-ci tədris ilində 876 nəfərə çatdırıldı.
Həmin dövrdə Azərbaycan Neft və Kimya İnstitutunda istehsal proseslərinin avtomatlaşdırılması fakültəsi yaradıldı və bu fakültədə avtomatika və telemexanika, neftayırma və neft-kimya sənayesinin avtomatlaşldırılması və məlumat-ölçmə texnikası ixtisasları üzrə mütəxəssis hazırlanmağa başlandı.
1958-59-cu tədris ilində Sumqayıt şəhərində yerləşən sənaye müəssisələrinin əməkdaşlarının təhsilə cəlb edilməsi məqsədilə burada neft-kimya ixtisasları üzrə xüsusi şöbə açıldı. 1960-cı ilin mart ayının 30-da axşam və qiyabi şöbələrində təhsilin təşkili üçün Azərbaycan hökumətinin qərarı ilə Sumqayıt şəhərində Neft və Kimya İnstitutunun məsləhət məntəqəsi yaradıldı. Dövlətin qərarına əsasən məsləhət məntəqəsində üzvi sintez və sintetik kauçuk, kimya istehsalı üçün maşın və aparatlar ixtisasları üzrə mütəxəssis hazırlanması nəzərdə tutulurdu. 1962-63-cü tədris ilində Sumqayıt məsləhət məntəqəsi Neft və Kimya İnstitutunun filialına çevrildi. 1962-ci ildə bu tədris müəssisəsinin axşam şöbəsinə 225, qiyabi şöbəsinə isə 125 nəfər qəbul edilmişdir. Bu şəhərdə kimya sənayesinin sürətli inkişafı ilə əlaqədar İttifaq hökumətinin 3 iyul 1965-ci il tarixli qərarına əsasən Sumqayıt filialı Sintetik kauçuk zavodunda Neft və Kimya İnstitutunun zavod-ali texniki məktəbinə çevrildi. 1968-69-cu tədris ilində bu ali texniki məktəbdə təhsil alanların sayı 1391 nəfərə çatmışdır. 1992-ci ildən bu təhsil müəssisəsi müstəqil Sumqayıt Sənaye İnstitutu kimi fəaliyyətə başladı.
Azərbaycan Neft və Kimya İnstitutunda 1961-62-ci tədris ilində xarici tələbələr üçün hazırlıq fakültəsi və 1981-ci ildə onların təhsilinin təşkili məqsədilə əcnəbi tələbələrlə iş üzrə dekanlıq yaradıldı. Bu fakültədə hər il xarici ölkələrdən olan 600 nəfərə qədər tələbə ali təhsil almaq üçün hazırlıq kursu keçir və rus dilini öyrənirdilər. İntensiv hazırlıq prosesi keçən tələbələrin hesabına XX əsrin 80-ci illərində Neft və Kimya İnstitutunda 1500-ə qədər xarici tələbə təhsil alırdı.
1970-ci ildə İttifaqın neft, qaz, geologiya və neft-kimya sənayesi nazirliklərinin rəhbər işçiləri üçün Neft və Kimya İnstitutunda ölkədə yeganə sənaye istehsalının təşkilatçısı fakültəsi yaradıldı. İttifaq hökumətinin 6 aprel 1978-ci il tarixli qərarı ilə respublika ali məktəbləri içərisində yalnız Neft və Kimya İnstitutu keçmiş SSRİ-nin ən qabaqcıl 70 ali məktəbinin sırasına daxil edildi. Ölkənin Ali Təhsil Nazirliyinin 31 mart 1982-ci il tarixli qərarına əsasən mütəxəssis hazırlığının keyfiyyətinin artırılmasında kompleks sistemin tətbiqi üzrə Azərbaycan Neft və Kimya İnstitutunun təcrübəsi bəyənilmiş və onun İttifaqın bütün ali məktəblərində tətbiqi tövsiyə edilmişdir.
Erməni silahlı qüvvələrinin təcavüzü nəticəsində Qarabağda yolların bağlanması ilə əlaqədar olaraq 1990-cı ilin iyun ayın 28-də Təhsil Nazirliyinin əmrinə əsasən Neft və Kimya İnstitutunun Şuşa ümumi-texniki fakültəsi yaradıldı. Respublika hökumətinin 23 noyabr 1989-cu il tarixli qərarına müvafiq olaraq bu ali məktəbin dayaq hərəkat aparatı zədələnmiş əlillər üçün mühəndis-proqramçı hazırlayan ixtisaslaşdırılmış fakültəsi, 20 may 1991-ci il tarixli qərarı ilə Əli Bayramlı (indiki Şirvan şəhəri) şəhərində qiyabi təhsil alan tələbələr üçün tədris-məsləhət məntəqəsi yaradıldı.
