Azərbaycan Respublikasının müstəqillik dövründə qazandığı nailiyyətlər, sosial-iqtisadi və digər sahələrdə sürətli irəliləyiş danılmaz faktdır. Bu inkişafın təməli “İqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir”, — deyən ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Etiraf etməliyik ki, istər sənayedə, istər kənd təsərrüfatında, istər xidmət və idarəetmədə, ordu quruculuğunda və ümumiyyətlə, bugünkü nailiyyətlərimizin qazanılmasında o dövrün müxtəlif təhsil ocaqlarının, xüsusilə ilk peşə- ixtisas və orta ixtisas təhsili məktəbləri məzunlarının əməyi az olmamışdır. Səriştəli, xüsusilə rəqabətəqabil fəhlə qüvvəsi və orta ixtisaslı kadrlar olmadan iqtisadiyyat çətin inkişaf etdirilə bilər. Buna görə də möhkəm təməl üzərində iri addımlarla inkişafa başlamış ölkə iqtisadiyyatı üçün kadrların hazırlanması və ümumiyyətlə, təhsil problemi möhtərəm Prezidentimiz İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlət başçımız iqtisadiyyatın bu inkişaf tempinin saxlanılması və gələcəkdə daha da artırılmasını təmin edə biləcək fəhlə kadrları və ilk peşə-ixtisas, orta ixtisaslar üzrə mütəxəssislər hazırlayan məktəblərimizdə işin keyfiyyətinin yüksəldilməsinə xüsusi qayğı ilə yanaşır, həmin təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi və müasirləşdirilməsi üçün lazımi qədər vəsait ayırır.
Prezident İlham Əliyev 2004-cü il 2 fevral tarixli fərmanı ilə 2004-2008-ci illər üçün təsdiq edilmiş “Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda bölgələrin sosial iqtisadi inkişafını açıqlayarkən ilk peşə-ixtisas və orta ixtisas təhsili sisteminin rolunu yüksək qiymətləndirmişdir.
Proqramda iqtisadiyyatın inkişafını sürətləndirən amillər və bununla bağlı dövlət siyasətinin əsas istiqamətləri, ayrı-ayrı bölgələrin sosial-iqtisadi inkişafının məzmunu və istiqaməti, onun yerinə yetirilməsi və sonrakı inkişafı üçün bazar iqtisadiyyatı şəraitində dərin və hərtərəfli bilik, əmək bacarıq və vərdişlərinə, müasir texnikaya və texnologiyalara, istehsal vasitələrini idarə etməyə mükəmməl yiyələnmiş rəqabətəqabil ixtisaslı fəhlə, mühəndis, aqronom və digər peşəkar kadrlara böyük ehtiyacın olduğu ön plana çəkilmişdir.
Elmin, texnikanın,çevik texnologiyaların və bazar iqtisadiyyatının tələblərinə uyğun fəhlə və orta ixtisaslı kadrların hazırlanmasının vacibliyini nəzərə alaraq respublika höküməti 2006-cı ildə “Azərbaycan Respublikasında texniki-peşə təhsilinin İnkişaf Konsepsiyası”nı qəbul etdi. Konsepsiyada ilk-peşə təhsilinin inkişaf mərhələləri, bu təhsil sisteminin məzmunu və vəzifələri, habelə gözlənilən nəticələr xüsusilə vurğulanır və nəzərə çatdırılır.
Konsepsiyanın davamı olaraq, Prezident İlham Əliyev 3 iyul 2007-ci il tarixli sərəncamı ilə daha bir vacib sənədi – “Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət proqramını (2007-2012)” qəbul etdi . Dövlət Proqramında ölkədə ilk peşə-ixtisas təhsilinin əldə etdiyi nailiyyətlər, real vəziyyət və onun yaxşılaşdırılması üçün qarşıda duran vəzifələr, onların həlli yolları aydın şəkildə öz əksini tapmışdır. Məsələn: proqramın 2-ci bəndinin ( “Məqsəd və vəzifələr”) 2.3 hissəsində (“Texniki-peşə təhsilinin məzmunca müasir tələblər səviyyəsində yeniləşdirilməsi”) yazılır: “l-texniki-peşə təhsilini əmək bazarının dəyişən tələbinə uyğunlaşdırmaq məqsədilə bu sahə üzrə yeni ixtisas və ixtisaslaşma təsnifatının hazırlanması;
-texniki-peşə təhsili üzrə yeni dövlət standartlarının hazırlanması və bu standartlar əsasında, həmçinin beynəlxalq təcrübədən istifadə olunmaqla yeni tədris proqramlarının tərtib olunması və tətbiqi, təlim-tədris prosesində müasir üsul və metodlardan istifadə olunması;
- ölkədə qeyri-neft sektorunu sürətli inkişaf etdirmək məqsədilə kənd təsərrüfatı .... emal və xidmət sahələri üçün kadr hazırlığının genişləndirilməsi.
2.5. ( “Texniki- peşə təhsilinin ictimai statusunun yüksəldilməsi ”) bəndində :
— ...Müsbət nəticələr əldə etmiş texniki-peşə təhsili müəssisələrinin iş təcrübəsinin, pedaqoji naliyyətlərin və şagirdlərin peşəkarlıq bacarığının kütləvi informasiya vasitələrində geniş işıqlandırılması və yayılmasının dəstəklənməsi;
-texniki- peşə təhsili müəssisələrinin dövlət, qeyri-dövlət qurumları, xüsusilə də işə götürənlərlə tərəfdaşlıq əlaqələrinin təşkil edilməsi və bu prosesin tənzimlənməsi məqsədilə instutsional tədbirlərin həyata keçirilməsi...”
Proqramın tədbirlər planında (5-ci bənd) 25 tədbirin adı, həmin tədbirləri icra edəcək dövlət orqanları, nazirliklər, idarə və təşkilatlar, tədbirlərin icra müddətləri cədvəl formasında konkret şəkildə ifadə olunmuşdur. Tədbirləri vacibliyi, əhəmiyyəti, həllinin mümkünlüyü baxımından fərqləndirmək səhv olardı. Bazar iqtisadiyyatı nöqteyi-nəzərindən rəqabətqabiliyyətli fəhlə, mütəxəssis hazırlanması üçün onların hamısının yüksək keyfiyyətdə həlli təxirəsalınmazdır. Axı, mühəndis də, aqronom da, sahibkar da, ailə-kəndli podratçısı da, yaxşı usta da, mütəxəssis də və s. ilk peşə ixtisasına yalnız mükəmməl yiyələndikdən sonra istehsalatda, əmək prosesində əsl sınaqdan keçir, formalaşır. Ya praktik fəaliyyəti davam etdirərək və ya ali təhsil alaraq yüksəlir, hörmət qazanır, ad-san sahibi olur.
İlk peşə-ixtisas təhsili ocaqlarında səriştəli, gələcəkdə istehsalatda öz sənətinin yüksək səviyyəli bilicisi, əsl mütəxəssisi kimi tanınması üçün, hər şeydən qabaq, ictimai-faydalı məhsuldar əmək posesində maddi dəyəri olan, mövcud standartlara uyğun əşya, məmulat və s. istehsalına imkan verən müasir məkan (məktəb), elmin və texnikanın son nailiyyətləri əsasında hazırlanmış dəzgah, maşın, alət və avadanlıqlarla, materiallarla təchiz edilmiş tədris emalatxanaları və kabinetləri, səriştəli istehsalat təlimi ustaları, ümumtexniki fənn müəllimləri, işgüzar pedaqoji kollektiv, ilk peşə-ixtisas proqramları, bu proqramlar əsasında yazılmış dərsliklər və dərs vəsaitləri, təlimin təşkili üzrə ustalara, müəllimlərə metodik kömək göstərə biləcək ədəbiyyat olmalıdır.
Bütün bunlarla yanaşı, eyni zamanda, bu təhsil ocaqlarının ümumtəhsil məktəbləri və öyrənilən ilk peşə-ixtisaslar üzrə dövlət və özəl istehsalat müəsssisələri ilə sıx əlaqəsi, hamiliyi də olmalıdır. Hamiliyin dövlətin qanunvericilik aktları əsasında təşkili daha önəmli olardı.
Prezident İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da ilk peşə-ixtisas məktəbləri qarşısında çox mühüm vəzifələr qoyulur. Orada təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bilik və bacarıqların, səriştənin olmasının vacibliyi, səriştəyə əsaslanan təhsilin sosial-iqtisadi inkişafa daha səmərəli effektli xidmət göstərdiyi, özəl sektorda ixtisaslı işçi qüvvəsinin çatışmazlığı probleminin yarandığı, ən böyük kadr çatışmazlığının xidmət sektorunda və kənd təsərrüfatı sahəsində müşahidə edildiyi, ilk peşə-ixtisas müəssisələrini bitirən şəxslərin sayının iqtisadiyyatın tələbi ilə üst-üstə düşmədiyi xüsusi vurğulanır.
İlk peşə-ixtisas məktəbləri və liseylərində rəqabətəqabil fəhlə kadrlarının hazırlanması bu vəzifələrin həllindən çox asılıdır. Belə bir faktla necə razılaşmaq olar ki, bu təhsil sisteminin bəzi məktəblərində maddi-texniki baza, istehsalat təlimi ustaları, proqram, dərslik və dərs vəsaitləri olmadığı halda, ilk peşə-ixtisaslar öyrədilir. Məsələn, 12 nömrəli Bakı Peşə Liseyində maddi-texniki baza olmaya-olmaya çox mürəkkəb ilk peşə-ixtisas sayılan aviasiya mühərriklərinin təmiri üzrə çilingər hazırlanır. Bu liseydə baş usta tarix müəllimidir. Yaxud Bakı Sənaye Pedaqoji Teknikumunda sadəcə kabinet, əyani vəsaitlər və xüsusən ehtiyac olmadığı halda mühasib hazırlanır və s. Halbuki istər xidmət sahəsi üzrə (aşpaz, qənnadçı, xörəkpaylayan, barmen...), istər kənd təsərrüfatı üzrə (pambıqçı-mexanizator, çaybecərən-mexanizator, üzümbecərən-mexanizator, istərsə də neft sənayesi, heyvandarlıq və sair sahələr üzrə məhdud şəkildə öyrənilən, yaxud heç öyrənilməyən çox sayda peşə-ixtisası vardır.
Bəs, hazırda 2014/2015-ci tədris ilində ilk peşə-ixtisas məktəbləri və liseylərində vəziyyət necədir? Müşahidələr göstərir ki, bu təhsil sistemində səriştəli fəhlə kadrları hazırlanması işində həlledici rol oynayan yuxarıda sadalanan məsələlər üzrə müəyyən irəliləyiş vardır. Nümunə göstərilməyə layiq, keçmişdə və indi bənzəri olmayan məktəblərimizdən biri 18 nömrəli Bakı Peşə Liseyidir. Məktəb bir neçə il bundan qabaq çox yüksək səviyyədə əsaslı təmir olunub. Eyni zamanda, emalatxanalar, kabinetlər müasir istehsal vasitələri ilə, avadanlıq, ilk peşə-ixtisas proqramlarına uyğun texnika ilə tam şəkildə təchiz edilmişdir. Məktəbin maddi-tekniki bazası yüksək səviyyədədir. Burada səriştəli və rəqabətdə uğur qazana biləcək fəhlə kadrları hazırlamaq üçün hər cür şərait vardır.
Nümunə gətirdiyimiz təhsil müəssisəsinin istehsal təlimi ustaları, ümumtexniki və digər fənn müəllimləri, bütövlükdə, səmimi və təcrübəli pedaqoji kollektivi də diqqəti cəlb edir. Liseyə qəbul planı, demək olar ki, hər il artıqlaması ilə yerinə yetirilir, məzunları da asanlıqla iş tapırlar. Burada təlimin təşkili, tədris kompleksinin (proqram, dərslik, dərs vəsaitləri, işin metodik təminatı ) hazırlanması kimi ən mühüm və mürəkkəb problemləri kollektiv öz gücü ilə, yüksək keyfiyyətlə həll edir.
Liseydə xidmət sahəsi üzrə: bərbər, ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi xəzinədar, aşpaz, kompüter operatoru ,VLB-dizayner, xarrat-dülgər və parket ustası kimi ilk peşə-ixtisaslar öyrədilir. Hər bir ilk peşə-ixtisasa konkret məzmunu və ilk peşə-ixtisas xarakteristikası olan ( bu peşə-ixtisasa verilən elmi, praktik, pedaqoji tələblər) öz metodkomissiyaları tərəfindən dərslik hazırlanan və Təhsil Nazirliyində təsdiq edilən fundamental proqramlar əsasında öyrədilir.
Bu gözəl təhsil ocağında pedaqoji kollektivin tam gücü ilə işləməyə yüksək keyfiyyətli kadr hazırlamağa, hətta özünümaliyyələşdirməyə keçməyə, istehsalat təliminə geniş yer verməyə, şagirdlərin təlim xarakterli maddi dəyəri olan məhsul istehsalına başlamağa rəvac verməyə geniş imkanları və səyləri olduğu halda ancaq arzu ilə yaşayırlar. Məsələn, məktəbin tədris emalatxanasında xarrat, dülgər və parket ustası ilk peşə-ixtisasını öyrənən şagirdlərin istehsalat təlimi zamanı hazırladıqları bir ədəd mənzil qapısı müştəriləri heyran qoyan zövqlə düzəldilmişdir, satışa çıxarılsa müştərisini tez tapacaq. Çünki satışda olan qapılardan heç də geri qalmır. Bu istehsal genişləndirilə bilər....
