Daha möhtəşəm addımların atılacağı günlər hələ qabaqdadır
Ötən tədris ilində Abşeron rayonunun təlim-tərbiyə müəssisələrində bir sıra müsbət işlər görülmüş, uğurlu nəticələr əldə edilmişdir. Belə ki, əsasən məktəblərdə təlim-tərbiyənin keyfiyyəti yüksəlmiş, məktəb-ictimaiyyət-valideyn münasibətləri xeyli yaxşılaşmış, təlim-tərbiyə işlərində demokratikləşmə, humanistləşmə və fərdiləşmə prinsiplərinə geniş yer verilmişdir.
Ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamına əsasən ötən dərs ilində keçirilmiş "ən yaxşı ümumtəhsil məktəbi" və "ən yaxşı müəllim" müsabiqəsinə Abşeron rayonunun pedaqoji kollektivləri də qoşulmuşdur. Xırdalan şəhər 1 saylı orta məktəbin xarici dil müəllimi S.Kazımova tədris etdiyi fənn üzrə və şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında yüksək nəticələr əldə etdiyi üçün minlərlə müəllimin qatıldığı "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibi olmuşdur.
2008 - 2009-cu və 2009 - 2010-cu dərs illəri üzrə şagird artımı dinamikasının təhlili göstərir ki, təbii artım, yeni salınmış yaşayış massivləri və yeni məktəblərin açılması hesabına rayonda şagird artımı bu gün də davam etməkdədir. Təkcə 2009 - 2010-cu dərs ili ərzində 26 sinif komplekti artmışdır.Bunun da nəticəsində şagird sıxlığı yüksək olan Xırdalan şəhər 1,5 və 7 saylı, Saray 2, Mehdiabad 1 saylı məktəblərində dərslərin üç növbədə keçirilməsi məcburiyyəti yaranmışdır. Hazırda bu məktəblərdə mövcud normadan dəfələrlə çox olan şagird sıxlığını azaltmaq istiqamətində lazımi tədbirlər görülməkdədir.
Rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcovun təlim-təbriyə müəssisələrində aparılan genişmiqyaslı təmir-tikinti işlərinə yaxından köməklik göstərdiyini, məktəblərin tədris prosesinə hazırlığını həmişə diqqət mərkəzində saxladığını böyük minnətdarlıq hissi ilə vurğulayan təhsil şöbəsinin müdiri Nadir Ağayev rayon rəhbərinin mövcud vəziyyəti dəfələrlə müşavirələrdə müzakirəyə çıxardığını və problemlərin əsaslı surətdə həllinə çalışdığını xüsusi qeyd etdi. Pedaqoji kollektivlərin köməkliyi ilə məktəblərdə cari təmir işləri tamamlanmış və təhsil ocaqları yeni dərs ilinə ruh yüksəkliyi ilə başlamışdır.
2009 - 2010-cu dərs ilində IX siniflər üzrə buraxılış imtahanları zamanı "Qaydalar" və Təhsil Nazirliyinin müvafiq əmrləri pozulmamışdır, 2670 nəfər IX sinif şagirdinin 268-i payız imtahanlarına saxlanılmış, 21-i yay tapşırığı almış, 149-u isə təkrar sinifdə saxlanılmışdır. Nəticədə, 2232 şagird IX sinifləri müvəffəqiyyətlə bitirərək əsas təhsil haqqında şəhadətnamə almışdır.
1496 nəfər XI sinif məzunundan 1441-i tədris fənləri üzrə illik müsbət qiymətlər aldığı üçün imtahanlara buraxılmış, 4-ü Təhsil Nazirliyinin əmri ilə buraxılış imtahanlarından azad edilmiş, 220-si isə illik qeyri-kafi qiymətlər aldığından təlimata uyğun olaraq məktəblərin pedaqoji şuralarının qərarları ilə imtahanlara buraxılmamışdır. 2009 - 2010-cu dərs ili məzunlarının 1276-sına müsbət yekun qiymətlərə görə orta təhsil haqqında attestat verilmişdir.
Yeri gəlmişkən, Abşeron məktəblərinin böyük əksəriyyəti Təhsil Nazirliyinin ötən dərs ilində keçirdiyi imtahanlardan müsbət nəticələrlə çıxmışdır. Əlbəttə, yüz faizlik nəticə göstərən Xırdalan şəhər 8№-li, Masazır 2 №-li orta məktəblərin adlarını xüsusi qeyd etməyə dəyər. Bununla yanaşı, Xırdalan şəhər 5 №-li (doxsan altı faiz) , 6 №-li (doxsan beş faiz), 1 №-li (93,2 faiz), 2 №-li (92,5 faiz), 3 №-li (doxsanüç faiz), 7 №-li (92,3 faiz) orta məktəblərin, Masazır 1№-li (doxsan faiz), Mehdiabad 2 №-li (90,7 faiz), Novxanı 2 №-li (91,6 faiz), Qobu 1 №-li (94,7 faiz) və 2 №-li (93,3 faiz) , Digah (95,4 faiz) orta məktəblərinin qazandıqları nəticələri də uğurlu saymaq olar.
Bir faktı da qeyd etmək lazımdır ki, 2009-2010-cu tədris ilində orta təhsil kursu üzrə buraxılış imtahanlarında Abşeron rayonunun orta müvəffəqiyyəti respublika göstəricisindən yüksək - səksən doqquz faiz olmuşdur. Bunu da haqlı olaraq, təhsil işçilərinin on bir il ərzində çəkdikləri zəhmətin uğurlu nəticəsi saymaq olar.
Ali məktəblərə qəbul üçün sənəd verən builki məzunların otuz altı faizi tələbə adına layiq görülmüşdür. Onlardan iyirmi üçü 600-dən, altmış ikisi isə 500-dən çox bal toplamışdır. Xırdalan şəhər 1№-li orta məktəbin məzunları Azər Həsənzadənin (675 bal) və Nərmin Mirzəyevanın (664 bal), Xırdalan şəhər 5 №-li orta məktəbin məzunu Vüsal Hüseynovun (655 bal), Saray qəsəbə 2№-li orta məktəbin məzunu Fatma Ələkbərovanın (651 bal) nəticələri xüsusilə sevindirici olmuşdur.
500-dən artıq bal toplayanlar arasında Xırdalan şəhər məktəblərinin, Ceyranbatan qəsəbə 1№-li və Mehdiabad qəsəbə 1№-li orta məktəblərin məzunları çoxluq təşkil edir.
Təhsl Şöbəsinin müdiri maraqlı bir məqama da toxunaraq bildirdi ki, sentyabrın 6-da keçirilən müəllimlər konfransında icra başçısı Zakir Fərəcov "ilin müəllimi" adını qazanmış müəllimimizə üçotaqlı mənzil hədiyyə etdi, 600-dən çox bal toplamış iyirmi üç məzu- numuzun hər birinə müasir kompüter dəsti bağışladı. Bu da, sözsüz ki, təhsilə diqqət və qayğının bariz bir nümunəsi olmaqla yanaşı, həm də bu sahəyə üstünlük verənlərin əhval-ruhiyyəsində müsbət hisslər yaradır.
Abşeronun qabaqcıl müəllimləri yeni proqramlarla dərsliklərin və metodiki vəsaitlərin hazırlanmasında da fəal iştirak edərək rəy və təkliflərini bildirirlər. Öz işlərini düzgün qurmağı və müasir tələblər səviyyəsində dərs keçməyi bacaran təhsil işçilərindən Xırdalan şəhər 1№-li orta məktəbin biologiya müəllimi Sevil Kazımlını , 5 №-li orta məktəbin tarix müəllimi Xuraman Nağıyevanı, 6 №-li orta məktəbin kimya müəllimi Fatimə Mirzəyevanı, 3 №-li orta məktəbin müəllimi Reyhan Cəbrayılovanı, 7 №-li orta məktəbin psixoloqu Xanım İsmayılovanı, Mehdiabad qəsəbə 1 №-li orta məktəbin müəllimi Məlahət Behbudovanı, Saray qəsəbə 3 №-li orta məktəbin müəllimi Xuraman Kərimovanı nümunə göstərmək olar.
Xırdalan şəhər 2 №-li orta məktəbin ibtidai sinif müəllimi Nərgiz İsmayılovanın qabaqcıl iş təcrübəsinin öyrənilməsi və rayonun ümumtəhsil məktəblərində yayılması da təqdirəlayiq haldır.
İstedadlı uşaqları diqqət mərkəzində saxlamaq məqsədilə rayonda "olimpiadaya hazırlıq mərkəzi" yaradılmış və səriştəli , peşəkar müəllimlər cəlb edilmişdir. Məhz bu tədbirlərin nəticəsində olimpiada iştirakçılarının sayı ilbəil artmışdır. 2009 - 2010-cu dərs ilində olimpiadanın rayon turunun II mərhələsində iştirak hüququ qazanmış 62 şagirddən 10-u respublika turunda iştirak etmişdir.
Olimpiadanın respublika turunda yüksək göstəricilər qazındığına görə ana dili və ədəbiyyat fənni üzrə Xırdalan şəhər 9№-li orta məktəbin XI sinif şagirdi Nigar Məmmədli və Novxanı kənd 1 №-li ota məktəbin IX sinif şagirdi Firuzə Mirzəyeva dördüncü yerə, Azərbaycan tarixi fənni üzrə Mehdiabad qəsəbə 1№-li orta məktəbin IX sinif şagirdi Tural Xələfli ikinci yerə, biologiya fənni üzrə isə Xırdalan şəhər 9 №-li orta məktəbin XI sinif şagirdi Xədicə Dadaşova və 7 №-li məktəbin IXa sinif şagirdi Fəranə Əmirova IV yerə layiq görülmüşlər.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar olaraq bu ilin aprel-may aylarında məktəblər arasında keçirilmiş inşa, rəsm, şeir müsabiqələrinin və idman yarışlarının qalibləri mükafatlandırılmışdır.
Xalq şairi Rəsul Rzanın anadan olmasının 100 illiyi Abşeron rayonunun bütün təhsil müəssisələrində, xüsusilə Saray qəsəbə 1 saylı orta məktəbində yüksək səviyyədə keçirilmiş, şagirdlər şairin həyat və yaradıcılığı ilə yaxından tanış olmuşlar.
Mayın 9-da Xırdalan şəhərindəki Heydər Əliyev parkında keçirilmiş "Gül" bayramında rayon rəhbərliyinin də izlədiyi təhsil müəssisələrinin əl işlərindən ibarət baxış sərgisi iştirakçıların marağına səbəb olmuşdur.
Təhsil Şöbəsinin müdiri Nadir Ağayevin təbirincə desək, uşaqlara daim diqqət və qayğı göstərən rayon rəhbəri Zakir Fərəcov 1 iyun Beynəlxalq Uşaqları Müdafiə Günü münasibətilə mədəniyyət sarayında keçirilən tədbirdə 450 uşağın bayramını təbrik edərək hədiyyələr vermiş, onları sevindirmişdir. Sözsüz ki, bu cür tədbirlər şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasına çox müsbət təsir göstərir.
Gənc nəslin təlim-tərbiyəsində müsbət nəticə qazanmış pedaqoji işçilərin əməyini yüksək qiymətləndirən, diqqət və qayğısını əsirgəməyən rayon icra hakimiyyəti qabaqcıl müəllimlərin bir qurupunu Fəxri fərmanla təltif etmişdir. Bu gün də bu işlər davam etdirilir.
Son illər yeni müəssisələrin yaradıldığını, sənaye obyektlərinin və inzibati binaların tikildiyini iftixar hissi ilə vurğulayan N. Ağayev bu yaxınlarda Masazır gölü ətrafında tikilmiş duz zavodunun açılışında iştirak edən dövlət başçısı İlham Əliyevin Abşeron rayonuna hər gəlişinin və rayon haqda xoş sözlər söyləməsinin müəllimlərin ürəyincə olduğunu xüsusi vurğuladı. O, bu səfəri həm də rayon rəhbərinin işgüzarlığına, apardığı genişmiqyaslı abadlıq-quruculuq işlərinə və yaratdığı sağlam mühitə verilən qiymət kimi dəyərləndirdiklərini və bütün bunlara görə, o cümlədən təhsilə, məktəbə göstərdiyi qayğıya görə icra hakimiyyətinin başçısı Zakir Fərəcova pedaqoji kollektiv adından təşəkkürlərini bildirdi.
Bir məsələni də qeyd etmək lazımdır ki, Abşeron məktəblərində şagirdlərin asudə vaxtının səmərəli təşkili və fiziki hazırlığı diqqət mərkəzində saxlanılır. Məsələn, təkcə 2010-cu il ərzində uşaq- gənclər idman məktəbinin yetirmələrinin sərbəst güləş üzrə yeniyetmələrin ölkə birinicilyində həm komanda, həm də şəxsi hesabda birinci yeri tutması, Bakıda keçirilmiş sərbəst güləş üzrə beynəlxalq turnirdə Pərvin İbrahimovun birinci, Mircəlal Həsənzadənin isə ikinci yerə layiq görülməsi, Göyçay şəhərində keçirilmiş yeniyetmələrin zona birinciliyində Abşeron komandasının birinci yeri qazanması deyilənlərə sübutdur.
Rayonun yetirməsi Yaşar Əliyevin Moskvada Dünya kuboku uğrunda turnirdə ikinci yerə yüksəlməsi, Sarayevoda təşkil olunmuş Avropa birinciliyində Mircəlal Həsənzadənin və Pərviz Axundovun ikinci, Ruslan Surxayevin isə üçüncü yerə layiq görülməsi bu istiqamətdə işin, doğrudan da, ciddi təşkil olunduğundan xəbər verir.
Xırdalan şəhər 8 №-li orta məktəbin XIa sinif şagirdi Nicat Rəhimovun ağır atletika üzrə yeniyetmələrin Sinqapurda keçirilən Birinci Yay Olimpiadasında çempion olması da, sözsüz ki, sevindirici haldır.
Ölkə başçısı İlham Əliyevin idmanın inkişafına xüsusi önəm verməsi Abşeronda da özünü göstərir. Sözsüz ki, rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcovun idman məktəbinin beynəlxalq yarışlarda yüksək nəticələr göstərən güləşçisi Roman Bəkirova mənzil bağışlaması da məhz dövlət rəhbərinin yürütdüyü siyasətin məntiqi davamıdır və yeni-yeni uğurların qazanılacağına indidən təminat yaradır.
Təhsildə məktəbəqədər tərbiyənin xüsusi yeri olduğunu vurğulayan N.Ağayev Prezidentin sərəncamı ilə təsdiq edilmiş və 2007 - 2010-cu illəri əhatə edən "Məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı"na uyğun olaraq məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin optimallaşdırılması, ehtiyac olan yerlərdə yeni müəssisələrin inşası, uşaq bağçalarının əsaslı təmiri və müasir avadanlıqlarla təminatı məqsədilə geniş planlaşdırma işləri aparılmış və fəaliyyət proqramı hazırlanmışdır.Həmçinin 23 uşaq bağçası - körpələr evində 1860 uşağın təlim-tərbiyəsi ilə məşğul olan 213 nəfər pedaqoji işçiyə mütəmadi olaraq metodiki və əməli köməkliklər edilmiş, uşaq bağçalarında əsaslı və və cari təmir işləri aparılmışdır. Bütün məktəbəqədər müəssisələrdə "Payız", "Yeni il şənliyi", "Novruz bayramı", "Əlvida, bağça" və s. tədbirlər hazırlanmışdır.
Ölkə başçısının "Valideynini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" fərmanına uyğun olaraq belə uşaqların övladlığa götürülməsi, ailələrdə yaşayıb tərbiyə olunması, onlar üçün daha səmərəli şəraitin yaradılması istiqamətində də bir sıra tədbirlər həyata keçirilmişdir.
...Abşeron rayonunda təhsilin dinamik inkişafı, xüsusilə son beş il ərzində görülmüş genişmiqyaslı işlər istər-istəməz diqqəti çəkir və ondan əvvəlki dövrlə müqayisədə kəskin fərqlərin yarandığını,necə deyərlər, hardan hara gəlindiyini açıq-aşkar nümayiş etdirir. Bu, həm də yolun davam etdiyini, bundan da möhtəşəm addımların atılacağı günlərin hələ qabaqda olduğunu bir daha təsdiqləyir.{nl}
Səməd HÜSEYNOĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.