Oktyabrın 10-u XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri -şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın dünyaya göz açdığı gündür. Qədirbilən xalqımız hər il bu günü alimin xatirəsinə ehtiram və hörmət əlaməti olaraq silsilə tədbirlərlə qeyd edir.
Vaxtın axarında təkcə itirmirik, həm də qazanırıq. Amma hamımız yox. O insanlar qazanır ki, onların mənəvi dünyası maddi dünyasından daha üstün olur. Bu ölçüyəgəlməz sərvətdən əsl alimlərə daha çox pay düşür. Çünki alimlərin mürəkkəbini şəhidlərin qanından üstün tutan peyğəmbərimiz də bu qəbildən olan insanlara daha böyük dəyər vermişdir. Belə dəyər sahibləri sırasında Aida xanımın da öz yeri, öz çəkisi vardır. Özünü tanıyandan, amalını, məqsədini, məramını xeyirxahlıq üstə kökləmiş bu nəcib insan, böyük alim 53 illik ömür yolunda dünya şərqşünaslıq elminə dəyərli töhfələr vermişdir.
Aida İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açmış, 132 nömrəli orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb şöbəsində ali təhsil almışdır.
1966-cı ildə namizədlik, 1989-cu ildə doktorluq dissertasiyası müdafiə edən Aida İmanquliyeva Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda kiçik elmi işçidən bu elm ocağının direktoru vəzifəsinədək yüksəlmişdir.
Onun elmi rəhbəri dünya şöhrətli şərqşünasımız, professor Rüstəm Əliyev olmuşdur. Aspiranturada təhsil aldığı müddətdə Aida xanım özü üçün tədqiqat obyekti kimi ərəb məhcər (mühacirət) ədəbiyyatını seçmişdir.
Qeyd etmək lazımdır ki, Şimali Amerikada təşəkkül tapıb formalaşmış məhcər ədəbiyyatı, xüsusilə 1920-ci ildə təsis edilmiş "Qələmlər birliyi" ərəb ədəbiyyatı tarixində xüsusi çəkisi və mövqeyi olan ədəbi məktəbdir. Aida xanım qısa müddət ərzində namizədlik dissertasiyası müdafiə etmiş, məhcər ədəbiyyatının görkəmli nümayəndələri Mixail Nüaymə və Cübran Xəlil Cübran haqqında monoqrafiyalar yazıb çap etdirmişdir. Aida xanım öz istedadı və əməksevərliyi sayəsində qısa zaman kəsiyində keçmiş Sovet İttifaqında yeni ərəb ədəbiyyatı üzrə ən tanınmış mütəxəssislərdən birinə çevrilmişdir.
Aida xanımın doğulduğu, böyüdüyü ailənin və gəlin gəldiyi ocağın Azərbaycan xalqının ədəbi-mədəni fikir tarixində öz yeri vardır. Belə bir mühit onun ədəbi-elmi yaradıcılıqla dərindən məşğul olması üçün mənəvi zəmin yaratmışdır. Aida xanımın atası Nəsir İmanquliyev Azərbaycanın çox məşhur mətbuat nümayəndələrindən biri olmuşdur. Aida xanım görkəmli Azərbaycan yazıçısı, alim və pedaqoq Mir Cəlal Paşayevin ocağına gəlin köçmüşdür. Boya-başa çatdığı mötəbər ziyalı mühitinin məlum təsirinin nəticəsidir ki, Aida xanımın həyat və yaradıcılığı milli ziyalı qadınlar içərisində bənzərsizliyi, yüksək dəyərli xüsusiyyətləri ilə seçilirdi.
O, keçmiş SSRİ-də Şərqşünaslıq Cəmiyyəti Rəyasət Heyətinin, Şərq Ədəbiyyatının Tədqiqi üzrə Əlaqələndirmə Şurasının üzvü olmuşdur. Professor Aida İmanquliyeva çox az insana nəsib olan elmi istedadı, təşkilatçılıq qabiliyyəti və pedaqoji fəaliyyəti özündə birləşdirən bir alim idi. O, 20 ildən artıq müddətdə Bakı Dövlət Universitetinun şərqşünaslıq fakültəsində ərəb ədəbiyyatından mühazirələr oxumuş, xüsusi kurslar aparmış, dissertasiya və diplom işlərinə rəhbərlik etmişdir.
Aida İmanquliyevanın maraqlı mühazirələrini dinləmiş tələbələr həmişə onun mahir mühazirəçi olduğunu qeyd edirlər. Bu günün tələbələri isə onun kitablarından, məqalələrindən, əlyazma şəklində olan mühazirələrindən bəhrələnirlər. Uzun illər pedaqoji fəaliyyətlə məşğul olan Aida xanım Sovet İttifaqında və Azərbaycanda yeni ərəb ədəbiyyatı kursunun əsas yaradıcılarındandır.
Aida xanım İmanquliyevanın tədqiqat əsərləri və tərcümələri ədəbiyyat və mədəniyyət xəzinəmizin zəngin sərvətləridir. Qələmə aldığı bütün əsərləri bu insanın əsl elm fədaisi, cəsarətli fikir və söz sahibi, kamil şəxsiyyət olduğunu təsdiq edir. Aida xanım qısa, lakin şərəfli ömrü boyu Azərbaycan elminin inkişafı yolunda bacardığını etmişdir. Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru işlədiyi illərdə bu elm ocağının təkmilləşdirilməsi üçün böyük işlər görmüşdür.
Şərq ruhunu Qərb düşüncəsi ilə birləşdirmiş Cübran Xəlil Cübran, Əmin ər-Reyhani, Mixail Nüaymə, İlya Əbu Mazi kimi görkəmli sənətkarlar Şərq-Qərb ədəbi sintezi prosesində mühüm rol oynamışlar. Bütün bu ümdə məsələlərin tədqiqi Aida xanımın elmi yaradıcılığında öz əksini layiqincə tapmışdır. Aida İmanquliyevanın Şərq müdrikliyi ilə Qərb həssaslığını özündə cəmləşdirən ərəb məhcər ədəbiyyatının yaranması, inkişafı, sənətkarlıq xüsusiyyətləri, spesifikası, onun başqa ədəbi məktəblərdən fərqli cəhətləri, məhcər ədəbiyyatını bir ədəbi cərəyan kimi səciyyələndirən məziyyətlər barədə mülahizə və fikirləri bu gün şərqşünaslıq sahəsində görkəmli mütəxəssislər tərəfindən bəyənilir və qəbul edilir.
Aida xanım İmanquliyevanın elmi fəaliyyətinin əhatə dairəsi geniş və çoxşaxəli olmuşdur. Onun elmi əsərlərində Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcılıq üslubunun inkişafı və yeni bədii cərəyanların təşəkkül tapması tədqiq olunmuşdur ki, bu da nəinki ərəb ədəbiyyatının, həmçinin bütün yeni Şərq ədəbiyyatının gələcəkdə tədqiqi üçün çox mühüm zəmin yaratmışdır.
Üç monoqrafiya ("Mixail Nüaymə və "Qələmlər birliyi", "Cübran Xəlil Cübran", "Yeni ərəb ədəbiyyatının korifeyləri") və 70-dən artıq elmi məqalənin müəllifi olan A.İmanquliyeva Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru olmuşdur.
Ərəb məhcər ədəbiyyatının əsas xüsusiyyətləri, onun çoxəsrlik zəngin ərəb ədəbiyyatı ilə oxşar və fərqli cəhətləri, Qərb və rus ədəbiyyatları ilə əlaqələri, bütövlükdə ərəb ədəbiyyatına gətirdiyi yeniliklər, müasir ərəb ədəbiyyatı üçün açdığı üfüqlər və digər ümdə məsələlər Şərq-Qərb sintezində öz doğru-düzgün elmi həllini məhz Aida İmanquliyevanın çoxsaylı fundamental tədqiqatlarında tapmış, onun gəldiyi nəticələr beynəlxalq elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilərək nüfuzlu elmi fikirlər kimi qəbul edilmişdir.
Aida İmanquliyeva kimi alimlər ölməz tədqiqat əsərləri ilə Qərb ilə Şərqin sivilizasiyalararası toqquşmadan yan keçməsinə, dialoqun və qarşılıqlı anlaşmanın ədavətə, dini fanatizmə qalib gəlməsinə kömək etmişlər.
Rusiyada, Ukraynada, Almaniyada, İngiltərədə, Fransada, Özbəkistanda, Gürcüstanda, bir çox ərəb ölkələrində yaxşı tanınan, rəyi ilə hesablaşılan, əsərlərinə tez-tez istinad edilən Aida xanım İmanquliyeva yeni və müasir ərəb ədəbiyyatının ən nüfuzlu, ən fundamental tədqiqatçılarından biri kimi şərqşünaslıq tarixinə əbədi daxil olmuş azsaylı mütəxəssislərdəndir.
Eyni zamanda, Aida xanım Azərbaycan oxucusunu ərəb ədəbiyyatı ilə tanış etmək üçün xeyli iş görmüş, bir sıra görkəmli ərəb yazıçılarının əsərlərini dilimizə çevirmişdir.
Bütün bunlarla yanaşı, Aida xanım gözəl həyat yoldaşı, mehriban ana, qayğıkeş nənə, vəfalı dost, olduqca zərif bir qadın idi. Yüksək vəzifələr, elmi titullar, ictimai həyatda fəallıq onu bu ümdə insani keyfiyyətlərdən əsla məhrum edə bilməmişdi. Allah-təala Aida İmanquliyevanı xoş saatında yaratmış, bir qadın kimi ona hər bir gözəlliyi vermişdi. Şahanə gözəllik, qədd-qamət, zəriflik, yüksək zəka, əməksevərlik, mehribanlıq, qayğıkeşlik, həssaslıq, dostcanlılıq, səmimiyyət, həlimlik, şirin dil, əliaçıqlıq, yüksək əxlaq - bütün bunlar Aida xanıma xas olan keyfiyyətlərin natamam siyahısıdır. Söz yox ki, milli jurnalistikamızın patriarxlarından olan Nəsir İmanquliyev kimi bir ziyalının evində dünyaya göz açmış, Mir Cəlal kimi məşhur yazıçının, alimin və pedaqoqun ailəsinə gəlin gəlmiş, taleyini, ömrünü akademik Arif Paşayev kimi gözəl bir insanla, dünya şöhrətli alimlə, səmimi bir dostla bağlamış Aida xanım elə bu cür də olmalı idi.
Aida xanım az ömür yaşasa da, xosbəxt insandır. Ona görə xosbəxtdir ki, o, böyük alimdir, əsərləri dünyanın bir çox ölkələrində nəşr olunur, oxunur və yüksək qiymətləndirilir, adı nüfuzlu elmi məclislərdə, simpozium və konfranslarda hörmətlə çəkilir. Ona görə xoşbəxtdir ki, özündən sonra ölkənin birinci xanımı, bu gün hər bir azərbaycanlı ailəsinin sevimlisi olan Mehriban xanım Əliyeva, tanınmış alim, nadir istedadlı ziyalı qadın Nərgiz Paşayeva kimi iki gözəl övlad, bir-birindən qəşəng və ağıllı neçə-neçə nəvə-nəticə qoyub getmişdir.
Filologiya elmləri doktoru, professor Aida İmanquliyeva haqqında alim, təşkilatçı, ana, zərif qadın kimi çox yazılıb və bundan sonra daha çox yazılacaqdır. Çünki zaman ötdükcə biz Aida xanımın böyüklüyünü, kamilliyini və zənginliyini daha yaxşı duyur, daha dərindən dərk edirik. Onun hansı cəhətini daha qabarıq vermək, hansı məziyyətini ön plana çəkmək müşkül məsələdir. Çünki Aida xanımdakı bu cəhətlər bir-biri ilə elə möhkəm çulğalaşır ki, onları ayırmaq qeyri-mümkündür. İstər-istəməz ona hərtərəfli yanaşmalı, ondan hərtərəfli bəhs etməli olursan...
İllər, qərinələr bir-birini əvəz etsə də, zamanın bu axarında mənsub olduğu millətin yaddaşına adını istedadı, qabiliyyəti, zəhməti, insanlığı ilə əbədi yazdıranlar həmişə xatırlanacaq və heç vaxt qocalmayacaq. Aida xanım kimi...
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.