1991-ci ildə Neft və Kimya İnstitutunun adı yenidən dəyişdirilərək Azərbaycan Sənaye Universiteti adlandırıldı. Elə həmin il onun Mingəçevir filialı təşkil edildi. Bir müddətdən sonra bu filial müstəqil Mingəçevir Politexnik İnstitutuna çevrildi. Respublika hökumətinin 16 mart 1992-ci il tarixli qərarı ilə Neft və Kimya İnstitutunun nəzdində neftin, qazın geotexnoloji problemləri və kimyası elmi-tədqiqat institutu yaradıldı.
Ölkəmizin neft sənayesinin inkişafında fəal iştirak edən Sənaye Universiteti ona məxsus olan profilə müvafiq olaraq 1992-ci ildə Azərbaycan Dövlət Neft Akademiyası adlandırıldı. Respublika hökumətinin 10 avqust 1995-ci il tarixli qərarına əsasən onun nəzdində idarəetmə proseslərinin avtomatlaşdırılması elmi-tədqiqat institutu yaradıldı. 7 noyabr 1996-cı il tarixli qərarı ilə isə respublika xalq təsərrüfatının rəhbər işçiləri və mütəxəssislərinin ixtisasının artırılması və yenidən hazırlanması institutu Neft Akademiyasının tərkibinə daxil edildi.
Bu il bütün Avropada və Şərqdə neft profilli ilk ali təhsil müəssisəsi olan Azərbaycan Dövlət Neft Akademiyasının yaradılmasının 90 ili tamam olur. Neft Akademiyası keçən dövr ərzində uzun müddət Azərbaycanın və keçmiş İttifaqın neft və neft-kimya sənayesinin yüksək ixtisaslı mütəxəssislərlə təmin edilməsində həlledici rol oynamışdır. İkinci və üçüncü Bakı neft rayonlarının yaradılması, Rusiyanın uzaq Sibir bölgələrində neft yataqlarının kəşfi və istismara verilməsi Azərbaycan Dövlət Neft Akademiyasının hazırladığı yüksək ixtisaslı mütəxəssislərin adı ilə bağlıdır. Hindistanda, Braziliyada və digər Latın Amerikası ölkələrində neft yataqlarının kəşfi və istifadəyə verilməsi Azərbaycan Dövlət Neft Akademiyasının məzunu, üç dəfə SSRİ Dövlət mükafatı laureatı, professor Eyyub Tağıyevin rəhbərliyi altında həyata keçirilmişdir. Azərbaycan Dövlət Neft Akademiyasının hazırladığı peşəkar mütəxəssislərin apardığı araşdırmaların nəticəsində dünya təcrübəsində ilk dəfə Xəzər dənizində zəngin neft yataqları kəşf edilmiş və 1949-cu ildə məşhur Neft Daşlarında neft hasilatına başlanmışdır.
Azərbaycan Dövlət Neft Akademiyası 90 il ərzində keçmiş Sovetlər İttifaqının respublikaları üçün 80 mindən çox mühəndis, 3 minə qədər elmlər namizədi, 160 elmlər doktoru, dünyanın 70-dən artıq ölkəsi üçün isə 4 min mühəndis, yüzlərlə elmlər namizədi, elmlər doktoru hazırlamışdır. Onun xarici məzunları arasında Anqola prezidenti Eduardo Duş Santuş, Vyetnamın Vyetsovpetro şirkətinin prezidenti Tran Le Donq və yüzlərlə şirkətlərin rəhbər vəzifələrində çalışan neftçiləri bu ali təhsil müəssisəsində aldıqları biliyi həmişə yüksək qiymətləndirirlər.
Vaxtı ilə ADNA-nı bitirən "LUKoyl" neft şirkətinin Prezidenti Vahid Ələkbərov, onun müavini Vahid Şərifov, "Rosneft" şirkətinin vitse-prezidenti Mars Xasanov bu gün Rusiyada məsul vəzifələrdə çalışır və bu unikal tədris müəssisəsinin tarixi ənənələrini yaşadır, onun şöhrətini təbliğ edirlər.
Azərbaycan Dövlət Neft Akademiyası Komi Muxtar Respublikasının təhsil və elm müəssisələri üçün yüksək ixtisaslı kadrların hazırlanmasında fəal iştirak etmişdir. Uxta Dövlət Texniki Universitetinin rektoru professor Nikolay Tsxadaya və onlarca başqaları ADNA-da hazırlıq keçmiş, namizədlik və doktorluq dissertasiyalarını müdafiə etmişlər.
Keçmiş Sovetlər İttifaqı miqyasında neft sənayesinin inkişafında görkəmli xidmətlərinə görə Azərbaycan Dövnlət Neft Akademiyasının on bir məzunu - Nikolay Baybakov, Sabit Orucov, Suleyman Vəzirov, Murtuza Nağıyev, Qurban Abbasov, Bəxtiyar Məmmədov, Fərman Salmanov, İsrafil Hüseynov, İsmayıl İbrahimov, Şıxəli Dadaşov, Kərim Kərimov Sosialist Əməyi Qəhrəmanı, Vitali Jolobov Sovet İttifaqı Qəhrəmanı, Əyyub Tağıyev üç dəfə, Tofiq Əliyev iki dəfə, Əliş Ləmbəranski, Kərim Əliverdizadə, İzzət Nəbiyev, Əskər Abdullayev, Əli Əmirov, Əhməd İsmayılov bir dəfə SSRİ dövlət mükafatına, Ənvər Əlixanov, Abbas Biləndərli, İsrafil Quliyev, Fuad Səmədov və başqaları Lenin mükafatına layiq görülmüşlər. Bu göstərici Azərbaycan təhsil sistemi üçün təkrarolunmaz yüksək nailiyyətdir.
Neft Akademiyasının məzunları arasında SSRİ Nazirlər Sovetinin sədr müavini, neft sənayesi naziri, Dövlət Plan Komitəsinin sədri, həmyerlimiz Nikolay Baybakov, SSRİ qaz sənayesi naziri Sabit Orucov, "LUKoyl" Şirkətinin prezidenti Vahid Ələkbərov, Sovet İttifaqının kosmik uçuşlar üzrə Dövlət komissiyasının sədri Kərim Kərimov, Anqolanın prezidenti Eduardo Duş Santuş fəxri yer tuturlar.
1993-cü ilin iyunun 15-də xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev respublikada yaranan ictimai-siyasi gərginliyin, xaosun, son həddə çatmış inflyasiyanın, genişlənməkdə olan iqtisadi böhranın aradan qaldırılması üçün ciddi iqtisadi, siyasi və digər xarakterli tədbirlər həyata keçirərək tədricən cəmiyyətin bütün sahələrində sabitləşmə prosesini təmin etdi. 1994-cü ilin may ayının 12-də atəşkəsə nail oldu, 1994-cü ilin sentyabrın 20-də dünyanın nüfuzlu neft şirkətlərinin iştirakı ilə "Əsrin müqaviləsi"nin imzalanmasını başa çatdırdı, dövlət quruculuğu sistemini gücləndirdi və 1996-cı ildən başlayaraq tədricən dinamik inkişafın əsasını yaratdı.
Ulu öndərimizin Azərbaycan Republikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında imzaladığı 13 iyun 2000-ci il tarixli fərmanı ölkəmizdə təhsil sahəsində geniş miqyaslı islahatların aparılması üçün yeni imkanlar yaratdı. Bu fərmanla Azərbaycanın ali məktəbləri sırasında ADNA-ya özünüidarəetmə prinsipi əsasında muxtariyyət hüququ verildi.
Ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev milli təhsilimizin Avropa standartları səviyyəsində qurulması istiqamətində iri miqyaslı tədbirlərin həyata keçirilməsi məqsədilə yeni proqram irəli sürmüşdür. Dövlət başçısı bəyan etmişdir ki, hər bir ölkənin inkişafı, onun təbii sərvətləri ilə deyil, bilikli və savadlı kadrları ilə müəyyən edilir. Prezident İlham Əliyevin iqtisadi imkanların insan kapitalına çevrilməsi haqqında məşhur tezisi təhsil sistemində yeni vəzifələr müəyyən etmişdir. Prezidentin bu tezisi təhsildə alınan biliyin, intellektin dərinləşməsini və insan kapitalının formalaşmasını nəzərdə tutur. Bu intellektual proses təhsil sisteminin qarşısında duran ən böyük vəzifədir, çünki elm təhsildə yaranır, yeni informasiya texnologiyaları elmə əsaslanır.
Ümummilli liderimiz Heydər Əliyevin qayğısı sayəsində böyük inkişaf yolu keçmiş Neft Akademiyası Prezident İlham Əliyevin rəhbərliyi altında tamamilə yeni tərəqqi mərhələsinə qədəm qoymuşdur. Akademiyanın professor-müəllim və tələbə kollektivi bu mərhələni intibah dövrü kimi qiymətləndirir. Prezident İlham Əliyevin gündəlik dəstəyinə arxalanan Azərbaycan Dövlət Neft Akademiyasında keçirilən islahatlar uğurlu nəticələr verir, təhsil və elm sahəsində böyük nailiyyətlər əldə edilir.
Prezident İlham Əliyev təhsilin müasir tələblər səviyyəsində qurulması sahəsində 10-a qədər fərman və sərəncam imzalamışdır. Bu sənədlərdə yeni təhsil müəssisələrinin tikilməsi, yenidən qurulması, onların maddi-texniki bazasının möhkəmləndirilməsi, elm və təhsil işçilərinin əmək haqlarının, alimlik dərəcəsinə görə əlavə müavinətlərin, tələbələrin və aspirantların təqaüdlərinin artırılması, azərbaycanlı gənclərin xaricdə təhsil alması üçün dövlət proqramları təsdiq edilmişdir. Prezident İlham Əliyev özünün məşhur tezisini əsaslandıraraq demişdir: "Neft- qaz Tanrıdan verilən böyük nemətdir. Biz bundan uğurla və məharətlə istifadə edirik. Amma gec-tez bu təbii sərvətlər tükənəcək və bilik, zəka səviyyəsi ölkəmizin dayanıqlı inkişafını uzun illər bundan sonra da təmin edəcəkdir. Ən yaxşı inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, görərik ki, o ölkələrin inkişafında ən aparıcı rol oynayan neft-qaz deyil, bilikdir, elmi-texniki tərəqqidir, yeni texnologiyalardır. Biz də buna hazırıq". Prezident İlham Əliyevin göstərişinə əsasən Neft Akademiyasında təhsilin Avropa standartları səviyyəsində qurulması istiqamətində böyük işlər görülmüş və onun Qərb ölkələrinin elm və təhsil məkanına inteqrasiyası daha da gücləndirilmişdir.
Azərbaycan Dövlət Neft Akademiyasında yeni informasiya texnologiyalarının tətbiq edilməsinə, təhsilin Avropa standartları səviyyəsinə yüksəldilməsinə, onun maddi-texniki və metodiki bazasının möhkəmləndirilməsinə və nəhayət, Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin nüfuzlu neft şirkətlərinin tələblərinə cavab verən müasir düşüncəli mütəxəssislərin hazırlanmasına xüsusi diqqət və qayğı göstərilir.
Qloballaşmanın indiki mərhələsində Neft Akademiyasının qarşısında duran ən mühüm məsələlərdən biri elmi - tədqiqat işlərinin tətbiqi istiqamətinin gücləndirilməsi və istedadlı tədqiqatçıların hazırlanmasından ibarətdir. Həyata keçirdiyimiz ciddi tədbirlər sayəsində aparılan elmi-tədqiqat işlərinin miqyası xeyli genişləndirilmiş və onların nəticələrinin istehsalatda tətbiq edilməsi prosesi gücləndirilmişdir. Azərbaycan Dövlət Neft Akademiyasında neft və kimya sənayesinin inkişafının təmin edilməsi istiqamətində aparılan fundamental xarakterli elmi tədqiqatların aparılması ənənəyə çevrilmişdir. Xatırladaq ki, bu ali məktəbdə ilk dəfə olaraq turbin qazması, maili qazmanın nəzəri və praktiki əsasları, quyuların dərinlik nasos və kompressor üsulları ilə istismarı, neftvermənin artırılması üçün quyuya qazın vurulması, qaz-kondensat və qeyri-nyuton xassəli neft yataqlarının işlənməsi, karbohidrogenlərin oksidləşdirici dehidrogenləşməsi, doymamış karbohidrogenlərin parsial oksidləşməsi prosesləri üçün yeni katalizatorların seçilməsi, neft avadanlıqları üçün effektiv korroziya inhibitorların yaradılması, nüvə-maqnit karotajın müxtəlif yataqlarda tətbiqi və s. uğurlu nəticələr əldə edilmişdir.
Hazırda ADNA-nın kafedraları və elmi-tədqiqat laboratoriyaları tərəfindən Azərbaycan və digər ölkələrin iqtisadiyyatı üçün mühüm olan, 9 istiqaməti özündə birləşdirən 52 mövzu üzərində elmi-tədqiqat işləri aparılır. Son illərdə yerinə yetirilən tədqiqat işlərinə 130-dan çox patent verilmiş, 19 sona çatmış elmi iş istehsalata tətbiq edilmişdir. Təkcə neftin tərkibində suyun miqdarını təyin edən cihazın "Balaxanıneft" və "28 May" neft-qazçıxarma idarələrinin obyektlərində tətbiqi belə analizlərin müddətinin bir qrup laborantın həyata keçirdiyi 10-12 gündən 10-15 dəqiqəyə qədər azaldılması hesabına milyon manata qədər, istehsal edilən neft fraksiyaların keyfiyyət göstəricilərinin optimal idarə edilməsi üçün yaradılmış öz-özünə sazlanan avtomatik idarəetmə sisteminin Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun neftin ilkin emalı qurğularında tətbiqi isə böyük məbləğdə səmərə vermişdir. Eyni zamanda, elmi nəticələrin dərhal tədris prosesinə bilavasitə tətbiq edilməsi də təmin olunmuşdur.
Dövlət başçısı İlham Əliyevin ötən il imzaladığı "Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında" sərəncamını elmin inkişafına yönələn mühüm addımlardan biri kimi qiymətləndirən Neft Akademiyasının kollektivi elmi-tədqiqat işlərinin müasir standartlar səviyyəsində yenidən qurulması və onların nəticələrinin tətbiqi strategiyasını müəyyənləşdirmişdir. Bu məqsədlə elmi kadrların intellekt imkanları səfərbər edilmiş və onların müvafiq müasir texnologiyalarla təmin edilməsi prosesi gücləndirilmişdir. Neft Akademiyasında elmi islahatların aparılması və elmi tədqiqatların beynəlxalq standartlar səviyyəsində istiqamətləndirilməsi üçün prezidentin sərəncamından irəli gələn vəzifələrin həyata keçirilməsi təmin edilir.
Prezident İlham Əliyev hesab edir ki, təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir. Prezidentin bu mühüm tapşırığının yerinə yetirilməsi məqsədilə Neft Akademiyasında təhsilin səviyyəsinin və keyfiyyətinin yaxşılaşdırılması, onun metodiki və maddi texniki bazasının möhkəmləndirilməsi, bu təhsil müəssisəsinin tarixi ənənələrinin bərpa edilməsi istiqamətində aparılan sistemli islahatlar və tədbirlər özünün uğurlu nəticəsini verməkdədir.
Avropa təhsil məkanına inteqrasiya prosesində ADNA-da tədris planlarının Qərb standartlarına uyğunlaşdırılması və müasir informasiya texnologiyalarının təhsil prosesinə tədbiqi üzrə məqsədyönlü iş aparılır. Yaradılmış şəraitdən istifadə edən gənclər müasir biliklərə, informasiya texnologiyalarına yiyələnir, xarici dilləri mükəmməl öyrənir, nüfuzlu neft şirkətlərində işlə təmin edilir və Neft Akademiyasında aldıqları biliyin dəyərini yüksək qiymətləndirirlər.
Son illər Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Dövlət Neft Akademiyasında tədrisin Avropa standartları səviyyəsində təşkili, elmi-tədqiqatların fundamental istiqaməti xeyli güclənmiş və bu təhsil müəssisəsi özünün inkişafının intibah dövrünə qədəm qoymuşdur.
Prezident İlham Əliyevin dövlətçilik siyasətini bir mənalı müdafiə edən Azərbaycan Dövlət Neft Akademiyasının professor-müəllim və tələbə kollektivi zəngin və tarixi ənənələri olan ADNA-nın 90 illik yubileyinə böyük inam və ruh yüksəkliyi ilə çalışır və ölkə başçısına uğurları haqqında hesabat vermək üçün əzmlə hazırlaşırlar.

{nl}

 

{nl}

 Siyavuş QARAYEV, Azərbaycan Dövlət Neft Akademiyasının rektoru, akademik


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında