Azərbaycan nümayəndə heyəti Dünya Təhsil Forumunda iştirak edir

Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Dünya Təhsil Forumunda iştirak etmək məqsədilə Koreya Respublikasının İnçon şəhərinə səfər edib.

Bundan əvvəl, 2000-ci ilin dakabrında keçirilmiş Dünya Təhsil Forumunda “Minilliyin inkişaf  məqsədləri” müzakirə olunub və “Hamı üçün təhsil” sənədi qəbul edilib. 2015-ci ildə “Minilliyin inkişaf  məqsədləri”nin icra müddəti başa çatır və bu sahədə yeni bir sənədin qəbul olunması nəzərdə tutulur. Bununla əlaqədar UNESCO və Koreya Respublikasının birgə təşkilatçılığı ilə 19-22 may tarixlərində keçirilən Dünya Təhsil Forumunda 2015-ci ildən sonrakı dövr üçün təhsil sahəsində “Davamlı inkişaf məqsədləri” müzakirə edilib.

Təhsil Nazirliyindən aldığımız məlumatda deyilir ki, mayın 19-da  forumun açılış mərasimində BMT-nin Baş katibi Pan Gi Mun, UNESCO-nun baş direktoru İrina Bokova, Koreya Respublikasının Prezidenti Pak Kın He, Dünya Bankının prezidenti Cim Yen Kim, UNİCEF-in icraçı direktoru Antoni Leyk, BMT Qadın təşkilatının icraçı direktoru Fumzile Mlambo-Ngcuka, UNESCO-nun ibtidai və ali təhsil üzrə xüsusi elçisi Şeyxa Moza bint Nasir və 2014-cü ilin Nobel mükafatı laureatı Kailaş Satyarti çıxış ediblər.

Mayın 20-də forumun 1-ci sessiyasında çıxış edən təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və qayğısı ilə ölkəmizdə həyata keçirilən təhsil islahatları və bu çərçivədə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası barədə məlumat verib.

Təhsil naziri M.Cabbarovun Koreya Respublikası Baş nazirinin müavini, təhsil naziri Hvanq Voo-Yea ilə görüşü zamanı iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyi, hər iki ölkə rəhbərliyinin qarşılıqlı əməkdaşlığın genişlənməsinə böyük əhəmiyyət verdiyi, ölkələrimizin təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğu vurğulanıb və gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Sonra Mikayıl Cabbarov “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Koreya Respublikasının ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.

Təhsil nazirinin Koreyanın İqtisadi İnkişaf Əməkdaşlıq Fondunun baş direktoru Kim Tae-Soo ilə görüşündə 2014-cü ilin 11 aprel tarixində Bakıda imzalanmış Azərbaycan Respublikası hökuməti və Koreya İxrac-İdxal Bankı arasında kredit sazişi çərçivəsində Peşə Tədrisi Mərkəzinin yaradılması layihəsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Hankuk Xarici Dillər Universitetinin prezidenti Kim İn Çul ilə görüşdə isə bu ali təhsil müəssisəsində Azərbaycan dilinin tədris olunması və bu prosesə azərbaycanlı professorun cəlb olunması təqdirəlayiq hal kimi qiymətləndirilib.

Mikayıl Cabbarov həmçinin, Koreya Təhsilin İnkişafı İnstitutu (KEDİ), Peşə Təhsili və Təlimi üzrə Koreya Tədqiqat İnstitutu (KRİVET) və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) prezidentləri ilə ikitərəfli görüşlər keçirib. Görüşlər zamanı Koreya Respublikasının təhsil sahəsində təcrübəsinin öyrənilməsi, ölkələrimiz arasında hazırda həyata keçirilən layihələr və qarşılıqlı əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə olunub.

Dünya Təhsil Forumu çərçivəsində “Dünyanın ən böyük dərsi” layihəsinin təqdimatı təşkil olunub və Azərbaycan bu layihəyə qoşulub.

Samirə ƏLİYEVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında