Səbail məktəblilərinin yay istirahəti başa çatdı

Səbail Rayon İcra Hakimiyyətinin və DİN Daxili Qoşunlar Komandanlığının birgə layihəsi ilə reallaşdırılan Qarabağ müharibəsi veteranları və əlillərinin övladları, rayonun aztəminatlı və imkansız ailələrinin uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər, həmçinin “SOS-Azərbaycan” uşaq kəndində tərbiyə alan ümumilikdə 200-dən çox yeniyetmə üçün Quba şəhərində təşkil olunmuş iki həftəlik yay istirahəti başa çatmışdır. Bununla əlaqədar düşərgədə təntənəli bağlanış mərasimi keçirilmişdir.

Şagirdləri gələcəkdə hərbi xidmətə layiqincə hazırlamaq məqsədilə düşərgədə hərbi-səhra çadırı qurulmuş, səhra mətbəxi yerləşdirilmişdir. Düşərgənin həyətində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətinə, olkədə ordu quruculuğuna, 10-cu dəfə təşkil olunan “Şahinlər” düşərgənin tarixinə həsr olunmuş stendlər  asılmışdır. Məşğələlərin hərbi nizamnaməyə uyğun olaraq keçirilməsi  uşaqların istirahətini daha maraqlı  və yaddaqalan etmişdir.

Uşaqların Qubanın görməli yerlərinə, rayonun  tarixi guşələrinə, o cümlədən Qubadakı Soyqırımı muzey-kompleksinə gəzintiləri təşkil edilmiş, istirahətin bir günü Daxili Qoşunlar tərəfindən hərbi-səhra məşğələlərinə həsr olunmuşdur. Məktəblilərin təlimləri Daxili Qoşunların Quba şəhərindəki hərbi hissəsində keçirilmiş, burada onlar hərbi hissənin şəxsi heyətinin xidməti və yaşayış şəraiti, silah və texnikası ilə yaxından tanış olmuş, xüsusi təyinatlı bölüyün məşqlərinə qatılmışlar.

Düşərgədə Vətənimizin və xalqımızın tarixinə həsr olunmuş müxtəlif mövzularında məşğələlər, maraqlı görüşlər keçirilmiş, filmlər nümayiş etdirilmişdir. İstirahətin sonuncu günündə ənənəyə uyğun olaraq düşərgədə istirahət edən uşaqlar, müəllimlər, Daxili Qoşunların hərbiçiləri, Bakıdan gəlmiş qonaqlar vida tonqalı ətrafına toplaşmışlar. Burada yeniyetmələr öz məharətlərini ifa etdikləri mahnılar və rəqslərlə nümayiş etdirmiş, Daxili Qoşunların hərbi orkestrinin iştirakı ilə konsert proqramı təşkil olunmuşdur.

Bağlanış tədbiri Daxili Qoşunların hərbi orkestrinin müşayiəti ilə Dövlət himnimizin qonaqlar, şagirdlər və hərbiçilərin birgə ifası ilə başlanmışdır. Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qonaqlar, yeniyetmələr və hərbiçilər qarşısında çıxış edərək Daxili Qoşunlarla birgə reallaşdırılan layihənin əhəmiyyətini vurğulamış, ölkə başçısı cənab İlham Əliyevin yeniyetmə və gənclərin sağlam böyüməsi, gənc nəslin Vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən danışmışdır. Natiq Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın   uşaq və yeniyetmələrə olan diqqət və qayğısından, bu istiqamətdə həyata keçirilən layihələrdən söz açmış, rayonda yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı görülən işlər barədə ətraflı məlumat vermişdir.

Daxili Qoşunlar Baş İdarəsinin şöbə rəisi, polkovnik Mətləb Qənbərov düşərgənin fəaliyyətindən danışmış, gələcək nəslin vətənə sevgi və məhəbbət ruhunda tərbiyə olunmasında  belə düşərgələrin rolunu yüksək qiymətləndirmişdir. Sonra düşərgədə keçirilən idman yarışlarında qalib gəlmiş bir qrup şagirdə xatirə medalları, tərbiyə işlərində fərqlənmiş dəstə rəhbərlərinə və hərbiçilərə qiymətli hədiyyələr təqdim edilmişdir.

Maraqlı istirahətdən sonra Bakıya qayıdan  yeniyetmələr, onların valideynləri bu istirahətin təşkilatçılarına öz minnətdarlıqlarını bildirmişlər.

Ə. BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında