İndiyədək aparılmış tədqiqatlarda XIX əsr və XX əsrin əvvəllərində təhsil sahəsində çar Rusiyasının yeritdiyi siyasətə müxtəlif istiqamətlərdən toxunulsa da, Şimali Azərbaycanda çar hökumətinin təhsil siyasəti tarixi-pedaqoji problem kimi sistemli şəkildə öyrənilməmişdir.
İmperiyanın ucqarlarındakı yerli xalqların intellektual və mənəvi-emosional sferasına təsir göstərmək üçün yeni tipli məktəblərin açılması praktik məqsədlərlə yanaşı, ideoloji məqsədlərə də xidmət göstərirdi. Bu məktəblər vasitəsilə yeni, Avropa tipli dünyəvi təhsil elementlərinin Azərbaycan xalqının böyüməkdə olan nəslinin müəyyən hissəsi tərəfindən mənimsənilməsi köhnə Şərq təhsil tərəfdarlarının ciddi müqavimətilə üzləşmiş, özünəməxsus təzadları ilə yeni mərhələnin leytmotivini təşkil etmişdir.
Bütün bu məsələlər pedaqogika üzrə fəlsəfə doktoru Həsən Bayramovun “Çar Rusiyasının Azərbaycandakı təhsil siyasəti: unifikasiya prosesi və tarixi-pedaqoji paradiqmanın formalaşması” (Bakı, “Elm”, 2015, 368 s.) monoqrafiyasında yeni elmi-tarixi meyarlara istinadən araşdırılmışdır.
XIX əsrdə və XX əsrin əvvəllərində çarizmin Azərbaycandakı təhsil siyasətinin müstəmləkəçi xarakter daşıması onda təzahür edirdi ki, rus müstəmləkəçiliyi dövründə əhalinin dünyəvi təhsilə tələbatını ödəyəcək geniş məktəblər şəbəkəsi yaradılmadı, orta məktəbləri az qala barmaqla saymaq olardı. Orta ixtisaslı müəllim kadrları hazırlayajaq seminariyaların sayı isə çox məhdud idi. Nəhayət, əhalinin marağına, dövrün kəskin tələbatına baxmayaraq, çar hökuməti Şimali Azərbaycanda bir dənə də olsun ali tədris müəssisəsi yaratmadı.
Bunlara baxmayaraq, yürüdülən rəsmi təhsil siyasəti obyektiv olaraq Şimali Azərbaycanda Avropa və Rusiya yönümlü təhsil sisteminin meydana çıxıb təşəkkül tapması ilə sonuclandı. Yeni dünyəvi məktəblərdə bilik alıb formalaşan Azərbaycan ziyalıları öz vətənlərində nəinki qabaqcıl dünya və Avropa mədəniyyətinin təbliğatçılarına, həm də ölkədə mövcud olan ətalət, cəhalət və digər geriliklərə qarşı mübarizənin fəal iştirakçılarına çevrildilər. Məhz onların sırasından Azərbaycan milli şüurunun formalaşdırılmasında mühüm rol oynamış görkəmli elm və ictimai-siyasi xadimlərimiz yetişdi ki, onlar milli azadlıq mübarizəsinin ön sıralarında dayanaraq Azərbaycan milli dövlətçiliyinin bərpasında əvəzsiz rol oynadılar. Monoqrafiyada problemin araşdırılması aşağıdakı istiqamətləri əhatə etmişdir:
Birincisi, çar Rusiyasının Azərbaycandakı təhsil siyasətinin genezisinə nəzər salınmaqla bu zaman problemin qoyuluşu və mahiyyəti, xüsusilə, çarizmin işğalından sonra yeni tarixi-maarifçi prosesin təşəkkülü öyrənilmiş;
İkincisi, çarizm işğalının ilk yarım əsrində tətbiq edilən təhsil siyasətinin prioritetləri, o cümlədən, yeni dünyəvi məktəb sistemi ilə dini və ənənəvi müsəlman məktəblərinin müqayisəli təhlili, nəhayət, Qafqaz təhsil sisteminin regional idarəçiliyi kontekstində yeni tipli təhsilin şəbəkələşməsi araşdırılmış;
Üçüncüsü, XIX əsrin sonlarınadək Şimali Azərbaycanda formalaşmaqda olan dövlət təhsil sisteminin başlıca inkişaf tendensiyası izlənilmiş, təhsilə dair regional və milli xüsusiyyətlərin uzlaşdırılması cəhdləri tədqiq edilmiş;
Dördüncüsü, regional təhsilin ümumimperiya modelinə keçidlə bağlı unifikasiya niyyətlərinə nəzər salmaqla, təhsilin çoxşaxəli istiqamətlər üzrə inkişafı zəminində formalaşan ictimai prosesin maarifçi xüsusiyyətlərinə toxunulmuş;
Beşincisi, imperiyanın süqutu ərəfəsində ictimai-pedaqoji hərəkatın Azərbaycanda əks-sədası milli özünüdərkin formalaşması zəminində milli maarifçiliyin tarixi təşəkkül prosesi izlənilmiş;
Altıncısı, unifikasiya cəhdlərinə baxmayaraq, formalaşmaqda olan yeni tarixi-pedaqoji paradiqmanın milli kreativləri təhlil edilməklə çar Rusiyası dövrü milli maarifçiliyin müasir milli pedaqoji elmin inkişafında rolu, yeri və əhəmiyyəti müəyyən edilmişdir.
Çar Rusiyası dövrü təhsil siyasətinin müəllifin təbirincə desək, Rusiyalaşdırıcı, yəni ruslaşdırıcı və xristianlaşdırıcı niyyətlərinə baxmayaraq, yeni tipli dünyəvi dövlət təhsilinin şəbəkələşməsi zəminində yetişən ziyalılarımızın milli maarifçiliyimizi yeni mərhələyə qaldırmaqla, milli istiqlal savaşını uğurla başa çatdırmaları bugünkü müstəqil, demokratik Azərbaycan Respublikası üçün əbədi bünövrəni təmin etmişdir.
Bütün bu məsələlərlə bağlı arxiv materiallarına əsasən çox geniş arealda – imperiyanın milli ucqarlarında yürüdülən təhsil siyasəti tarixi-müqayisəli formada araşdırılaraq monoqnrafiyanın sintetik mahiyyəti təmin edilmişdir.
Monoqrafiyada çar Rusiyasının Azərbaycandakı təhsil siyasəti probleminin genezisi haqqında, XIX yüzilliyin ilk yarısında Şimali Azərbayjanda dövlət təhsil sisteminin ilkin prioritetləri, təhsil siyasəti kontekstində XIX əsrin 40-cı illərinin sonu və 90-cı illərdə Şimali Azərbaycanda maarif sisteminin inkişaf tendensiyası, təhsil sistemində unifikasiya prosesləri və problemləri, çarizmin süqutu ərəfəsində Şimali Azərbaycanda yeni ictimai-humanitar mühitin təhsil siyasətinə təsiri, təhsilə dair tarixi-pedaqoji paradiqmanın formalaşması kimi konseptual məsələlər araşdırılmışdır.
Ölkəmizdə təhsil tarixinə dair yeni tarixi reallıqlara əsaslanan tədqiqatların azlığını nəzərə alsaq, Həsən Bayramovun “Çar Rusiyasının Azərbaycandakı təhsil siyasəti: unifikasiya prosesi və tarixi-pedaqoji paradiqmanın formalaşması” monoqrafiyasında ictimai-humanitar elmlərin müasir inkişafı kontekstində tarixi keçmişimizin obyektiv təhlili və öyrənilməsi zərurətinə əsaslanmaqla tarixi-pedaqoji rakursda əsaslı tədqiqi onun sanballı tədqiqat işi kimi əhəmiyyətini göstərir.
Fərrux RÜSTƏMOV,
pedaqogika üzrə elmlər doktoru,
professor, Əməkdar elm xadimi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.