Kollektivin arzusunun həqiqətə çevrilməsi üçün xammal, qarşılıqlı tərəfdaşlıq edən istehsalat müəssisəsi, hazırlanmış əşya və məmulatın (məhsulun) satış məkanı və s. olmalıdır. Bu problemlərin həlli yalnız dövlət səviyyəsində, müvafiq qanunvericilik aktları, aidiyyəti qurumların köməyi ilə həyata keçirilə bilər.
Bir də nəzərə almaq lazımdır ki, bütövlükdə götürüldükdə ölkə iqtisadiyyatı sahələrində ilk peşə-ixtisaslarının sadə və mürəkkəblərinin birlikdə sayı yüzlərlədir . Onların hamısı üçün fundamental proqram, dərslik və dərs vəsaitləri hazırlamq çox çətin və həlli uzun illər çəkən, hətta mümkün olmayan problemdir. Lakin bunların arasından respublika iqtisadiyyatının gələcək inkişafı üçün daha çox vacib olanları, xüsusilə strateji xarakter daşıyanlar seçilməli, onlar üçün fundamental proqramlar, dərslik və dərs vəsaitləri, metodik vəsaitlər və s. işlənməli, “...yeni ixtisas və ixtisaslaşma təsnifatın hazırlanması irəli çəkilməlidir. Qeyd edilən bu təxirəsalınmaz işlərin vacibliyinin dərk edilməsinə, yuxarıda adını çəkdiyiniz məktəbdə çox məsuliyyətlə yanaşılmış, problemlərin həllinə az vaxtda nail olunmuşdur. Bu məktəbin iş təcrübəsi, əslində, ətraflı öyrənilməli və yayılmalıdır.
2014-cü ildən “Təhsil Nazirliyinin yeni rəhbərliyi işə çox ciddi yanaşaraq bu sahədə də sturuktur dəyişikliyi aparmış, nöqsanların aradan qaldırılması üçün lazımi tədbirlər görməyə başlamışdır. Qocaman təhsil işçisi kimi mən nazirliyin yeni rəhbərliyinin məqsədyönlü fəaliyyətini, xüsusilə kadr siyasətini ürəkdən bəyənir və dəstəkləyirəm. Təhsil naziri Mikayıl Cabbarov respublika Prezidentinin sərəncamında ilk peşə-ixtisas təhsili sistemində göstərdiyi nöqsanların aradan qaldırılması üçün 2015-ci ilin əvvəllərindən aidiyyəti qurumların elmi potensialını bu işə cəlb etmişdir. İndi həm Təhsil Nazirliyində, həm də Təhsil Problemləri İnstitutunda yeni şöbələr fəaliyyət göstərir. Hər iki şöbə yəqin ki, bu təhsil sisteminin ölkə Prezidentinin sərəncamlarında xüsusi vurğulanan ən vacib problemlərin həlli üçün səmərəli yollar tapacaqdır.
Bir məsələni də qeyd etmək istəyirəm ki, ilk peşə-ixtisas təhsili sistemində də kurikulumun tətbiqinə hazırlıq gedir. Şəxsən mən bunu düzgün saymıram. Ona görə ki, ilk peşə-ixtisasa yiyələnmək istehsalat təlimi ilə, onun tərkib hissəsi olan ictimai-faydalı məhsuldar əməklə, mövcud standartlara uyğun təlim xarakterli məhsul istehsalı ilə sıx bağlıdır. Bunlarsız ilk peşə ixtisas təhsili sistemində, bazar iqtisadiyyatı şəraitində rəqabət qabiliyyətli mütəxəssislər hazırlamaq mümkün deyil. Məhsuldar əmək, məhsul istehsalı isə emalatxanada, sexdə, sahədə silsilə əməliyyatların icrası ilə, müasir texnikadan, maşınlardan, mexaniki və elektriklə işləyən dəzgahlardan, alətlərdən, eskiz, çertyoj və digər texnoloji sənədlərdən, maddi dəyəri olan xammaldan istifadə ilə gedir. Bu prosesdə xammal və digər emal materialları ilə iş zamanı verilən çertyoja uyğun dəqiq ölçmə, dəqiq nişanalma, dəqiq kəsmə və biçmə, dəqiq çapma və s. var. Əşya, məmulat və ya məhsul istehsalı zamanı standartlardan kənaraçıxmaya, zay məhsula, itkiyə yol vermək olmaz. Bax, buna görə ilk peşə-ixtisaslar üzrə fəhlə hazırlığı kurikulumun mövcud işləmində onun çərçivəsinə sığışmır .
