Qafqazşünaslığa qiymətli töhfə

Tanınmış alim, pedaqoq, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikası təhsil nazirinin müavini, əməkdar müəllim İradə Hüseynovanın "Qafqazın tarix ensiklopediyası" kitabı bu günlərdə çapdan çıxmışdır.
Ensiklopediya Qafqaz xalqlarının etno-siyasi, sosial-iqtisadi və mədəni inkişafı kontekstində hazırlanmışdır. Bu nəşr bütövlükdə cəmiyyətşünaslıq və mədəniyyətşünaslıq materiallarından, Qafqaz xalqlarının tarixi, mədəniyyəti, ənənələri, iqtisadi inkişafı, məişəti, dünya baxışları, mədəni irsi və folkloru ilə bağlı mühüm tədqiqatları özündə cəmləşdirmişdir. Kitab dünya geosiyasətində Qafqazın etno-tarixi rolunun dərindən dərk edilməsinə yönəlmişdir. Kitabın funksional strukturu və məzmunu Qafqaz sosiumunun tarixi ümumiliyini və bənzərsiz xüsusiyyətlərini konseptual mövqedən göstərməyə imkan verir.
Bu ensiklopediya çox zəngin milli, siyasi, mədəni və etnik xüsusiyyətlərə malik olan Qafqaz xalqlarının tarixi inkişaf proseslərini kompleks şəkildə öyrənmək üçün mühüm əhəmiyyətə malikdir. Professor İradə Hüseynovanın bu əsəri Azərbaycan Milli Elmlər Akademiyasının hesabatında mühüm elmi nailiyyət kimi qeyd edilmişdir.
"Qafqazın tarix ensiklopediyası" müəllifin çoxillik elmi araşdırmalarının məntiqi nəticəsidir. M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor Nərgiz Paşayevanın ensiklopediyaya yazdığı "Ön söz"də bu əsərə yüksək qiymət verilmişdir: "Tarix elmləri doktoru, professor İradə Hüseynovanın bu əsəri, şübhəsiz, vaxtında yazılmış, ehtiyac duyulan əsərdir. O, milli elmə, eləcə də dünya elminə sanballı töhfədir və oxucuların böyük marağına səbəb olacaqdır".
Milli ensiklopediyanın direktoru akademik Tofiq Nağıyevin fikrincə, "Qafqazın tarix ensiklopediyası" son dərəcə qiymətli, nüfuzlu tarixi mənbə, tarix elminin inkişafı yolunda yeni uğurlu addımları təcəssüm etdirən stolüstü kitabdır". Təcrübəli tədqiqatçı alim, professor İradə Hüseynova Qafqaz xalqlarının təsərrüfat və mədəni həyatında, onların sosial-iqtisadi sistemində, dillərində, adətlərində, ənənələrində tarixi inkişafın müxtəlif dövrlərində baş vermiş dəyişiklikləri təhlil etmişdir.
Qeyd etmək lazımdır ki, müəllif bu nəşrdə Qafqaz regionunun bütün tarixi inkişaf dövrünü əhatə edir. İstedadlı alim qədim tarixə geniş ekskurs edərək, etnosların yaranması, onların qarşılıqlı münasibətləri, qarşılıqlı təsiri, mədəniyyətlərin bir-birinə nüfuz etməsi problemlərinə toxunur, konkret tarixi faktlar və hadisələr nümunəsində Qafqaz xalqlarının çoxşaxəli həyatını işıqlandırır.
Yüksək milli, mənəvi-əxlaqi və ümumbəşəri dəyərləri əsas tutan müəllif müasir mərhələdə uğurlu daxili və xarici siyasət yeridən, dünya səhnəsində mehriban qonşuluq, əməkdaşlıq və tolerantlıq prinsiplərinə əsaslanaraq öz münasibətlərini quran Azərbaycanın lider mövqeyini şərtləndirmiş amilləri hərtərəfli və dərindən təhlil edir. O, tamamilə haqlı olaraq görkəmli dövlət xadimi və siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin yaradılmasında və möhkəmlənməsində müstəsna rol oynadığını göstərir.
Azərbaycan Respublikasının Prezidenti, Heydər Əliyevin kursunu ləyaqətlə davam etdirən İlham Əliyevin ölçülüb-biçilmiş siyasəti və yorulmaz fəaliyyəti sayəsində respublikamız dünyanın inkişaf etmiş dövlətlərindən birinə çevrilmişdir. Azərbaycan mühüm beynəlxalq və regional inteqrasiya proseslərinin təşəbbüsçüsü olmuş, təkcə öz xalqının deyil, bütövlükdə regionun rifah səviyyəsinin artmasını təmin etmişdir.
Ensiklopediyada Azərbaycanda mədəniyyətin, elmin, təhsilin inkişafı üçün böyük səy göstərən Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətinə mühüm yer ayrılmışdır.
Ensiklopediyanın yuxarıda sadalanan məziyyətləri, eləcə də burada təqdim edilmiş dərin elmi araşdırmalar bu nəşrin əhəmiyyətini təmin etmişdir. Bu sanballı əsər Qafqaz xalqlarının daha da yaxınlaşmasına kömək edəcəkdir. Regionun hər bir sakini bu əsərdə öz Vətəni - respublikası, vilayəti, rayonu, kəndi haqqında, özünün soy kökü, tarixi, mədəniyyəti, sosial-iqtisadi quruluşu, adət-ənənələri, fəlsəfi baxışları barədə tam məlumat əldə edəcək və bütövlükdə dünyagörüşünü genişləndirə biləcəkdir.
Ensiklopediya tarix, mədəniyyət etnoqrafiya, geosiyasət, beynəlxalq və dövlətlərarası münasibətlər məsələləri ilə məşğul olan alimlər, müəllimlər, politoloqlar, mütəxəssislər, magistrlər və tələbələr üçün, eləcə də geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında