Mayın 27-də təhsil üzrə ekspertlər və QHT nümayəndələri Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) yaz imtahan sessiyasının gedişini izləyiblər. Prosesdə Əməkdar elm xadimi, professor, təhsil üzrə ekspert Şahlar Əsgərov, “XXI əsr” Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri Etibar Əliyev, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev, “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzinin direktoru İlqar Orucov və Sosial Təşəbbüslərə Dəstək İctimai birliyinin sədri Hüseyn İbrahimov iştirak ediblər.
İmtahan sessiyasının gedişi ilə bağlı onların fikirlərini oxuculara təqdim edirik:
Professor Şahlar Əsgərov: ADİU-da imtahan prosesi çox proqressiv və liberal dəyərlər istiqamətində təşkil edilib. İstər test, istərsə də yazılı imtahanlarda tətbiq edilən yenilikləri müsbət dəyərləndirirəm. Tələbələrə imtahan prosesi ilə bağlı suallar verdim, sistemdən çox məmnun idilər. Biz, adətən, tələbələrin imtahana ürək döyüntüsü ilə getdiklərini görmüşük. Bu gənclər isə çox rahat və yüksək əhval-ruhiyyədə idilər.
“XXI əsr” Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri Etibar Əliyev bildirdi ki, biz ali məktəb sistemlərini tədqiq edərkən görürük ki, dünyanın bir sıra ölkələrində iqtisadiyyat sahəsində ali məktəblər və tədqiqat mərkəzləri aparıcı mövqe tuturlar: “Çünki güclü dövlət və cəmiyyət daha çox iqtisadiyyat elminin uğurlarına söykənir. Yüksək səviyyəli kadrların hazırlanması üçün mütləq yaxşı iqtisadiyyat məktəbi lazımdır. ADİU-da təkcə tədris yox, həm də elmin inkişafına böyük diqqət yetirilir.
Tələbələrlə söhbət edərkən, gördük ki,onlar imtahan prosesinin şəffaflığını yüksək qiymətləndirirlər. İmtahan zallarındakı müşahidələrimiz bizə onu söyləməyə əsas verir ki, tətbiq edilən yeni imtahan sistemi, eyni zamanda, yazılı imtahanların təşkili, həmçinin nəzarət mexanizmi tələbələrin uğurlu nəticələr göstərmələrinə imkan yaradır. Əminəm ki, bir neçə ildən sonra monitorinq aparılsa, bu tədris prosesini keçən gənclərin böyük əksəriyyətinin əmək bazarında işlə təmin olunduqlarının şahidi olacağıq. Bu ali məktəbdə kadr hazırlığı istiqamətində aparılan işləri, gənc, istedadlı alimlərin müəllim kimi işə qəbul edilmələri də təqdir olunmalıdır. Bugünkü müşahidələrimizdən gördük ki, ADİU-da təhsil mühitinin yaxşılaşdırılması və təhsilin keyfiyyətinin yüksəldiliməsi istiqamətində qısa bir vaxtda xeyli işlər görülüb".
Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev ADİU-da tələbələrin biliklərinin obyektiv qiymətləndirilməsi, elmi mühitin gücləndirilməsi, tələbə-müəllim münasibətlərinin yaxşılaşdırılması haqqında müsbət fikirlər səsləndirdi: “Əminəm ki, ADİU-nun artan elm və təhsil potensialı hesabına Azərbaycanda böyük iqtisadiyyat məktəbləri yaradılacaq. Bu ali məktəbdə imtahan prosesindəki şəfafflıq məni qane etdi. ADİU-nun tədris və imtahan təcrübəsi öyrənilməli və bu təcrübənin digər ali məktəblərə də tətbiqinə çalışılmalıdır”.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz əsasən ADİU-da aparılan innovasiyaları yüksək qiymətləndirdi. Test imtahanlarında istifadə edilən “Promotey” proqramının çevikliyini, keyfiyyətini və təhlükəsizliyini xüsusi vurğulayan O.Gündüz bu metodun digər universitetlərdə də tətbiqinin vacibliyini qeyd etdi.
O, ADİU-nun yeni innovativ layihəsi olan “Elektron apellyasiya müraciəti”ni müsbət dəyərləndirdi. Bildirdi ki, tələbələrin operativ şəkildə apellyasiyaya müraciət etmələri imtahan sessiyasının obyektiv və şəffaf təşkilinə, həmçinin tələbələrin vaxtına qənaət etməsinə şərait yaradır.
Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov imtahanları izlədikdən sonra Azərbaycanda arzuladığımız ali təhsil mühitinin formalaşmasına çox sevindiyini bildirdi. Təhsil sistemindəki yeniliklərdən danışan İ.Orucov, bütün bunların Azərbaycanın gələcəyinə hesablanmış islahatlar olduğunu vurğuladı. Eyni zamanda, ADİU-ya gənc müəllimlərin cəlb olunmasını da yüksək qiymətləndirən İ.Orucov, bu qərarın xaricdə təhsil alan gənclərin Vətənə qayıtmaları üçün stimul olacağını qeyd etdi: “Yenilikləri gənclik gətirəcək. Qocaman elm xadimlərinin təcrübəsindən yararlanmaqla, gənclərin önə çəkilməsi çox vacibdir”.
Elnarə ÖMƏROVA
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.