Ümumiyyətlə, “kurikulum” termininə müxtəlif ölkələrdə yanaşma da müxtəlifdir. “Kurikulum”, əslində, latın sözüdür, mənası “kurs”, “elm” deməkdir. İngiliscə-rusca lüğətlərdə isə “təlim kursu” “tədris planı”, “proqram” kimi izah olunur. Əgər biz də ingilislərə, ruslara qoşulub bu anlamı “ proqram kimi” qəbul ediriksə, orada öyrətdiyimiz geniş yayılan ilk peşə-ixtisasa dair məzmun verməliyik. Xarakteristikasına uyğun, proqrama verilən elmi, pedaqoji, praktik tələbləri gözləməklə orada ilk peşə-ixtisasa yiyələnməyin konkret məzmununu verməliyik. Rusların təcrübəsində ilk peşə-ixtisasa dair proqramın sturukturu belədir: İzahat vərəqəsi, ilk peşə-ixtisasın xarakteristikası ( nəyi bilməlidir və nəyi bacarmalıdır ), tədris planı, istehsalat təliminin proqramı ( hər bir mövzuda öyrədiləcək bilik, bacarıq və vərdişlər – konkret məzmun) , oxunması məsləhət görülən ədəbiyyat, əyani vəsaitlər, dərslik və dərs vəsaitləri, mündəricatdır.
İlk peşə-ixtisaslarla bağlı kurikulumunun hazırkı işləmində nə belə sturuktur var, nə də ki, məzmun. Yalnız “məzmun xətləri” anlamı var. “Məzmun xətləri” anlamı haradan götürülübsə, “məzmun” əvəzinə səhv işlədilib. Məzmun xətlərsiz mövcuddur, müəyyən bir sahə üzrə konkret bilik, bacarıq və vərdişlər toplusundan ibarətdir. Deməli, hazırki işləmində kurikulumu ilk peşə-ixtisaslarının öyrədilməsi üçün proqram kimi qəbul etmək düzgün deyildir, o, səriştəli fəhlə kadrlarının hazırlanmasında lazımi effekti verməyəcəkdir.
“İlk peşə-ixtisas termini yenidir”. — Təhsil Qanununda belə işlədilib, belə qəbul olunub, məntiqi baxımından da bu, çox düzgündür. Həmin anlam mətbuatda, sənədlərdə, radio və televiziya verlişlərində, nəşriyyatda, internetdə, yazılı və şifahi nitqdə, reklamlarda, təhsil sistemi məktəbləri adlarında... düzgün işlədilməli və düzgün yazılmalıdır
Sovet İttifaqı dövründə, uzun illər bu termin “texniki-peşə təhsili”, “texniki-peşə” məktəbi, “peşə təhsili”, “peşə məktəbi” kimi səhv işlənib. Azərbaycan Respublikasının Təhsil Qanunu bu səhvi və dolaşıqlığı aradan qaldırdı, terminologiyamızı zənginləşdirdi. Axı, ilk peşə-ixtisaslarının hamısı “texniki deyildir, humanitar və xidmət sahəsi ilk peşə-ixtisasları da çoxdur. Yazılma tərzinə gəldikdə isə ayrılıqda nə peşə və nə də ixtisas olmadığı üçün, “peşə-ixtisas” yazılması qəbul olundu. Peşə-ixtisaslar məcmusudur, ixtisaslar toplusu-peşədir. Deməli, bu anlamın defslə yazılması daha düzgündür... İlk peşə-ixtisas təhsili sistemi işçiləri, pedaqoji kollektivlər mövcud nöqsanları tezliklə aradan qaldırmalı və rəqabətəqabil fəhlə kadrları hazırlanmasında ciddi dönüş yaratmalıdırlar.
İbrahim MAYILOV,
pedaqogika üzrə fəlsəfə doktoru,
dosent, Əməkdar müəllim,
maarif əlaçısı, Pedaqoji və Sosial Elmlər
Akademiyasının həqiqi üzvü,
İkinci Dünya müharibəsi əlili, əmək veteranı
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.