“Elm və media: multidisiplinar istiqamətlər və perspektivlər” adlı elmi-praktik konfrans

Dünən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti aparatının ictimaiyyətlə əlaqələr, elmin populyarlaşdırılması idarəsi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Milli Mətbuatın 140 illik yubileyinə həsr olunmuş “Elm və media: multidisiplinar istiqamətlər və perspektivlər” adlı elmi-praktik konfrans keçirildi.

Tədbirdə akademiyanın tərkibində fəaliyyət göstərən elmi müəssisə və təşkilatların rəhbərləri, AMEA Rəyasət Heyətinin üzvləri və Azərbaycan Mətbuat Şurasının idarə heyətinin üzvləri, eləcə də ölkənin tanınmış media orqanlarının rəhbərləri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə qonaqları salamlayaraq akademiyanın ölkə mətbuatının fəaliyyətinə həmişə yüksək qiymət verdiyini, son illər istər rəsmi dövlət qəzetləri, istərsə də müstəqil media orqanları ilə geniş əməkdaşlıq əlaqələrinin, faydalı işgüzar münasibətlərinin qurulduğunu diqqətə çatdırdı. Natiq akademiyanın təbliğində, eləcə də elmin populyarlaşdırılması istiqamətində görülən bütün işlərdə jurnalistlərin rolunu yüksək qiymətləndirdi. Qeyd olundu ki, fanatizmi, cəhaləti aradan qaldırmaq, xalqı elmə, maarifə və tərəqqiyə çağırmaq, onlara milli-mənəvi və ümumbəşəri dəyərləri təbliğ etmək və elmi-mədəni səviyyəni yüksəltməyi əsas hədəf seçən “Əkinçi” qəzetinin 1875-ci il iyulun 22-də nəşrə başlaması ilə Azərbaycanda milli mətbuatın, eləcə də xalqımızın milli şüurunun, azadlıq mübarizəsinin əsası qoyulmuşdur. Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri, təbiətşünas alim, pedaqoq, ictimai xadim Həsən bəy Zərdabinin yorulmaz əməyi sayəsində qəzetin 56 sayı işıq üzü görmüşdür.

Akademik Akif Əlizadə bildirdi ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə milli mətbuatımızın inkişafına xüsusi diqqət və qayğı ilə yanaşmış, ölkəmizdə senzuranın ləğvinə göstəriş vermişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkə mətbuatına dövlət qayğısının ilbəil artdığını qeyd edən AMEA-nın prezidenti jurnalistlərin mənzillə təmin olunmasını məhz həmin siyasətin məntiqi davamı kimi səciyyələndirdi.  Bildirildi ki, Azərbaycanda fəaliyyət göstərən 200-dən artıq qəzet, 100-ə yaxın jurnal, 50-dən çox televiziya və radio kanalı, çoxsaylı yayım şirkətləri və jurnalist təşkilatları da elə bu siyasətin bəhrəsidir.

Elm və mətbuat əlaqələrinin hazırkı durumunun çoxşaxəli və faydalı xüsusiyyətləri ilə seçildiyini bildirən natiq AMEA-nın öz fəaliyyətinin ölkəmizdə yayımlanan kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıq şəraitində həyata keçirdiyini diqqətə çatdırdı.  Bundan əlavə, akademiya tərəfindən həyata keçirilən hüquq və kadr islahatlarının, elmi-kütləvi toplantı və görüşlərin və digər tədbirlərin işıqlandırılmasında milli mətbuatımızın daim əzmlə çalışdığını, multidisiplinar istiqamətlər üzrə aparılan tədqiqatların, onların nəticələrinin, eləcə də alimlərimizin beynəlxalq tədbirlərdə iştirakının mətbuat tərəfindən geniş təbliğ olunduğu xüsusi vurğulandı.

Sonra Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək qarşıdan gələn Mətbuat Günü münasibətilə media təmsilçilərin təbrik etdi. Dövlət başçısı  İlham Əliyevin “Milli Mətbuatın 140 illik yubileyinin keçirilməsi haqqında” sərəncamının ölkəmizdə təntənə ilə qarşılanmasından məmnunluğunu ifadə edən Ə. Amaşov elm və medianın son illər ölkəmizdə daha çox inkişaf edən və mühüm nailiyyətlər qazanan sahələr olduğunu, hər iki istiqamətdə əsaslı irəliləyişlərə nail olunduğunu diqqətə çatdırdı.  Mətbuat Şurasının sədri jurnalistikanın sosial statusunun müəyyənləşməsi, medianın idarəçilikdəki yeri və rolu ilə bağlı cəmiyyətdə bilgilərin artırılmasında KİV-ə dövlət qayğısının, həmçinin bu yöndə görülən işlərin əhəmiyyətindən  söhbət açdı. Natiq, həmçinin  mətbuatın müstəqil fəaliyyət göstərməsi və jurnalistikanın inkişafının dəstəklənməsi üçün ölkə Prezidentinin 31 iyul 2008-ci il tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”na əsasən formalaşdırılan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun həyata keçirdiyi tədbirlərdən bəhs etdi.

 Daha sonra elm sahəsində əldə edilən uğurlardan, ölkəmizin elmə sistemli qayğısından danışan natiq elmi nəticələr artdıqca tətbiqi istiqamətlərin və elmin bütün həyatımıza təsirinin genişləndiyini bildirdi. Qeyd olundu ki, bu sahədə məlumatların ictimaiyyətə çatdırılması ayrı-ayrı təbəqə və sosial qrupların mənafeyinə xidmət baxımından mühüm səciyyə daşıyır. Elmi nailiyyətlərin tətbiqi sferasının bütövlükdə cəmiyyət həyatına təsir göstərdiyini diqqətə çatdıran Ə. Amaşov bu məsələdə mətbuatla yanaşı, elm sahəsini təmsil edən şəxslərin də üzərinə mühüm vəzifə düşdüyünü bildirdi.

Konfransda çıxış edən digər natiqlər Milli Mətbuatın 140 illik tarixi, elm və media əlaqələrinin müasir vəziyyəti haqqında fikirlərini bölüşdülər.

Sonda Azərbaycan  Milli Mətbuatının 140 illik yubileyi ilə əlaqədar, eləcə də elmin təbliği işində xüsusi xidmətləri olan, AMEA ilə obyektiv və faydalı əməkdaşlıq əlaqələri yaradan 30-a yaxın media orqanı akademiya rəhbərliyi tərəfindən xüsusi diplomla mükafatlandırıldı.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında