Dünya universitetlərinin beynəlxalq reytinqi açıqlanıb

Onların sırasında Azərbaycanın ali təhsil müəssisələri də var

Dünyanın  25 mindən artıq ali təhsil müəssisəsini əhatə edən Webometrics bu il üçün növbəti reytinqini açıqlayıb.

Dünya universitetlərinin elan edilən reytinqinə ümumilikdə Azərbaycanın 41 ali təhsil müəssisəsi daxil edilmişdir. Bu reytinqdə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilk dəfə olaraq dünyanın Top-5000 universiteti siyahısında yer alıb və Azərbaycan universitetləri arasında birinci yerə layiq görülüb.

UNEC, eləcə də Mərkəzi və Şərqi Avropa universitetləri üzrə mühüm irəliləyişə nail olmuşdur. Belə ki, Azərbaycan Dövlət İqtisad Universiteti region universitetləri arasında 330-cu yerdə qərarlaşmış və TOP-500-ə daxil olmuşdur.

Bütövlükdə, Avropa universitetləri arasında UNEC 1231-ci yerə yüksəlmiş və ilk dəfə olaraq regionun TOP-1500-ə daxil olmuşdur.

Reytinqdə Top-10-da yalnız ABŞ universitetləri qərarlaşmışdır. İlk 3 yerə Harvard Universiteti, Massaçusets Texnologiya İnstitutu və Stenford Universiteti layiq görülmüşdür. Dünyanın ilk  20 universitet sıralamasında isə ABŞ ilə yanaşı, Böyük Britaniyanın iki (Oksford və Kembric universitetləri), Kanadanın bir universiteti (Toronto Universiteti) təmsil olunur.

2004-cü ildən fəaliyyət göstərən, hazırda dünya universitetləri arasında ən mühüm reytinq hesab edilən Webometrics müstəqil, obyektiv, açıq elmi araşdırmalara əsasən hazırlanır. Reytinqin tərtib olunmasında ali təhsil müəssisələrinin və elm mərkəzlərinin veb resursları əsas diqqət mərkəzi sayılır. Əlavə olaraq, universitet saytlarındakı informasiyaların aktuallığı, məzmunun keyfiyyəti, məlumatların dəyəri, xidmətlərin faydalılığı, axtarış zamanı tapılan səhifələrinin kəmiyyəti, sayta edilən xarici istinadlar, veb səhifəyə yüklənmiş faylların sayı və tipi, Google Scholar qiymətləndirilməsi üzrə elmi əsərlərin və istinad indeksinin kəmiyyət göstəricisi əsas götürülür.

Hər il yanvar və iyul aylarında elan edilən reytinqin hazırlanmasında əsas məqsəd universitetlərin akademik fəaliyyətlərini internet məkanında stimullaşdırmaq və ictimaiyyət üçün informasiya mübadiləsini təmin etməkdir. Araşdırma metodologiyasının istiqamətlərinə universitetlərin veb resursları, sosial şəbəkələr, məlumat toplanmasını həyata keçirən axtarış sistemləri və hiperlinklərin təhlili daxildir.

Elnarə ÖMƏROVA


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında