Telman Məmmədəli oğlu Ağayev biokimyaçı-fizioloq alim, Azərbaycan Milli Elmlər Akademiyası A.İ.Qarayev adına Fiziologiya İnstitutunun direktoru, A.İ.Qarayev adına Azərbaycan Fizioloqlar Cəmiyyətinin prezidenti, müqayisəli və yaş neyrokimyası laboratoriyasının rəhbəri, biologiya elmləri doktoru, professor, Azərbaycan MEA-nın müxbir üzvü, Azərbaycan MEA Biologiya Elmləri Bölməsinin büro üzvü kimi uzun illərdir ki, çox geniş elmi və ictimai fəaliyyət göstərir.
O, 1935-ci il oktyabrın 1-də Qərbi Azərbaycanın Sisyan rayonunun Vaqudi kəndində anadan olmuşdur. 1953-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun zootexnika fakültəsinə daxil olaraq 1959-cu ildə oranı fərqlənmə diplomu ilə bitirmiş və alim-zootexnik ixtisasına yiyələnmişdir. Təhsilini bitirdikdən sonra əmək fəaliyyətinə 1960-cı ildə Naxçıvan MSSR Nazirlər Sovetində başlamışdır. O, əvvəlcə təlimatçı, sonra isə kənd təsərrüfatı üzrə referent vəzifəsində çalışmışdır.
Bacarıqlı kənd təsərrüfatı mütəxəssisi kimi 1963-cü ildə Nazirlər Sovetinin təqdimatı əsasında muxtar respublikada heyvandarlıq sahəsinə rəhbərlik etmək üçün Naxçıvan MSSR Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur.
Biokimya və fiziologiya elmlərinə xüsusi marağı olduğu üçün 1964-cü ildə təsərrüfatdan ayrılaraq AEA-nın fiziologiya bölməsində biokimya ixtisası üzrə aspiranturaya daxil olmuşdur. 10 aprel 1969-cu ildə insan və heyvan fiziologiyası ixtisası üzrə elmlər namizədi alimlik dərəcəsi almaq üçün Mədə reseptorlarının qıcıqlanmasının beyində zülal və sərbəst aminli turşuların mübadiləsinə təsiri" mövzusunda dissertasiya işini müdafiə etmişdir. 1967-ci ildən fiziologiya bölməsində kiçik elmi işçi, 1973-cü ildən isə A.İ.Qarayev adına Fiziologiya İnstitutunun aminli turşuların və zülalların funksional biokimyası laboratoriyasında baş elmi işçi vəzifəsində çalışmışdır. 1975-1976-cı illərdə bu laboratoriyanın müvəqqəti rəhbəri vəzifəsinə, 1976-cı ildə isə rəhbər vəzifəsinə seçilmiş və bu günə kimi həmin vəzifədə çalışır. Ötən müddətdə elmi istiqamətdən asılı olaraq adı iki dəfə dəyişdirilmiş laboratoriya hazırda müqayisəli və yaş neyrokimyası adlandırılır. 1983-cü il aprelin 22-də Leninqrad Dövlət Universitetində "Beynin görmə analizatorunda qlutamin turşusu sisteminin formalaşmasının yaş qanunauyğunluğu" mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək biologiya elmləri doktoru alimlik dərəcəsi almış, 1989-cu ildən professor rütbəsinə layiq görülmüşdür.
O, 1993-1995-ci illərdə Azərbaycan EA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində fəaliyyət göstərmiş, 26 may 1995-ci ildən həmin institutun direktoru vəzifəsini 2001-ci ilə kimi icra etmiş, elə həmin ildən isə institutun direktoru təyin edilmişdir. T.Ağayev 2001-ci ilin iyun ayında AMEA-nın müxbir üzvü seçilmişdir.
Elmi-ictimai fəaliyyəti dövründə evolyusion fiziologiya və biokimya sahəsində onun rəhbərliyi altında fiziologiya və biokimya ixtisasları üzrə 9 elmlər doktoru, 34 elmlər namizədi hazırlanmışdır. O, 7 magistr dissertasiyası və 22 diplom işinə də rəhbərlik etmişdir. Müdafiə edilən doktorluq və namizədlik dissertasiyası işlərinin 20-si fiziologiya, 11-i biokimya, 10-u fiziologiya- biokimya üzrə, 1-i entomologiya, 1-i isə dəri zöhrəvi xəstəlikləri ixtisaslarını əhatə etmişdir.
O, təkcə respublikamız üçün yox, həmçinin xarici ölkələr üçün kadr hazırlığı işində fəal iştirak etməklə Misir Ərəb Respublikası, Türkiyə, Sudan və Yəmən respublikaları üçün fəlsəfə doktorları hazırlamışdır. Hazırda onun rəhbərliyi altında 3 doktorant, 2 aspirant və 4 dissertant, o cümlədən bir nəfər Amerika Birləşmiş Ştatlarının vətəndaşı elmi-tədqiqat işi aparır. Bu tədqiqat işlərinin əsasını analizatorların formalaşması filo və ontogenezin müxtəlif mərhələlərində biokimyəvi mexanizmlərin neyromediatorların rolunun araşdırılması təşkil edir. Alınmış elmi nəticələr 290-dan çox məqalə və tezisdə, həmçinin "Görmə impulslarının çatışmaması zamanı beyin qabığının müxtəlif nahiyələrində və görmə analizatorunun strukturlarında qlutamin turşusunun mübadiləsi", "Yaddaşdan silinməyən illər", "Azərbaycan fizioloqları və biokimyaçıları XX-XXI əsrdə", "Azərbaycan fiziologiya elminin inkişaf tarixi", "Görmə analizatorunun müxtəlif şöbələrinin funksiyasının tənzim mexanizmində hipotalamusun rolunun neyrofizioloji tədqiqi", "Davranış fərdi xüsusiyyətləri (monoaminerqiq mexanizmləri)" və "Görmə persepsiyasının amiqdalyar tənzimi (neyrofizioloji və neyrokimyəvi mexanizmləri)" monoqrafiyalarında öz əksini tapmışdır. Onun elmi əsərlərinin 130-u xarici ölkələrin nəşriyyatlarında - Beyin İnstitutunun əsərlərində; "Ukrayna biokimyası", "Tibbi kimyanın məsələləri", "Biokimya", "Neyrokimya", "Evolyusion biokimya və fiziologiya", "Beynəlxalq İslam tibb" jurnallarında çap olunmuşdur. Professor Telman Ağayev bir çox beynəlxalq konqreslərdə məruzələrlə çıxış edərək respublika elminin tanınmasında xüsusi xidmətlər göstərmişdir.
Alimin 46 illik elmi-ictimai fəaliyyəti çox məhsuldar olmuşdur. O, XIV Ümumittifaq İ.P.Pavlov adına fizioloqların qurultayının məsul katibi olmuşdur. Qurultayın yüksək səviyyədə keçirilməsinin nəticəsi olaraq T.Ağayev SSRİ EA-nın Rəyasət Heyətinin təşəkkürünü almışdır. O, 1985-1990-cı illərdə Ümumittifaq Biokimyaçılar Cəmiyyətinin Mərkəzi Şurasının üzvü olmuş, 1985-1999-cu illərdə isə Azərbaycan Biokimya Cəmiyyətinə rəhbərlik etmişdir. T.Ağayev 1999-cu ildən Federativ Avropa Biokimyaçılar Cəmiyyətinin üzvüdür.
Tanınmış alim 1999-cu ildən Respublika Biokimyaçılar və Molekulyar Bioloqlar Cəmiyyətinin İdarə Heyətinin üzvü, 1995-2004-cü illərdə A.İ.Qarayev adına Fizioloqlar Cəmiyyətinin vitse-prezidenti, 2005-ci ildən isə prezidenti kimi fəaliyyət göstərir. O, Azərbaycan MEA-nın biologiya elmləri seriyasının "Xəbərlər", "Ekoenergetika" və Gürcüstan EA-nın "Xəbərlər" jurnallarının redaksiya heyətinin üzvüdür. Azərbaycan AAK-ın Azərbaycan MEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunda doktorluq və namizədlik dissertasiyaları üzrə Dissertasiya Şurasının sədr müavini və sədri vəzifələrində, çalışmış hazırda, həm də institutun Elmi Şurasının sədridir. T.Ağayev, həmçinin YUNESKO-nun Azərbaycan Respublikasında elmi biliklərin və texnologiyanın (bioetika) Milli Komitəsinin və Beyin Tədqiqatçıları üzrə Beynəlxalq Büronun üzvüdür.
2009-cu ildə onun rəhbərliyi altında institunun əməkdaşları tərəfindən aparılan elmi-tədqiqat işlərinin yekunlarına həsr olunmuş beş elmi iş respublika və xarici mətbuatda çap etdirilmişdir. Eyni zamanda, A.İ.Qarayevin 100 illiyinə həsr edilmiş Fizioloqlar Cəmiyyətinin IV qurultayının 177 səhifədən ibarət materialları nəşr olunmuşdur. Fizioloqlar Cəmiyyətinin proqramının nəşri də onun əməyinin nəticəsidir. Bununla yanaşı, ötən il Pənahova ilə birlikdə "Görmə persepsiyasının amiqdalyar tənzimi (neyrofizioloji və neyrokimyəvi mexanizmləri)" adlı 520 səhifədən ibarət monoqrafiya Elm nəşriyyatının qrifi ilə çapdan çıxmışdır. İnstitutun "Müqayisəli fiziologiya və biokimyanın müasir problemləri" adlı külliyatının 27-ci cildi və akademik Abdulla İsmayıl oğlu Qarayevin biblioqrafiyası da onun redaktorluğu ilə çapdan çıxmışdır.
T.Ağayev 46 illik elmi-pedaqoji fəalliyəti dövründə Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Naxçıvan Dövlət Universiteti və Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyası üçün fiziologiya və biokimya ixtisasları üzrə yüksək ixtisaslı elmlər doktoru və elmlər namizədləri hazırlamışdır.
O, təkamül fiziologiyası və biokimyası sahəsində mütəxəssis olmaqla filo və ontogenetik inkişafın müxtəlif səviyyələrində duran heyvanların mərkəzi sinir sisteminin sensor və hüceyrə fiziologiyası və biokimyası ixtisası üzrə kadrların hazırlanmasının və yeni elmi məktəbin yaradılmasının təşkilatçısıdır. Təkamül fiziologiyası və biokimyası məktəbinin ideyalarının qızğın tərəfdarı və davamçısı olan professor T.Ağayevin elmi işlərinin əsas istiqamətini müxtəlif heyvanlarda ontogenezdə görmə, eşitmə və digər sensor funksiyalarının formalaşmasında beynin mühüm metabolik sistemlərinin tənzimində qlutamin turşusu və biogen aminləri sisteminin və zülalların rolunu ətraflı analiz və ümumləşdirməyə imkan verən fundamental tədqiqatlar təşkil edir. Alim öz tədqiqatlarında görmə və eşitmə sensor funksiyalarının, bu tipli sensor siqnallarının nəqli və beyin mərkəzlərində yenidən işlənməsi proseslərinin neyrokimyəvi əsaslarının öyrənilməsi kimi mühüm bir problemin həllinə də xüsusi diqqət yetirmişdir.
Tanınmış alim Telman Ağayevin tədqiqatlarında təkamül və yaş fiziologiyası və biokimyasının bəzi mühüm elmi müddəaları funksional neyrokimyanın perspektiv istiqamətlərini irəli sürərək onları filo və ontogenezdə analizator sistemlərinin normal inkişafı və funksiyaları pozulduğu şəraitdə müvafiq beyin strukturlarında qlutamat, aspartat, QAYT və noradrenergik metabolik zəncirlərində baş verən dəyişikliklərin kompleks tədqiqinin nəticəsi kimi qiymətləndirmişdir.
Görmə impulslarının nəql olunmasında iştirak edən qlutamat, aspartat və QAYT-ergik neyronların ontogenetik inkişafın müxtəlif mərhələlərində normada və analizatorların funksiyalarının pozulması şəraitində formalaşmasının qanunauyğunluqlarının yaş xüsusiyyətlərinin ilk dəfə aşkarlanması isə görkəmli alimin əsas elmi nailiyyətlərindəndir. Bu şəraitlərdə sensor informasiyanlarının daşınması və analizatorların plastikliyinin bərpasında qlutamat, aspartat və qamma-aminyağ turşusu, serotonin, noradrenalin kimi neyromediatorların rolu və onların nəzəri əsasları hərtərəfli aşkarlanmaqla klinikada sinir sisteminin bərpasının tamlığının yollarının mümkünlüyü haqqında elmi təkliflər verilmişdir. Normada və analizatorların funksiyasının pozulmasından sonra postnatal ontogenezin müxtəlif dövrlərində aclıq keçirmiş və hipoksiyaya məruz qalmış heyvanların beyninin müxtəlif strukturlarında qlutamat, aspartat, qamma-aminyağ turşusu, serotonin, noradrenalin və onların metabolizmində hüceyrə səviyyəsində iştirak edən fermentlərin uyğunlaşma proseslərindəki rolu aşkar edilmişdir. Təkamülün müxtəlif pillələrində, xüsusən nərə cinsli balıqların beynində erkən postnatal inkişafda qlutamin, qamma-aminyağ turşusu sisteminin, biogen aminlərin və neyrospesifik zülalların sinapsların formalaşmasında rolu öyrənilmiş və onların zavod şəraitində sərbəst dənizə buraxılmasının müddətləri elmi əsaslarla müəyyən edilmişdir.
Tanınmış alim Telman Məmmədəli oğlu Ağayev Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin insan və heyvan fiziologiyası kafedralarında dissertasiya işlərinin rəhbəri kimi inkişafda olan orqanizmdə sirkadian ritmin tənzimində epifiz və neyromediatorların mühüm bir istiqamətinin hərtərəfli inkişaf etdirilməsinə rəhbərlik edir. Professor Telman Ağayev təmsil etdiyi elm sahələrinin inkişafı naminə bu gün də yorulmaq bilmədən çalışır, Azərbaycan elminə mühüm töhfələr verir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.